Məhkəmə qərarları › İş №e-2-2(119)-801/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-801/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-801/2023 11.09.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçı X1 vəkili və nümayəndəsi Nümayəndə1, cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı X1 cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 1 ünvanında 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət cəmi 3550,8 kv.m sahəsini xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə qanunsuz özündə saxladığı müddət üçün hesablanmış 85000 manat məbləğində icarə haqqı borcunun və çəkilmiş məhkəmə xərclərinin əvəzini cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə verən X3 ilə icarəçi “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2014-cü il tarixdə bağlanmış qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqaviləyə əsasən iddiaçı ünvan 1 ünvanında mülkiyyətində olan 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət cəmi 3550,8 kv.m sahəsini cavabdehin istifadəsinə verməyi, cavabdeh isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş icarə haqqını hər ayın 5-dən gec olmayaraq nağd və ya köçürmə qaydasında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə ödənilməli olan aylıq icarə haqqının məbləği xx.xx.2017-ci il tarixdən etibarən 5000 manat müəyyən olunmuşdur. Cavabdeh müqavilə üzrə icarə haqqının ödənilməsi ilə bağlı üzərinə düşən öhdəliyini pozaraq lazımınca icra etmədiyi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə obyektinin cavabdeh tərəfindən tam şəkildə boşaldılaraq iddiaçıya geri qaytarılması, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün hesablanmış 145000 manat icarə haqqı borcunun tutulması və icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)-222/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 1 ünvanında 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m sahəsinin cavabdeh tərəfindən tam şəkildə boşaldılaraq iddiaçıya geri qaytarılması, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 68000 manat məbləğində pul vəsaitinin tutulması və iddianın qalan hissədə (xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə 77000 manat icarə haqqı borcunun və icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının cavabdehdən tutulub iddiaçıya ödənilməsi) təmin edilməməsi qət edilmişdir. Bu qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(105)-80/2022 saylı qətnaməsi ilə qismən təmin olunaraq, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin edilməyən 77000 manat icarə haqqı borcu hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmaqla, cavabdehdən ümumilikdə 145000 manat iddiaçının xeyrinə tutulmuş, qətnamə mübahisələndirilən qalan hissədə (icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının ödənilməsi) dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(102)-77/2023 saylı qətnaməsi ilə təmin edilməmiş və apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının ödənilməsi) dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən iş üzrə məhkəmə aktı xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə icra vərəqələri verilərək icraya göndərilmişdir. Cavabdeh icra sənədinin icrasını hələki təmin etməmiş və müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edildiyi 2022-ci ilin yanvar ayından etibarən indiyədək icarə obyekti boşaldılmayaraq cavabdehin qanunsuz sahibliyində və istifadəsində qalmaqda davam etmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə (17 ay) qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış 85000 manat məbləğində icarə haqqı borcu tutulmalıdır. Qeyd edilən məbləğdə icarə haqqı borcunun ödənişi ilə bağlı mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, ilkin mediasiya sessiyası üçün mediasiya təşkilatına ərizə verilmiş və mediasiyanın nəticəsinə dair müvafiq arayış alınmışdır. Həmçinin iddiaçı tərəfindən cavabdehə sözügedən icarə haqqı borcunun ödənişini təmin etməyə dair pretenziya göndərilmiş, lakin nəticəsi olmamışdır. İddiaçı X1 vəkili və nümayəndəsi Nümayəndə1 17 iyul 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə təqdim edərək bildirmişdi ki, iddia ərizəsində xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün pul tələbi irəli sürülmüşdür. Lakin icarə obyekti 2023-cü ilin 15 iyul tarixinədək də cavabdeh tərəfindən geri qaytarılmayaraq özündə saxlanılmışdır. Odur ki, iddia tələbinin həcmi xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək olan müddət üçün hesablanmış 7500 manat hissəsində artırılmalıdır. Göstərilənləri nəzərə alaraq o, cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 1 ünvanında 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət cəmi 3550,8 kv.m sahəsini xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə qanunsuz özündə saxladığı müddət üçün hesablanmış 92500 manat məbləğində icarə haqqı borcunun və çəkilmiş məhkəmə xərclərinin əvəzinin tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı X1 vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini, cavabdehdən 92500 manat məbləğində icarə haqqı borcunun və 400 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, tərəflər arsında bağlanmış icarə müqaviləsi 2014-cü ildən 2019-cü ilədək qüvvədə olub və müqavilə müddəti 4 il əvvəl bitmişdir. Müqaviləyə əsasən icarə haqqı əvvəl 2000 manat müəyyən edilib və hər il icarə haqqının qiyməti artaraq 5000 manata çatıb. İcarəyə verən tərəfindən icarə obyektində işlər görülməsi şərti ilə icarə haqqı məbləğinin artırılması nəzərdə tutulmuşdur. Müqavilə müddəti 2019-cu ildə bitdikdən sonra tərəflər arasında icarə münasibətləri əslində mövcud olmamışdır. Əgər tərəflər arasında icarə münasibətləri olsaydı, bununla bağlı yenidən müqavilə bağlanardı. 2021-ci ilin iyul ayından isə obyektə girişin iki qapısı dəmir barmaqlıqlarla bağlı olduğundan cavabdehin obyektə heç bir formada giriş imkanı olmamışdır. Göstərilənlərə əsasən o, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin həcminin artırılmasına dair ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən X2 məxsus məqsədli istifadə növü sahibkarlıq (tikinti) olan kənd təsərrüfatı təyinatlı torpağın (ümumi sahəsi 0,75 ha) X1 mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi–**********05; Qeydiyyat nömrəsi–160606430; Qeydiyyat tarixi–27 oktyabr 2006-cı il) İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvandakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi (ümumi sahəsi 7771 kv.metr) X1 xüsusi mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır ((Reyestr nömrəsi – **********05-12301); Qeydiyyat nömrəsi – **********; Qeydiyyat tarixi – 27 dekabr 2014-cü il). İş materiallarında olan icarəyəverən X3 (VÖEN **********) ilə icarəçi “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 01 fevral 2014-cü il tarixli “qeyri-yaşayış sahəsinin icarəsi haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə icarəyə verən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Abşeron rayonu Masazır kəndi ərazisindəki mülkiyyətində olan 0,75 ha torpaq sahəsindəki Abşeron rayon İcra Hakimiyyəti Başçısının 29 aprel 2011-ci il tarixli 667 saylı Sərəncamı ilə istismara qəbul olunmuş istehsalat və satış kompleksinin yol kənarında yerləşən 1180 kv.m zirzəmi sahəsi və 2370,8 kv.m satış pavilyonu (istehsalat və satış pavilyonu) olan obyekti icarəçinin istifadəsinə verməyi, icarəçi isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarəyə verənə ödənilməli olan aylıq icarə haqqının xalis məbləği aşağıdakı cədvələ müvafiq olaraq aparılacaqdır: 1. 01 aprel 2014-cü ildən 01 aprel 2015-ci il üçün 2000 (iki min) manat; 2. 01 aprel 2015-ci ildən 01 aprel 2016-cı il üçün 3000 (üç min) manat; 3. 01 aprel 2016-cı ildən 01 aprel 2017-ci il üçün 4000 (dörd min) manat; 4. 01 aprel 2017-ci ildən 01 aprel 2018-ci il üçün 5000 (beş min) manat; 5. 01 aprel 2018-ci ildən 01 aprel 2019-cu il üçün 5000 (beş min) manat təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəçi icarə haqqını hər ayın 5-dən gec olmayaraq nağd və ya köçürmə qaydasında icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə 01 aprel 2014-cü il tarixdən qüvvəyə minir və 01 aprel 2019-cu il tarixədək qüvvədədir. İş materiallarından görünür ki, iddiaçı X3 14 yanvar 2022-ci il tarixdə cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə obyektinin boşaldılaraq geri qaytarılması və icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 fevral 2014-cü il tarixli icarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 2 ünvanındakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m sahəsinin cavabdeh “X5” MMC tərəfindən tam şəkildə boşaldılaraq iddiaçı X2 geri qaytarılması, cavabdeh “X5” MMC-dən iddiaçı X1 xeyrinə 01 fevral 2014-cü il tarixli İcarə müqaviləsi üzrə 145000 manat və 15 may 2020-ci il tarixli icarə müqaviləsi üzrə 30000 manat olmaqla, cəmi 175000 manat icarə haqqı borcunun tutulması və icarə obyekti təhvil verildiyi günədək qanunsuz özündə saxlama müddəti üçün aylıq 5000 manat olmaqla hesablanmış icarə haqqının və məhkəmə xərclərinin əvəzinin cavabdeh “X5” MMC-dən tutulub iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 29 aprel 2022-ci il tarixli e-2-2(119)-222/2022 saylı qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, xx.xx.2014-cü il tarixli icarə müqaviləsi üzrə icarə obyekti olan ünvan 1 ünvanında 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m sahəsinin cavabdeh tərəfindən tam şəkildə boşaldılaraq iddiaçıya geri qaytarılması, cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən 01 fevral 2014-cü il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 68000 (altmış səkkiz min) manat məbləğində icarə haqqı borcu, 15 may 2020-ci il tarixli icarə müqaviləsi üzrə ödənilməmiş 30000 (otuz min) manat məbləğində icarə haqqı borcu, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 65 (altmış beş) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 98465 (doxsan səkkiz min dörd yüz altmış beş) manat məbləğində pul vəsaitinin iddiaçı X1 xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, eyni zamanda cavabdehdən dövlət rüsumunun qalığı kimi 319 (üç yüz on doqquz) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli 2-2(105)-80/2022 saylı qətnaməsinə əsasən cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçı X1 apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-222/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsinin qismən- iddianın təmin edilməyən 77000 manat icarə haqqı borcu hissəsində ləğv ediməsi, həmin hissədə iddia təmin olunması, cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən ümumilikdə 145 000 (yüz qırx beş min) manat iddiaçı X1 xeyrinə tutulması, iddiaçının apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(102)-77/2023 saylı qərarı ilə iddiaçı X3 tərəfindən və cavabdeh “X5” MMC tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-2(105)-80/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan 18 iyul 2023-cü il tarixli aktdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 aprel 2023-cü il tarixli 2-2(105)- 80/2022 nömrəli icra sənədinin icrası ilə əlaqədar Masazır kəndi, Əliağa Vahid küçəsi, 233 ünvanında 0.75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 3550.8 kv.m sahəsi borclu “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən boşaldılaraq tələbkara təhvil verilmişdir. İş materiallarından görünür ki, icarə haqqı borcunun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı X3 tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. - 697.2-ci maddəsnə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 701.2.4-ci maddəsinə əsasən icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. - 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, iddiaçı X2 məxsus ünvan 2 ünvanındakı 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksinin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m hissəsi 01 fevral 2014-cü il tarixli “qeyri-yaşayış sahəsinin icarəsi haqqında” müqaviləsinə əsasən cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmiş, həmin müqavilə 01 aprel 2019-cu il tarixədək qüvvədə olmuşdur. İcarə müqaviləsinin müddəti bitdikdən sonra sözügedən icarə obyekti cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməmiş və tərəflər arasında icarə münasibətləri obyektin boşaldılaraq təhvil verildiyi 18 iyul 2023-cü il tarixədək davam etmişdir. Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi izahatında iddiaçının cavabdehə icarə obyektinə daxil olmasına maneələr yaratmasını qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli e-2-2(105)-80/2022 saylı qətnaməsində icarə müqaviləsinin müddəti 2019-cu ilin aprel ayında bitsə də, tərəflər arasında icarə münasibətlərinin davam etməsi göstərilmiş və cavabdehdən icarə müqaviləsinin müddətinin bitdiyi 2019-cu ilin aprel ayından 2021-ci ilin dekabr ayı da daxil olmaqla hər ay 5000 manat olmaqla icarə haqqı borcu tutulmuşdur. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 22 fevral 2023-cü il tarixli 2- 2(102)-77/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş 18 iyul 2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 19 aprel 2023-cü il tarixli 2-2(105)-80/2022 nömrəli icra sənədinin icrası ilə əlaqədar Masazır kəndi, Əliağa Vahid küçəsi, 233 ünvanında 0,75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 3550,8 kv.m sahəsi borclu tərəfindən boşaldılaraq tələbkara təhvil verilmişdir. Buna görə hazırkı iddia ərizəsində cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən icarə obyekti olan ünvan 1 ünvanında 0.75 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisənin 1180 kv.m zirzəmi və 2370,8 kv.m istehsalat və satış pavilyonundan ibarət olmaqla, cəmi 3550,8 kv.m sahəsini 01 yanvar 2022-ci il tarixdən 15 iyul 2023-cü il tarixədək olan dövrdə qanunsuz özündə saxladığı müddət üçün hesablanmış 92500 (doxsan iki min beş yüz) manat məbləğində icarə haqqı borcunun tutularaq iddiaçı X2 ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən 01 yanvar 2022-ci il tarixdən 15 iyul 2023-cü il tarixədək hər ay 5000 manat olmaqla hesablanmış 92500 (doxsan iki min beş yüz) manat məbləğində icarə haqqı borcunun iddiaçı X1 xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən 92500 (doxsan iki min beş yüz) manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçı X2 ödənilməlidir. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı X3 tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci də cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən 367,50 (üç yüz altmış yeddi manat 50 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən 92500 (doxsan iki min beş yüz) manat məbləğində icarə haqqı borcu və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 92900 (doxsan iki min doqquz yüz) manat məbləğində pul vəsaiti tutularaq X2 ödənilsin. Cavabdeh “X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 367,50 (üç yüz altmış yeddi manat 50 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar