Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-8/2021 01.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə3, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə və cavabdeh Sumqayıt Bələdiyyəsinin iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank hesabında qalmış məbləğin qaytarılması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 26 dekabr 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt Bələdiyyəsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 170,66 (yüz yetmiş dollar 66 sent) ABŞ dolları əsas borc, 73,85 (yetmiş üç dollar 85 sent) ABŞ dolları cərimə və müqavilənin bitdiyi tarixdən 06 noyabr 2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 20,56 (iyirmi dollar 56 sent) ABŞ dolları olmaqla, ümumilikdə 265,07 (iki yüz altmış beş dollar 07 sent) ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, borcverən İddiaçı ASC ilə borcalan Sumqayıt Bələdiyyəsi arasında bağlanmış 28 dekabr 2015-ci il tarixli Kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə illik 20 % dərəcəsi ilə 16000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən verilən krediti qəbul etməyi və bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən borcalan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda, kredit müqaviləsinə əsasən borcalanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişdir. Belə ki, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla, ümumi borcun müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı qaydada yerinə yetirilməməsinə görə borcverənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borcalan Sumqayıt Bələdiyyəsinin 06 noyabr 2019-cu il tarixinədək LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməmiş 170,66 ABŞ dolları əsas, 73,85 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 06 noyabr 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 20,56 ABŞ dolları borc olmaqla, ümumilikdə 265,07 ABŞ dolları məbləğində kredit borcu vardır. Məlum olduğu kimi, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 aprel 2016-cı il tarixli 2-1(81)-1541/2016 saylı qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən məhkəməyə “iddia tələbinə yazılı etiraz” təqdim edilərək, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt Bələdiyyəsindən iddiaçının xeyrinə 170,66 ABŞ dolları əsas, 73,85 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 06 noyabr 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 20,56 ABŞ dolları olmaqla, cəmi 265,07 ABŞ dolları məbləğində kredit borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi həmin iddia tələbini tamamilə əsassız və qeyri-qanuni hesab edir. Belə ki, iddiaçı Ləğvetmə prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Filialı ilə bağlanılmış 28 dekabr 2015-ci il tarixli 15/087 saylı kredit müqaviləsi üzrə bütün öhdəliklər Sumqayıt Bələdiyyəsi tərəfindən tam yerinə yetirilərək, götürülmüş kredit məbləği tam şəkildə iddiaçıya ödənilmişdir. Həmin halı hazırkı Etiraza əlavə edilərək məhkəməyə təqdim edilən sənədlər sübuta yetirir. Məhkəməyə təqdim edilən Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Filialı tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış 20 oktyabr 2016-cı il tarixli 21/25 saylı məktubdan görünür ki, tərəflər arasında bağlanmış 28 dekabr 2015-ci il tarixli 15/087 saylı kredit müqaviləsi üzrə götürülmüş kreditin qalıq məbləği 20 oktyabr 2016-cı il tarixinə əsas borc üzrə 7700 (yeddi min yeddi yüz) ABŞ dolları, faiz borcu isə 100,68 (bir yüz ABŞ dolları 68 sent) ABŞ dolları təşkil etmiş və həmin məktub əsasında həmin borc məbləğinin Sumqayıt Bələdiyyəsi tərəfindən iddiaçıya tam ödənilməsi 10 noyabr 2016-cı il tarixdə həyata keçirilmişdir. Belə ki, 10 noyabr 2016-cı il tarixdə Sumqayıt Bələdiyyəsinin “ödəniş tapşırığı” əsasında “xxxx”nın Sumqayıt filialında olan Sumqayıt Bələdiyyəsinin hesablaşma hesabından 7800,68 (yeddi min səkkiz yüz ABŞ dolları 68 sent) ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülərək, götürülmüş kredit məbləği tam şəkildə bağlanılmışdır. Həmçinin, məhkəməyə təqdim edilən Ləğv prosesində olan İddiaçı ASC-nin Sumqayıt Filialı tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış 30 noyabr 2016-cı il tarixli 21/60 saylı digər məktubdan görünür ki, İddiaçı ASC-nin Sumqayıt Filialı ilə Sumqayıt Bələdiyyəsi arasında bağlanılmış 28 dekabr 2015-ci il tarixli 15/087 saylı kredit müqaviləsi üzrə 12 ay müddətinə götürülmüş kredit məbləği 30 noyabr 2016-cı il tarixində tam bağlanmış olmuş və Sumqayıt Bələdiyyəsinin Bank qarşısında heç bir kredit öhdəliyi qalmamışdır. Bütün bu sənədlər yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə Sumqayıt Bələdiyyəsinin öz öhdəliklərini tam yerinə yetirdiyini və Sumqayıt Bələdiyyəsinin iddiaçıya hər hansı borcunun olmadığını bir daha sübuta yetirir. Ona görə də, iddiaçı tərəfindən Sumqayıt Bələdiyyəsinə qarşı verilmiş iddia tələbinin hər hansı hüquqi əsası mövcud deyildir və həmin iddia tələbi rədd olunmalıdır. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və cavabdeh Sumqayıt Bələdiyyəsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 170,66 ABŞ dolları əsas borc, 73,85 ABŞ dolları cərimə və müqavilənin bitdiyi tarixdən 06 noyabr 2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 20,56 ABŞ dolları olmaqla, ümumilikdə 265,07 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, proses iştirakçılarının məhkəmə iclasında vermiş olduqları izahatları və işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, “borcverən” "İddiaçı" Açiq Səhmdar Cəmiyyətinin Suimqayit Filiali ilə "borcalan" Sumqayit Bələdiyyəsi arasında bağlanmış 28 dekabr 2015-ci il tarixli 15/087 nömrəli Təminatsız Kredit Müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Sumqayıt Bələdiyyəsi – “Borc alan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən dövriyyə vəsaitinin artırılması üçün Sumqayıt Bələdiyyəsinə 12 ay müddətinə, yəni 28 dekabr 2016cı il tarixinədək illik 20 % dərəcəsi ilə 16000 (on altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Kredit Müqaviləsi üzrə tərtib edilərək, hər iki müqavilə tərəfinin imzalayaraq təsdiq etdikləri Ödəniş Cədvəlinə əsasən hər ay 1482,15 ABŞ dolları olmaqla, kredit və faizlərin qaytarılması ilə əlaqədar ödənişin ilk tarixi 28 yanvar 2016-cı il, son tarixi isə 28 dekabr 2016-cı il müəyyən olunmuşdur və müqavilənin sonunadək “borc verən” İddiaçı Açıq Səhmdar Cəmiyyətinə “borc alan” Sumqayıt Bələdiyyəsi cəmi 16000 ABŞ dolları məbləğində əsas borcu və cəmi 1785,82 ABŞ dolları məbləğində faiz borcunu qaytarmalı idi. İddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 12 noyabr 2019-cu il tarixli **********355 nömrəli Maliyyə arayışından görünür ki, borcalan Sumqayıt Bələdiyyəsinin 28 dekabr 2015-ci il tarixli 15/087 nömrəli Təminatsız Kredit Müqaviləsi üzrə 06 noyabr 2019-cu il tarixinə Ləğv prosesində olan İddiaçı ASC-yə 170,66 ABŞ dolları məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 20,56 ABŞ dolları məbləğində faiz borcu və 73,85 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 265,07 ABŞ dolları məbləğində kredit borcu vardır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 18 yanvar 2021-ci il tarixli **********078 nömrəli və 19 aprel 2021-ci il tarixli **********689 nömrəli məktublarının məzmunları ilə müəyyən olunur ki, 28 dekabr 2015-ci il tarixli 15/087 nömrəli kredit müqaviləsi üzrə 01 fevral 2016-cı il tarixinə qədər ödəniş olmayıb. 01.04.2016 - 19.01.2017-ci il tarixlər arasında isə İddiaçı ASC-nin Bİ Bank Əməliyyat Sistemində yaranmış problemə gorə ödənişlər haqqında məlumat almaq mümkün deyildir. Qeyd edilən tarixlərdə aparılmış ödənişlər haqqında cavabdeh mədaxil orderləri təqdim edə bilər. Həmçinin, 19 yanvar 2017-ci il tarixində yeni proqrama keçid edildikdə, cavabdehin həmin vaxta qalıq borcu olan 170,66 ABŞ dolları miqrasiya edilmişdir. Həmçinin ki, Sumqayıt Bələdiyyəsinin ödənişləri bir neçə gün ərzində manat hesabında yığılan vəsaitlərin toplam konvertasiyası ilə və ya köçürmə yolu ilə gələn vəsait hesabına aparılıb. Ona görə onlarda ödəniş qəbzi demək olar ki, olmayıb. Lakin, cavabdeh qeyd edilən müddət ərzində aparılmış ödənişlər haqqında mədaxil orderləri və ödənişi təsdiq edən digər sənədləri təqdim edə bilər. İddia tələbi üzrə məhkəmə araşdırması zamanı cavabdeh Sumqayıt Bələdiyyəsi borc verən İddiaçı ASC ilə bağlanmış 28 dekabr 2015-ci il tarixli 15/087 nömrəli Təminatsız Kredit Müqaviləsi üzrə bütün borcun ödənildiyini və həmin müqavilə üzrə hər hansı bir borc öhdəliyinin qalmadığını bildirərək, “cavabdeh Sumqayıt Bələdiyyəsindən 170,66 ABŞ dolları əsas borc, 73,85 ABŞ dolları cərimə və müqavilənin bitdiyi tarixdən 06 noyabr 2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 20,56 ABŞ dolları olmaqla, ümumilikdə 265,07 ABŞ dolları məbləğində kredit borcunun tutulması” barədə iddia tələbini qəbul etməyib, həmin etirazını təsdiq edən sübutlar kimi “İddiaçı" ASC-nin Sumqayıt Filialının 20 oktyabr 2016-cı il tarixli 21/25 nömrəli və 30 noyabr 2016-cı il tarixli 21/60 nömrəli məktublarını, hesabdan-hesaba pul köçürməsi barədə tərtib edilmiş 08 noyabr 2016-cı il tarixli 601 nömrəli Ödəniş Tapşırığını məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim olunmuş Ləğv prosesində olan “İddiaçı" ASC-nin Sumqayıt Filialının Sumqayıt Bələdiyyəsinə ünvanlanmış 20 oktyabr 2016-cı il tarixli 21/25 nömrəli məktubundan göstərilir ki, "İddiaçı" ASC Sumqayıt Filialı ilə Sumqayıt Bələdiyyəsi arasında bağlanmış 28 dekabr 2015-ci il tarixli 15/087 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 20 % dərəcəsi ilə 16000 (on altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin son ödəmə müddətinə az bir vaxt qalsa da, qrafik üzrə ödənişlərdə gecikmələr mövcud olduğuna görə 20 oktyabr 2016-cı il tarixinə kreditin qalığı - əsas borc üzrə 7700 (yeddi min yeddi yüz) ABŞ dolları, faiz borcu üzrə isə 100,68 (yüz dollar 68 sent) təşkil edir və qısa müddət ərzində kredit ödənişinin təmin edilməsi xahiş olunur (iş vərəqi: 119). Məhkəmə araşdırması zamanı cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim olunmuş 08 noyabr 2016-cı il tarixli 601 nömrəli Ödəniş Tapşırığında olan məlumatlarla müəyyən edilir ki, “ödəyən müştəri” Sumqayıt Bələdiyyəsinin “xxxx” ASC-nin Sumqayıt Filialında olan Hesabından kredit borcunun ödənilməsi ilə əlaqədar “alan müştəri” Ləğv prosesində olan “İddiaçı" ASC-nin Hesabına cəmi 7800,68 (yeddi min səkkiz yüz dollar 68 sent) ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür (iş vərəqi: 118). Məhkəmə araşdırması zamanı cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən təqdim olunmuş Ləğv prosesində olan “İddiaçı" ASC-nin Sumqayıt Filialının Sumqayıt Bələdiyyəsinə ünvanlanmış 30 noyabr 2016-cı il tarixli 21/60 nömrəli məktubundan göstərilir ki, "İddiaçı" ASC Sumqayıt Filialı ilə Sumqayıt Bələdiyyəsi arasında bağlanmış 28 dekabr 2015-ci il tarixli 15/087 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 20 % dərəcəsi ilə 16000 (on altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit üzrə borc 30 noyabr 2016-cı il tarixinə tam bağlanmışdır və hal-hazırda Sumqayıt Bələdiyyəsinin Bank qarşısında heç bir kredit öhdəliliyi yoxdur (iş vərəqi: 120). İş materiallarından görünür ki, cavabdeh Sumqayıt Bələdiyyəsi “borcun tutulması barədə” iddia tələbini qəbul etmədiyinə görə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə araşdırması zamanı 28 dekabr 2015-ci il tarixli 15/087 nömrəli Təminatsız Kredit Müqaviləsi əsasında tələb edilən borcun hesablanması üçün ekspertiza keçirilməsi barədə vəsatət vermiş və həmin vəsatət əsasında məlum Müqavilə üzrə iddia tələbi nəzərə alınmaqla 06 noyabr 2019-cu il tarixinə yaranmış borcun hesablanması üçün Sumqayıt Kommersiya Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Həmin qərardadla əlaqədar keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 19 may 2021-ci il tarixli 9/1130 nömrəli Ekspert Rəyində göstərilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi Sumqayıt Bələdiyyəsi aldığı kredit vəsaitinə görə İddiaçı ASC-yə cəmi 1951 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Belə ki, 05 mart 2021-ci il tarixdə əlavə sənədlərin zəruriliyi barədə məhkəməyə vəsatət göndərilmişdir. Həmin vəsatətə cavab olaraq 05 may 2021-ci il tarixdə əlavə sənədlər (hesabdan çıxarış) təqdim edilmişdir. Əlavə sənədlərlə tanışlıq zamanı hesabdan çıxarışın tam şəkildə olmaması müəyyən edilmişdir. Hesabdan çıxarışda ümumi ödənişlər 1951 ABŞ dolları məbləğində olsa da, maliyyə arayışında Sumqayıt Bələdiyyəsi tərəfindən götürdüyü 16000 ABŞ dolları məbləğində pul vəsaitinə görə əsas borcu 170,66 ABŞ dolları təşkil etmişdir. Bundan başqa İddiaçı ASC-nin Sumqayıt Bələdiyyəsinə ünvanladığı 30 noyabr 2016-cı il tarixli 21/60 saylı məktuba (i.v: 118) əsasən Sumqayıt Bələdiyyəsi tərəfindən götürülən 28 dekabr 2015-ci il tarixli 15/087 saylı kredit müqaviləsi üzrə borc 30.11.2016-cı il tarixdə tam bağlanmışdır və hal-hazırda Sumqayıt Bələdiyyəsinin Bank qarşısında heç bir öhdəliyi yoxdur. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi 28.12.2015-ci il tarixli 15/087 saylı kredit müqaviləsi üzrə Sumqayıt Bələdiyyəsinin İddiaçı ASC-yə borcunu müəyyən etmək mümkün olmamışdır. Qeyd edilir ki, hesabdan çıxarış (cari, ssuda, faiz, cərimə hesabları tam şəkildə, kredit verilən tarixdən hal-hazıradək ödənişlərin təyinatları müqavilələr üzrə göstərilməklə) tam şəkildə təqdim olunduğu halda Sumqayıt Bələdiyyəsinin İddiaçı ASCyə borcunu müəyyən etmək olar. Göründüyü kimi, məhkəmə-mühasibatlıq ekspertizasının 19 may 2021-ci il tarixli 9/1130 nömrəli Ekspert Rəyinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi üzrə ödənişlərin tam əks olunduğu hesabdan çıxarışın və zəruri sənədlərin təqdim olunması təmin olunmadığına görə ekspertiza zamanı 28 dekabr 2015-ci il tarixli 15/087 nömrəli Təminatsız Kredit Müqaviləsi üzrə mövcud borcun hesablanaraq müvafiq rəyin verilməsi mümkün olmamışdır. Yəni, ekspertiza tədqiqatı ilə məlum Kredit Müqaviləsi üzrə ödənilməmiş kredit borcunun mövcudluğunun müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, “borcverən” "İddiaçı" Açiq Səhmdar Cəmiyyətinin Suimqayit Filiali ilə "borcalan" Sumqayit Bələdiyyəsi arasında bağlanmış 28 dekabr 2015-ci il tarixli 15/087 nömrəli Təminatsız Kredit Müqaviləsinə əsasən sonuncunun 12 ay müddətinə, yəni 28 dekabr 2016-cı il tarixinədək illik 20 % dərəcəsi ilə 16000 (on altı min) ABŞ dolları məbləğində kredit alması faktı sübuta yetirilsə də, iddiaçı tərəf həmin müqavilə üzrə 06 noyabr 2019-cu il tarixə hesablanmış “170,66 ABŞ dolları əsas borc, 73,85 ABŞ dolları cərimə və müqavilənin bitdiyi tarixdən 06 noyabr 2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 20,56 ABŞ dolları olmaqla, ümumilikdə 265,07 ABŞ dolları məbləğində kredit borcunun cavabdeh Sumqayıt Bələdiyyəsi tərəfindən ödənilməli olması” faktını hər hansı bir mötəbər sübutla sübuta yetirə bilməmişdir. Halbuki, cavabdeh Sumqayıt Bələdiyyəsinin iddia tələbinə etirazının əsası kimi məhkəməyə təqdim etdiyi “İddiaçı" ASC-nin Sumqayıt Filialının 20 oktyabr 2016-cı il tarixli 21/25 nömrəli və 30 noyabr 2016-cı il tarixli 21/60 nömrəli məktublarında, eləcə də hesabdan-hesaba pul köçürməsi barədə tərtib edilmiş 08 noyabr 2016-cı il tarixli 601 nömrəli Ödəniş Tapşırığında isə cavabdeh Sumqayıt Bələdiyyəsinin 28 dekabr 2015ci il tarixli 15/087 nömrəli Təminatsız Kredit Müqaviləsi üzrə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun tam ödənildiyi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Təsvir olunanlara əsasən müəyyən olunur ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən 28 dekabr 2015-ci il tarixli 15/087 nömrəli Təminatsız Kredit Müqaviləsi üzrə cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı verilmiş “cavabdeh Sumqayıt Bələdiyyəsindən 170,66 ABŞ dolları əsas, 73,85 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 06 noyabr 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 20,56 ABŞ dolları borc olmaqla, ümumilikdə 265,07 ABŞ dolları məbləğində kredit borcunun tutulması” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq olunmamış və iddiaçı tərəfindən həmin iddia tələbi Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sübut edilməmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilir ki, hazırkı kommersiya işi üzrə məhkəmə prosesi zamanı cavabdeh Sumqayıt Bələdiyyəsi də 06 fevral 2020-ci ildə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank hesabında qalmış məbləğin qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialında olan hesablaşma hesabında 01 noyabr 2016-cı il tarixinə qalmış 1546,82 manat pul vəsaiti və həmin tarixdən bu günədək gecikdirilmiş vaxt üçün beş faizlə hesablanmış 228 manat pul vəsaiti olmaqla, ümumilikdə 1774,82 manat məbləğində pul vəsaitinin Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Sumqayıt Bələdiyyəsinə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Sumqayıt Bələdiyyəsinin “bank hesabında qalmış məbləğin qaytarılması” tələbi barədə qarşılıqlı iddia tələbini qəbul etməyərək, mövcud qanunvericiliyin tələblərinə görə həmin qarşılıqlı iddia tələbinə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olmadığını bildirmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məcburi ləğv edilmiş və 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 13 aprel 2016-cı il tarixli 2-1(81)- 1541/2016 nömrəli qərardadına əsasən Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin olunmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Sumqayıt Bələdiyyəsinin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank hesabında qalmış məbləğin qaytarılması” tələbi barədə qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanması üçün məhkəmə qərardadı qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “borcun tutulması” barədə iddia tələbi, yəni “cavabdeh Sumqayıt Bələdiyyəsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 170,66 ABŞ dolları əsas borc, 73,85 ABŞ dolları cərimə və müqavilənin bitdiyi tarixdən 06 noyabr 2019-cu il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 20,56 ABŞ dolları olmaqla, ümumilikdə 265,07 ABŞ dolları məbləğində kredit borcunun tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 20 (iyirmi) manat məbləğində pul vəsaiti iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. İddia tələbi üzrə məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 20 (iyirmi) manat məbləğində pul vəsaiti iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-8/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-8/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver