Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-838/2024 31.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 21 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 2234,99 (iki min iki yüz otuz dörd manat, doxsan doqquz qəpik) manat məbləğində borc, 244,40 (iki yüz qırx dörd manat, qırx qəpik) manat məbləğində faiz borcu, 95,20 (doxsan beş manat, iyirmi qəpik) manat məbləğində cərimə və 45,75 (qırx beş manat, yetmiş beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 21 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və tərəflər arasında bağlanmış 21 iyul 2022-ci il tarixli, 350130-CNS-37336 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, bank (İddiaçı ASC) kredit alana (Cavabdeh) bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə krediti qəbul etməyi, kreditdən təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı. faizləri, komissiyaları, o cümlədən əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən yalnız mal material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarlarla hesablaşmaların aparılması təyinatı üzrə istifadə elməlidir. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, cavabdehə 3228 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, kredit alan krediti tam məbləğdə 21 iyul 2025-ci il tarixində və ya müqavilədə nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 24 faiz olmaqla və bu müqavilənin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. Həmin müqavilənin 3.5.1-ci yarımbəndinə əsasən, kredit alan kreditlərin ödənilməsini (qaytarılmasını) müqavilənin ayrılmaz tərkib hissəsi olan kreditlərin və hesablanmış faizlərin ödəniş cədvəlinə uyğun olaraq həyata keçirməyə borcludur. Kreditin qaytarılması 22 avqust 2022-ci il tarixindən başlayır. Həmin müqavilənin 6.4.5-ci yarımbəndinə əsasən, öhdəliyin icra edilməməsi və va lazımınca icra edilməməsindən irəli gələn dəbbə pulu üzrə hesablanmış faizləri və zərərin əvəzini bu müqavilə ilə müəyvən olunan qaydada və şərtlərlə banka ödəmək kredit alanın vəzifəsidir. İş materiallarında olan 21 iyul 2022-ci il tarixli, 350130-CNS-37336 nömrəli kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən cavabdehin iddiaçıya olan borcunun həmin plana uyğun olaraq son ödəniş tarixi 21 iyul 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 06 mart 2024-cü il tarixinə iddiaçıya 2234,99 manat məbləğində əsas borcu, 244,40 manat məbləğində faiz borcu vardır və 95,22 manat məbləğində cərimə hesablanmışdır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında 21 iyul 2022ci il tarixli kredit müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra olunsa da, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti aralarında bağlanmış müqaviləyə uyğun olaraq qaytarmamaqla, öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 21 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 2234,99 manat məbləğində bоrcun və 244,40 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehdən 95,20 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit müqaviləsinin yuxarıda istinad edilmiş 6.4.5-ci yarımbəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bunlardan başqa, iddia tələbinin 45,75 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 03 aprel 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 45,75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərinə əsasən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 45,75 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2234,99 manat məbləğində borc, 244,40 manat məbləğində faiz borcu, 95,20 manat məbləğində cərimə və 45,75 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 2620,34 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 21 iyul 2022-ci il tarixli, 350130-CNS-37336 nömrəli kredit müqaviləsi üzrə 2234,99 (iki min iki yüz otuz dörd manat, doxsan doqquz qəpik) manat məbləğində borc, 244,40 (iki yüz qırx dörd manat, qırx qəpik) manat məbləğində faiz borcu, 95,20 (doxsan beş manat, iyirmi qəpik) manat məbləğində cərimə borcu və 45,75 (qırx beş manat, yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 2620,34 (iki min altı yüz iyirmi manat, otuz dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-838/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-838/2024
31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver