Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-849/2025 19.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10908,28 (on min doqquz yüz səkkiz manat, iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 1028,42 (min iyirmi səkkiz manat, qırx iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 11936,7 (on bir min doqquz yüz otuz altı manat, yetmiş qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 125,81 (yüz iyirmi beş manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 16 avqust 2024-cü il tarixli KBEK9301079B252 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 11700 manat məbləğində kredit verilmişdir. Göstərilən kredit məbləğindən 11354 manat məbləğində pul vəsaiti cavabdehə nağd qaydada verilmiş, qalan məbləğ isə hesabına köçürülmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 05 sentyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan bank (İddiaçı ASC) ilə borcalan (Cavabdeh) arasında bağlanmış bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilənin 1.2-ci bəndinə əsasən, bank (iddiaçı) müqavilə çərçivəsində müştəriyə (cavabdehə) cari hesabın açılması, aparılması və “Müştəri-Bank” xidməti, əmanət, kredit, qarantiya, akkreditiv, faktorinq, korporativ kart, lokal kart, əmək haqqı kartları, POS-terminal, inkassasiya xidməti, elektron ticarət (e-commerce) xidməti, tarif xidmətləri kimi xidmətləri və məhsulları təqdim edir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən, müştəri (cavabdeh) bank (iddiaçı) tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə müştəri və bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan Əlavə (Razılaşma) imzalanır və ya bank tərəfindən müəyyən edilmiş əməliyyatlar üzrə müştəri tərəfindən banka ərizə təqdim edilir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, müştəri müqaviləni və müqavilənin 2-ci hissəsinə dair müvafiq Əlavəni imzaladıqdan sonra bank tərəfindən müqavilə üzrə təqdim olunan digər xidmət və məhsullardan istifadə etmək, habelə bu müqavilə və (və ya) onun müvafiq Əlavəsi(ləri)nə dair əlavə və dəyişiklik(lər) etmək istədikdə, (tələb olunduğu hallarda və məhsullar üzrə) bankın müvafiq internet səhifəsi (habelə mobil tətbiq və ya digər texnoloji vasitələr) vasitəsilə “Birbank biznes” Xidmətindəki (”BB-Xidməti”) hesabına daxil olaraq bununla bağlı ərizə tərtib edib ASAN imza, gücləndirilmiş elektron imza və ya şəxsi imzanın digər analoqu, o cümlədən tərəflərin gələcəkdə razılaşdıracaqları digər üsullar) (bundan sonra – digər təsdiqləmə vasitələri) ilə təsdiq etdikdən sonra banka yönləndirir, yaxud bankın filialına (şöbəsinə) müraciət edir. İş materiallarından görünür ki, tərəflər arasında 17 noyabr 2023-cü il tarixli **********17112023 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 16 avqust 2024-cü il tarixli KBEK9301079B252 nömrəli Əlavə (müqavilə) imzalanmışdır. Bu Əlavənin 2-ci bəndinə əsasən, bank xüsusi şərtlərlə borcalana kredit ayırır, borcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı müqavilə (əlavə) ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürür. Həmin Əlavənin 2.2-ci, 2.3-cü, 2.4-cü, 2.5-ci, 2.6-cı və 2.13-cü bəndlərinə əsasən, cavabdehə 24 ay müddətinə qaytarmaq şərtilə illik 24 faiz dərəcəsi ilə məqsədli təyinatı dövriyyə vəsaiti olan 11700 manat məbləğində kredit verilmişdir. Həmin Əlavənin 2.17-ci bəndinə əsasən. bu Əlavə yazılı imzalandığı, yaxud elektron imza (Asan imza), OTP, Google Authenticator, video zəng və bank tərəfindən nəzərdə tutulan əlavə texniki imkanlarla şəxsi imzanın digər analoqları vasitəsilə imzalandığı gündən qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək, o cümlədən, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. İş materiallarında olan 16 avqust 2024-cü il tarixli ******* nömrəli “A” formatlı ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən 16 avqust 2024-cü il tarixli KBEK9301079B252 nömrəli müqaviləyə əsasən, kreditin rəsmiləşdirilməsi üçün 234 manat məbləğində komissiya haqqı ödənilmişdir. Həmin Əlavənin ödəniş qrafikindən görünür ki, cavabdehin banka olan borcunun həmin qrafikə uyğun olaraq son ödəniş tarixi 17 avqust 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, KBEK9301079B252 nömrəli müqaviləyə əsasən Cavabdeh 11700 manat məbləğində tranş ayrılmış, 16 avqust 2024-cü il tarixli kassa məxaric orderinə əsasən, kreditin 11354 manat məbləğində olan hissəsi kassadan məxaric edilmişdir. İş materiallarında olan 29 aprel 2025-ci il tarixli 15/011002 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 16 avqust 2024-cü il tarixli KBEK9301079B252 nömrəli kredit müqaviləsi üzrə 21 aprel 2025-ci il tarixinə 10908,28 manat məbləğində əsas, 1028,42 manat məbləğində faiz borcu olmaqla, cəmi 11936,7 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə təqdim edilmiş 21 avqust 2025-ci il tarixli 9/3520 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasına dair ekspert rəyinin nəticə hissəsinə əsasən, tərəflər arasında bağlanmış 16 avqust 2024-cü il tarixli KBEK9301079B252 nömrəli kredit müqaviləsinin qeyd edilən şərtlərini nəzərə almaqla Cavabdeh 26 fevral 2025-ci il tarixinə: əsas borc üzrə 10908,28 manat, faiz borcu üzrə 735,38 manat; 21 aprel 2025-ci il tarixinə: əsas borc üzrə 10908,28 manat, faiz borcu üzrə 1095,35 manat; 30 iyun 2025-ci il tarixinə: əsas borc üzrə 10908,28 manat, faiz borcu üzrə 1547,14 manat məbləğində müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh iddiaçı ilə bağladığı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair 16 avqust 2024-cü il tarixli KBEK9301079B252 nömrəli Əlavə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti aralarında bağlanmış müqaviləyə uyğun olaraq qaytarmamaqla, öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 16 avqust 2024-cü il tarixli KBEK9301079B252 nömrəli Əlavə üzrə cavabdehdən 10908,28 manat məbləğində əsas borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, 16 avqust 2024-cü il tarixli KBEK9301079B252 nömrəli kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən isə 21 avqust 2025-ci il tarixli 9/3520 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalı, həmin kredit müqaviləsi üzrə cavabdehdən 735,38 manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, iddia ərizəsində sözügedən kredit müqaviləsi üzrə 1028,42 manat məbləğində faiz borcunun tutulması xahiş edilsə də, 21 avqust 2025-ci il tarixli 9/3520 nömrəli ekspert rəyində faiz borcunun məbləği 735,38 manat məbləğində müəyyən edilmişdir (iddiaçı tərəfindən cavabdehə pretenziya məktubunun göndərildiyi 26 fevral 2025-ci il tarixinə olan faiz borcunun ekspertə rəyi ilə ilə müəyyən edilmiş məbləği nəzərə alınır). Bundan başqa, iddia tələbinin 125,81 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 17 aprel 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 125,81 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda istinad edilən normalar nəzərə alınaraq, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 124,93 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2025-ci il tarixli 9/3520 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılan ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 10908,28 manat məbləğində əsas borc, 735,38 manat məbləğində faiz borcu və 124,93 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11768,59 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdеhdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 10908,28 (on min doqquz yüz səkkiz manat, iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 735,38 (yeddi yüz otuz beş manat, otuz səkkiz qəpik) manat məbləğində faiz borcu və 124,93 (yüz iyirmi dörd manat, doxsan üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11768,59 (on bir min yeddi yüz altmış səkkiz manat, əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-849/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-849/2025
19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver