Məhkəmə qərarları › İş №e-2-2(119)-829/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-829/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-829/2024 03.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “icarə müqaviləsi üzrə borcun tutulması və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “icarə müqaviləsi üzrə borcun tutulması və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 01 fevral 2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmiş əmlakın boşaldılmaqla kommunal xidmətlərlə əlaqədar yaranmış borc və icarə haqqı daxil olmaqla cəmi 1175 (min yüz yetmiş beş) manat pul vəsaitinin, o cümlədən 31,75 (otuz bir manat, yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, e-2-2(119)- 672/2024 nömrəli və 23 aprel 2024-cü il tarixli, e-2-2(119)-763/2024 nömrəli qərardadları ilə iddiaçı tərəfindən verilmiş iddia ərizələri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü, 152.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla geri qaytarılmış, bunların iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmadığı izah edilmiş, eyni zamanda iddia tələbinin bir hissəsinin həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan tələb olması həmin qərardadlarda öz əksini tapmışdır. Məhkəmənin 06 aprel 2024-cü il tarixli qərardadında göstərilən nöqsanlardan “iddiaçı tərəfindən iddia ərizəsinin nəticə (“xahiş edirəm”) hissəsində cavabdehdən 100 manat məbləğində dövlət rüsumunun tutulmasının xahiş edilməsinə baxmayaraq, iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindəki qəbzə əsasən 31,75 manat məbləğində dövlət rüsumunun ödənilməsinin qeyd edilməsi” halı və 23 aprel 2024cü il tarixli qərardadında göstərilən “cavabdehin inzibati məsuliyyətə cəlb olunması” tələbi ilə bağlı nöqsanlar aradan qaldırılsa da, həmin qərardadlarda göstərilən digər nöqsanlar iddiaçı tərəfdən aradan qaldırılmadan yenidən məhkəməyə müraciət edilmişdir. Belə ki, iş materialları nəzərdən keçirilərkən müəyyən edildi ki, iddiaçı tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınması haqqında poçt qəbzi iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim edilsə də, mülkiprosessual qanunvericiliyin tələblərinə əsasən, həmin sənəd poçt vasitəsilə deyil, Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində göstərilən qaydada cavabdehə çatdırılmalıdır. Bundan başqa, iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyəqədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədin “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehə göndərilməsini təsdiq edən sənəd iş materiallarına əlavə olunaraq məhkəməyə təqdim edilsə də, bu informasiya sistemində olan məlumat bazasındakı məlumatlara əsasən müəyyən edilir ki, cavabdeh həmin informasiya sistemində elektron kabinetə malik deyildir. Bundan başqa, həmin sənədin poçt vasitəsilə cavabdehə göndərilməsi, yuxarıda qeyd edildiyi kimi Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində göstərilən qaydaya ziddir. Halbuki mülki-prosessual qanunvericiliyin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada yuxarıda qeyd olunan hərəkətləri yerinə yetirməli və həmin hərəkətlərin yerinə yetirilməsini təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 22 yanvar 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.12-ci bəndinə əsasən, həmin Məcəllənin 150.2ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Göründüyü kimi, hazırda Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrində imperativ qaydada təsbit edilmişdir. Lakin yuxarıda qeyd olunan sənədlərin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini və çatdırılmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmiş və bununla da hazırkı iddia ərizəsi Mülki- Prosessual Məcəllənin 150.1.4-cü, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.4-cü və 152.1.6-cı maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı tərəfindən Cavabdehə qarşı verilmiş “icarə müqaviləsi üzrə borcun tutulması və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar