Məhkəmə qərarları › İş №e-2-2(119)-824/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-824/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-824/2022 09.08.2022 Sumqayıt Kommersiya Məhkəməsi hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, cavabeh Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə kommersiya işinə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 noyabr 2019 il tarixli 101842-799131/1 nömrəli kredit müqaviləsi üzrə 23985,28 manat məbləğində əsas bоrc, 9455,98 manat faiz borcu olmaqla, cəmi 33441,26 manat məbləğində borcun və mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 08 noyabr 2019 il tarixli 101842-799131/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 22 faiz dərəcəsilə, 24 ay müddətinə 30000 (otuz min) manat məbləğində krеdit vеrilmişdir. Eyni zamanda borcun təminatı olaraq bank ilə digər cavabdehlər - Cavabdeh3 arasında 08 noyabr 2019 il tariхli, 101842-799131/1 nömrəli və Cavabdeh2 arasında 08 noyabr 2019 il tariхli, 101842-799131/1/2 zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrin 4.2-ci bəndinə əsasən zaminlər kredit müqaviləsi üzrə öhdəliklərin borc alan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında borc alana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borc alanla eyni həcimdə məsuliyyət daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. Sözügedən kredit razılaşması üzrə mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasıya sessiyaları keçirilmiş və mediasiya xərcləri olaraq İddiaçı ASC tərəfindən 400 manat ödənilmişdir. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 08 noyabr 2019 il tarixli 101842-799131/1 nömrəli kredit müqaviləsinin bitmə tarixinə 23,985.28 manat məbləğində əsas borc, 7,409.96 manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 469.71 manat olmaqla cəmi 31,864.95 manat məbləğində borcun, 400 manat məbləğində mediasiya xərcinin əvəzi olaraq pul vəsaitinin müştərək qaydada Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında iddianı qəbul etdiyini bildirərək qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə müraciət ünvanlayaraq ərizəyə iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmənin əvvəlki iclaslarında Cavabdeh2 izahatında kredit müqaviləsi üzrə borcları olduğunu bildirmiş, qardaşlarının şəhid olmasını və məcburi köçkün olmalarını nəzərə alaraq faiz borcunun azaldılmasını xahiş etmişdir. İş materiallarında olan: - 08 noyabr 2019 il tarixli 101842-799131/1 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh1 22 faiz dərəcəsilə, 24 ay müddətinə 30000 (otuz min) manat məbləğində krеdit vеrməyi, borcalan isə verilmiş kerditi qəbul edib müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə illik 22 faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 08 noyabr 2019 il tariхli, 101842-799131/1 nömrəli zaminlik müqaviləsinə əsasən borc alanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 08 noyabr 2019 il tariхli, 101842-799131/1/2 zaminlik müqaviləsinə əsasən borc alanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürür. - 29 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 29 mart 2022ci il tarixinə borcu əsas borc 23985,28 manat, faiz borcu 9455,98 manat olmaqla, ümumilikdə 33441,26 manat təşkil edir. - 04 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 29 mart 2022-ci il tarixinə borcu əsas borc 23985,28 manat, faiz borcu 7409,96 manat manat, müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 469,71 manat olmaqla ümumilikdə 31,864.95 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. 04 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 29 mart 2022-ci il tarixinə borcu əsas borc 23985,28 manat, faiz borcu 7409,96 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 469,71 manat olmaqla ümumilikdə 31,864.95 manat təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 08 noyabr 2019 il tarixli 101842-799131/1 nömrəli kredit müqaviləsi üzrə 23985,28 manat məbləğində əsas borc, 7409,96 manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 469,71 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 101842-799131/1 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və 101842- 799131/1/2 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 həmin müqavilələrin 1.1-ci bəndinə əsasən borc alanın kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 23985,28 manat məbləğində əsas borc, 7409,96 manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 469,71 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, mediasiya sessiyalarının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 23985,28 manat məbləğində əsas borc, 7409,96 manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca münasibətdə illik 5% hesablanma nəzərə alınaraq 469,71 manat və mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat olmaqla, ümumilikdə 32264,95 manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar