Məhkəmə qərarları › İş №e-2-2(119)-828/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-828/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-828/2025 02.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı qismində göstərilmiş X2 tərəfindən cavabdeh qismində göstərilmiş X1 qarşı verilmiş “icarə müqaviləsinin ləğv edilməsi, borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı qismində göstərilmiş X2 cavabdeh qismində göstərilmiş X1 qarşı “icarə müqaviləsinin ləğv edilməsi, borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 15 avqust 2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə 6000 (altı min) manat məbləğində borc və 60 (altmış) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 6060 (altı min altmış) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, iddiaçı tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həll edilməsinə dair sənədin cavabdeh tərəfindən alınması haqqında sənədlər iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, kommersiya mübahisələri üzrə cavabdehə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin çatdırılması Mülki Prosessual Məcəllənin 150.1.4 və 150.1.6-cı maddələrində imperativ qaydada təsbit edilmişdir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri üzrə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinin “Tərəflər” bölməsində iddiaçı və cavabdehin adları qeyd edilməmiş, həmin bölmədə onlar barəsində Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən göstərilməsi zəruri olan məlumatlar qeyd edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Bundan başqa, iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində qeyd olunan 27 aprel 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 30,6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Qeyd olunan qanunvericilik aktından göründüyü kimi, hazırkı iddia ilə məhkəməyə müraciət edilən zaman iddia tələbinin ümumi məbləği 6000 manat (əsas borc) manat olduğundan iddia tələbinə mütənasib olaraq dövlət rüsumunun məbləği 80 manatdır. Bu baxımdan da iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30,6 manat məbləğində deyil, 80 manat məbləğində dövlət rüsumu ödəməli idi. Həmçinin iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 06 noyabr 2024-cü tarixli ********** nömrəli ödəniş qəbzinin daha öncə Abşeron Rayon Məhkəməsinə müraciət edilən zaman istifadə edildiyi müəyyən edilmişdir. Aydınlaşdırılmışdır ki, iddiaçı daha öncə cavabdehə qarşı eyni məzmunlu tələb irəli sürərək iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(012)-1182/2025 nömrəli qərardadı ilə (həmin qərardad iddiaçılar tərəfindən iş materiallarına əlavə edilmişdir) həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Eyni zamanda, həmin qərardadın məzmunundan görünür ki, məhkəmə tərəfindən iddiaçının məhkəməyə iddia ərizəsi təqdim edərkən 06 noyabr 2024cü tarixli ********** qəbz əasında ödədiyi 30,6 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Başqa sözlə, iddiaçı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərkən yenidən dövlət rüsumu ödəməli olmasına baxmayaraq bunu etməmiş, Abşeron Rayon Məhkəməsinə müraciət edərkən iddia ərizəsinə əlavə etdiyi ödəniş qəbzindən, yəni qüvvədə olan məhkəmə aktı ilə faktiki olaraq iddiaçıya qaytarılması nəzərdə tutulan məbləğin əks edildiyi ödəniş qəbzindən istifadə etmişdirlər. Mülki Prosessual Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bunlardan başqa, iddia ərizəsi iddiaçının nümayəndəsi tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş etibarnamədə iddiaçının nümayəndəsinin iddia ərizəsinin imzalanması ilə bağlı səlahiyyəti nəzərdə tutulsa da, həmin etibarnamənin 10 mart 2025-ci il tarixədək qüvvədə olduğu qeyd edilmişdir. Hazırkı iddia ərizəsi 28 aprel 2025-ci il tarixində imzalanmış və həmin tarixdə iddiaçının nümayəndəsinin iddia ərizəsini imzalamaq səlahiyyəti olmamışdır. Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı qismində göstərilmiş X2 tərəfindən cavabdeh qismində göstərilmiş X1 qarşı verilmiş “icarə müqaviləsinin ləğv edilməsi, borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar