Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-863/2023 30.08.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 23 iyun 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 yanvar 2022-ci il tarixli 003R********** nömrəli Krеdit Razılaşması üzrə cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 2682,23 manat məbləğində krеdit bоrcu, 439,94 manat məbləğində faiz bоrcu və 137,26 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3259,43 (üç min iki yüz əlli doqquz manat 43 qəpik) manat məbləğində bоrcun və mediasiya prosesi ilə əlaqədar ödənilmiş 63 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh1 kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 10 avqust 2021-ci il tarixli 003L**********99 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən Kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli Kredit Müqaviləsi üzrə kredit alan Cavabdeh1 kredit verən "xxxx" QSC ilə bağladığı 12 yanvar 2022-ci il tarixli 003R********** saylı Krеdit Razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində krеdit götürmüşdür. Kredit alan Cavabdeh1 Krеdit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq Krеdit Razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 12 avqust 2022-ci il tarixdən Banka qaytarmamışdır. Kredit alan Cavabdeh1 götürdüyü krеdit bоrcundan 817,77 manat ödəmiş və onun 2682,23 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, kredit alan Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 17 may 2023-cü il tarixə 278 gün üçün hesablanmış faiz borcu 439,94 manat təşkil etmişdir. Krеdit Razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq X3 üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 17 may 2023-cü il tarixə 278 gün üçün hеsablanmış cərimə 137,26 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə, Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür və sonuncu həmin Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və Uzunmüddətli Kredit Müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehlərə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq İddiaçı QSC tərəfindən 63 manat haqq ödənilmişdir. İş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmişlər. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 avqust 2021-ci il tarixli 003L**********99 nömrəli Uzunmüddətli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh1 – “Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra “Kredit” adlandırılacaq) Kredit alana 100000 (yüz min) manat məbləğində uzunmüddətli kredit xəttini (bundan sonra “Uzunmüddətli Kredit Xətti” adlandırılacaq) açır. Uzunmüddətli Kredit Xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən anda Kredit alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir (1.1-ci bənd). Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu müqavilə və Kredit Razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay müddətinə, 10 avqust 2031-ci il tarixdən gec olmayarq verilməlidir. Bu Müqavilə və Kredit Razılaşmaları əsasında verilən kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur. İş materiallarında olan 10 avqust 2021-ci il tarixli 003L**********99 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında bağlanmış 12 yanvar 2022-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh1 – “Kredit alan” olmaqla bağlanmış həmin Razılaşmaya əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh1 (VÖEN **********) 24 ay müddətinə aylıq 2,25 % dərəcəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, Ödəniş Planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə bocludur. İş materiallarında olan 12 yanvar 2022-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 12 yanvar 2022-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, kredit alan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 191 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını kredit alan Cavabdeh1 imza etmişdir. X4 əsasən ödənişin son tarixi 12 yanvar 2024-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 25 may 2023-cü il tarixli 5197 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh1 12 yanvar 2022-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması üzrə 17 may 2023-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2682,23 manat məbləğində əsas borc, 439,94 manat məbləğində faiz borcu və 137,26 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3259,43 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 278 gün). İş üzrə məhkəmə araşdırması zamanı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 09 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuş 09 avqust 2023-cü il tarixli 8073 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh1 12 yanvar 2022-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması üzrə 09 avqust 2023-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2583,23 manat məbləğində əsas borc, 516,55 manat məbləğində faiz borcu və 182,02 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3281,8 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 331 gün). İş materiallarında olan 12 yanvar 2022-ci il tarixli 003S**********01 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh2 – “Zamin” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh2 zamin olaraq kredit alan Cavabdeh1 12 yanvar 2022-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Kredit alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, iş materialları ilə müəyyən olunur ki, 12 yanvar 2022-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması üzrə cəmi 3500 manat məbləğində verilmiş kredit Ödəniş Planına (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh1 17 may 2023-cü il tarixə 2583,23 manat əsas borcu, 439,94 manat faiz borcu və 137,26 manat cərimə borcu olmaqla, cəmi 3259,43 manat məbləğində borcun cavabdehlərdən (borcalan Cavabdeh1 və zamin X1) müştərək qaydada tutulması üçün müvafiq iddia ərizəsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunmuşdur. Lakin, iş üzrə məhkəmə araşdırması aparılarkən iddiaçı tərəf Borcalanın kredit hesabı üzrə yaranmış dəyişiklikləri nəzərə alaraq, məhkəməyə yenidən 09 avqust 2023-cü il tarixli 8073 nömrəli Maliyyə Arayışı təqdim etmiş və həmin Maliyyə Arayışı ilə müəyyən olunur ki, borc alan Cavabdeh1 12 yanvar 2022-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması üzrə 09 avqust 2023-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2583,23 manat məbləğində əsas borcu, 516,55 manat məbləğində faiz borcu və 182,02 manat məbləğində cərimə borcu vardır. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra edilmiş ödənişlər nəticəsində ödənilməyən əsas borcun məbləği 2583,23 manat miqdarında müəyyən edilmişdir. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan (cavabdeh) Cavabdeh1 (VÖEN **********) və zamin (cavabdeh) Cavabdeh2 10 avqust 2021-ci il tarixli 003L**********99 nömrəli Uzunmüddətli Kredit Müqaviləsini,12 yanvar 2022-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşmasını və 12 yanvar 2022-ci il tarixli 003S**********01 nömrəli Zaminlik Müqaviləsini bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı QSC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı QSC tərəfindən mediatora iddia tələbində göstərilən “63 (altmış üç) manat” məbləğində deyil, 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir (əsas: 20 aprel 2023-cü il tarixli MŞS/MT030/2023-00745 nömrəli Mediasiya Arayışı). Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etmişlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, məlum kredit Razılaşması üzrə borcalan Cavabdeh1 12 yanvar 2022-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Kredit Razılaşması üzrə yaranmış borc cavabdehlərdən tutulmalıdır. Lakin, 12 yanvar 2022-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan əsas borc, faiz borcunun və cərimə borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə aparılan məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş 09 avqust 2023-cü il tarixli 8073 nömrəli Maliyyə Arayışı mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehlərdən tutulmalı olan əsas borc, faiz borcu və hesablanmış cərimə məbləğləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, 09 avqust 2023-cü il tarixli Maliyyə Arayışına və iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilməlidir. Yəni, 09 avqust 2023-cü il tarixli 8073 nömrəli Maliyyə Arayışında "Cavabdeh1 12 yanvar 2022-ci il tarixli 003R********** nömrəli Kredit Razılaşması üzrə 09 avqust 2023-cü il tarixə kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2583,23 manat məbləğində əsas borc, 516,55 manat məbləğində faiz borcu və 182,02 manat məbləğində cərimə borcunun olması” qeyd olunsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlərdən müştərək qaydada “2682,23 manat məbləğində əsas borcun, 439,94 manat məbləğində faiz bоrcun və 137,26 manat məbləğində cərimə borcunun“ tutulması tələb olunur (yeni maliyyə arayışına görə hal-hazırda əsas borcun məbləği azalmış, hesablanan faiz və cərimənin məbləğləri isə artmışdır). Buna görə də, iddiaçı tərəfin təqdim etdiyi və mötəbər sübut kimi nəzərə alınan 09 avqust 2023-cü il tarixli 8073 nömrəli Maliyyə Arayışına əsasən cavabdehlərdən müştərək qaydada 2583,23 manat məbləğində əsas borc tutulmalıdır. Lakin, həmin Maliyyə Arayışında qeyd edilən "516,55 manat” məbləğində faiz borcu və "182,02 manat" cərimə borcu isə iddiaçı tərəfin hazırkı iddia tələbi ilə təsdiq olunmur və ona görə də, həmin Müqavilə üzrə faiz və cərimə borclarının tutulması hissəsində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) tələblərinə uyğun olaraq cavabdehlərdən həmin Müqavilə üzrə iddia tələbində göstərilən məbləğdə, yəni 439,94 manat məbləğində faiz bоrcu və 137,26 manat məbləğində cərimə bоrcu tutulmalıdır. Eyni zamanda, iddia tələbi “mediasiya xərci qismində ödənilən 63 manat məbləğində vəsaitin əvəzinin tutulması” hissəsində də qismən əsaslıdır. Çünki, iş materiallarında olan 20 aprel 2023-cü il tarixli MŞS/MT030/2023-00745 nömrəli Mediasiya Arayışı ilə müəyyən olunur ki, mediasiya xidməti ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mediatora iddia tələbində göstərilən 63 (altmış üç) manat məbləğində deyil, 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2583,23 manat məbləğində əsas borc, 439,94 manat məbləğində faiz borcu və 137,26 manat məbləğində cərimə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddianın "ödənilmiş 63 manat məbləğində mediasiya xərcinin tutulması" tələbi də qismən təmin olunaraq, cavabdehlərin ilkin mediasiya sessiyasında iştirak etməsi və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqının 30 (otuz) manat hissəsi tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 51,6 (əlli bir manat 60 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 2583,23 (iki min beş yüz səksən üç manat 23 qəpik) manat məbləğində əsas borc, 439,94 (dörd yüz otuz doqquz manat 94 qəpik) manat məbləğində faiz borcu, 137,26 (yüz otuz yeddi manat 26 qəpik) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 30 (otuz) manat hissəsi olmaqla, cəmi 3190,43 (üç min yüz doxsan manat 43 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 51,6 (əlli bir manat 60 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-863/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-863/2023
30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver