Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-864/2024 19.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı verilmiş “müqavilə üzrə borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 08 may 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “müqavilə üzrə borcun və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 12 iyul 2023-cü il tarixli müqavilə üzrə 20445,15 (iyirmi min dörd yüz qırx beş manat, on beş qəpik) manat məbləğində əsas borc, 1004 (min dörd) manat məbləğində faiz borcu, 6134,10 (altı min yüz otuz dörd manat, on qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 27583,25 (iyirmi yeddi min beş yüz səksən üç manat, iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin və 172,75 (yüz yetmiş iki manat, yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 12 iyul 2023-ci il tarixli müqaviləyə əsasən cavabdeh müqavilənin ayrılmaz tərkib hissəsi olan eynitarixli qiymətlərin razılaşdırılması protokolunda müəyyən edilmiş malları iddiaçının mülkiyyətinə verməyi və quraşdırma işlərini icra etməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləği ƏDV daxil olmaqla 29207,36 manat təşkil etmiş, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin hesabına 20445,15 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdeh sifariş verildiyi tarixdən 4 həftədən gec olmayaraq öhdəliyi icra etməli olsa da, 7 aya yaxın müddət keçməsinə baxmayaraq öhdəlik icra edilməmiş, eyni zamanda ödənilən vəsait geri qaytarılmamışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı məhkəməyə 18 iyul 2024-cü il tarixli RB-02/3109 nömrəli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə təqdim edərək 20445,15 (iyirmi min dörd yüz qırx beş manat, on beş qəpik) manat məbləğində borc, 992,73 (doqquz yüz doxsan iki manat, yetmiş üç qəpik) manat məbləğində faiz borcu və 5643,46 (beş min altı yüz qırx üç manat, qırx altı qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 27081,34 (iyirmi yeddi min səksən bir manat, otuz dörd qəpik) manat məbləğdə pul vəsaitinin və 172,75 (yüz yetmiş iki manat, yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi iddianı qəbul etdiyini qeyd edərək borcun ödənilməməsinin səbəbinin başqa şirkətlə əməkdaşlıq etmələri, həmin şirkətin malları onlara təhvil verməmələri və ödənilməli olan ödənişlərdən yayınmaqları olduğunu bildirdi və məhkəmədən borc məbləğinin hissə-hissə ödənilməsi üçün şərait yaradılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 iyul 2023-cü il tarixli xx.xx.2023/77 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, müqaviləyə görə icraçı (Cavabdeh MMC) sifarişçinin (İddiaçı ASC-nin) sifarişlərinə əsasən bu müqaviləyə hər sifarişə uyğun əlavə olunan və onun ayrılmaz hissəsi sayılan X1 müəyyən olunmuş xidmət və işlərin yerinə yetirilməsini və ya protokollarda qeyd olunan malları sifarişçinin mülkiyyətinə verməyi, sifarişçi isə xidmət və işləri və ya malları qəbul edib əvəzində müvafiq protokollarla müəyyənləşdirilmiş məbləği icraçıya ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə xidmət, işlərin və ya malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan X1 göstərilir. Həmin müqavilənin 5.1.1-ci yarımbəndinə əsasən, bu müqavilə ilə müəyyən olunmuş müddətdə və qaydada göstərilmiş işlərin keyfiyyətli və qüsursuz şəkildə aparılmasını, malların verilməsini icraçıdan tələb etmək sifarişçinin hüququdur. Həmin müqavilənin 5.4.2-ci və 5.4.3.-cü yarımbəndlərinə əsasən, bu müqaviləyə uyğun olaraq xidmət və işləri vaxtında və keyfiyyətlə, habelə yüksək peşəkarlıq səviyyəsində icra etmək, göstərilən xidmət və görülən işləri akt əsasında sifarişçiyə təhvil vermək icraçının vəzifəsidir. İş materiallarında olan 12 iyul 2023-cü il tarixli xx.xx.2023/77 nömrəli müqaviləyə 1 saylı əlavə olan 12 iyul 2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, cəmi dəyəri 29207,36 manat olan 2 ədəd “UPS 3S 40 kVA 400V 3:3 interval 7AH modular battery strings (full load 10 min) UPS Network Card” avadanlığın sifarişçiyə təhvil verilməsi və quraşdırılması barədə tərəflər arasında razılıq əldə edilmişdir. Həmin protokolun 3-cü bəndinə əsasən, sifarişçi icraçı tərəfindən ümumi sifariş məbləğinin əks olunduğu hesab-fakturanın və MAF sənədinin təqdim olunduğu tarixdən 5 bank günü ərzində müqavilə məbləğinin 70 % hissəsini avans şəklində icraçının bank hesabına köçürür. Müəyyən olunmuş xidmətlərin, işlərin və ya malların qalan 30 % məbləği xidmətlər, avadanlığın sifarişçiyə təhvil verildikdən və tərəflər arasında təhviltəslim aktı imzalandıqdan sonra 5 bank günü ərzində icraçının hesabına köçürülür. Həmin protokolun 4-cü bəndinə görə, icraçı tərəfindən müəyyən olunmuş xidmətlərin təhvil verilməsi şərtləri pozulduqda, icraçı sifarişçiyə müəyyən olunmuş xidmətlərin gecikdiyi hər bir gün üçün sifariş məbləğinin 0.1% həcmində cərimə ödəməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş 19 iyul 2023-cü il tarixli, 001 nömrəli hesab-fakturanın məzmunundan görünür ki, 12 iyul 2023-cü il tarixli, xx.xx.2023/77 nömrəli müqavilə üzrə cavabdehə ödənilməli məbləğ 29207,36 manat təşkil edir. İş materiallarında olan 31 iyul 2023-cü il tarixli MD310723-173 nömrəli ödəniş tapşırığına əsasən 17326,40 manat, onunla eynitarixli MD310723-311 nömrəli ödəniş tapşırığına əsasən isə 3118,75 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüşdür. İş materiallarında olan 03 iyul 2024-cü il tarixli RB-02/2822 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 20445,15 manat məbləğində borcu, 992,73 manat məbləğində faiz borcu vardır və 5643,46 manat məbləğində cərimə hesablanmışdır, ümumi borcu 27081,33 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş götməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1. maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitiniəsassızəldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı və podrat müqavilələrinin elementlərindən ibarət olan 12 iyul 2023-cü il tarixli xx.xx.2023/77 nömrəli müqavilə bağlanılmış və həmin müqaviləyə 1 saylı əlavə olan eynitarixli qiymətlərin razılaşdırılması protokolu imzalanmış, müqaviləyə və həmin protokola əsasən cavabdeh iddiaçının sifarişinə əsasən dəyəri 29207,36 manat təşkil edən 2 ədəd “UPS 3S 40 kVA 400V 3:3 interval 7AH modular battery strings (full load 10 min) UPS Network Card” avadanlığını sifarişçiyə təhvil verməyi və quraşdırmağı, iddiaçı isə hesab-fakturanın təqdim olunduğu tarixdən 5 bank günü ərzində müqavilə məbləğinin 70 % hissəsini avans şəklində icraçının bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi, yəni müqavilənin dəyərinin 70 faiz hissəsini - 20445,15 manat məbləğində pul vəsaitini avans şəklində cavabdehə ödəsə də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 20445,15 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 992,73 manat faiz borcunun tutulması hissəsi də əsaslıdır və təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. İddia tələbinin cavabdehdən 5643,46 manat məbləğində cərimənin tutulmasına aid hissəsinə gəldikdə, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı əlavə olan 12 iyul 2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolunun 4-cü bəndində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə belə nəticəyə gəlir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki, cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 5643,46 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb olunan cərimənin məbləği azaldılaraq cavabdehdən 1200 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa, iddia tələbinin 172,75 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsinə gəldikdə, iş materiallarında olan 03 aprel 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 173 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faiziməbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, hazırkı iddia ərizəsi ilə bağlı iddiaçı məhkəməyə müraciət edərkən 173 manat məbləğində dövlət rüsumu ödədiyindən iddia tələbinin 172,75 manat məbləğində məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına aid hissəsi də təmin edilməli, cavabdehdən 172,75 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 12 iyul 2023-cü il tarixli müqavilə üzrə 20445,15 manat məbləğində əsas borc, 1200 manat məbləğində cərimə, 992,73 manat məbləğində faiz borcu və 172,75 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 22810,63 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən 12 iyul 2023-cü il tarixli müqavilə üzrə 20445,15 (iyirmi min dörd yüz qırx beş manat, on beş qəpik) manat məbləğində borc, 1200 (min iki yüz) manat məbləğində cərimə, 992,73 (doqquz yüz doxsan iki manat, yetmiş üç qəpik) manat məbləğində faiz borcu və 172,75 (yüz yetmiş iki manat, yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 22810,63 (iyirmi iki min səkkiz yüz on manat, altmış üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-864/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-864/2024
19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver