Məhkəmə qərarları › İş №e-2-2(119)-843/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-843/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-843/2023 10.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 Rizvan oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 19 iyun 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən köşkə əsassız olaraq artıq hesablanmış 3061 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qasımi Əhməd-Ağa Məmməd-Ağa oğlu vergi ödəyicisidir və ********** №-li VÖEN ona məxsusdur. ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil iddiaçıya məxsusdur. Həmin mənzildə ailəsi ilə bir yerdə yaşayır. Mənzilin yerləşdiyi binaya bitişik ünvan 1 ünvanında iddiaçının ticarət məqsədi ilə istifadə etdiyi satış köşkü yerləşir. Həmin köşkə işıq sayğacı 27 sentyabr 2011-ci ildə quraşdırılmışdır. Sayğac quraşdırılandan sonra 15 sentyabr 2022ci il tarixdə sayğaca baxış keçirilmiş və belə bir Akt tərtib olunmuşdur ki: ”Elektrik sayğacına baxış keçirilən zaman müəyyən olundu ki, binanı qidalandıran güc naqilinə əlavə xətt qoşulmaqla zirzəmidən mağazaya (sözü gedən köşkə) kənar xətt daxil olur. Kənar xətt 4 mm aliminium məftildən ibarətdir.” Qeyd olunmalıdır ki, adı çəkilən kənar elektrik xəttindən iddiaçının xəbəri yoxdur. Hazırda həmin elektrik xəttinə görə iddiaçıya əsassız olaraq 3061 manat məbləğində borc pul yazılmışdır. Bu isə, bir istehlakçı kimi iddiaçının hüquqlarının kobud şəkildə pozulması deməkdir. Cavabdeh "xxxx" ASC iddiaçıya tez-tez həmin borcu ödəmədiyi təqdirdə elektrikin kəsiləcəyi barədə xəbərdarlıq göndərir və iddiaçını normal yaşayışdan məhrum edir. Yaranmış əsassız borcun silinməsi ilə əlaqədar olaraq cavabdehə pretenziya məktubu ünvanlansa da, cavabdeh əsassız borcu silməkdən imtina etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə “iddia tələbinə Etiraz” təqdim edilərək, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2022-ci ildə Enerjitəchizatı Müəsisəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus köşkün uçot dəstinə baxış keçirilən zaman elektrik hesabat sayğacından kənar xətt çəkilərək elektrik enerjisindən qanunsuz istifadə edilməsi halı aşkar edilmişdir. Aktın bir nüsxəsi abonentə təqdim edilən zaman o, köşkün qapısını bağlayaraq oranı tərk etmişdir. Həmçinin kənar xətt video çəkilişlə qeydə alınmışdır. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydalarının” (bundan sonra EEİQ) pozulması haqqında 15 sentyabr 2022-ci il tarixli NDQ 013032 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş həmin Akta əsasən EEİQ-nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq, abonenti qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 12 saatı ərzində elektrik enerjisindən istifadə etdiyi nəzərə alınaraq, 1932,48 manat məbləğində yenidən hesablaşma aparılmış və bu barədə abonentə müvafiq ödəniş sənədi təqdim edilmişdir. İddiaçı isə akt əsasında 3061 manat hesablaşma aparıldığını iddia edərək, həmin məbləğin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. İddaçının 12 iyul 2023-cü il tarixinə isə Enerjitəchizatçı Təşkilata 2291,65 manat borcu vardır. Həmçinin iddiaçı qeyd olunan obyekt üzrə elektrik enerjisindən istifadə etməklə "Azərişıq” ASC ilə elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də, iddiaçı elektrik enerjisindən EEİQ-nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. EEİQ-nın 9.1-ci bəndinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerji nəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan, həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır. Həmçinin, iddia ərizəsindən isə görünür ki, iddia tələbi yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğun deyildir. Çünki, iddia ərizəsində qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif göstərilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasına cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 gəlsə də, məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və yaxud, onun nümayəndəsi Nümayəndə1 məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı nümayəndəsi Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasına gəlmiş cavabdehin nümayəndəsi Nümayəndə3 isə iddiaçının və yaxud, iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsinə etiraz etməmişdir. Odur ki, məhkəmə, cavabdehin nümayəndəsinin mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş yazılı “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinə qarşı verilmiş Etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması müəyyən olunmuşdur ki, enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) məxsus ünvan 1 ünvanında yerləşən sahibkarlıq obyekti (köşk) (abonent kodu: **********0) elektrik enerjisi ilə təchiz edilmiş və həmin obyektin elektrik təchizatı üzrə hesabat müvafiq qaydada quraşdırılmış elektrik sayğacı vasitəsi ilə aparılmışdır. İş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli NDQ 013032 nömrəli Aktdan ("xxxx" ASC-nin əməkdaşları olan Mehdiyev H. və Səfiyarov İ. tərəfindən tərtib olunmuşdur) görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən sahibkarlıq obyektinin (köşkün) (abonent kodu: **********0) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına 15 sentyabr 2022-ci ildə (baxışın keçirilmə saatı (vaxtı) Aktın müvafiq qrafasında göstərilməmişdir) baxış keçirilmiş və baxışla əlaqədar tərtib olunan həmin Aktda “binanı qidalandıran güc naqilinə əlavə xətt qoşulmaqla zirzəmidən mağazaya (sözü gedən köşk) kənar xətt daxil olur. Kənar xətt 4 mm aliminum məftildən ibarətdir. Naqilin qoyuluş gücü P=6,1 kvt-dir, P kənar=1,76 kvt, Psay=0,85 kvt” qeydləri aparılmışdır (Həmin Akt istehlakçı İddiaçı tərəfindən imzalanmamış və Aktda İddiaçı baxışda iştirak edib-etməməsi qeyd olunmamışdır. Eləcə də, Aktda məlum yoxlamanın X1 Reyestrində qeydiyyata alınması barədə heç bir qeydiyyat aparılmamışdır). Qeyd etmək lazımdır ki, 15 sentyabr 2022-ci il tarixli NDQ 013032 nömrəli Aktda qeyd olunan yoxlamanı əks etdirən videogörüntülər cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuşdur və məhkəmə araşdırması zamanı həmin videogörüntülər nümayiş etdirilərək, tədqiq olunmuşdur. Lakin, videogörüntülərin tədqiqi zamanı müəyyən edilmişdir ki, həmin çəkilişlə müəyyən edilən halların məlum Aktı imzalamamış istehlakçı İddiaçı (abonent kodu: **********0) məxsus olan Sumqayıt şəhəri 4-cü məhəllədə yerləşən sahibkarlıq obyektinə (köşkə) aid olub-olmaması, çəkilişin kimlər tərəfindən aparılması, çəkilişdə kimlərin iştirak etməsi, videogörüntüdə qeyd olunan naqilin məhz köşkə aid olması və s. digər zəruri hallar müəyyən olunmur. İş materiallarında olan 20 sentyabr 2022-ci il tarixli "xxxx" ASC-nin Akt Komissiyasının Sədri tərəfindən təsdiq edilmiş “texniki sahə üzrə tələblərə dair” İcra Vərəqindən görünür ki, İddiaçı məxsus olan köşkə (abonent kodu: **********0) "baxış keçirilən zaman məlum olmuşdur ki, elektrik sayğacı sxemdən kənar xətt istifadə edir" qüsuruna görə 6.1 kvt x 12 saat x 240 gün = 17568 kvts, Tarif (0.11 man) – 17568 kvts x 0.11 = 1932,48 manat məbləğində birdəfəlik əlavə elektrik enerjisi sərfiyyatı hesablanmışdır (Abunə haqqında Hesabatda da məlum Akt üzrə əlavə hesablanan bu sərfiyyat müvafiq olaraq 1932,48 manat məbləğində qeyd olunmuşdur). İş materiallarında olan istehlakçı İddiaçı məxsus olan köşkə (abonent kodu: **********0) aid Abunə haqqında Hesabatlara və "xxxx" ASC tərəfindən tərtib edilmiş digər sənədlərə əsasən müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən sahibkarlıq obyektinin (köşkün) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına keçirilmiş baxış zamanı tərtib edilmiş 15 sentyabr 2022-ci il tarixli 013032 nömrəli Aktda qeyd olunan qüsura görə, yəni “binanı qidalandıran güc naqilinə əlavə xətt qoşulmaqla zirzəmidən mağazaya (sözü gedən köşk) kənar xətt daxil olması və kənar xətt 4 mm aliminum məftildən ibarət olması” qüsuruna görə itirilmiş elektrik enerjisi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq 240 gün üçün yenidən hesablama aparılmış və həmin hesabatla 1932,48 (min doqquz yüz otuz iki manat 48 qəpik) manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanaraq, ödənilməli borc kimi 20 sentyabr 2022-ci ildə istehlakçı İddiaçı hesabına daxil edilmişdir. Yəni, 15 sentyabr 2022-ci il tarixli 013032 nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən “köşk”ün” hesabına 20 sentyabr 2022-ci il tarixdə iddia tələbində qeyd olunan “3061 (üç min altmış bir) manat məbləğində” deyil, birdəfəlik 1932,48 (min doqquz yüz otuz iki manat 48 qəpik) manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan istehlakçı İddiaçı məxsus olan köşkə (abonent kodu: **********0) aid Abunə haqqında Hesabatlarda olan göstəricilərə əsasən müəyyən olunur ki, 2015-ci ildən etibarən İstehlakçı tərəfindən enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mütəmadi olaraq hər ay sayğacın oxunması nəticəsində təqdim edilən hesabatlar üzrə istifadə edilən elektrik enerjisi üzrə müvafiq ödənişlər edilmiş və mübahisəli dövrü əhatə edən aylar üzrə də istehlak olunan elektrik enerjisinin hesabatları və həmin istahlak üzrə müvafiq ödənişlərin aparılması da mövcuddur. Yəni, Abunə haqqında Hesabatlarda olan məlumatlarla müəyyən olunur ki, 2015-2022-ci illərdə “istehlakçı” tərəfindən istifadə edilən elektrik enerjisinin hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Beləliklə də, məhkəmə araşdırması zamanı proses iştirakçısının izahatı və iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN **********) istifadəsində olan ünvan 3 ünvanında yerləşən köşkə (abonent kodu **********0) quraşdırılmış elektrik hesabat sayğacına 15 sentyabr 2022-ci ildə baxış keçirilən zaman “binanı qidalandıran güc naqilinə əlavə xətt qoşulmaqla zirzəmidən mağazaya (sözü gedən köşk) kənar xətt daxil olması və kənar xətt 4 mm aliminum məftildən ibarət olması” qüsuru aşkar edilmiş və bu qüsurla əlaqədar tərtib edilmiş 15 sentyabr 2022-ci il tarixli 013032 nömrəli Akta əsasən istehlakçıya 1932,48 manat məbləğində əlavə sərfiyyat qismində borc hesablanmışdır. Lakin, 15 sentyabr 2022ci il tarixli 013032 nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında məlum 1932,48 manat məbləğində əlavə sərfiyyatın hesablanması ilə nəticələnmiş 15 sentyabr 2022-ci ildə istehlakçı İddiaçı istifadəsində olan sahibkarlıq obyektində quraşdırılmış elektrik sayğacına keçirilən baxış, yəni yoxlama tədbiri X1 Reyestrində qeydə alınmadan aparılaraq, aktlaşdırılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X1 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X1 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X1 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X1 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X1 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X1 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X1 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Göründüyü kimi, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı əlavə sərfiyyat olaraq 1932,48 (min doqquz yüz otuz iki manat 48 qəpik) manat məbləğində borcun hesablanması ilə nəticələnmiş yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə uyğun aparılması təsdiq olunmamış və həmin yoxlama əsasında tərtib edilmiş 15 sentyabr 2022-ci il tarixli 013032 nömrəli Aktın Qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə bu halı sübut etmək vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və 15 sentyabr 2022ci il tarixli 013032 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus olan ünvan 3 ünvanında yerləşən sahibkarlıq obyektinə (köşkə) (abonent kodu: **********0) əlavə sərfiyyat olaraq hesablanmış 1932,48 (min doqquz yüz otuz iki manat 48 qəpik) manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 39,32 (otuz doqquz manat 32 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15 sentyabr 2022-ci il tarixli 013032 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus ünvan 1 ünvanında yerləşən sahibkarlıq obyektinə (köşkə) (abonent kodu: **********0) əlavə sərfiyyat olaraq hesablanmış 1932,48 (min doqquz yüz otuz iki manat 48 qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 39,32 (otuz doqquz manat 32 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar