Məhkəmə qərarları › İş №e-2-2(119)-824/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-824/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-824/2025 23.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 12 sentyabr 2023-cü il tarixli kredit razılaşması üzrə 32010,02 (otuz iki min on manat iki qəpik) manat əsas borc, 591,29 (beş yüz doxsan bir manat iyirmi doqquz qəpik) manat faiz borcunun; 12 dekabr 2023-cü il tarixli kredit razılaşması üzrə 7266,58 (yeddi min iki yüz altmış altı manat əlli səkkiz qəpik) manat əsas borc, 116,13 (yüz on altı manat on üç qəpik) manat faiz borcu, 0,72 (yetmiş iki qəpik) manat cərimə olmaqla, cəmi 39984,74 (otuz doqquz min doqquz yüz səksən dörd manat yetmiş dörd qəpik) manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 209,96 (iki yüz doqquz manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 12 sentyabr 2023-cü il tarixli 8120***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə, illik faiz dərəcəsi 30%-dən yuxarı olmamaq şərti ilə 200000 (iki yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasından irəli gələn öhdəliklərin təmin olunması üçün bankla digər cavabdehlər (zaminlər) Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanmış və onlar öhdəliklərin tamamının icra edilməsi üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyəti öz öhdələrinə götürmüşlər. Bundan başqa əsas kredit limiti razılaşmasından irəli gələn öhdəliklərin təmin olunması üçün bankla Cavabdeh1 arasında 12 sentyabr 2023-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və o, mülkiyyətində olan “Mercedes Benz” markalı, yəhərli dartıcı tipli, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Əsas kredit limiti razılaşması çərçivəsində xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 “avadanlığın alınması və digər investisiya xərcləri məqsədilə” 36 ay müddətinə illik 19% dərəcəsi ilə 40000 manat məbləğində kredit verilmişdir. Sonra 30 iyul 2024-cü il tarixli restrukturizasiya razılaşmasına əsasən 12 sentyabr 2023-cü il tarixli razılaşma əsasında Cavabdeh1 verilmiş 40000 manat kreditlə bağlı restrukturizasiya razılaşmasının imzalanması tarixinə cavabdehin həmin kredit borcu üzrə 32010,02 manat əsas borcu restrukturizasiya edilmiş, razılaşmanın 3-cü bəndinə əsasən kredit (borc) üzrə faiz dərəcəsi 19 % (faiz) və kreditin son icra müddəti xx.xx.2026-ci il müəyyən edilmişdir. Daha sonra restrukturizasiya razılaşmasına xx.xx.2025-ci il tarixli 1 nömrəli əlavə imzalanmış, həmin əlavəyə əsasən tərəflərin kredit müddəti 21 ay olaraq saxlanılmış, ilk 6 ayın güzəşt dövrü (yəni həmin müddətdə yalnız faizlərin ödənilməsi), növbəti 6 ayda 800 manat aylıq ödəniş verilməsi, yerdə qalan ayların isə əlavəyə qoşulmuş qrafikə uyğun olaraq hesablanması və ödənilməsi ilə bağlı razılığa gəlinmişdir. Bundan əlavə əsas kredit limiti razılaşması çərçivəsində xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 “avadanlığın alınması və investisiya xərcləri məqsədilə” 36 ay müddətinə illik 22% dərəcəsi ilə 11000 manat məbləğində kredit verilmişdir. Əsas kredit limiti razılaşmasının 2.1-ci bəndinə əsasən kreditverən aşağıdakı hallarda, həmçinin borcalan kredit üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri müəyyən edilmiş müddətdə icra etmədikdə, bu əsas kredit limiti razılaşmasını və ayrılmaz tərkib hissəsi sayılan kredit razılaşmalarını vaxtından əvvəl ləğv edə, kredit borcunu, faizləri, cərimələri, vurulmuş zərərin ödənilməsini tələb edə, tələb icra olunmadıqda isə tələbi girova (ipotekaya) qoyulmuş əmlaka yönəldə bilər: e) bu kredit limiti razılaşmasının icrasının təminatı kimi göstərilmiş girov (ipoteka) predmetinin məhv olması, qiymətinin azalması və məcburi alınması halında, f) ipoteka qoyan tərəfindən ipoteka predmetinin qorunması və lazımı qaydada saxlanılması üzrə üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada yerinə yetirməməsi halında. İpoteka müqaviləsinin 6-cı bəndinin 2-ci yarımbəndinə əsasən ipoteka qoyan ipoteka predmetindən təyinatına uyğun istifadə etməyə, onu keyfiyyətli saxlamağa, qorumağa, vaxtında cari və əsaslı təmirini aparmağa və onu ipoteka saxlayanın xeyrinə kreditin müddətinə sığorta etdirməyə borcludur. Sığorta müqaviləsinin bağlanmasını təsdiq edən sənədləri ipoteka saxlayana təhvil verməlidir. Əsas kredit limiti razılaşmasının icrasının təminatı kimi göstərilmiş ipoteka predmeti olan nəqliyyat vasitəsi ölkə ərazisindən kənarda baş vermiş hadisə zamanı yanmış, nəticədə ziyan görmüşdür. Göründüyü kimi belə olan hallarda bank əsas kredit limiti razılaşmasını və ayrılmaz tərkib hissəsi sayılan kredit razılaşmalarını vaxtından əvvəl ləğv edə, kredit borcunu, faizləri, cərimələri, vurulmuş zərərin ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən cavabdehlərə müraciətlər edilməsinə baxmayaraq, onlar tərəfindən kreditlərin ödənilməsi üçün tədbir görülməmiş, əsas kredit limiti razılaşması və ayrılmaz tərkib hissəsi sayılan kredit razılaşmalarından irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir.

3. 23 iyun 2025-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə təqdim edilərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur.

4. 30 may 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etdiyini bildirmişdir.

5. 30 may 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, kredit həyat yoldaşı Cavabdeh1 adına götürülmüşdür. Həmçinin Cavabdeh1 məxsus nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Lakin ipoteka predmeti olan nəqliyyat vasitəsi yanaraq sıradan çıxmışdır. Həmin hadisə baş verənə qədər ödənişlərdə heç bir problem olmamış, bundan sonra o, 4 ay da ödəniş etmişdir. İddiaçı tərəfindən kreditin ödənilməsi ilə bağlı güzəşt müddəti də ayrılmış, həmçinin o, iddiaçı tərəfə aylıq 300-400 manat məbləğində ödəniş edilməsinə dair yeni ödəniş cədvəli yaradılması ilə bağlı müraciət etmişdir.

6. 18 iyun 2025-ci il tarixdə Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək ölkə xaricində olacağı üçün 23 iyun 2025-ci il tarixli məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilərək qərar qəbul olunmasını xahiş etmişdir.

7. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

9. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

10. Belə ki, iş materiallarında olan “kreditverən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “borcalan” Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli 8120***- *******01L nömrəli əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 120 ay müddətinə, illik faiz dərəcəsi 30%-dən yuxarı olmamaq şərti ilə 200000 (iki yüz min) manat məbləğində kredit limiti ayrılmışdır.

11. İş materiallarında olan “kreditverən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “borcalan” Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli 8120***- *******01L nömrəli kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan 12 sentyabr 2023-cü il tarixli kredit razılaşmasına əsasən kreditverən 12 sentyabr 2023-cü il tarixli 8120***-*******01L nömrəli kredit limiti razılaşması çərçivəsində borcalana illik 19 faiz dərəcəsi ilə 14 sentyabr 2026-cı il tarixinədək 40000 (qırx min) manat məbləğində borc pul vəsaitini avadanlıq alınması və digər investisiya xərcləri məqsədi ilə borcalana verir.

12. Həmin razılaşmanın 4-cü bəndinə görə bu kredit razılaşmasının 2-ci bəndinə əsasən borcalana verilən kreditin kreditləşmə mənbəyi bank vəsaitidir və kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) 19,7 %-dir.

13. Həmin razılaşmanın 5-ci bəndinə əsasən güzəşt müddəti ərzində borcalan götürülmüş kreditə görə yalnız 12 sentyabr 2023-cü il tarixli 8120***-*******01L nömrəli əsas kredit limiti razılaşmasına əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə borcalan əsas borc, faiz və digər ödənişləri kreditverənə ödəyəcəkdir.

14. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh1 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 14 sentyabr 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

15. İş materiallarında olan 30 iyul 2024-cü il tarixli, 8300***-*******01R restrukturizasiya razılaşmasına əsasən kreditverən bu Razılaşmanın 1-ci bəndində qeyd edilmiş kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2023-ci il tarixli Əlavə Razılaşmaya əsasən borcalana illik 19 (on doqquz) faiz dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 14 sentyabr 2026-ci il tarixinədək 40000 (qırx min) manat məbləğdə kredit (borc) vermişdir və bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit (borc) üzrə 32010,02 (otuz iki min on manat iki qəpik) manat məbləğdə əsas borc və 0 (sıfır) manat məbləğdə faiz borcu mövcuddur.

16. Həmin razılaşmanın 3-cü bəndinə əsasən bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş kredit (borc) üzrə faiz dərəcəsi 19 (on doqquz) faiz və kreditin son icra müddəti 30 oktyabr 2026-ci il müəyyən edilir.

17. Həmin razılaşmanın 4-cü bəndinə görə borcalan bu restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən bu restrukturizasiya razılaşması üzrə ödənişləri vaxtında və lazımi qaydada kreditverənin xeyrinə icra etməyi öz öhdəsinə götürür.

18. İş materiallarında olan 30 iyul 2024-cü il tarixli restrukturizasiya razılaşmasına 13 fevral 2025-ci il tarixli, 01 nömrəli əlavəyə əsasən müştərinin (Cavabdeh1) kredit üzrə öhdəliklərinin icrası ilə bağlı müəyyən çətinliklər yarandığından tərəflər kredit müddətinin 21 ay saxlanılması, ilk 6 ayın güzəşt dövrü, növbəti 6 ayda 800 manat ödənişin verilməsi, yerdə qalan ayların isə qrafikə uyğun hesablanması haqqında razılığa gəlmişdir. Bu Əlavəyə əsasən restrukturizasiya razılaşmasının ayrılmaz tərkib hissəsi olan yeni ödəniş cədvəli təsbit olunmuş və borcalan tərəfindən ödənişlər bu cədvəl əsasında aparılması nəzərdə tutulmuşdur.

19. İş materiallarında olan “kreditverən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “borcalan” Cavabdeh1 arasında bağlanmış kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair 12 dekabr 2023-cü il tarixli razılaşmaya əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 “avadanlığın alınması və investisiya xərcləri məqsədilə” 36 ay müddətinə illik 22% dərəcəsi ilə 11000 manat məbləğində kredit verilmişdir.

20. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli razılaşmaya əlavə olan 12 dekabr 2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh1 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 14 dekabr 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

21. İş materiallarında olan kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanmış 30 iyul 2024-cü il tarixli 8FİZAM172309402 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borc alan Cavabdeh1 12 sentyabr 2023-cü il tarixli 8120***-*******01L nömrəli kredit limiti razılaşması və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərinin tamamının icrası üçün onunla birgə məsuliyyəti üzərinə götürmüşdür.

22. İş materiallarında olan kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh3 arasında bağlanmış 30 iyul 2024-cü il tarixli 8FİZAM171917502 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borc alan Cavabdeh1 12 sentyabr 2023-cü il tarixli 8120***-*******01L nömrəli kredit limiti razılaşması və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərinin tamamının icrası üçün onunla birgə məsuliyyəti üzərinə götürmüşdür.

23. İş materiallarında olan kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh4 arasında bağlanmış 30 iyul 2024-cü il tarixli 8FİZAM185578701 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borc alan Cavabdeh1 12 sentyabr 2023-cü il tarixli 8120***-*******01L nömrəli kredit limiti razılaşması və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərinin tamamının icrası üçün onunla birgə məsuliyyəti üzərinə götürmüşdür.

24. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 12 sentyabr 2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus “Mercedes Benz” markalı, yəhərli dartıcı tipli, **- BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

25. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 17 aprel 2025-ci il tarixdə il tarixdə pretenziya məktubu göndərilərək cavabdehlərə 12 sentyabr 2023-cü il tarixli kredit razılaşması üzrə 32010,02 (otuz iki min on manat iki qəpik) manat əsas kredit borcu, 591,29 (beş yüz doxsan bir manat iyirmi doqquz qəpik) manat faiz borcunun; 12 dekabr 2023-cü il tarixli kredit razılaşması üzrə 7266,58 (yeddi min iki yüz altmış altı manat əlli səkkiz qəpik) manat əsas kredit borcu, 116,13 (yüz on altı manat on üç qəpik) manat faiz borcu, 0,72 (yetmiş iki qəpik) manat cərimə borclarının olduğu, öhdəliyin pozulduğu üçün kredit müqavilələrinin birtərəfli qaydada ləğv edildiyi bildirilmiş, 3 (üç) gün müddətində göstərilən məbləğdə borcun banka ödənilməsi, əks halda borcun qaytarılması tələbinə dair iddi ərizəsi ilə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir.

Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

27. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 aldığı 12 sentyabr 2023-cü il tarixli 8120***-*******01L nömrəli kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan 12 sentyabr 2023-cü il tarixli və 12 dekabr 2023-cü il tarixli razılaşmalar üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 sözügedən kredit razılaşmaları üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, həmin kredit müqavilələri üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən 12 sentyabr 2023-cü il tarixli kredit razılaşması üzrə 32010,02 (otuz iki min on manat iki qəpik) manat əsas borc, 591,29 (beş yüz doxsan bir manat iyirmi doqquz qəpik) manat faiz borcu; 12 dekabr 2023-cü il tarixli kredit razılaşması üzrə 7266,58 (yeddi min iki yüz altmış altı manat əlli səkkiz qəpik) manat əsas borc, 116,13 (yüz on altı manat on üç qəpik) manat faiz borcu, 0,72 (yetmiş iki qəpik) manat cərimə Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

29. 30 iyul 2024-cü il tarixli 8FİZAM171917502 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3, 30 iyul 2024-cü il tarixli 8FİZAM185578701 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh4 və 30 iyul 2024-cü il tarixli 8FİZAM172309402 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun 12 sentyabr 2023-cü il tarixli 8120***- *******01L nömrəli kredit limiti razılaşması və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur.

30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.

31. Məhkəmə qeyd edir ki, iddia tələbinin “cavabdehlərdən müştərək qaydada 209,96 (iki yüz doqquz manat doxsan altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumun əvəzinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 210 (iki yüz on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 209,96 (iki yüz doqquz manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

32. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

33. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 12 sentyabr 2023-cü il tarixli kredit razılaşması üzrə 32010,02 (otuz iki min on manat iki qəpik) manat əsas borc, 591,29 (beş yüz doxsan bir manat iyirmi doqquz qəpik) manat faiz borcu; 12 dekabr 2023cü il tarixli kredit razılaşması üzrə 7266,58 (yeddi min iki yüz altmış altı manat əlli səkkiz qəpik) manat əsas borc, 116,13 (yüz on altı manat on üç qəpik) manat faiz borcu, 0,72 (yetmiş iki qəpik) manat cərimə və 209,96 (iki yüz doqquz manat doxsan altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 40194,7 (qırx min yüz doxsan dörd manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

34. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 12 sentyabr 2023-cü il tarixli kredit razılaşması üzrə 32010,02 (otuz iki min on manat iki qəpik) manat əsas borc, 591,29 (beş yüz doxsan bir manat iyirmi doqquz qəpik) manat faiz borcu; 12 dekabr 2023-cü il tarixli kredit razılaşması üzrə 7266,58 (yeddi min iki yüz altmış altı manat əlli səkkiz qəpik) manat əsas borc, 116,13 (yüz on altı manat on üç qəpik) manat faiz borcu, 0,72 (yetmiş iki qəpik) manat cərimə və 209,96 (iki yüz doqquz manat doxsan altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 40194,7 (qırx min yüz doxsan dörd manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar