Məhkəmə qərarları › İş №e-2-2(119)-798/2020

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-798/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-798/2020 12.11.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu iddiaçı “xxxx” MMC-nin Cavabdehnə qarşı icarə müqaviləsi üzrə borcun tutulması, icarə müqaviləsinə xitam verilməsi və qeyri yaşayış sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı Azərbaycan Respublikasının Dövlət X2 üzrə Dövlət Komitəsi ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanmış “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 9040/7870 nömrəli icarə müqaviləsi üzrə yaranmış 73.392,00 (yetmiş üç min üç yüz doxsan iki) manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmin icarə müqaviləsinə xitam verilməklə icarə müqaviləsinin predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1352.1 kv.m təşkil edən, iddiaçının balansında olan qeyri-yaşayış sahəsinin iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edib, hesab edir ki, aşağıdakı səbəblərdən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. MPM-nin 150.0.3-cü maddəsinə əsasən isə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim olunmuş hazırkı iş üzrə iddia ərizəsi Vəkil tərəfindən imzalanmışdır. İddia əriəzsinə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” X1 Zavodunun direktoru Çingiz Əliyev tərəfindən Vəkil nümayəndəliklə bağlı verilmiş xx.xx.2020-ci il tarixli 17/287 saylı etibarnamə əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, həmin etibarnamədə nümayəndənin iddia ərizəsini imzalamaq səlahiyyəti göstərilsə də, həmin etibarnaməni vermiş şəxsin özünün iddiaçı “xxxx” MMC-nin direktoru (qanuni təmsilçisi) olması barədə hər hansı sənəd işə əlavə edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Mülki Məcəllənin 44 və 47-ci maddələrinin tələblərinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Eyni zamanda Mülki Məcəllənin məhdud məsuliyyətli cəmiyyətdə idarəetməni tənzimləyən 91 və 91-2-ci maddələrinə əsasən cəmiyyətin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası Mülki Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia ərizəsini imzalayan nümayəndə tərəfindən iddia ərizəsinin “tərəflər” bölməsində iddiaçı və cavabdehin ünvanları göstərilməmişdir. Həmin bölmədə və iddia ərizəsinin mətnində isə nümayəndənin özünün ünvanı göstərilmişdir. Halbuki, Mülki- Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları və onların poçt ünvanları göstərilməlidir.“Elektron Məhkəmə” İnformasiya Sistemi üzrə tətbiq edilən “Proses iştirakçısının Elektron kabinetindən istifadə qaydaları”nın tələblərinə əsasən tərəflərin ünvanları iddia ərizəsinin “tərəflər” bölməsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edilərkən iddiaçı “xxxx” MMCnin adından idda ərizəsini imzalamaq səlahiyyətini digər şəxslərə etibar edən şəxsin özünün müvafiq səlahiyyətini təsdiq edən və qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmiş müvafiq sənədlərin (hüquqi şəxsin nizamnaməsi, hüquqi şəxsin dövlət reyesterindən çıxarış) iddia ərizəsinə əlavə edilməsi zəruridir. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Yuxarıda göstərilənlərə əsasən vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.2, 152.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar