Məhkəmə qərarları › İş №e-2-2(119)-818/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-818/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-818/2025 18.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X1 iştirakları ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli 4410 nömrəli icarə müqaviləsi üzrə 2800 (iki min səkkiz yüz) manat məbləğində borc, 392 (üç yüz doxsan iki) manat məbləğində cərimə olmaqla, cəmi 3192 (üç min yüz doxsan iki) manat məbləğində pul vəsaitinin və 52 (əlli iki) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarəyə verən qismində çıxış edən iddiaçı ilə icarəçi qismində çıxış edən cavabdeh arasında qeyri-yaşayış sahəsinin sonuncunun icarəsinə verilməsi ilə bağlı 01 fevral 2018-ci il tarixli icarə müqaviləsi bağlanılmış, cavabdeh həmin müqavilə ilə razılaşdırılmış icarə haqlarını tam ödəməyərək öhdəliyini lazımınca icra etməmişdir. Bununla əlaqədar cavabdehlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, cavabdeh təşkilatla iddiaçı arasında icarə müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən, cavabdeh təşkilat 200 manat məbləğində icarə haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş 13 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh təşkilatın hazırkı vaxta olan icarə haqqı borcu 2800 manat məbləğindədir. Ödənilməmiş icarə haqqı borcu 01 fevral 2018-ci il tarixindən 20 fevral 2023-cü il tarixinədək olan dövrü əhatə edir. Cavabdeh təşkilat icarə obyektindən istifadəni pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin mart və may aylarında dayandırmışdır. İddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi izahatında bildirdi ki, iddianı qəbul etmir. İcarə haqqı üzrə bütün ödənişləri həyata keçirmişdir. İcarə haqqı borcu yaranan dövrdə ölkə ərazisində “COVİD-19” pandemiyası ilə əlaqədar ictimai iaşə obyektləri fəaliyyət göstərmirdi. Faktiki olaraq 2020-ci ilin mart ayında pandemiya ilə əlaqədar olaraq fəaliyyətini dayandırmışdır. 2021-ci ilin sentyabr ayında iddiaçı tərəfindən fəaliyyətin bərpa edilməsi barədə məlumat verildikdə əvvəlki aylar üzrə hesablanmış icarə haqlarını ödəmişdir. İddiaçı təşkilatin nümayəndəsi özü də borcun olmadığını, lakin bu borcu silmə səlahiyyətlərinin olmadığını bildirir. Hər dəfə iddiaçı şirkətin rəhbərliyi dəyişildikdə bu məsələ yenidən qaldırılır. Cavabdehin qanuni təmsilçisi icarə haqqı borcunun pandemiya dövrünü əhatə etməsini və borcun əsassız olaraq hesablanmasını nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan 01 fevral 2018-ci il tarixli 4410 nömrəli icarə müqaviləsinin 1.1ci və 1.2-ci bəndlərinə əsasən, müqavilə ilə müəyyən olunmuş şərtlərə və qaydalara uyğun olaraq icarəyə verən (İddiaçı MMC) Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən sahəsi 34 m2 olan “4410” nömrəli qeyriyaşayış sahəsini icarəçiyə (cavabdeh "xxxx" MMC-yə) icarəyə verməyi və icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və lazımi qaydada həyata keçirmək icarəyə verənin vəzifələrinə aiddir. Həmin müqavilənin 2.4.2-ci yarımbəndinə əsasən, müqavilə üzrə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra etmək və onların pozulmasına yol verməmək icarəçinin vəzifələrinə aiddir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmamaqla 200 manat (ƏDV daxil) məbləğində icarə haqqı ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, təqvim ayının tam icarə haqqı müqavilə imzalandıqdan sonra həmin ayın 10-dan gec olmamaqla icarəçi tərəfindən icarəyə verənin hesabına manatla, köçürülmə yolu ilə, icarəyə verənin razılığı olduqda isə nağd ödənilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə, bu halda icarəyə verənin tələbi ilə ona hər ayın 11-dən etibarən ödənişini gecikdirdiyi məbləğin 1 (bir) faizi həcmində cərimə ödəməlidir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən, tərəflərdən heç biri bu müqavilə üzrə öz öhdəliklərini tərəflərin iradəsindən aslı olmayan müharibə, mülki iğtişaşlar, epidemiya, mühasirə, embarqo, zəlzələ, daşqın, yanğın və digər təbii fəlakətlər kimi fors major halların nəticəsində meydana çıxan səbəblərdən yerinə yetirə bilmədikdə, tərəflər bu zaman məsuliyyətdən azad edilir. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən, əgər fors-major halları və şəraiti 3 ay davamlı olaraq davam edərsə və onun bitməsi əlamətləri görünmürsə, bu müqavilə bir tərəfin digər tərəfə bildiriş göndərməsi yolu ilə icarəçə və ya icarəyə verən tərəfindən xitam oluna bilər. İş materiallarında olan iddiaçının nümayəndələri tərəfindən imzalanmış 06 fevral 2023-cü il tarixli aktın məzmununda icarə haqqı vaxtında ödənilmədiyinə görə 01 fevral 2018-ci il tarixli 4410 nömrəli icarə müqaviləsinə xitam verildiyi, icarəçinin 3000 manat məbləğində borcu olduğu qeyd edilmiş, həmin aktın “icarəçi” bölməsinin qarşısında icarəçinin obyektdən imtina etdiyi və borcu qəbul etmədiyi yazılmışdır. İş materiallarında olan 13 mart 2025-ci il tarixli 01-02/V-2025-A/53 nömrəli maliyyə arayışından görünür ki, 13 mart 2025-ci il tarixinə cavabdehin iddiaçıya icarə haqqı borcu 2800 manat, ona hesablanmış cərimə 392 manat olmaqla, cəmi borc 3192 manat məbləğində təşkil edir. İş materiallarında olan obyektin əməliyyat tarixçəsinə əsasən, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmış icarə haqlarının cəmi 12000 manat, ödənilmiş icarə haqlarının cəmi isə 9200 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən 01 fevral 2018-ci il tarixli 4410 nömrəli icarə müqaviləsi üzrə 2800 manat məbləğində əsas borc, 392 manat məbləğində cərimə olmaqla, cəmi 3192 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş edilsə də, təqdim edilmiş sübutlarla iddianın əsaslılığı öz təsdiqini tapmır. Belə ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 01 fevral 2018-ci il tarixli 4410 nömrəli icarə müqaviləsi bağlanılmış, müqavilə öhdəliyinə uyğun olaraq iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında yerləşən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən sahəsi 34 m2 olan “4410” nömrəli qeyri-yaşayış sahəsini cavabdehin icarəsinə vermiş, cavabdeh isə aylıq 200 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan obyektin əməliyyat tarixçəsindən görünür ki, xx.xx.2018xx.xx.2020-ci il tarixinə qədər olan dövrü əhatə edən 26 ay üzrə cavabdeh tərəfindən 25 dəfə 200 manat məbləğində olmaqla ödənişlər həyata keçirilmişdir (qalıq 1 ay üzrə borc xx.xx.2021-ci il tarixində ödənilmişdir). “Koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 nömrəli Qərarının 3.1-ci bəndinə əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisindəki ticarət mərkəzlərində (həmin ticarət mərkəzində yerləşən müştəri ilə təmasda olmayan obyektlər istisna olmaqla) xidmətlər üzrə fəaliyyət 31 mart 2020-ci saat 00:00-dan 31 may 2020-ci il saat 00:00-dək dayandırılmışdır. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 163 nömrəli Qərarının 1-ci bəndinə əsasən, koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 may saat 00:00-dək uzadılmışdır. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 190 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində müştərilərə saat 08:00-dan 22:00-dək yerində xidmət 2020-ci il 31 may saat 00:00-dan bərpa olunmuşdur. “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarının 1.1.2-ci yarımbəndinə əsasən, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər (açıq hava sahəsində müştərilərə yerində xidmətlər istisna olmaqla) üzrə fəaliyyət 2020-ci il 21 iyun saat 00:00-dan 30 sentyabr saat 00:00-dək dayandırılmışdır. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2021-ci il 151 nömrəli Qərarının 2.2.2-ci yarımbəndinə əsasən, 2021-ci il 10 iyun saat 00:00-dan etibarən iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda istinad edilmiş qərarlarından göründüyü kimi, cavabdehin fəaliyyət sahəsi olan ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin fəaliyyəti obyektin əməliyyat tarixçəsində qeyd edilən xx.xx.2020xx.xx.2021-ci il tarixlərini əhatə edən dövr üzrə dayandırıldığından, yəni icarə obyekti faktiki olaraq fəaliyyət göstərmədiyindən hesablanan icarə haqları pandemiya ilə əlaqədar obyektiv səbəbdən ödənilməmişdir. Həmçinin aralarında bağlanmış müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilə üzrə öz öhdəliklərini iradələrindən aslı olmayan epidemiya kimi fors major halların nəticəsində meydana çıxan səbəblərdən yerinə yetirə bilmədikdə məsuliyyətdən azad edilmələri ilə bağlı tərəflər razılığa gəlmişdirlər. Obyektin əməliyyat tarixçəsi ilə, həmçinin müəyyən edilir ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərini əhatə edən 4 aylıq dövr üzrə hesablanmış 800 manat məbləğində borc 22 sentyabr 2021-ci il tarixində birdəfəlik ödənilmiş, xx.xx.2021-xx.xx.2023-cü il tarixlərini əhatə edən dövr ərzində hesablanmış icarə haqları üzrə ödənişlər həyata keçirilmişdir. Yuxarıda göstərilənlərə əsasən, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, cavabdehin 01 fevral 2018-ci il tarixli 4410 nömrəli icarə müqaviləsi üzrə hansısa borcu mövcud olmadığından iddia təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə haqqı borcunun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar