Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-851/2025 11.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdеhdən 7200 (yeddi min iki yüz) manat məbləğində pul vəsaiti və 92 (doxsan iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7292 (yeddi min iki yüz doxsan iki) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 09 avqust 2024-cü il tarixli XM-01/2024 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin və 1 saylı Əlavəsinin şərtlərinə əsasən, cavabdeh iddiaçıya məxsus “Fiat” markalı 4 ədəd avtomobilin bazasının zirehli inkassator kimi yığılmasını həyata keçirməli, həmçinin avtomobilləri sirena, sayrışan işıqlar (LED), mikrofon (iç-çöl, çöl-iç) ilə təchiz etməli idi. Müqaviləyə əsasən, iddiaçı 16 avqust 2024-cü il tarixində ƏDV daxil 136000 manat məbləğində pul vəsaitini cavabdehə ödəmişdir. Lakin cavabdeh tərəfindən avtomobillər təhvil verilərkən məlum olmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu kateqoriyadan olan xidməti avtomobillər (inkassator avtomobilləri) üçün nəzərdə tutulmuş göy-qırmızı rəngli sayrışan işıqlar deyil, sarı rəngli işıqlar quraşdırılmışdır. Yol verilmiş qüsurların cavabdeh tərəfindən aradan qaldırılması ona təklif edilsə də, qüsurlar aradan qaldırılmamışdır. Ona görə də iddiaçı məcburən, işin görülməsini digər bir şəxsə - X3 (VÖEN: **********) həvalə etməli olmuşdur. İşıq sisteminin sarıdan göy-qırmızıya dəyişdirilməsi ilə əlaqədar, bu sistemlə əlaqəli səsgücləndirici mexanizm də dəyişdirilmişdir. Nəticədə xidmətin qüsurlarının aradan qaldırılmasına görə Rəşad Məhərrəmova 7200 manat məbləğində vəsait ödənilmişdir. Həmin vəsait ödənilməsi cavabdehdən tələb edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya hər hansı ödəniş etməmişdir. Cavabdehin nümayəndəsi 16 may 2025-ci il tarixində iddiaya etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsi əsassızdır. Tərəflər arasında bağlanmış müqavilədə və müqaviləyə əlavədə göstərilən öhdəliklər cavabdeh tərəfindən tam yerinə yetirilmişdir. Müqaviləyə ilə tərəflər razılığa gəlmişlər ki, “X5” avtomobillərinin bazası zirehli inkassator avtomobili kimi yığılmalıdır. Əlavə olaraq yığılmalı olan avtomobillərin açıqlaması da verilmişdir. Bütün öhdəliklər cavabdeh tərəfindən tam icra edilmişdir. Bütün bunları sadalamaqda məqsəd iddiaçının bundan əvvəl də Elşən Rəhimova inkassator avtomobillərinin yığılmasını sifariş verməsidir. Bundan əvvəl də sifariş edilmiş avtomobillər müqavilədə tərəflərin razılaşdığı şəkildə təhvil verilmişdir. Əgər iddiaçı belə bir tələb irəli sürürsə və sifariş verən eyni şəxsdirsə, nə üçün həmin avtomobillərə sayrışan işıqların qoşulmasında hansısa tələb irəli sürməmişdir?! Tərəflər sayrışan işıqların hansı rəngdə olmasını, ümumiyyətlə müqavilədə qeyd etməmişdirlər. Bu onlar arasında praktikaya çevrildiyindən buna ehtiyac olmamışdır. İddiaçı əgər göy-qırmızı sayrışan işıqların qoşulmasını istəyirsə, bunun üçün müvafiq standartları təqdim etməsi məqsədəmüvafiq olardı. Cavabdehin nümayəndəsi etirazda göstərilən halların nəzərə alınaraq iddianın rədd edilməsi xahiş etmişdir. Cavabdehin nümayəndəsi 11 iyul 2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı təmsil etdiyi hüquqi şəxsə qarşı vicdansızcasına iddia vermişdir. Belə ki, müqavilə şərtlərində, həmçinin müvafiq qanunvericilikdə və Azərbaycan Respublikasının Standartlarında müəyyən edilmiş qaydada avtomobillərə sayrışan işıqlar qoşulmasına baxmayaraq ona qarşı məhkəmədə əsassız iddia qaldırmışdır. Cavabdeh öz hüquqlarını qorumaq üçün əlavə xərclər çəkmiş, həmçinin vəkilə hüquqi yardımın göstərilməsi və standartı əldə etmək üçün ödənişlər etmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115-ci, 119-cu, 120-ci və 121-ci maddələrinə müvafiq olaraq çəkilmiş məsrəflərin əvəzinin iddiaçıdan cavabdehin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi 22 iyul 2025-ci il tarixində məhkəməyə vəsatətlə müraciət edərək məhkəmədən "Standartlaşdırma haqqında" Azərbaycan Respublikası Qanununun 5.2-ci bəndini rəhbər tutaraq (Standartlaşdırma sahəsində sənədlərdə nəzərdə tutulan tələblər...Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərini pozmamalıdır), cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx.xx.2012-ci il tarixli 014 saylı əmri ilə təsdiq edilmiş "Bank fəaliyyətinin təmin olunması üçün texniki vasitələr və avadanlıqlar. Pul mədaxilinin inkasasiyası və qiymətli yüklərin daşınması üçün avtomobillər. Təsnifatı və ümumi texnik tələblər" adlı normativ sənədin (СТБ 51.3.01-96 Belarus standartının Azərbaycan Respublikasında tətbiqinə dair) Azərbaycan Respublikasının qanunverciliyinə uyğunluğu barədə hüquqi ekspertizanın təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2025-ci il tarixli e-2-2(119)-851/2025 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş hüquqi ekspertizanın keçirilməsinə dair vəsatət təmin edilməmişdir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununda müvafiq işıq siqnallarının rəngi barədə hər hansı qeyd olmasa da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, pul məvaciblərinin daşınmasını həyata keçirən inkassator maşınları operativ nəqliyyat vasitələrinə aid edilir və operativ nəqliyyat vasitələri göy-qırmızı sayrışan işıqlarla təchiz edilməlidir. İddiaçı təşkilatın işıqların rəngi ilə bağlı hər hansı problemi və ya tələbi olmamışdır. Çünki son dövrlərə qədər inkassator avtomobilləri sarı-narıncı rəngli sayrışan işıqlarla təchiz edilirdi. Yalnız iddiaçıya münasibətdə sifarişçi müvafiq məsələ ilə bağlı iradını bildirdikə iddiaçı məcburiyyət qarşısında qalaraq 28 yanvar 2025-ci il tarixində yazılı etirazla cavabdeh təşkilata müraciət etmişdir. Həmçinin tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh təşkilat xidmətləri qüsursuz icra etməli, hər hansı qüsur olduğu təqdirdə bu qüsuru öz hesabına aradan qaldırmalı, hətta müvafiq təmir işlərinin aparılacağı yerə də nəqliyyat vasitəsinin aparılmasını təmin etməlidir. Həmçinin standartlara uyğun xidmət göstəriləcəyi də qeyd edilmişdir. Əslində cavabdeh təşkilat ilk vaxtlar sayrışan işıqların rəngində müvafiq dəyişikliyi etməyi qəbul etmiş, lakin sonradan bundan yayınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda “operativ nəqliyyat vasitəsi” və “üstün keçid hüququna malik olan nəqliyyat vasitəsi” anlayışlarından istifadə edilmişdir. Cavabdeh təşkilatın nümayəndəsi bu anlayışların fərqli anlayışlar olduğunu bildirmişdir. Lakin operativ nəqliyyat vasitəsi ilə üstün keçid hüququna malik olan nəqliyyat vasitələri tamamilə eyni anlayışlardır. Azərbaycan Respublikasında qəbul edilmiş standartlar mövcud olmadığından hazırda Belarus Respublikasının qəbul etdiyi standartların hüquqi qüvvəsi tanınmışdır. Lakin Belarus qanunvericiyinə əsasən, pul vəsaitlərinin daşınmasını həyata keçirən avtomobillər operativ nəqliyyat vasitələrinə aid edilməmişdir. Məhz operativ nəqliyyat vasitələri üçün Belarus qanunvericiliyinə əsasən, xüsusi standartlar mövcuddur. Lakin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, inkassator avtomobilləri operativ nəqliyyat vasitələrinə aid edilmişdir. Digər tərəfdən “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən, Standartlaşdırma sahəsində sənədlərdə nəzərdə tutulan tələblər beynəlxalq standartlara uyğun olmalı, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanmalı standartlaşdırma obyektinin şərtlərini nəzərə almalı, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərini pozmamalıdır. Bu müddəanın tələbləri pozularaq, Azərbaycan Respublikasının qanunvericiliyində operativ nəqliyyat vasitəsi hesab edilən inkassator avtomobillərinə, həmin avtomobillərin operativ nəqliyyat vasitəsi hesab edilməyən ölkənin bu sahədəki standartlarının tətbiq edilməsi qanunvericiliyə birbaşa olaraq ziddiyyət təşkil edir. Belarus Respublikasında məhz operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş CTБ1738-2007 adlı standart mövcuddur ki, inkassator avtomobilləri müvafiq ölkənin qanunvericiliyinə əsasən, operativ nəqliyyat vasitəsi hesab edilmədiyindən bu standartın hazırkı mübahisəyə aidiyyəti yoxdur. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahatlar verərək, həmçinin bildirdi ki, müqavilə üzrə görülməli işlər barədə qeydlər müqaviləyə 1 nömrəli Əlavədə göstərilmişdir. Həmin Əlavədə işıq siqnallarının rəngi barədə hər hansı xüsusi göstəriş mövcud deyildir. Əlavəyə əsasən, sifarişçi 75% ödənişi əvvəlcədən, 25% ödənişi isə təhvil anında edəcək idi, lakin iddiaçı tərəf ödənişi tam olaraq əvvəlcədən ödəmişdir. Bu da ondan irəli gəlmişdir ki, iddiaçı ilə cavabdeh şirkətin təsisçisi və icraçı direktoru olan Elşən Rəhimovla daha əvvəl də müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən, iddiaçı 8 ədəd inkassator avtomobilinin zirehlənməsi və işıq və səs siqnalları ilə təchiz edilməsini Elşən Rəhimova sifariş etmişdir. Həmin sifarişlərin yerinə yetirilməsi zamanı da işıq siqnalları sarı-narıncı rəngli olmuşdur. Elşən Rəhimov daha sonra "xxxx" MMC-ni təsis etmişdir. Tərəflər arasında mövcud olan müqaviləyə əsasən, sifariş standartlara uyğun həyata keçirilməli idi. Cavabdeh də hazırkı vaxtda Azərbaycan Respublikasında qüvvədə olan standartlara əsasən sifarişi icra etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsində yalnız üstün keçid hüququ olan nəqliyyat vasitələrinin göy-qırmızı sayrışan işıqlarla təchiz edilməli olması imperativ qayda kimi nəzərdə tutulmuş və bu avtomobillərə nümunə olaraq polis, yanğınsöndürən, təcili-tibbi yardım avtomobilləri aid edilmişdir. İnkassator avtomobilləri operativ nəqliyyat vasitələrinə aid edilsə də, üstün keçid hüququna malik nəqliyyat vasitələri deyildir. Tərəflərin razılığına uyğun olaraq cavabdeh iddiaçı şirkətin sifarişini icra etmiş, lakin sonradan iddiaçının müvafiq avtomobilləri təqdim etdiyi şəxs bu avtomobillərin göy-qırmızı işıqlarla təchiz edilməli olmasını qeyd etdiyinə görə iddiaçı bu barədə cavabdehə müraciət etmişdir. Həmin müraciətə cavab olaraq əvvəlki 8 avtomobilin də məhz sarı-narıncı işıqlarla təchiz edildiyinə görə tərəflər arasında mövcud praktika və işgüzar adətin məhz bu cür formalaşdığı qeyd edilmişdir. AZS CTБ 51.3.01-96 dövlət standartının rəsmi nüsxəsi Azərbaycan Standartlaşdırma İnstitutundan əldə edilərək məhkəməyə təqdim edilmişdir. Standartın hazırkı işə aid olan hissəsi Azərbaycan dilinə tərcümə edilmişdir. Həmin standartın 5.1.23-cü yarımbəndinin məzmununa əsasən, inkassator avtomobillərinin narıncı sayrışan işıqlarla təchiz edilməsi birbaşa olaraq müəyyən edilmişdir. Eyni zamanda müvafiq standartın hazırda Azərbaycan Respublikası ərazisində qüvvədə olub-olmaması ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinə müraciət ünvanlanmışdır. Həmin müraciətə 14 iyul 2025-ci il tarixində cavab verilərək bildirilmişdir ki, sözügedən dövlət standartı hal-hazırda qüvvədədir. Cavabdehin nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi və çəkilmiş məsrəflərin iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 09 avqust 2024-cü il tarixli XM- 01/2024 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı (Cavabdeh MMC) öz işçi qüvvəsi, materialları və avadanlıqlarından istifadə etməklə sifarişçiyə aid avtomobillərə hər sifariş öncəsi tərəflər arasında razılaşdırılmış və bu müqavilənin Əlavəsi olan qiymətlərin razılaşdırılması protokolunda qeyd olunmuş xidmətlərin həyata keçirilməsini öz üzərinə götürür. Sifarişçi (İddiaçı MMC) isə bunun müqabilində bu müqavilənin şərtlərinə uyğun olaraq icraçının göstərdiyi xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.2-ci, 2.1.3-cü və 2.1.6-cı yarımbəndlərinə əsasən, sifarişi vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək, yerinə yetirilmiş xidmətlər təhvil-təslim aktı ilə sifarişçiyə təhvil verildikdə aşkar edilmiş qüsurları 15 gün müddətində öz vəsaiti hesabına aradan qaldırmaq, bu Müqavilə üzrə icra etdiyi xidmətləri 3-cü şəxslərin hüquqlarından azad, Azərbaycan Respublikasında qüvvədə olan keyfiyyət standartlarına tələb verən şəkildə icra etmək icraçının öhdəlikləridir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin, malların dəyəri bu müqavilənin Əlavələrində öz əksini tapır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, icraçı tərəfindən göstərilən xidmətlərin dəyəri hesab-faktura təqdim edildiyi gündən 5 təqvim günündən gec olmayaraq sifarişçi tərəfindən icraçıya köçürmə yolu ilə ödənilməlidir. Həmin müqaviləyə 09 avqust 2024-cü il tarixli 01 nömrəli Əlavədə mal, material və xidmətlərin adı, onların dəyəri gösərilmişdir. Həmin Əlavənin 1-ci bəndinə əsasən, sifarişçi xidmətlərin dəyərinin 75%-ni öncədən icraçının təqdim etdiyi hesab faktura, qalan 25%-ni isə xidmət yerinə yetirilib, təhvil-təslim aktı imzalandıqdan sonra icraçı tərəfindən təqdim edilmiş elektron qaimə faktura əsasında ödənilməsini öz öhdəsinə götürür. Həmin Əlavənin 2-ci bəndinə əsasən, Əlavə qüvvəyə mindikdən sonra icraçı 45 gün müddətində təhvil-təslim aktı ilə yerinə yetirilmiş xidmətləri və nəqliyyat vasitələrini sifarişçiyə təhvil verir. İş materiallarında olan 16 avqust 2024-cü il tarixli **********6 nömrəli ödəniş tapşırığı üzrə 115254,24 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüşdür. İş materiallarında olan 14 fevral 2025-ci il tarixli **********1 nömrəli ödəniş tapşırığı üzrə 7200 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən X2 hesabına köçürülmüşdür. İş materiallarında olan 16 avqust 2024-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 20745,76 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan “Azərbaycan Respublikasının Dövlət Standartı” başlıqlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 21 fevral 2012-ci il tarixli 014 saylı əmri ilə təsdiq edilmiş və qüvvəyə minmiş "Bank fəaliyyətinin təmin olunması üçün texniki vasitələr və avadanlıqlar. Pul mədaxilinin inkasasiyası və qiymətli yüklərin daşınması üçün avtomobillər. Təsnifatı və ümumi texnik tələblər" adlı AZS СТБ 51.3.01-2012 nömrəli standartın 5.1.23-cü yarımbəndinə əsasən, inkassasiya avtomobillərinin xüsusi işıq siqnalı narıncı rəngdə olmalıdır (sənədin istinad edilən yarımbəndi Azərbaycan dilinə tərcümə edilmiş və tərcüməçinin imzası notarial qaydada təsdiq edilmişdir). Standarta əlavə edilmiş müqəddimənin 2-ci bəndində qeyd edilmişdir ki, bu Azərbaycan Respublikasının Dövlət Standartında “Этот Белорусский стандарт” (“Bu Belarusiya standartı”) ifadəsi “Этот Азербайджанский стандарт” (“Bu Azərbaycan standartı”) mənasını verir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi tərəfindən cavabdehin nümayəndəsinə ünvanlanmış 14 iyul 2025-ci il tarixli məktubda “Belarus Respublikası dövlət standartının əsasında (CTB 51.3.01-96) qəbul olunmuş AZS CTB 51.3.01-2012 “Bank fəaliyyətinin təmin olunması üçün texniki vasitələr və avadanlıqlar. Pul mədaxilinin inkasasiyası və qiymətli yüklərin daşınması üçün avtomobillər. Təsnifatı və ümumi texniki tələblər” dövlət standartının hazırda qüvvədə olduğu qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 773-cü maddəsinə əsasən, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 20-ci abzasına əsasən, operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir. Həmin Qanunun 48-ci maddəsinin 1-ci hissəsinə əsasən, üstündə “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar. Həmin Qanunun 74-cü maddəsinin 3-cü hissəsinə əsasən, üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda, hərəkətin digər iştirakçıları sağa dönmə işıq göstəricisini yandırmalı, üstün keçid hüququ olan nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar. Həmin Qanunun 74-cü maddəsinin 5-ci hissəsinə əsasən, narıncı və ya sarı rəngli sayrışan işıq siqnalları quraşdırılmış xüsusi nəqliyyat vasitələrinin sürücüləri yolda tikinti, təmir və ya təmizlik işləri görərkən hərəkət təhlükəsizliyini təmin etmək şərtilə, yol nişanlarının və nişanlama xətlərinin tələblərindən kənara çıxa bilərlər. Başqa sürücülər onların işinə maneçilik törətməməlidirlər. Narıncı və ya sarı rəngli işartılı məşəl, hərəkət zamanı üstünlük vermir və hərəkətin digər iştirakçılarını təhlükə barədə xəbərdar etməyə xidmət edir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddia ərizəsi ilə 7200 manat məbləğində pul vəsaitinin cavabdеhdən iddiaçının xeyrinə tutulması xahiş edilsə də, iddianın əsaslı olması hazırkı iş materialları ilə təsdiq edilmir. Hazırkı mübahisə iddiaçının təhvil aldığı inkassasiya avtomobillərinin üzərinə qırmızı və ya göy yaxud narıncı sayrışan işıq siqnallarının quraşdırılması ilə əlaqədar yaranmışdır. Belə ki, avtomobillərin üzərinə narıncı rəngdə sayrışan işıq siqnalları quraşdırılmış, iddiaçı buna hər hansı etiraz etməyərək həmin avtomobilləri təhvil almış, özünün digər öhdəliyi ilə əlaqədar həmin avtomobilləri üçüncü şəxsə verərkən həmin üçüncü şəxs narıncı rəngli deyil, göy-qırmızı rəngli işıq sıqnallarının quraşdırılmalı olduğunu tələb etdiyindən iddiaçı həmin dəyişikliyin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh isə bunu icra etməkdən imtina etmişdir. İddia tələbinin qanuni əsası podrat münasibətlərini tənzimləyən mülki-hüquq normalarıdır, yəni tərəflər arasında podrat müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh öz işçi qüvvəsi, materialları və avadanlıqlarından istifadə etməklə iddiaçıya aid avtomobillərə hər sifariş öncəsi tərəflər arasında razılaşdırılmış və müqavilənin Əlavəsi olan qiymətlərin razılaşdırılması protokolunda qeyd olunmuş xidmətlərin həyata keçirilməsini üzərinə götürmüş, iddiaçı isə bunun müqabilində müqavilənin şərtlərinə uyğun olaraq icraçının göstərdiyi xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin predmetinə aid olan və 1 nömrəli Əlavə ilə razılaşdırılmış işlər cavabdeh tərəfindən icra edilmiş, iddiaçı bunun müqabilində şərtləşdirilmiş muzdu qarşı tərəfə ödəmişdir. Başqa sözlə, göstərilən xidmətlərin nəticəsi iddiaçı tərəfindən təhvil alınmış və həmin xidmətlərdə hansısa qüsur aşkar etməyən iddiaçı muzdu ödəmişdir. Yəni iddiaçı cavabdeh tərəfindən görülən işləri qəbul etmiş və işləri təhvil alarkən işlərin keyfiyyəti və ya tamlığı ilə bağlı cavabdehə hansısa pretenziya irəli sürməmiş və ya işləri təhvil aldıqdan sonra ağlabatan müddət ərzində cavabdehə hansısa bildiriş, etiraz təqdim etməmişdir. Eyni zamanda, müqavilənin məzmununda, o cümlədən görüləcək işlərin qeyd olunduğu müqaviləyə 1 nömrəli Əlavədə avtomobillərin üzərinə quraşdırılacaq işıqların məhz göy-qırmızı rəngdə olması ilə bağlı hansısa müddəa olmamışdır. Nəzərə alınmalıdır ki, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır Mülki Məcəllə, 762.2-ci maddə). O cümlədən qeyd edilməlidir ki, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir (Mülki Məcəllə, 773-cü maddə). Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 2.1.6-cı yarımbəndinə əsasən, müqavilə üzrə icra etdiyi xidmətləri 3-cü şəxslərin hüquqlarından azad, Azərbaycan Respublikasında qüvvədə olan keyfiyyət standartlarına tələb verən şəkildə icra etmək icraçının (cavabdehin) öhdəliklərinə daxildir. İş materiallarında olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 21 fevral 2012-ci il tarixli 014 saylı əmri ilə təsdiq edilmiş "Bank fəaliyyətinin təmin olunması üçün texniki vasitələr və avadanlıqlar. Pul mədaxilinin inkasasiyası və qiymətli yüklərin daşınması üçün avtomobillər. Təsnifatı və ümumi texnik tələblər" adlı AZS СТБ 51.3.01-2012 nömrəli standartın 5.1.23-cü yarımbəndində inkassasiya avtomobillərinin xüsusi işıq siqnalı narıncı rəngdə olmaldır (iş materiallarında olan Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinin 14 iyul 2025-ci il tarixli məktubuna əsasən, həmin standart hazırda qüvvədədir). Göründüyü kimi, cavabdeh öhdəliyini, həm də müqavilənin 2.1.6-cı yarımbəndində qeyd edilmiş tələbə uyğun - Azərbaycan Respublikasında qüvvədə olan keyfiyyət standartlarına tələb verən şəkildə icra etmişdir. Digər tərəfdən iddiaçının nümayəndəsi iddianı əsaslandırarkən, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 20-ci abzasına və 74-cü maddəsinin 3-cü hissəsinə istinad etmişdir. Qətnamənin “Tətbiq edilən hüquq:” hissəsində istinad edilmiş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 20-ci abzasının, 48-ci maddəsinin 1-ci hissəsinin, 74-cü maddəsinin 3-cü və 5-ci hissələrinin təhlili göstərir ki, qanunvericilik içərisində pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınmasını həyata keçirən avtomobillərin də daxil olduğu operativ nəqliyyat vasitələrinin dairəsini (1ci maddə, 20-ci abzas) müəyyən etmiş, həmin kateqoriya nəqliyyat vasitələrinin içərisində isə 2 kateqoriya nəqliyyat vasitələrini - üstün keçid hüququ olan nəqliyyat vasitələrini (74cü maddənin 3-cü hissəsi) və xüsusi nəqliyyat vasitələrini (74-cü maddənin 5-ci hissəsi) fərqləndirmişdir. Həmin normalar üstün keçid hüququ olan nəqliyyat vasitələrinin qırmızı və ya göy sayrışan işıq, xüsusi nəqliyyat vasitələrinin isə narıncı və ya sarı rəngli sayrışan işıq siqnalları ilə təchiz edilməli olduğunu təsbit edərək onların hər biri üçün fərqli yol-hərəkət rejimi müəyyən etmişdir. Qanunun 48-ci maddəsində isə üstündə “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələrinin üstün hərəkət rejiminə malik olduğu qeyd edilməklə 74-cü maddənin 3-cü hissəsində göstərilmiş və qırmızı və ya göy sayrışan işıqla təchiz edilən avtomobillərin dairəsi konketləşdirilmişdir. Göründüyü kimi, pul vəsaitlərinin daşınmasını həyata keçirən inkassasiya avtomobilləri operativ nəqliyyat vasitəsi hesab edilsə də, qırmızı və ya göy sayrışan işıqla təchiz edilməli olan üstün keçid hüququ olan nəqliyyat vasitələri sırasına daxil edilməmişdir. Üstəlik, yol hərəkəti haqqında qanunvericiliyin istinad edilən normalarının təhlili, həm də onu söyləməyə imkan verir ki, qırmızı və ya göy sayrışan işıqla təchiz edilməli və üstün hərəkət hüququna malik olan nəqliyyat vasitələri ictimai-sosial həyatın ən zəruri və həyati məsələləri (“polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən”) ilə bağlı funksiyaları həyata keçirən avtomobillər sırasından seçilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Hazırkı iddia təmin edilmədiyindən cavabdeh tərəfindən çəkilmiş aşağıda qeyd edilən məhkəmə xərcləri iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır: - iş materiallarında olan 12 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, cavabdeh tərəfindən vəkilin göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 24 saylı Vəkil bürosuna 400 manat məbləğində pul vəsaiti köçürülmüşdür; - iş materiallarında olan 01 iyul 2025-ci il tarixli S-1157 nömrəli hesab-fakturadan görünür ki, cavabdehin nümayəndəsi tərəfindən “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinin hesabına 92,64 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - iş materiallarında olan 12 iyul 2025-ci il tarixli ödəniş sənədindən görünür ki, cavabdehin nümayəndəsi tərəfindən “sənədlərin tərcüməsinin düzgünlüyünün təsdiq edilməsi üçün” cəmi 19 (xidmət haqqı və rüsum) manat məbləğində ödəniş həyata keçirilmişdir. - iş materiallarında olan "Elektron notariat" X1 çıxarış sənədindən görünür ki, “Sənədlərdə imzanın həqiqiliyinin təsdiq edilməsi” ilə bağlı cəmi 6 (xidmət haqqı və rüsum) manat məbləğində ödəniş həyata keçirilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci, 115.0.6-cı və 115.0.9-cu maddələrinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməməli, cavabdeh tərəfindən hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 400 manat məbləğində xidmət haqqının, 92,64 manat məbləğində müqavilə xərcinin, sənədin tərcüməsi ilə əlaqədar tərcüməçiyə ödənilmiş 19 manat məbləğində xərcin, tərcüməçinin imzasının notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 6 manat məbləğində xərcin əvəzi olmaqla, cəmi 517,64 manat məbləğində pul vəsaitinin əvəzi iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Cavabdeh tərəfindən hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının, 92,64 (doxsan iki manat, altmış dörd qəpik) manat məbləğində müqavilə xərcinin, sənədin tərcüməsi ilə əlaqədar tərcüməçiyə ödənilmiş 19 (on doqquz) manat məbləğində xərcin, tərcüməçinin imzasının notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 6 (altı) manat məbləğində xərcin əvəzi olmaqla, cəmi 517,64 (beş yüz on yeddi manat, altmış dörd qəpik) manat məbləğində pul vəsaitinin əvəzi İddiaçındən Cavabdeh xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-851/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-851/2025
11.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver