Məhkəmə qərarları › İş №e-2-2(119)-804/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-804/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-804/2024 04.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 1943,73 manat və faiz borcu üzrə 4133,26 manat olmaqla, cəmi 6076,99 manat məbləğində borcun və mediasiya prosesi ilə bağlı ödənilmiş 110 manat mediasiya xərcinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 04 iyun 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına tərəflər gəlməmişlər. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2- 2(119)-804/2024 nömrəli iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı rəsmi qeydiyyat ünvanları Xızı rayonu ərazisində yerləşən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsində iddia tələbi - borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən borcalanlar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “heyvandarlıq” məqsədi ilə 24 ay müddətinə (14 fevral 2016-cı il tarixinədək), illik 27% dərəcəsi olmaqla, ümumilikdə cəmi 4000 (dörd min) manat məbləğində kreditin verildiyi 14 fevral 2014-cü il tarixli 0103 nömrəli “Birgə borclularla Kredit Müqaviləsi” ilə əsaslandırılmışdır. Lakin, məhkəmə qeyd etməyi lazım bilir ki, “heyvandarlıq” məqsədi ilə verilən kreditlər üzrə borcalanlar - fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər də ola bilərlər. Çünki, kənd təsərrüfatı sahəsində “heyvandarlıqla” məşğul olma - bilavasitə “sahibkarlıq” fəaliyyəti ilə əlaqədar olmaya da bilər. Qeyd etmək lazımdır ki, kənd təsərrüfatında heyvandarlıqla məşğul olan şəxslərin əksəriyyəti “sahibkar” kimi qeydə alınmırlar və onların bu sahədə fəaliyyəti sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilmir. Hətta, ailə kəndli təsərrüfatları da kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onların fəaliyyəti də “sahibkarlıq” sayılmır ("Ailə kəndli təsərrüfati haqqında" Azərbaycan Respublikası Qanunu). Bununla belə, 14 fevral 2014-cü il tarixli 0103 nömrəli “Birgə borclularla Kredit Müqaviləsi” üzrə “heyvandarlıq” məqsədi ilə verilən kreditin borcalanların “sahibkarlıq fəaliyyəti” ilə əlaqədar verilməsini təsdiq edən sənədlər və yaxud, məlumatlar iş materiallarında mövcud deyildir. Bundan əlavə, həmin 14 fevral 2014-cü il tarixli 0103 nömrəli “Birgə borclularla Kredit Müqaviləsi” bağlanarkən Borcalanların, yəni iş üzrə məlum krediti almış cavabdehlərin hər hansı birinin qanunla müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sübutlar mövcud deyildir və eyni zamanda, onların həmin vaxt VÖEN-ləri (X1 Nömrəsi) olmamışdır. Eyni zamanda, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasında olan məlumatlarla müəyyən olunur ki, məlum Kredit Müqaviləsinin müddəti bitməsinə on iki gün qalmış borcalanlardan yalnız birinə, yəni Cavabdeh2 02 fevral 2016cı ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ********** saylı X1 Nömrəsi (VÖEN) verilmiş və o, yalnız 02 fevral 2016-cı ildə “fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər” qismində vergi ödəyicisi olaraq qeydə alınmışdır. Yəni, məlum kreditin verildiyi vaxt, eləcə də tərəflər arasında bağlanmış kredit müqaviləsinin icra dövründə cavabdehlərdən heç birinin VÖEN-i olmamış və Cavabdeh2 isə məlum VÖEN-i müqavilənin icra müddətinin bitməsinə on iki gün qalmış almışdır. Belə olan təqdirdə isə müəyyən olunur ki, müqavilədə kreditin borc alanlara sahibkarlıq fəaliyyətinin həyata keçirmələri məqsədi ilə verilməsi birbaşa göstərilməməklə yanaşı, faktiki olaraq kreditin alındığı dövrdə borcalanlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından, həmin kreditin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün alınması təsdiq olunmur. Başqa sözlə, cavabdehlər məlum kredit müqaviləsini məhz fərdi sahibkar statusu olmayan fiziki şəxslər kimi imzalamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsindən görünür ki, hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir; Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 16-cı maddəsinin tələblərinə görə vergi orqanlarından X1 nömrəsini (VÖEN) almaq - vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsi baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsə də, hazırkı iddia tələbinin predmeti – cavabdehlərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan mübahisə deyil, kənd təsərrüfatı ilə məşğul olan və VÖEN-i olmayan fiziki şəxslərə heyvandarlıq, yəni kənd təsərrüfatı ilə məşğul olan şəxslərə heç də birmənalı olaraq sahibkarlıq fəaliyyəti kimi qəbul olunması mümkün olmayan “heyvandarlıq” məqsədi ilə əlaqədar verilmiş kreditin qaytarılmaması ilə əlaqədar yaranmış mübahisədir. Çünki, iddiaçı hüquqi şəxs, kredit alanlardan biri olan Cavabdeh2 isə 02 fevral 2016-cı ildə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyatdan keçməsinə baxmayaraq, tərəflər arasında 24 ay müddətinə bağlanmış 14 fevral 2014-cü il tarixli 0103 nömrəli “Birgə borclularla Kredit Müqaviləsi”ndə və eləcə də, məlum kreditin verilməsi ilə əlaqədar tərtib edilmiş digər hər hansı bir sənəddə həmin kreditin kredit alan fiziki şəxslərin məhz sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməsi barədə heç bir sübut yoxdur. Kredit Müqaviləsində kreditin “heyvandarlıq” üçün verilməsi barədə qeydin isə, birmənalı olaraq “sahibkarlıq fəaliyyəti” ilə əlaqələndirilməsi mümkün deyildir. Çünki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər də - şəxsi və yaxud ailə təsərrüfatı fəaliyyəti üçün kənd təsərrüfatı heyvanlarını əldə edə bilərlər və hər hansı bir “heyvandarlıq” məqsədi ilə kredit – yalnız sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, kənd təsərrüfatı (istehlak) fəaliyyəti ilə əlaqədar də verilə bilər. Yəni, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 14 fevral 2014-cü il tarixli 0103 nömrəli Kredit Müqaviləsi ilə kreditin sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməsi iş materialları ilə təsdiq olunmur. Halbuki, Mülki-Prosessual Məcəllənin tələblərinə görə işlərin Kommersiya Məhkəmələrində baxılması üçün tərəflər arasında olan mübahisə - kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələri ilə əlaqədar yaranan mübahisə olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 11-ci bəndində məhkəmələrə izah edilir ki, Mülki- Prosessual Məcəllənin 1-ci maddəsinin Qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində isə qeyd edilir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndində məhkəmələrə izah olunur ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Beləliklə də, təsvir olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hazırkı iş üzrə mübahisələndirilən kreditin (borcun) cavabdehin sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməsi kimi qiymətləndirilməsi və həmin borcun ödənməməsi əsasında yaranmış mübahisənin isə kommersiya mübahisəsi kimi qəbul edilməsi və eyni zamanda, həmin mübahisəyə ümumi məhkəmədə deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması düzgün deyildir. Çünki, işin konkret hallarına görə kredit alanlardan biri olan Cavabdeh2 02 fevral 2016-cı ildə “fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər” qismində “VÖEN” alsa da, 14 fevral 2014-cü il tarixli 0103 nömrəli “Birgə borclularla Kredit Müqaviləsi” və digər iş materialları ilə 14 fevral 2014-cü ildə “heyvandarlıq” üçün verilən kreditin – fiziki şəxslər olan və həmin dövrdə rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan cavabdehlərə və yaxud həmin cavabdehlərdən hər hansı birinə məhz sahibkarlıq fəaliyyəti ilə əlaqədar verilməsi təsdiq olunmur. Ona görə də, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun tutulması" tələbi barədə iddia ərizəsinə Sumqayıt Kommersiya Məhkəməsində deyil, həmin cavabdehlərin rəsmi qeydiyyatları nəzərə alınmaqla Xızı Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilir ki, tərəflər hazırkı qərardaddan şikayət verəcəyi təqdirdə, aşağıda təsvir olunan hüquq normalarının tələblərini də nəzərə almalıdırlar: - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2), əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 - 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24-32, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-804/2024 nömrəli iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Xızı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar