Məhkəmə qərarları › İş №e-2-2(119)-80/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-80/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-80/2023 09.02.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 956,02 manat əsas borc, 114,86 manat faiz borcu, 82,91 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 1,6 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1155,39 manat borcun və 70 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 27 faizlə 18 ay müddətinə 3000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixinə Cavabdeh2 banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 956,02 manat əsas borcu, 114,86 manat faiz borcu, 82,91 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1,6 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1155,39 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC ilə cavabadehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün mediatora müraciət edilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş Cavabdeh2 izahatında iddianı əsas borcun tutulması hissəsində qəbul etdiyini, koronavirus pandemiyası dövründə ödənişləri gecikdirdiyini bildirmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - Borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti və borc alan Cavabdeh2 olmaqla 15 fevral 2021-ci il tarixli 4-MZ2-1-0-1875-21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə uyğun olaraq bağlanmış eyni tarixli və nömrəli krеditin verilməsinə dair müqaviləyə əsasən biznes məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borc alan Cavabdeh2 (VÖEN **********) 18 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir (kredit üzrə faiz dərəcəsi 27 %, faktiki illik faiz dərəcəsi 29,8 %, illik cərimə faiz dərəcəsi 72 %). - 15 fevral 2021-ci il tarixli 4-MZ2-1-0-1875-21 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh2 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş, həmin əlavəni borcalan Cavabdeh2 imza etmiş və ödənişin son tarixi 15 avqust 2022-ci il müəyyən olunmuşdur. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 15 fevral 2021-ci il tarixli 4-MZ2-1-0-1875-21 nömrəli zaminlik müqaviləsinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2021ci il tarixli 4-MZ2-1-0-1875-21 nömrəli zaminlik müqaviləsinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 26 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kreditin bitmə tarixinə 956,02 manat məbləğində əsas, 106,98 manat məbləğində faiz, 82,91 manat məbləğində cərimə və müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 1,6 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. 26 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kreditin bitmə tarixinə əsas borcu 956,02 manat, faiz borcu 106,98 manat və müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 1,6 manat təşkil edir. Göründüyü kimi, iddia ərizəsində 114,86 manat məbləğində faiz borcunun tutulması qeyd olunsa da, sözügedən maliyyə arayışında kreditin bitmə tarixinə faiz borcunun 106,98 manat məbləğində olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 15 fevral 2021-ci il tarixli 4- MZ2-1-0-1875-21 nömrəli kreditin verilməsinə dair müqavilə üzrə 956,02 manat məbləğində əsas borc, 106,98 manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 1,6 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın "82,91 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmi 20 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 15 fevral 2021-ci il tarixli 4-MZ2-1-0-1875-21 nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh3 və Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 956,02 (doqquz yüz əlli altı manat 2 qəpik) manat məbləğində əsas borc, 106,98 (yüz altı manat 98 qəpik) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat məbləğində cərimə və müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 1,6 (bir manat 60 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər). Eləcə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 30,85 (otuz manat 85 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 956,02 (doqquz yüz əlli altı manat 2 qəpik) manat məbləğində əsas borc, 106,98 (yüz altı manat 98 qəpik) manat məbləğində faiz borcu, 20 (iyirmi) manat məbləğində cərimə, müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 1,6 (bir manat 60 qəpik) manat və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 1154,6 (min yüz əlli dörd manat 60 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 30,85 (otuz manat 85 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar