Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-809/2024 08.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X23 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, cavabdeh "X11 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "X11 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (VÖEN **********) 26 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “X11 Şirkəti” Məhdud Məsuliyyyətli Cəmiyyətinə (VÖEN **********) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X11 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətindən vurulmuş zərərin əvəzi olaraq 99924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin və ödənilmiş 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “X11 Şirkəti” Məhdud Məsuliyyyətli Cəmiyyəti (icarəyə verən) ilə iddiaçının hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan mərhum anası X6 (icarəçi) arasında bağlanmış 01 iyun 2011-ci il tarixli 145 saylı İcarə Müqaviləsinə əsasən “İcarəyə verən” mülkiyyətində olan Sumqayıt şəhəri 32-ci məhəllədə yerləşən Ticarət Mərkəzinin 1-ci binasının 1-ci mərtəbəsindəki 145 saylı mağazanın ümumi sahəsi 19 kv.m. hissəsini parəkəndə ticarət fəaliyyəti üçün “İcarəçiyə” icarəyə vermiş, “İcarəçi” isə qeyd olunan sahədə cehiz əşyalarının satışı ilə məşğul olmuşdur. X19 3 il müddətinə bağlanmış və imzalandığı tarixdən qüvvəyə minmişdir. Lakin, 19 oktyabr 2013-cü il tarixində həmin Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində iddiaçının mərhum anasının icarəyə götürdüyü sahədə olan əmlakların məhv olmasına görə mərhum anasına ümumi dəyəri 99924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat təşkil edən maddi ziyan dəymişdir. Həmin yanğın hadisəsinin baş verməsinə görə cinayət işi başlanılmış və cavabdeh “X11 Şirkəti” Məhdud Məsuliyyyətli Cəmiyyətinin direktoru olmuş X17 tərəfindən verilmiş 26 aprel 2004-cü il tarixli 03 nömrəli əmrlə üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş nəzarətçi-rüsumçu vəzifəsində işləyən X18 həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin cinayət işi məhkəməyə göndərilmiş və Sumqayıt şəhər Məhkəməsinin 24 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli hökmü ilə X18 həmin yanğın hadisəsinə görə Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək, 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin Hökmlə məlum yanğının baş verməsində təqsirli olan X10 cavabdeh “X11 Şirkəti” MMC-nin işçisi olması və həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış iddiaçının mərhum anasına məxsus əmlaka dəymiş zərərin 99924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat təşkil etməsi müəyyən olunmuşdur. Eləcə də, həmin Hökmdə zərəçəkmiş şəxslərə vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ da izah edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən - məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara əsasən işçi - əmək müqaviləsi əsasında, habelə mülki-hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Qeyd olunan hüquq normalarına əsasən bildirilir ki, məhkəmənin qanuni qüvvəsini almış Hökmü ilə zərərin vurulmasına səbəb olan yanğın hadisəsinin X10 təqsirindən baş verməsi və onun cavabdeh “X11 Şirkəti” MMC-nin işçisi olması müəyyən edildiyindən, həmin işçinin vurduğu zərərin əvəzi də işəgötürən “X11 Şirkəti” MMC tərəfindən ödənilməlidir. Qeyd olunur ki, iddiaçının məlum yanğın hadisəsi üzrə zərərçəmiş şəxs olan mərhum anası X6 04 avqust 2018-ci il tarixdə vəfat etmiş və iddiaçı 12 yanvar 2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ” haqqında Şəhadətnaməyə əsasən anasından miras qalmış əmlakı mərhumun vərəsəsi kimi qəbul etmişdir. Bununla da iddiaçının hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur. Azərbaycan Respulikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eleəcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin iddia ərizəsinə dair məhkəmə prosesi başlandıqdan sonra cavabdeh “X11 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia ərizəsinə Etiraz” təqdim edilərək, İddiaçı cavabdeh "X11 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia tələbinin əsassız olduğu üçün təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, iddiaçının iddiası tamamilə əsassızdır və qanunvericiliyin müddəaları təhrif etməklə iddia qaldırılmışdir. Belə ki, iddiaçı ona dəymiş maddi ziyanın hansı ölçülərə əsasən hesablandığını qeyd etməmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Hazırkı vəziyyətdə isə iddiaçı ona dəymiş ziyanın məbləğini tələb etmək üçün həqiqətən də ona müvafiq məbləğdə ziyan dəydiyini əsaslandıran heç bir sübut təqdim etməmişdir. Həmçinin, 19 oktyabr 2013-cü il tarixində cavabdehə məxsus məlum Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində yalnız iddiaçının mərhum anasına deyil, eyni zamanda “X11 Şirkəti” MMC-yə də xüsusilə külli miqdarda zərər dəymiş və həmin zərərin məbləği ******* (üç milyon dörd yüz otuz iki min altı yüz iyirmi beş) manat miqdarında müəyyən edilmişdir. Yəni, məlum cinayət işi üzrə cavabdeh özü də zərərçəkmiş kimi tanınmışdır. Bundan əlavə, iddiaçının anası mərhum X7 "X11 Şirkəti" MMC-nin təsisçisi mərhum X15 qarşı dəymiş zərərin tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsində iddia təmin edilmişdir. Lakin, həmin qətnamədən verilmiş apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli 2(105)-1783/2015 nömrəli qətnaməsi ilə şikayət təmin edilərək iddia rədd edilmişdir. Yəni, iddiaçının mərhum anası tərəfindən bir dəfə həmin xarakterli iddia qaldırılmışdır. Bundan əlavə, Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1 (060)-9/2015 nömrəli hökmündən görünür ki, 19 oktyabr 2013-cü il tarixində Sumqayıt şəhərinin 32-ci məhəlləsində fəaliyyət göstərən "X11 Şirkəti" MMC-yə məxsus Ticarət Mərkəzində yanğın baş vermiş və 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Həmin Ticarət Mərkəzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş X18 baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinib, 04 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin Hökmdən görünür ki, onun əməlləri nəticəsində “X11 Şirkəti” MMC-yə məxsus Ticarət Mərkəzinə ******* (üç milyon dörd yüz otuz iki min altı yüz iyirmi beş) ziyan dəyməklə yanaşı, digər zərərçəkmişlərə müxtəlif məbləğdə, o cümlədən də cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış X3 isə 99924 manat məbləğində ziyan dəymişdir. Lakin, cinayət işi üzrə X6 zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində təqsirləndirilən şəxs X9 heç bir şikayəti olmadığını və onu bağışladığını göstərmişdir. Hazırda isə bu cür iddianın cavabdeh “X11 Şirkəti” MMC-yə qarşı qaldırılması isə anlaşılan deyil. Belə ki, iddiaçının anası mərhum zərərçəkmiş şəxs hadisənin səbəbkarı X16 bağışladığı və ondan hər hansı bir şikayətinin olmadığı, eyni zamanda ona qarşı məhkəmədə mülki iddia vermədiyi halda, iddiaçının hansı səbəbdən cavabdeh “X11 Şirkəti" MMC-yə qarşı hazırkı iddianı qaldırması cavabdehə məlum deyil. Yəni, mərhum zərərçəkmiş şəxs tərəfindən hadisənin səbəbkarı olan şəxs bağışlanıldığı halda, hadisə nəticəsində ən çox zərərə uğramış şəxs olan “X11 Şirkəti" MMC-yə qarşı iddianın qaldırılması absurddur və ədalət prinsipinə tamamilə ziddir. Həmçinin, iddiaçı öz iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cü maddəsinə istinad edərək vurulmuş zərərin (delikt) əvəzinin cavabdehdən tutulmasını qeyd etmişdir. Halbuki, mərhum X3 dəymiş 99924 manat məbləğində maddi ziyan mülki hüquq pozuntusu nəticəsində deyil, cinayət qanunu ilə nəzərdə tutulan əməl nəticəsində vurulmuş və bununla bağlı o, zərərçəkmiş şəxs qismində tanınmışdır. Belə olan halda iddia elə təqsirli şəxsin birbaşa özünə qarşı qaldırılmalı idi. Çünki, cavabdeh özü belə, qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxs qismində tanınmış və ona xüsusilə küllü miqdarda zərər dəymişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdeh “X11 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia müddətinin tətbiqi” barədə Ərizə də təqdim edilərək, “İddiaçı cavabdeh "X11 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsi” xahiş olunmuş və həmin “iddia müddətinin tətbiqi” barədə Ərizə onunla əsaslandırılmışdır ki, yanğın hadisəsi 19 oktyabr 2013-cü il tarixində baş vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmündə zərərçəkmiş şəxslərə vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddia isə hadisə baş verdiyi gündən təxminən 10 il 7 ay sonra, hüquqları izah edildikdən 9 il 1 ay sonra qaldırılmışdır ki, bu anlaşılan deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.-cü maddəsində iddia müddətinin şamil edilmədiyi tələblər açıq-aydın göstərilmşdir və həmin tələblər bunlardır: şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyrimaddi nemətlərin müdafiəsi haqqında tələblər; əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər (bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir); mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər. Göründüyü kimi, həmin qeyd olunan tələblər siyahısında iddiaçının istinad etdiyi tələb göstərilməmişdir. Belə olan halda hesab olunur ki, iddia müddəti tədbiq edilməklə iddia təmin olunmamalıdır. Həmçinin, iddiaçı öz iddia ərizəsində müqavilə münasibətlərinə istinad edərək, icarə müqaviləsi əsasında mərhum anasının fəaliyyət göstərdiyini bildirmiş və iddia ərizəsinə icarə müqaviləsini əlavə etməklə, müqavilə münasibətlərinə istinad etmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh "X11 Şirkəti” MMC (icarəyə verən) ilə iddiaçının mərhum anası X7 (icarəçi) arasında bağlanmış 01 iyun 2011-ci il tarixli 145 nömrəli icarə müqaviləsinə əsasən “icarəyə verən" mülkiyyətində olan Sumqayıt şəhəri 32ci məhəllədə yerləşən ticarət mərkəzinin 1-ci binasının 1-ci mərtəbəsindəki 145 saylı mağazanın ümumi sahəsi 19 kv.metr hissəsini pərakəndə ticarət fəaliyyəti üçün “icarəçiyə” verməyi, “icarəçi” isə qeyd olunan əmlakı təhvil almağı öhdəsinə götürmüşdür. Müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasındakı mübahisələr məhkəmə qaydasında həll edilir. Ona görə də, cavabdeh tərəf hesab edir ki, belə olan halda müqavilə münasibətlərindən irəli gələn 3 illik iddia müddəti, eləcə də hadisə baş verdiyi gündən 10 illik ümumi iddia müddəti tətbiq edilməklə, hazırkı iddia rədd edilməlidir. Belə ki, iddiaçının mərhum anası müqavilə münasibətləri nəticəsində cavabdehin ticarətlə bağlı təhvil verdiyi mağazada fəaliyyət göstərmiş və daha sonra isə cavabdehin işçisinin səhlənkarlığı nəticəsində hadisə baş vermişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Çünki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması, işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarlar). İş üzrə keçirilən məhkəmə iclaslarında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan mərhum anası X1 miras əmlakından tam hissədə pay almaq hüququ olan qanun üzrə vərəsəsi olduğuna görə cavabdeh “X11 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Ticarət Mərkəzində 19 oktyabr 2013-cü ildə baş vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli hökmünə əsasən sonuncunun yanğın təhlükəsizliyi üzrə səlahiyyətli işçisinin təqsirli bilinərək məhkum olunduğu yanğın hadisəsi zamanı anasının mülkiyyətində olan və sahibkarlıq fəaliyyəti üzrə pərakəndə satış üçün nəzərdə tutulan xarici ölkə istehsalı olan müxtəlif adda cehiz əşyalarının və digər əmlaklarının yanaraq məhv olması nəticəsində mərhum anasına vurulmuş 99924 manat məbləğində maddi zərərin və hazırkı iddia ərizəsi verilərkən Dövlət Büdcəsinə ödənilmiş 390 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh “X11 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə keçirilən məhkəmə iclaslarında İddiaçı nümayəndəsi Nümayəndə1 da iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və iddiaçının hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan mərhum anası X1 qanun üzrə vərəsəsi olduğuna görə 19 oktyabr 2013-cü ildə cavabdeh “X11 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Ticarət Mərkəzində baş vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli hökmünə əsasən sonuncunun yanğın təhlükəsizliyi üzrə səlahiyyətli işçisinin təqsirli bilinərək məhkum olunduğu yanğın hadisəsi zamanı pərakəndə satış üçün nəzərdə tutulan xarici ölkədə istehsal olunmuş cehiz əşyalarının və digər əmlaklarının tam yanaraq məhv olması nəticəsində İddiaçı mərhum anasına vurulmuş 99924 manat məbləğində maddi zərərin və hazırkı iddia ərizəsi verilərkən ödənilmiş 390 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh “X11 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İş üzrə keçirilən məhkəmə iclaslarında cavabdeh "X11 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da və “iddia müddətinin tətbiqi” barədə Ərizədə yazılanlara uyğun izahat verərək, iddia tələbinə qarşı verilmiş “Etiraz”da qeyd olunan hallara görə əsassız olduğu üçün və eyni zamanda, iddia tələbi üzrə iddia müddəti ötürüldüyünə görə İddiaçı cavabdeh "X11 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”ı, “iddia müddətinin tətbiqi” barədə Ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İcarəyə verən - “X11 Şirkəti” Məhdud Məsuliyyyətli Cəmiyyəti (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəlaiyyəti ilə məşğul olan İcarəçi - X8 (VÖEN **********) arasında bağlanmış 01 iyun 2011ci il tarixli 145 nömrəli İcarə Müqaviləsinə əsasən “İcarəyə verən” mülkiyyətində olan Sumqayıt şəhərinin 32-ci məhəlləsində yerləşən Ticarət Mərkəzinin 1-ci binasının 1-ci mərtəbəsindəki 145 saylı mağazanın ümumi sahəsi 19 kv.metr olan qeyri-yaşayış sahəsini pərakəndə ticarət fəaliyyəti üçün “İcarəçiyə” icarəyə verməyi, “İcarəçi” isə qeyd olunan sahəni təhvil almağı öhdəsinə götürmüşdür. Həmin Müqavilə 3 il müddətinə bağlanmış və imzalandığı tarixdən qüvvəyə minmişdir. Müqavilənin qüvvədə olma müddəti qurtardıqdan sonra əgər tərəflər onun şərtlərini yerinə yetirməkdə davam edərlərsə, müqavilə qeyrimüəyyən müddətə təzələnmiş hesab olunur. “İcarəyə verən” icarəyə verilmiş qeyri-yaşayış sahəsinin kommunal, yəni elektrik enerjisi, su, təbii qaz xərclərini və icarə haqqının X22 ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli hökmünə əsasən cavabdeh “X11 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Ticarət Mərkəzində 19 oktyabr 2013-cü il tarixində baş vermiş yanğın hadisəsinə görə həmin MMC-nin yanğın təhlükəsizliyi üzrə məsul işçisi, yəni işəgötürən “X11 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ticarət Mərkəzində nəzarətçi-rüsumçu vəzifəsində işləyən və işəgötürən “X11 Şirkəti” Məhdud Məsuliyyyətli Cəmiyyətinin 26 aprel 2004-cü il tarixli 03 nömrəli əmri ilə üzərinə “yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi” vəzifəsi qoyulmuş X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda, həmin Hökmlə iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmış və iş üzrə çoxsaylı zərərçəkmişlərə (həmin zərərçəkmiş şəxslərdən biri də icarəçi X4r) 19 oktyabr 2013-cü ildə baş vermiş yanğın hadisəsi zamanı dəymiş zərərlə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir (həmin Hökm qanuni qüvvəsini almışdır). İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli hökmünün təsviri-əsaslandırıcı hissəsi ilə müəyyən olunur ki, cavabdeh “X11 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətində nəzarətçi-rüsumçu vəzifəsində işləyən işçi X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 19 oktyabr 2013-cü ildə baş vermiş yanğın hadisəsi zamanı 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın (həmin sahibkarlardan biri də icarəçi X8 olmuşdur) ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlaklarla birlikdə yanaraq məhv olmuş və həmin hadisə nəticəsində ehtiyatsızlıqdan "X11 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Ticarət Mərkəzinə ******* manat məbləğində ziyan dəyməklə yanaşı, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış digər şəxslərə də müxtəlif məbləğlərdə, o cümlədən də həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X3 isə 99924 manat məbləğində ziyan dəymişdir (həmin Hökmdə zərərçəkmiş şəxs qismində tanınmış ayrı-ayrı sahibkarlara dəymiş zərərlərin həcmi və məbləğləri ilə əlaqədar cinayət işi üzrə keçirilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 30 iyun 2014-cü il tarixli 18338 nömrəli rəyinə və digər ibtidai istintaq sənədlərinə istinad olunmuşdur). Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı cavabdeh tərəfin təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 iyun 2024-cü il 01/24-303 nömrəli “əmlakın ekspertizası” barədə Mütəxəssis Rəyində göstərilir ki, "X11 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 iyun 2024-cü il tarixli müraciəti əsasında təqdim edilmiş siyahı üzrə Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən “Karvan” Ticarət Mərkəzində 19 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsində əşya və avadanlıqların 2013-cü il üçün bazar dəyərinin 9990 (doqquz min doqquz yüz doxsan) manat təşkil etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, məlum yanğın hadisəsi nəticəsində dəymiş zərərlə əlaqədar iddiaçı X1 cavabdeh X15 (həmin vaxt "X11 Şirkəti" MMC-nin təsisçisi olmuşdur) qarşı iddiası Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2015-ci il tarixli № 2(060)-640/2015 nömrəli qətnaməsi ilə qismən təmin edilərək, maddi zərərin əvəzi olaraq 99924 manat məbləğində pul vəsaitinin həmin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilsə də, cavabdeh X17 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2015-ci il tarixli 2(105)-1783/2015 nömrəli qətnaməsinə əsasən həmin Qətnamə ləğv edilmiş və iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2015-ci il tarixli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən təmin edilməmiş və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2016-cı il tarixli 2(102)-411/2016 nömrəli Qərarında qeyd olunmuşdur ki, cavabdeh X17 "X11 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir və Məhdud Məsuliyyətli Cəmiyyətin iştirakçıları (təsisçiləri) onun öhdəlikləri üzrə məsuliyyət daşımırlar. Başqa sözlə, cavabdeh X17 iddiaçı X1 iddiasına cavab verməli şəxs olmadığından, iddiaçının ona münasibətdə hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onun həmin şəxsdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarında olan 12 yanvar 2019-cu il tarixli N 2V/20 nömrəli "Qanun üzrə vərəsəlik hüququ" haqqında Şəhadətnamədən görünür ki, 04 iyun 2018-ci ildə ölmüş X1 qanun üzrə vərəsəsi onun oğlu - İddiaçıdur (hazırkı iş üzrə iddiaçı) və İddiaçı qanun üzrə vərəsə olaraq anasının miras əmlakından tam hissədə pay almalıdır. İş materiallarından görünür ki, məlum yanğın hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar İddiaçı tərəfindən Dövlət Büdcəsinə 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Göründüyü kimi, yuxarıda təsvir olunanlar və işin konkret halları ilə müəyyən olunur ki, 19 oktyabr 2013-cü ildə cavabdeh "X11 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi zamanı 360 sahibkarın ticarətlə məşğul olduğu 19615 kv.metr sahədə yerləşən mağaza və piştaxtalar içərisindəki əmlaklarla birlikdə yanaraq məhv olmuşdur. Həmçinin, bu hadisə nəticəsində icarəyə verən “X11 Şirkəti” MMC ilə icarəçi X8 (VÖEN **********) arasında bağlanmış 01 iyun 2011ci il tarixli 145 nömrəli İcarə Müqaviləsinə əsasən sonuncunun icarəsində olmuş həmin Ticarət Mərkəzinin 1-ci binasının 1-ci mərtəbəsində yerləşən 145 saylı mağazada 360 sahibkardan biri olan X5 məxsus cəmi dəyəri 99924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat məbləğində olan əşya və əmlaklar da yanaraq məhv olmuş və bu qeyd olunan xüsusatlar həmin yanğın hadisəsi ilə əlaqədar qəbul olunan Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli hökmü (qanuni qüvvəsini almışdır) ilə təsdiq olunmuşdur. Eyni zamanda, həmin Hökmlə təsdiq olunur ki, məlum yanğın hadisəsinin baş verməsinə görə cavabdeh “X11 Şirkəti” MMC-də nəzarətçirüsumçu vəzifəsində işləyən və üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulan işçi X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək, məhkum olunmuşdur. Yəni, cavabdeh “X11 Şirkəti” MMC-nin Ticarət Mərkəzinin “yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi” üzrə məsul işçisi olan X10 təqsirli hərəkətlərinə görə məlum yanğın hadisəsinin 19 oktyabr 2013-cü ildə baş verməsi və onun bu təqsirli hərəkətinə görə əşya və əmlakları yanaraq məhv olmuş zərərçəkmiş şəxs X5 cəmi 99924 manat məbləğində zərər dəyməsi Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli hökmü ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eləcə də, işin konkret hallarına və aşağıda göstərilənlərə əsasən müəyyən olunur ki, 19 oktyabr 2013-cü ildə baş vermiş yanğın hadisəsi səbəbindən mülkiyyətində olan əmlakın məhv olması nəticəsində 99924 manat məbləğində maddi zərər dəymiş zərərçəkmiş şəxs X2 həmin yanğın hadisəsinə görə Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş işçi X10 işəgötürəni olaraq hüquqi şəxs “X11 Şirkəti” MMC-dən “hüquqi şəxsin (MMC-nin) işçisinin məhkəmə hökmü ilə təsdiq olunan təqsirli əməli ilə vurulmuş maddi zərərin ödənilməsini” tələb etmək hüququ olmuşdur. Qeyd etmək lazımdır ki, qanuni qüvvəsini almış məhkəmənin ittiham hökmünə əsasən işçi X10 təqsirli bilindiyi cinayət hesab olunan əməllə vurulmuş məlum zərərin ödənilməsi üçün mərhum zərərçəkmiş şəxs X8 məhz hüquqi şəxs olaraq işəgötürən “X11 Şirkəti” MMC-yə qarşı deyil, onun təsisçisinə qarşı iddia qaldırmış olsa da, həmin iddia Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2015-ci il tarixli 2(105)-1783/2015 nömrəli qətnaməsi və yekun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2016-cı il tarixli 2(102)-411/2016 nömrəli Qərarı ilə “təsisçinin Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəlikləri üzrə məsuliyyət daşımaması” əsası ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, qeyd edilən maddələrin tələbləri ilə müəyyən olunur ki, işçi - əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir və hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Yəni, hüquqi şəxs əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmçinin, işin konkret hallarına və aşağıda göstərilənlərə əsasən müəyyən olunur ki, 04 iyun 2018-ci ildə ölmüş mərhum X1 mülkiyyətində olmuş və 19 oktyabr 2013-cü ildə baş vermiş yanğın hadisəsi zamanı yanaraq məhv olmuş ümumilikdə 99924 manat dəyərində əmlak - həmin zərərçəkmiş şəxsin sağlığında malik olduğu əmlak olduğundan və məlum yanğın hadisəsinin baş verməsində təqsirli olan “X11 Şirkəti” MMC-nin məsul işçisinin məhkəmənin ittiham hökmü ilə təsdiq olunmuş cinayət əməli nəticəsində yanaraq məhv olduğundan – sahibinin (zərərçəkmiş X1) müvafiq qaydada sərəncam vermək imkanından məhrum edilmiş həmin əmlakın ümumi dəyəri həcmində vurulmuş zərər qismində 99924 manat məbləğində pul vəsaitini almaq hüququ vardır. Lakin, əmlakına məlum zərərin vurulduğu mərhum zərərçəkmiş X6 həmin vurulmuş maddi zərərin əvəzi olan pul vəsaitini almadan vəfat etdiyinə görə, onun miras əmlakından tam hissədə pay almaq hüququ ilə qanun üzrə vərəsəsi olan övladı, yəni İddiaçı məlum yanğına görə təqsirliliyi məhkəmənin ittiham hökmü ilə müəyyən olunmuş məsul işçinin işəgötürəni olan hüquqi şəxs “X11 Şirkəti” MMC-yə qarşı iddia qaldırmaqda haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-ci maddəsinin tələblərinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1) və qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.2). Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Beləliklə də, məhkəmə araşdırması zamanı yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, cavabdeh “X11 Şirkəti” Məhdud Məsuliyyyətli Cəmiyyətindən (VÖEN **********) 99924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat məbləğində dəymiş maddi ziyanın tutularaq İddiaçı (VÖEN **********) ödənilməsi barədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda, məhkəmə, cavabdehin “dəymiş ziyanın məbləğinin ekspertiza təyin edilməklə araşdırılmalı olması” barədə iddiaya etirazının dəlilləri, o cümlədən də cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd olunan “20 iyun 2024-cü il 01/24-303 nömrəli Əmlakın Ekspertizası barədə Mütəxəssis Rəyi” ilə razılaşmayaraq qeyd edir ki, mərhum X3 19 oktyabr 2013-cü ildə baş vermiş yanğın hadisəsi nəticəsində dəymiş ziyanın məbləği (miqdarı) onun zərərçəkmiş şəxs qismində cəlb olunduğu cinayət işi üzrə qəbul edilərək, qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli ittiham hökmü ilə müəyyən edilərək, təsdiqini tapmış faktdır və cavabdeh tərəfin təqdim etdiyi 20 iyun 2024-cü il 01/24-303 nömrəli Mütəxəssis Rəyi 2013-cü ildə tamamilə yanaraq məhv olmuş əmlaklarla əlaqədar aparılan hesabat üsulu, qaydası və s. hallarına görə həmin rəylə əmlaka dəymiş zərər qismində müəyyən olunan “9990 (doqquz min doqquz yüz doxsan) manat” məbləğinin mötəbərliyini və işin hallarına uyğunluğunu təsdiq etmir. Başqa sözlə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə zərərçəkmiş şəxs X3 hüquqi şəxs “X11 Şirkəti” MMC-nin işçisinin məhkum olunduğu cinayət əməli üzrə məhz 99924 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir və bu baxımdan məlum Hökm həmin hissədə hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmə, cavabdehin iddiaçıya vurulmuş zərərin məbləğinin “99924 manat” miqdarında olmaması barədə etirazının dəlilləri ilə razılaşmır. Bundan əlavə, cavabdeh tərəfin hazırkı iş üzrə məhkəmə araşdırması zamanı məhkəməyə təqdim etdiyi “iddia müddətinin tətbiqi” barədə Ərizə ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, işin konkret hallarına və yuxarıda təsvir olunanlara əsasən hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olması - məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1) və hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət - iddia müddəti sayılır (maddə 372.2). Həmin Məcəllənin 373-cü maddəsinin tələblərinə görə, ümumi iddia müddəti on il təşkil edir (maddə 373.1); müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2); vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti isə üç ildir (maddə 373.3). Həmin Məcəllənin 377-ci maddəsinin tələblərinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (maddə 377.1); icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2); icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (maddə 377.3); reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır (maddə 377.4). Qeyd olunan normaların tələbləri nəzərə alınmaqla, məhkəmə, ilk növbədə qeyd edir ki, hazırkı iddia tələbinə müqavilə münasibətlərindən irəli gələn tələblər üzrə müəyyən edilmiş 3 illik iddia müddəti tətbiq edilə bilməz. Çünki, hazırkı tələb - hüquqi şəxsin işçisinin vurduğu ziyanın ödənilməsi ilə əlaqədar verilmiş tələbdir. Bununla belə, işin konkret hallarına və aşağıda qeyd olunanlara əsasən müəyyən olunur ki, hazırkı iddia tələbi üzrə ümumi iddia müddəti olan 10 illik iddia müddəti də ötürülməmişdir. Çünki, hazırkı iddia tələbində tələb olunan dəymiş zərər 19 oktyabr 2013cü ildə “X11 Şirkəti” MMC-yə məxsus Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində yaranmış olsa da, həmin yanğında konkret şəxsin, yəni hüquqi şəxsin işçisinin təqsirli olması yalnız Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli ittiham hökmü ilə müəyyən olunmuşdur. Yəni, yanğın baş verdiyi vaxt təqsirli şəxs iddiaçıya məlum olmadığından, həmin yanğın hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi üçün müvafiq iddianın verilməsi - yalnız məhkəmə hökmü ilə həmin hadisədə təqsirli şəxsin təqsiri müəyyən olunduqdan və təsdiq olunduqdan sonra mümkün olmuşdur. Çünki, hazırkı iddianın hüquqi şəxs “X11 Şirkəti” MMC-yə qarşı verilməsi üçün ilk növbədə, təqsirsizlik prezumpsiyasının tələblərinə uyğun olaraq onun işçisinin məlum yanğın hadisəsinə görə təqsirli olması qanuni qüvvəsini almış məhkəmənin ittiham hökmü ilə təsdiq edilməli idi. Belə bir məhkəmə hökmü isə 27 aprel 2015-ci ildə qəbul olunmuş və müvafiq prosessual müddətlər keçdikdən sonra qanuni qüvvəsini almışdır. Yəni, iddiaçı üçün iddia müddətinin başlanması, hətta həmin hökmün qəbul olunduğu tarixdən hesablansa belə, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunarkən - 10 illik ümumi iddia müddəti buraxılmamışdır. Nəzərə almaq lazımdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1(060)-9/2015 nömrəli ittiham hökmündə iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmış və zərərçəkmiş şəxslərə və mülki iddiaçılara isə həmin iddia ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasının təsbit olunduğu 63-cü maddəsində qeyd olunur ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır və məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Göründüyü kimi, məlum yanğın hadisəsi üzrə qəbul edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmünə əsasən cavabdeh “X11 Şirkəti” MMC-nin işçisi X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması təsdiqini tapdığından, hazırkı iddia tələbi üzrə iddia müddətinin axımının başlanğıcı hökmün qəbul edildiyi tarixdən (qanuni qüvvəyə mindiyi tarix nəzərə alınmadan) hesablandıqda belə, iddiaçı tərəfindən 10 illik iddia müddəti ötürülməmişdir. Eyni zamanda, bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, İddiaçı cavabdeh "X11 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə daha əvvəl, yəni 10 oktyabr 2023-cü ildə də Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "X11 Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətindən vurulmuş zərərin əvəzi olaraq 99924 manat məbləğində pulun alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsi üzrə olan e- 2(060)-6652/2023 nömrəli iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Lakin, Sumqayıt Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qərardadı ilə həmin mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 12 dekabr 2023-cü il tarixli qərarı ilə həmin mübahisə kommersiya mübahisəsi hesab olunaraq, mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Lakin, Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsinə dair 2-2(119)-98/2024 nömrəli kommersiya işi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci və 259.0.13-cü maddələrinə əsasən baxılmamış saxlanılmış və həmin qərardaddan verilmiş şikayət isə Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2024-cü il tarixli 2- 2(105)-40/2024 nömrəli qərardadı ilə təmin olunmayaraq, qərardad qüvvəsində saxlanmışdır. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və cavabdeh “X11 Şirkəti” Məhdud Məsuliyyyətli Cəmiyyətindən (VÖEN **********) 99924 manat məbləğində dəymiş maddi ziyan İddiaçı (VÖEN **********) xeyrinə tutulmalıdır. Həmçinin, iddia tələbi təmin olunduğundan, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 390 (üç yüz doxsan) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdeh “X11 Şirkəti” Məhdud Məsuliyyyətli Cəmiyyətindən tutularaq, İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “X11 Şirkəti” Məhdud Məsuliyyyətli Cəmiyyətindən (VÖEN **********) 99924 (doxsan doqquz min doqquz yüz iyirmi dörd) manat məbləğində dəymiş maddi ziyan və 390 (üç yüz doxsan) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 100314 (yüz min üç yüz on dörd) manat məbləğində pul vəsaiti İddiaçı (VÖEN **********) xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-809/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-809/2024
08.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver