Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-848/2024 27.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış 30 aprel 2013-cü il tarixli, 034 nömrəli birgə borclularla kredit müqaviləsi üzrə 1364 (min üç yüz altmış dörd) manat məbləğində borcun, 44,05 (qırx dörd manat, beş qəpik) manat məbləğində faiz borcunun, həmçinin 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 30 aprel 2013cü il tarixli, 034 nömrəli birgə borclularla kredit müqaviləsinə əsasən cavabdehlər müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişlər. Bununla əlaqədar cavabdehlərlə mübahisənin pretenziya qaydasında nizama salınmasına, o cümlədən mediasiya vasitəsilə həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehlərə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə cavabdehlər arasında bağlanmış 30 aprel 2013-cü il tarixli, 034 nömrəli birgə borclularla kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqavilənin şərtləri əsasında kredit verən (İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı) birgə borclulara (cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3) onlardan birgə öhdəliyin yalnız birdəfəlik icrasını tələb etmək hüququ ilə kredit vəsaitinin verilməsini, birgə borclular qrupunun hər biri isə alınmış vəsaitin və ona hesablanmış faiz məzənnəsinin birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, birgə borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə, bu halda onun (onların) öhdəliyi avtomatik olaraq qalan digər birgə borcluların üzərinə keçir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, illik 27 faiz olmaqla 24 ay müddətinə heyvandarlıq fəaliyyəti məqsədilə Cavabdeh1 1000 manat məbləğində, Cavabdeh2 1500 manat məbləğində, Cavabdeh3 1000 manat məbləğində olmaqla, ümumilikdə 3500 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.2.3-cü və 4.2.4-cü bəndlərinə əsasən cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin qaytarılmasını birgə öhdəliyin tam icrasında iştirak etməyə borclu şəkildə həyata keçirmək, kreditlə bağlı tələb olunan bütün xərclərin (kreditin qiymətləndirilməsi və s.) ödənilməsini təmin etmək birgə borcluların vəzifəsidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, birgə borclular götürülmüş kreditə görə birgə və ayrı-ayrılıqda (fərdi) məsuliyyət daşıyırlar, onların hər biri cəmi kredit məbləğinin və ona hesablanmış faizlərin vaxtında qaytarılmasına görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəllərindən görünür ki, cavabdehlərin iddiaçıya olan borcunun həmin plana uyğun olaraq son ödəniş tarixi 2015-ci ilin fevral ayı olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehlərin iddiaçıya 30 aprel 2013-cü il tarixli, 034 nömrəli birgə borclularla kredit müqaviləsi üzrə 04 dekabr 2023-cü il tarixinə 1364 manat məbləğində əsas borcu və 44,05 manat məbləğində faiz borcu vardır. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı ilə bağladıqları 30 aprel 2013-cü il tarixli, 034 nömrəli birgə borclularla kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilədə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, nəticədə onların iddiaçı qarşısında müqavilə öhdəliyinin icrası ilə əlaqədar birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 aprel 2013-cü il tarixli birgə borclularla kredit müqaviləsi üzrə 1364 manat məbləğində əsas borcun və 44,05 manat məbləğində faiz borcunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, iddia tələbinin ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 23 yanvar 2024-cü il tarixli MŞB/14/2024-00042 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışa əsasən müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdehlərlə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən 70 manat məbləğində (60 manat mediasiya haqqı + 10 manat poçt-kargüzarlıq xidmətlərinə dair xərci) mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin 70 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutulması hissəsi də təmin edilməli, yuxarıda göstərilənlər və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, yuxarıda qeyd edilən 30 aprel 2013-cü il tarixli, 034 nömrəli birgə borclularla kredit müqaviləsi üzrə 1364 manat məbləğində əsas borc, 44,05 manat məbləğində faiz borcu, həmçinin 70 manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 1478,05 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan başqa, hazırkı iddia tələbi təmin edildiyindən aşağıda istinad edilən qanunvericilik normalarının tələblərinə əsasən, iddianın qiymətinə uyğun olaraq hesablanan 34,08 manat məbləğində dövlət rüsumu cavabdehlərdən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 30 aprel 2013-cü il tarixli, 034 nömrəli birgə borclularla kredit müqaviləsi üzrə 1364 (min üç yüz altmış dörd) manat məbləğində əsas borc, 44,05 (qırx dörd manat, beş qəpik) manat məbləğində faiz borcu, həmçinin 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin əvəzi, cəmi 1478,05 (min dörd yüz yetmiş səkkiz manat, beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatınin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 34,08 (otuz dörd manat, səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-848/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-848/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver