Məhkəmə qərarları › İş №e-2-2(119)-80/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-80/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-80/2025 10.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə aralarında bağlanmış 18 iyul 2014-cü il tarixli 1474 nömrəli kredit müqaviləsi üzrə 5526,41 (beş min beş yüz iyirmi altı ABŞ dolları, qırx bir sent) ABŞ dolları məbləğində əsas borc, 3101,72 (üç min yüz bir ABŞ dolları, yetmiş iki sent) ABŞ dolları məbləğində faiz borcu, 5326,48 (beş min üç yüz iyirmi altı ABŞ dolları, qırx səkkiz sent) ABŞ dolları məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 339,57 (üç yüz otuz doqquz ABŞ dolları, əlli yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzinin həmin cavabdеhdən, o cümlədən zamin qismində iştirak etmiş digər Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 18 iyul 2014cü il tarixli 1474 nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş Sazişlər üzrə Cavabdeh2 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh2la və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zamin - hazırkı iddia tələbi üzrə digər Cavabdeh1la mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh2 02 oktyabr 2024-cü il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddia ərizəsinin 3 illik iddia müddətinə riayət edilmədən verildiyini bildirmiş və məhkəmədən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02 oktyabr 2024-cü il tarixli iclasında iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin əsassız olduğu qənaətindədir. Tərəflər arasında bağlanmış müqavilənin müddəti 30 may 2022-ci il tarixə qədər uzadılmışdır. Müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir və təmsil etdiyi təşkilat məhkəməyə 26 fevral 2024-cü il tarixində iddia ərizəsi ilə müraciət etmişdir. Buna görə də hazırkı iş üzrə iddia müddəti tətbiq edilməməlidir. Məhkəmənin 24 yanvar 2025-ci il tarixli iclasında iddiaçının nümayəndəsi izahatında bildirmişdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasına dair 26 noyabr 2024-cü il tarixli ekspert rəyinin 19 aprel 2019-cu il tarixi qeyd olunan qrafasında cavabdehin kredit borcu Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının təsir dairəsinə düşdüyü üçün 3212,52 ABŞ dolları, yəni 5631,29 manat məbləğində pul vəsaitinin silindiyi öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 13 sentyabr 2024-cü il tarixli iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, iddia ərizəsi ilə tələb olunan məbləğlə razı deyildir. Qusar rayonunda yerləşən qeyri-yaşayış sahəsini almaq məqsədilə borc götürmüş, həmin qeyri-yaşayış sahəsini ala bilməmişdir. Borc götürdüyü 10000 manat məbləği iddiaçı təşkilata geri qaytarmaq istəmiş, lakin iddiaçı təşkilatın əməkdaşı 12000 manat məbləğin ödənilməsini tələb etmişdir. Buna görə də 10000 manat məbləğə ərzaq dükanı tikmişdir. Onu da işlədə bilməmiş, Bakı şəhərinə köçmüşdür. Kredit borcunu manatla götürmüş və aylıq 411 manat məbləğində ödənişləri həyata keçirmişdir. Lakin dolların məzənnəsi qalxdıqdan sonra iddiaçı təşkilata kredit borcu üzrə manatla ödəniş həyata keçirmək istəmiş, ödəniş qəbul edilməmiş, ödənişin dollarla həyata keçirilməli olduğu bildirilmişdir. Borcunun mövcudluğunu qəbul edir, lakin iddia ərizəsində tələb olunan borc məbləği ilə razılaşmır. Kredit borcu Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının təsir dairəsinə düşmüşdür. İddiaçı təşkilatın əməkdaşı Anar adlı şəxs kredit borcunun həmin fərmanının təsir dairəsinə düşdüyünü və borcdan avtomatik olaraq 5000 manat məbləğin silindiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18 iyul 2014cü il tarixli 1474 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, kreditor (İddiaçı ASC) borcalana (Cavabdeh2) 12750 ABŞ dolları məbləğində kredit verir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, kreditin istifadəsinə görə borcalan kreditora illik 27 faiz dərəcəsi ilə faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 28,59 faiz təşkil edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 54 faiz dərəcəsilə, aylıq isə 4,5 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən, borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında etmədikdə (icranı gecikdirildiyi halda), gecikdirilən məbləğə (kreditin və faizinin ödənilməmiş hissəsinə) görə kreditora cərimə ödəyir. Cərimə gecikdirilən gündən gecikdirilən məbləğ kreditora tam ödənildiyi günə qədər hesablanır. Cərimənin və zərərin əvəzinin ödənilməsi borcalanı bu müqavilə ilə nəzərdə tutulmuş əsas öhdəliklərin icrasından azad etmir. Həmin müqavilənin 3.9-cu bəndinə əsasən, xarici valyuta ilə verilmiş kredit manatla ödənilərkən həmin məbləğ kredit ödənilən günə İddiaçı ASC-nin nağd valyutanın alğısatqısı üzrə mövcud olan müvafiq valyutanın satış kursu ilə konvertasiya edilərək borcun ödənilməsinə yönəldilir. İş materiallarında olan 18 iyul 2014-cü il tarixli 1474 nömrəli kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən, Cavabdeh2 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 18 iyul 2017-ci il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı və Cavabdeh1 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli ZM-1474 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqavilənin predmeti 18 iyul 2014-cü il tarixli 1474 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. Həmin zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia sürmədiyi halda xitam verilir. İş materiallarında olan 18 iyul 2014-cü il tarixli 1474 nömrəli kredit müqaviləsinə 02 aprel 2015-ci il tarixli 1474 nömrəli Əlavə sazişin 2.1-ci bəndinə əsasən, kreditorun borcalana 12750 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 10805,87 ABŞ dolları təşkil edir. Bu əlavə Sazişin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, cavabdehin son ödəmə tarixi 03 oktyabr 2018-ci il olmaqla tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 18 iyul 2014-cü il tarixli ZM-1474 nömrəli zaminlik müqaviləsinə 02 aprel 2015-ci il tarixli 1474 nömrəli Əlavə sazişin 2.1-ci bəndinə əsasən, kreditorun borcalana 12750 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 10805,87 ABŞ dolları məbləğində təşkil edir. İş materiallarında olan 18 iyul 2014-cü il tarixli 1474 nömrəli kredit müqaviləsinə 31 may 2017-ci il tarixli 02 nömrəli Əlavə sazişin 1.1-ci bəndinə əsasən, borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 13947,2 ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları=1,4 manat məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığının tərkibini 9614,2 ABŞ dolları məbləğində əsas borc, 3634,06 ABŞ dolları məbləğində faiz borcu, 698,94 ABŞ dolları məbləğində cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 30 may 2022-ci il tarixədək təşkil edir. Bu əlavə Sazişin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, cavabdehin son ödəmə tarixi 30 may 2022-ci il olmaqla tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 18 iyul 2014-cü il tarixli ZM-1474 nömrəli zaminlik müqaviləsinə 31 may 2017-ci il tarixli 02 nömrəli Əlavə sazişin 1.1 və 1.2-ci bəndlərinə əsasən, borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 13947,2 ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları=1,4 manat məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığının tərkibini 9614,2 ABŞ dolları məbləğində əsas borc, 3634,06 ABŞ dolları məbləğində faiz borcu, 698,94 ABŞ dolları məbləğində cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 30 may 2022-ci il tarixədək təşkil edir. Bu əlavə Sazişin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, cavabdehin son ödəmə tarixi 30 may 2022-ci il olmaqla tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli **********029 nömrəli maliyyə arayışına əsasən, cavabdehin iddiaçıya 14 avqust 2023-cü il tarixinə 5526,14 ABŞ dolları məbləğində əsas borc, 3101,72 ABŞ dolları məbləğində faiz borcu, 5326,48 ABŞ dolları məbləğində cərimə, 339,57 ABŞ məbləğində dolları gecikdirilmiş vaxt üçün faiz borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə məhkəmə-mühasibatlıq ekspertizası üzrə təqdim edilmiş 26 noyabr 2024-cü il tarixli 9/8601 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 18 iyul 2014-cü il tarixli 1474 nömrəli kredit müqaviləsi və 31 may 2017-ci il tarixli 02 nömrəli Əlavə saziş üzrə 30 may 2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) 5533,2 ABŞ dolları məbləğində əsas, 2912,24 ABŞ dolları məbləğində faiz borcu, 14 avqust 2023-cü il tarixə (maliyyə arayışında qeyd edilən tarixə) 5533,2 ABŞ dolları məbləğində əsas, 2912,24 ABŞ dolları məbləğində faiz borcu, 5 faizlə hesablanmış 333,53 ABŞ dolları məbləğində faiz borcu, 02 oktyabr 2024-cü il tarixə (sualda qeyd edilən tarixə) 5533,2 ABŞ dolları məbləğində əsas, 2912,24 ABŞ dolları məbləğində faiz borcu, 5 faizlə hesablanmış 647,08 ABŞ məbləğində dolları məbləğində faiz borcu müəyyən edilmişdir. İş materiallarında olan “Problemli kreditlərin kompensasiyası” sənədindən görünür ki, Cavabdeh2 restrukturizasiya təklif olunan kredit borcu 9394,89 manat məbləğində təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci, 373.2-ci və 373.3-cü maddələrinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 18 iyul 2014-cü il tarixli 1474 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə 02 aprel 2015-ci il tarixli 1474 nömrəli və 31 may 2017-ci il tarixli 02 nömrəli Əlavə sazişlər üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdehin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 26 noyabr 2024-cü il tarixli 9/8601 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticələrə əsasən deyil, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Çünki hesablanmış əsas borcun məbləği ekspert rəyində hesablanmış məbləğlərdən az məbləğdədir və bu səbəbdən də borcun tutulmasında ekspert rəyində müəyyən edilmiş nəticə nəzərə alınmayaraq, iddia ərizəsində tələb edilən məbləğdə əsas borc tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 18 iyul 2014-cü il tarixli 1474 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə 02 aprel 2015-ci il tarixli 1474 nömrəli və 31 may 2017-ci il tarixli 02 nömrəli Əlavə sazişlər üzrə 5526,41 ABŞ dolları məbləğində əsas borc tutulmalıdır. İddia tələbinin 3101,72 ABŞ dolları faiz borcu, 5326,48 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 339,57 ABŞ dolları faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarını araşdıran zaman müəyyən edilmişdir ki, Cavabdeh2 krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və 01 mart 2019-cu il tarixə ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun 9394,89 manat (5526,41 ABŞ dolları) olduğu qeyd edilmişdir. Buna görə də, iddia tələbinin müqavilə müddətinə hesablanmış faiz borcu, cərimə borcu və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsi təmin edilməməlidir. Cavabdehin iddia müddətinin keçməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə, ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Cavabdehlə 18 iyul 2024-cü il tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqavilə əsasında bağlanmış 02 aprel 2015-ci il və 31 may 2017-ci tarixli Əlavə sazişlərlə cavabdehin son ödəniş tarixinin 30 may 2022-ci il olması razılaşdırılmışdır. Hazırkı iddia ilə isə məhkəməyə 07 avqust 2024-cü il tarixində müraciət edilmişdir. Başqa sözlə, Mülki Məcəllənin 372.2-ci maddəsinin tələbinə əsasən, iddiaçı müqavilə tələbi üzrə iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Bundan əlavə, məhkəmə digər Cavabdeh1 mülki məsuliyyəti ilə bağlı qeyd edir ki ki, Mülki Məcəllənin zaminliyə xitam verilməsi əsaslarının müəyyən olunduğu 477-ci maddəsinin Məcəllənin 24-cü fəslində, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 477-ci maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması zaminliyə müqavilədə göstərilmiş onun verilmə müddəti bitdikdən sonra, kreditor tərəfindən zaminə qarşı iddianın irəli sürülmədiyi halda öhdəliyin icrası vaxtının çatdığı tarixdən bir il ərzində, əsas öhdəliyin icrası müddəti bəlli olmadıqda isə zaminlik müqaviləsinin bağlandığı tarixdən iki il ərzində xitam verilməsini nəzərdə tutmuşdur. Zaminliyə göstərilən müddətlər ərzində xitam verilməsi isə onu göstərir ki, həmin müddət keçdikdən sonra kreditor zaminə qarşı iddia qaldırmaq hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 12 mart tarixli Qərarına əsasən, iddia müddətindən fərqli olaraq kəsici müddətin tətbiqi tərəflərin iradəsinin asılı olmamaqla birbaşa məhkəmənin səlahiyyətinə aiddir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, kredit müqaviləsi və zaminlik müqaviləsi 18 iyul 2014-cü il tarixdə bağlanmışdır. Kredit müqaviləsi və ona əlavə edilmiş sazişlərlə restrukturizasiya edilmiş kreditin müddəti 30 may 2022-ci il tarixədək uzadılmışdır. Yuxarıda istinad edilmiş 18 iyul 2014-cü il tarixli ZM- 1474 nömrəli zaminlik müqaviləsinin 5.1.4-cü bəndində zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia sürmədiyi halda xitam verildiyi qeyd edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliyin icra müddətindən bir ildən artıq vaxt keçdikdən sonra, yəni 07 avqust 2024-cü il tarixdə iddia ərizəsi ilə müraciət etdiyindən məhkəmə hesab edir ki, digər Cavabdeh1 kredit borcunun tutulması qanuni və əsaslı sayıla bilməz. İddia tələbinin cavabdehlərdən 210 manat məbləğində mediasiya xərcinin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 18 yanvar 2024-cü il tarixli MŞS-MT030-2023-02847 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa əsasən Cavabdeh2 mediasiya sessiyasında iştirak etməmişdir. Eyni zamanda, 15 yanvar 2024-cü il tarixli ********* nömrəli ödəniş tapşırığına əsasən müəyyən edilir ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 210 manat məbləğində mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 210 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulması hissəsi təmin edilməli, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən ödənilmiş 210 manat məbləğində mediasiya haqqı da Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 113,94 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti Cavabdeh2 dövlət mədaxilinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2024-cü il tarixli 9/8601 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 18 iyul 2014-cü il tarixli 1474 nömrəli kredit müqaviləsi üzrə 5526,41 ABŞ dolları məbləğində əsas borc ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə və 210 manat məbləğində mediasiya xərcinin əvəzi iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, cavabdehdən dövlət nəfinə 113,94 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 18 iyul 2014-cü il tarixli 1474 nömrəli kredit müqaviləsi üzrə 5526,41 (beş min beş yüz iyirmi altı ABŞ dolları, qırx bir sent) ABŞ dolları məbləğində əsas borc ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə və 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 113,94 (yüz on üç manat, doxsan dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar