Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-798/2025 22.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 19518,45 (on doqquz min beş yüz on səkkiz manat, qırx beş qəpik) manat məbləğində əsas bоrc, 2743,04 (iki min yeddi yüz qırx üç manat, dörd qəpik) manat məbləğində faiz borcu, 384,68 (üç yüz səksən dörd manat, altmış səkkiz qəpik) manat məbləğində cərimə оlmaqla, cəmi 22646,17 (iyirmi iki min altı yüz qırx altı manat, on yeddi qəpik) manat məbləğində borcun, 157,94 (yüz əlli yeddi manat, doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış 15 noyabr 2023-cü il tarixli 13151***-*******01L nömrəli kredit limitinin açılmasına dair razılaşmaya əsasən Cavabdeh3 120 ay müddətinə, illik faiz dərəcəsi 30%-dən artıq olmamaq şərtilə 150000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limitinin açılmasına dair razılaşmanın şərtlərinə uyğun olaraq 15 noyabr 2023-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşmaya əsasən iddiaçı tərəfindən Cavabdeh3 36 ay müddətinə illik 22% dərəcəsilə 20000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 ilə bağlanmış 15 noyabr 2023-cü il tarixli 13FİZAM150300701, 13FİZAM171053102, 13FİZAM195091201, 13FİZAM199555601 və 13FİZAM171052902 nömrəli zaminlik müqavilələri üzrə cavabdehlər öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 06 mart 2025-ci il tarixə iddiaçıya 19518,45 manat məbləğində əsas borcu, 2743,04 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 384,68 manat məbləğində cərimə olmaqla, cəmi 22646,17 manat məbləğində borcu qalmaqdadır. Cavabdeh3 28 may 2025-ci il tarixində məhkəməyə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, hazırki müqavilə üzrə faizlər və dəbbə pulu müqavilədən kənar hesablanmışdır. Müqavilə üzrə cəmi 20000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit üzrə iki ay 850 manat, altı ay isə 450 manat məbləğində olmaqla, cəmi 4400 manat məbləğində ödəniş həyata keçirmişdir. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı 17 iyun 2025-ci il tarixində məhkəməyə etirazla müraciət edərək bildirmişdir ki, cavabdehin 28 may 2025-ci il tarixli vəsatətinin məzmunundan göründüyü kimi, borcunun səhv hesablaması ilə bağlı vəsatətə hər hansı bir sübut əlavə edilməmiş, həmin vəsatət əsaslandırılmamışdır. Cavabdeh özü də kredit öhdəliklərinin gecikdirildiyini vəsatətində təkzib etməmişdir. Sözügedən vəsatət işin uzadılması xarakteri daşıyır. İddiaçı tərəfindən cavabdeh Xəyal Mövsumova verilmiş 20000 manat məbləğinfə kreditin ödəniş qrafikindən görünür ki, cavabdeh 15 dekabr 2023-cü il tarixdən başlayaraq 15 may 2024cü il tarixədək olan 6 ay müddət ərzində aylıq 366,67 manat məbləğində ödəniş etməli, həmin ödənişlər faiz borcuna silinməli idi, daha sonra götürdüyü krediti faizləri ilə birlikdə 15 iyun 2024-cü il tarixdən başlayaraq hər ay 872,66 manat ödəməklə banka qaytarmalı və 15 oktyabr 2026-ci il tarixində aylıq 841,32 manat, 16 noyabr 2026-ci il tarixdə 868,13 manat ödəniş etməli idi. Hesabdan çıxarışdan görünür ki, hazırkı vaxtadək sözügedən kredit üzrə 15 dekabr 2023-cü il tarixdə 370 manat, 15 yanvar 2024-cü il tarixdə 367,37 manat, 15 fevral 2024-cü il tarixdə 370 manat, 15 mart 2024-cü il tarixə 400,37 manat, 15 aprel 2024-cü il tarixdə 380,37 manat, 15 may 2024-cü il tarixdə 400 manat, 21 iyun 2024cü il tarixdə 300,3 manat, 24 iyun 2024-cü il tarixdə 500 manat olmaqla, cəmi 3088,41 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğin 481,55 manat məbləğində hissəsi əsas kredit borcuna, 2606,86 manat məbləğində hissəsi faiz borcuna silinmişdir. İlk 6 ayın ödənişi kredit razılaşmasının qrafiki üzrə vaxtında edilsə də, 7-ci ayın ödənişi ödəniş cədvəlində göstərilmiş tarixdə yox, gecikdirilmə ilə natamam (yəni ümumi 800,3 manat) məbləğdə 21 iyun 2024-cü il tarixdə və 24 iyun 2024-cü il tarixdə edilmişdir. Bu tarixlərdən sonra isə ümumiyyətlə hər hansı ödəniş edilməmişdir. Borclunun kredit üzrə etdiyi sonuncu ödənişdən artıq qalan 9,13 manat pul ödəniş cədvəli üzrə 4-cü aylıq ödənişin tarixi çatdığı gün, yəni 03 iyun 2024-cü il tarixdə qanunvericliyin tələblərinə uyğun olaraq həmin gün ödənilməli olan faiz borcunun həmin məbləğdə olan hissəsinə silinmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən ödənişlər cədvəldə göstərilmiş qaydada vaxtında və lazımı qaydada banka ödənilməmişdir. İddiaçı göstərilənlərin nəzərə alınaraq məhkəmədən vəsatətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli e-2-2(119)-798/2025 nömrəli qərardadı ilə Cavabdeh3 vəsatəti təmin edilərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli ******* nömrəli qoşulma razılaşmasının 1.1-ci bəndinə əsasən, bu razılaşma tərəflərin bank xidmətlərinin göstərilməsinə dair hüquq və vəzifələrini müəyyən edir. Müştəri müraciətinə (müştəri tərəfindən identifikasiya məlumatlarından istifadə etməklə və/və ya banka yaxınlaşmaqla bank xidmətlərindən istifadə edilməsinə dair iradə ifadəsi) əsasən bankın təklif etdiyi xidmətlərdən istifadə edərkən bank və müştəri arasında olan münasibətlərin həmin xidmətlərə dair xüsusi şərtləri özündə əks etdirən və bankın https://www.bankrespublika.az/az/pages/kompleks-bank-xidmeti-muqavilesi_1310 rəsmi saytında və ya Mərkəzi Bankın müvafiq platformasında PDF və ya ASANDOC formasında yerləşdirilmiş və şərtləri müştəri tərəfindən əvvəlcədən oxunub qəbul edilmiş kompleks bank xidməti müqaviləsi və müvafiq razılaşmalar ilə tənzimləndiyini imzalayaraq qəbul edir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli 13151***-*******01L nömrəli kredit limitinin açılmasına dair razılaşma üzrə Cavabdeh3 120 ay müddətinə, illik faiz dərəcəsi 30%-dən artıq olmamaq şərtilə 150000 manat məbləğində kredit limiti ayrılmışdır. Razılaşmanın “Müqavilə barədə məlumat” bölməsində Kompleks bank xidməti müqaviləsinə və 29 sentyabr 2022-ci il tarixli ******* nömrəli qoşulma razılaşmasına istinad edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşma üzrə Cavabdeh3 aqro və ya mikro kreditlər növündə 36 ay müddətinə illik 22% faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Həmin razılaşmada 15 noyabr 2023-cü il tarixli 13151***-*******01L nömrəli kredit limitinin açılmasına dair razılaşma üzrə bağlandığı qeyd edilmişdir. İş materiallarında olan kredit razılaşmasına əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh3 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 16 noyabr 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh6 arasında bağlanmış 15 noyabr 2023-cü il tariхli 13FİZAM171052902 nömrəli, İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh5 arasında bağlanmış 15 noyabr 2023-cü il tariхli 13FİZAM199555601 nömrəli, İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh1 arasında bağlanmış 15 noyabr 2023-cü il tariхli 13FİZAM195091201 nömrəli, İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh4 arasında bağlanmış 15 noyabr 2023-cü il tariхli 13FİZAM171053102 nömrəli, İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 15 noyabr 2023-cü il tariхli 13FİZAM150300701 nömrəli zaminlik müqavilələrinin 2.1-ci bəndlərinə əsasən, zaminlər faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan 06 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 15 noyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 19518,45 manat məbləğində əsas borc, 2743,04 manat məbləğində faiz borcu və 384,68 manat məbləğində cərimə olmaqla, cəmi 22646,17 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 27 avqust 2025-ci il tarixli 9/3419 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli 13151***-*******01L nömrəli kredit limitinin açılmasına dair razılaşmada qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh3 iddiaçıya olan borcu: 06 mart 2025-ci il tarixə əsas borc üzrə 19518,88 manat, faiz borcu üzrə 3068,86 manat; 17 iyun 2025-ci il tarixə əsas borc üzrə 19518,88 manat, faiz borcu üzrə 4273,61 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və Cavabdeh3 arasında 15 noyabr 2023-cü il tarixli 13151***-*******01L nömrəli kredit limitinin açılmasına dair razılaşma və 15 noyabr 2023-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşma üzrə Cavabdeh3 aqro və ya mikro kreditlər növündə 36 ay müddətinə illik 22% faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit müqaviləsilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş və bununla da aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onun sözügedən kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdeh3 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 da bağlanmış zaminlik müqavilələrinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətləri yaranmışdır. Məhkəmə hesab edir ki, 15 noyabr 2023-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşma üzrə üzrə tutulmalı olan əsas və faiz borclarının məbləğləri müəyyən edilərkən iddia tələbi və cavabdehin mənafeyi nəzərə alınaraq əsas və faiz borclarının məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 27 avqust 2025-ci il tarixli 9/3419 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, 27 avqust 2025-ci il tarixli 9/3419 nömrəli nömrəli ekspert rəyində kredit müqaviləsi üzrə 19518,88 manat məbləğində əsas borc, 3068,86 manat məbləğində faiz borcu müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən 19518,45 manat məbləğində əsas bоrcun, 2743,04 manat məbləğində faiz borcunun tutulması tələb olunur. Ona görə də Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq kredit müqaviləsi üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 19518,45 manat məbləğində əsas bоrc, 2743,04 manat məbləğində faiz borcu tutulmalıdır. Çünki iddia tələbi üzrə hesablanmış faiz borcunun məbləği ekspert rəyində hesablanmış məbləğdən az məbləğdədir və bu səbəbdən də həmin kredit müqaviləsi üzrə faiz borcunun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, iddia tələbi üzrə cavabdehlərdən müştərək qaydada 19518,45 manat məbləğində əsas bоrc, 2743,04 manat məbləğində faiz borcu tutulmalıdır. İddia tələbinin cavabdehlərdən 384,68 manat məbləğində dəbbə pulunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 15 noyabr 2023-cü il tarixli 13151***-*******01L nömrəli kredit limitinin açılmasına dair və 15 noyabr 2023-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşmalarda, o cümlədən cavabdehin 29 sentyabr 2022-ci il tarixli ******* nömrəli qoşulma razılaşmasına əsasən şərtlərini qəbul etdiyi iddiaçının rəsmi saytındakı xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş kompleks bank xidməti müqaviləsində öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə, o cümlədən onun icrasının gecikdirildiyi halda cavabdehin iddiaçıya dəbbə pulu ödəməli olması barədə müddəalar nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən pul məbləğidir və həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalı olduğundan tərəflər arasında bağlanmış müqavilələrin məzmununda, o cümlədən həmin müqaviləni tənzimləyən qanunvericiliyin normalarında öhdəliyin pozulmasına görə dəbbə pulunun (cərimənin, penyanın) ödənilməsi nəzərdə tutulmadığından iddia tələbi bu hissədə təmin edilməməlidir. Bundan başqa, iddia tələbinin 157,94 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 18 aprel 2025-ci il tarixli **********42 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 157,94 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 156,78 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 avqust 2025-ci il tarixli 9/3419 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 19518,45 manat məbləğində əsas borc, 2743,04 manat məbləğində faiz borcu və 156,78 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 22418,27 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdеhlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada 19518,45 (on doqquz min beş yüz on səkkiz manat, qırx beş qəpik) manat məbləğində əsas borc, 2743,04 (iki min yeddi yüz qırx üç manat, dörd qəpik) manat məbləğində faiz bоrcu, 156,78 (yüz əlli altı manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 22418,27 (iyirmi iki min dörd yüz on səkkiz manat, iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-798/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-798/2025
22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver