Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-811/2022 06.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Baldadaş oğlunun, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 15000 manat məbləğində əsas bоrc, 7594,51 manat məbləğində faiz borcu оlmaqla, cəmi 22594,51 manat məbləğində borcun və 200 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və tutmanın bank qarşısında girov qoyulmuş Cavabdeh2 məxsus ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 63,8 qram, 750 əyarlı 1 ədəd boyunbağıya və 1 ədəd qolbağa, 43,3 qram, 583 əyarlı 4 ədəd boyunbağa, 3 cüt sırğaya, 1 ədəd qolbağa, 38,1 qram, 583 əyarlı 1 ədəd klona və 7 ədəd üzüyə yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış 13 mart 2020-ci il tariхli 200842-870755/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 25% dərəcəsi ilə 15000 manat məbləğində krеdit vеrilmişdir. 13 mart 2020-ci il tariхli, 200842-870755/1 nömrəli girov müqaviləsinə əsasən həmin krеdit müqaviləsinin təminatı qismində çıxış edən, Cavabdeh2 tərəfindən girov qoyulmuş 63,8 qram, 750 əyarlı 1 ədəd boyunbağı və 1 ədəd qolbaq; 43,3 qram, 583 əyarlı 4 ədəd boyunbağı, 3 cüt sırğa və 1 ədəd qolbaq; 38,1 qram, 583 əyarlı 1 ədəd klon və 7 ədəd üzük qəbul edilmə aktına (№1845262) əsasən xüsusi paketə qoyularaq bankın pul anbarına saxlanca verilmişdir. Еyni zamanda bank və digər Cavabdeh1 arasında 13 mart 2020-ci il tariхli 200842-870755/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 10 may 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 15000 manat məbləğində əsas bоrcu və 7594,51 manat faiz borcu оlmaqla, cəmi 22594,51 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi üçün Mediasiya şurasına müraciət edilmiş və mediasiya prosesində qarşı tərəf iştirak etmədiyinə görə 08 dekabr 2021-ci il tarixdə 2021-001667 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilkin mediasiya sessiyasının keçirilməsi üçün 200 (iki) yüz manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. Girov müqaviləsinin 4.1.2-ci bəndinə əsasən borcalanla bank arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə bankın tələbi girov predmetinə yönəltmək hüququ vardır. Girov müqaviləsinin 5.1-ci bəndinə əsasən girov qoyan girovla təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə, bankın girov predmetinə tutma hüququ yaranır. Kredit müqaviləsi üzrə borclu öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin girov predmetinə tutma hüququ yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda o, faiz borcunun məbləği aşağı hesablandığı üçün məhkəmə-mühasibat ekspertizasının rəyi ilə razılaşmadığını, ekspert tərəfindən müəyyən edilmiş qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə bağlı isə mütəxəssis olmadığından fikir bildirə bilməyəcəyini demişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında “COVİD-19” pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən qapanma nəticəsində kredit borcunu ödəyə bilmədiyini, iddia tələbini əsas borc hissədə qəbul etdiyini qeyd etmişdir. Müvafiq ekspert rəyi ilə razı olduğunu bildirmiş və faiz borcunun azaldılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 (VÖEN **********) arasında bağlanmış 13 mart 2020-ci il tarixli 200842-870755/1 nömrəli kredit müqaviləsinə dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədilə Cavabdeh2 18 ay müddətinə illik 25% dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 13 mart 2020-ci il tarixli 200842-870755/1 nömrəli kredit müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh2 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 13 sentyabr 2021-ci il müəyyən olunmuşdur. İş materiallarında olan borc verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti, zamin Cavabdeh1, borcalan Cavabdeh2 olmaqla bağlanmış 13 mart 2020-ci il tariхli, 200842- 870755/1 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin olaraq borcalan Cavabdeh2 13 mart 2020-ci il tarixli 200842-870755/1 nömrəli kredit müqaviləsi əsasında aldığı kredit üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan bank İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə girov qoyan Cavabdeh2 arasında bağlanmış 13 mart 2020-ci il tarixli 200842-870755/1 nömrəli girov müqaviləsinə əsasən bankla borcalan kreditin təminatı olaraq müqavilədə qeyd edilmiş əmlakın girova qoyulması barədə razılığa gəlməlidirlər. İş materiallarında olan 13 mart 2020-ci il tarixli ******* nömrəli “Girovun təkrar qiymətləndirilməsi” Aktından görünür ki, bankın pul anbarında ******* nömrəli xüsusi paketdə saxlanılan və eyni tarixli kredit müqaviləsinin təminatı qismində çıxış edən Cavabdeh2 tərəfindən girov qoyulmuş 21 ədəd qızıl-zinət əşyası yenidən qiymətləndirilərək, dəyəri 6864 manat (63,8 qram, 750 əyarlı 1 ədəd boyunbağı və 1 ədəd qolbaq 3445,20 manat; 43,3 qram, 583 əyarlı 4 ədəd boyunbağı, 3 cüt sırğa və 1 ədəd qolbaq 1818,60 manat; 38,1 qram, 583 əyarlı 1 ədəd klon və 7 ədəd üzük 1600,20 manat) məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 10 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 13 mart 2020-ci il tarixli 200842-870755/1 nömrəli kredit müqaviləsi üzrə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 15000 manat məbləğində əsas bоrcu və 7594,51 manat faiz borcu оlmaqla, cəmi 22594,51 (iyirmi iki min beş yüz doxsan dörd manat 51 qəpik) manat məbləğində kredit borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 757 gün təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 448-ci maddəsinə əsasən əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz . - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh2 13 mart 2020-ci il tarixli 200842- 870755/1 nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Məhkəmə tərəflər arasında bağlanmış 13 mart 2020-ci il tarixli 200842-870755/1 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq hal-hazıra kimi aparılmış ödənişlər nəzərə alınmaqla müddətinin bitmə tarixinə əsas, faiz, cərimə borcunun məbləği və müqavilənin müddəti bitdikdən sonra illik 5 faizlə hesablanmış faiz borcunun məbləğinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-mühasibat, girov predmeti olan qızıl-zinyət əşyalarının hazırkı orta bazar qiymətlərinin müəyyən olunması üçün məhkəməəmtəəşünaslıq ekspertizaları təyin etmişdir. 14 noyabr 2022-ci il tarixli 9/6863-9/6915 nömrəli ekspert rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 12892 manat müəyyən edilir. İş materiallarında olan hesabdan çıxarış məlumatları və 13 mart 2020-ci il tariхli 200842-870755/1 saylı krеdit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka olan borcu müqavilə müddətinin bitdiyi 13 sentyabr 2021-ci il tarixinə əsas borc 15000 manat və faiz borcu 5622,51 manat, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla maliyyə arayışında göstərilən tarixə faiz borcu 577,08 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, 13 mart 2020ci il tarixli 200842-870755/1 nömrəli kredit müqaviləsi üzrə kredit ödənişləri müqavilə şərtlərinə uyğun ödənilmədiyindən həmin müqavilə üzrə yaranmış əsas və faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun məbləğləri müəyyən edilərkən 14 noyabr 2022ci il tarixli 9/6863-9/6915 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində 10 may 2022-ci il tarixinə hesablanaraq tələb edilən “7594,51 manat məbləğində” faiz borcu 14 noyabr 2022-ci il tarixli 9/6863-9/6915 nömrəli ekspertiza rəyi ilə təsdiq olunmur və ona görə də, həmin müqavilə üzrə faiz borcunun tutulması hissəsində ekspertiza rəyi mötəbər sübut kimi nəzərə alınmalı, 15000 manat məbləğində əsas borc və müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanmaqla müəyyən edilmiş 6199,59 (altı min yüz doxsan doqquz manat 59 qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 13 mart 2020-ci il tariхli, 200842-870755/1 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 zamin olaraq borcalan Cavabdeh2 13 mart 2020-ci il tarixli 200842-870755/1 nömrəli kredit müqaviləsi əsasında aldığı kredit üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. Buna görə də məhkəmə hesab edir ki, iddianın Cavabdeh1 münasibətdə də qismən təmin olunması üçün əsaslar mövcuddur. Həmçinin məhkəmə kredit borcuna görə tutmanın əmlaklara yönəldilməsi ilə bağlı bir sıra məqamları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295.1-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Bank İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə girov qoyan Cavabdeh2 arasında bağlanmış 13 mart 2020-ci il tarixli 200842-870755/1 nömrəli girov müqaviləsinin 3-cü bəndinə əsasən, girov qoyan verilmiş kreditin və ona hesablanmış faizlərin, cərimə faizlərinin, habelə kredit və girov müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün qızıl əşyaları bankın xeyrinə girova qoyur və bu qızıl əşyalarını “Girov qoyulmuş əmlakın saxlanca qəbul edilməsi aktı”na (1 nömrəli Əlavə) əsasən bankın sahibliyinə verir. Girov predmeti müstəqil qiymətləndirici tərəfindən 6864 (altı min səkkiz yüz altmış dörd) manat dəyərində qiymətləndirilmişdir. Həmin girov müqaviləsinin 5-ci bəndinə əsasən girov qoyan girov ilə təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə bankın girov predmetinə tutma yönəltmək hüququ yaranır. Girov predmetinin satışı nəticəsində əldə edilmiş məbləğ girov ilə təmin edilmiş öhdəliyin tam ödənilməsinə kifayət etmədikdə, tutma məhkəmə qaydasında girov qoyanın digər əmlakına yönəldilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən 15000 (on beş min) manat məbləğində 18 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər müqavilə ilə müəyyən edilmiş əmlakların girov ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Girov predmeti kimi Cavabdeh2 məxsus ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 63,8 qram, 750 əyarlı 1 ədəd boyunbağı və 1 ədəd qolbaq; 43,3 qram, 583 əyarlı 4 ədəd boyunbağı, 3 cüt sırğa və 1 ədəd qolbaq; 38,1 qram, 583 əyarlı 1 ədəd klon və 7 ədəd üzük yüklü edildiyindən girov predmetinə tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tutma qızıl-zinyət əşyalarına yönəldilməli, onlar açıq hərracda satılmalı və satışdan əldə olunmuş vəsait hesabına borc iddiaçının xeyrinə ödənilməlidir. 14 noyabr 2022-ci il tarixli 9/6863-9/6915 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və həmin qızıl-zinət əşyalarının orta bazar qiyməti 12892 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 15000 (on beş min) manat məbləğində əsas borc və 6199,59 (altı min yüz doxsan doqquz manat 59 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 21199,59 (iyirmi bir min yüz doxsan doqquz manat 59 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma Cavabdeh2 məxsus ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 63,8 qram, 750 əyarlı 1 ədəd boyunbağıya və 1 ədəd qolbağa; 43,3 qram, 583 əyarlı 4 ədəd boyunbağıya, 3 cüt sırğaya və 1 ədəd qolbağa; 38,1 qram, 583 əyarlı 1 ədəd klona və 7 ədəd üzüyə yönəldilməli, həmin qızıl-zinət əşyaları orta bazar qiyməti ilə ümumi dəyəri 12892 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan vəsait hesabına borc ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dövlət nəfinə tutularaq X1 ödənilməlidir. Eləcə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 153,60 (yüz əlli üç manat 60 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 (VÖEN: **********) və Cavabdeh1 müştərək qaydada 15000 (on beş min) manat məbləğində əsas borc, 6199,59 (altı min yüz doxsan doqquz manat 59 qəpik) manat məbləğində faiz borcu və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 21399,59 (iyirmi bir min üç yüz doxsan doqquz manat 59 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma Cavabdeh2 məxsus ******* nömrəli xüsusi paketdə bankın pul anbarına saxlanca qəbul edilmiş 63,8 qram, 750 əyarlı 1 ədəd boyunbağıya və 1 ədəd qolbağa; 43,3 qram, 583 əyarlı 4 ədəd boyunbağıya, 3 cüt sırğaya və 1 ədəd qolbağa; 38,1 qram, 583 əyarlı 1 ədəd klona və 7 ədəd üzüyə yönəldilsin. Həmin qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri 12892 manat müəyyən edilməklə açıq hərracda satılsın. Satışdan əldə olunan vəsait hesabına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə 153,60 (yüz əlli üç manat 60 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-811/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-811/2022
06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver