Məhkəmə qərarları › İş №e-2-2(119)-864/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-864/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-864/2025 07.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 22848,34 (iyirmi iki min səkkiz yüz qırx səkkiz manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 1929,38 (min doqquz yüz iyirmi doqquz manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu, 452,25 (dörd yüz əlli iki manat iyirmi beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 25229,97 (iyirmi beş min iki yüz iyirmi doqquz manat doxsan yeddi qəpik) manat məbləğində borcun və 165,69 (yüz altmış beş manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2023-cü il tarixli 6300***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh1 xx.xx.2033-cü il tarixədək aylıq xidmət haqqı 30%-dən çox olmamaq şərti ilə 100000 (yüz min) manat məbləğində kredit limiti açılmışdır. xx.xx.2023-cü il tarixli 6300***-*******01L saylı əsas kredit limiti razılaşması çərçivəsində bağlanmış xx.xx.2023cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh1 illik 22 % faiz dərəcəsi ilə xx.xx.2025-ci il tarixədək qaytarmaq şərtilə 22000 manat kredit verilmişdir. xx.xx.2023-cü il tarixli 6300***-*******01L saylı əsas kredit limiti razılaşması çərçivəsində bağlanmış xx.xx.2024cü il tarixli razılaşmaya əsasən Cavabdeh1 illik 21 % faiz dərəcəsi ilə xx.xx.2026-cı il tarixədək qaytarmaq şərtilə 10000 manat kredit verilmişdir. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 6FİZAM196730501 nömrəli, Cavabdeh4 arasında xx.xx.2023-cü il tarixli 6FİZAM198425802 nömrəli, Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli 6FİZAM96729601 nömrəli zaminlik müqavilələri bağlanmış və onlar kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşlər. Kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2023-cü il tarixli razılaşma üzrə xx.xx.2025ci il tarixə banka olan borcunun məbləği əsas borc üzrə 14597,93 manat, faiz üzrə 1337,31 manat və cərimə üzrə 392,84 manat olmaqla, cəmi 16328,08 manat təşkil edir. xx.xx.2024-cü il tarixli razılaşma üzrə xx.xx.2025–ci il tarixə banka olan borcun məbləği əsas borc üzrə 8250,41 manat, faiz üzrə 592,07 manat və cərimə üzrə 59,41 manat olmaqla, cəmi 8901,89 manat təşkil edir. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, razılaşmalardan irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 15 may 2025-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, o, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin daimi və etibarlı müştərisi olmuşdur. Dəfələrlə iddiaçıdan kredit götürmüş və hər dəfəsində üzərinə götürdüyü öhdəliyə tam əməl etmişdir. Sonuncu dəfə krediti biznes məqsədilə götürsə də, biznesi ondan asılı olmayan səbəbdən iflas olduğu üçün gəlirindən məhrum olmuşdur. Bu səbəbdən götürdüyü krediti ödəməkdə çətinlikləri yaranmışdır. Cavabdeh iddiaçıdan biznesinin iflasa uğraması səbəbindən kredit müddətinin uzadılmasını xahiş etsə də, iddiaçı xahişi təmin etməmişdir. İddiaçının hesabına iflas olan günə qədər hər ay qrafik üzrə ödənişlər etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsində tələb etdiyi əsas borca hesablanmış 1929,38 manat faiz borcu və 452,25 manat cərimə həddən artıq şişirdilmişdir. Məhkəmədə qətnamə qəbul edilərkən biznesinin ondan asılı olmayan səbəbdən iflasa uğramasını, himayəsində 2 azyaşlı övladı olmasını və maddi vəziyyətinin aşağı olmasını nəzərə almasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 27 may 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas kredit limiti razılaşması çərçivəsində bağlanmış 19 oktyabr 2023-cü il tarixli razılaşma üzrə 14597,93 (on dörd min beş yüz doxsan yeddi manat doxsan üç qəpik) manat məbləğində əsas borc, 1337,31 (min üç yüz otuz yeddi manat otuz bir qəpik) manat məbləğində faiz borcu, 392,84 (üç yüz doxsan iki manat səksən dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 16328,08 (on altı min üç yüz iyirmi səkkiz manat səkkiz qəpik) manat məbləğində borcun və 13 may 2024-cü il tarixli razılaşma üzrə 8250,41 (səkkiz min iki yüz əlli manat qırx bir qəpik) manat məbləğində əsas borc, 592,07 (beş yüz doxsan iki manat yeddi qəpik) manat məbləğində faiz borcu, 59,41 (əlli doqquz manat qırx bir qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 8901,89 (səkkiz min doqquz yüz bir manat səksən doqquz qəpik) manat məbləğində borcun və 165,69 (yüz altmış beş manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 07 iyul 2025-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə təqdim edilərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kreditverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış 30 yanvar 2023-cü il tarixli 6300***-*******01L nömrəli əsas kredit limiti razılaşmasına əsasən kreditverən tərəfindən borcalana 120 ay müddətinə, 30 yanvar 2033-cü il tarixinədək 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan kreditverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış 30 yanvar 2023-cü il tarixli 6300***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan 19 oktyabr 2023-cü il tarixli kredit razılaşmasına əsasən kreditverən illik 22 faiz dərəcəsi ilə 20 oktyabr 2025-ci il tarixinədək 0 ay güzəşt olmaqla, 22000 (iyirmi iki min) manat məbləğində borc pul vəsaitini avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə boracalana verir. Həmin razılaşmanın 5-ci bəndinə əsasən güzəşt müddəti ərzində borcalan götürülmüş kreditə görə yalnız 6300***-*******0L saylı xx.xx.2023-cü il tarixli əsas kredit razılaşmasına əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə borcalan əsas borc, faiz və digər ödənişləri kreditverənə ödəyəcəkdir. Faiz ödənişləri aylıq ödəniş məbləğlərini özündə əks etdirən ödəniş cədvəlində qeyd edilmiş vaxtda və məbləğdə kreditverənə qaytarılmadıqda, borcalan hər gecikdirilən gün üçün 0 (sıfır) manat məbləğində cərimə ödəyəcəkdir. İş materiallarında olan 30 oktyabr 2023-cü il tarixli razılaşmaya əlavə olan ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 20 oktyabr 2025-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 28 fevral 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 30 yanvar 2023-cü il tarixli 6300***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan 19 oktyabr 2023-cü il tarixli kredit razılaşması üzrə 14597,93 (on dörd min beş yüz doxsan yeddi manat doxsan üç qəpik) manat əsas borc, 1337,31 (min üç yüz otuz yeddi manat otuz bir qəpik) manat kredit üzrə faiz borcu və 392,84 (üç yüz doxsan iki manat səksən dörd qəpik) manat cərimə olmaqla, cəmi 16328,08 (on altı min üç yüz iyirmi səkkiz manat səkkiz qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan kreditverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair 13 may 2024-cü il tarixli razılaşmaya əsasən kreditverən illik 21 faiz dərəcəsi ilə 24 ay müddətinə 10000 (on min) manat məbləğində borc pul vəsaitini avadanlıq alınması ve digər investisiya xərcləri məqsədilə boracalana verir. İş materiallarında olan 13 may 2024-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşmaya əlavə olan ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 13 may 2026-cı il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 28 fevral 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 13 may 2024-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşma üzrə 8250,41 (səkkiz min iki yüz əlli manat qırx bir qəpik) manat əsas borc, 592,07 (beş yüz doxsan iki manat yeddi qəpik) manat kredit üzrə faiz borcu və 59,41 (əlli doqquz manat qırx bir qəpik) manat cərimə olmaqla, cəmi 8901,89 (səkkiz min doqquz yüz bir manat səksən doqquz qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli 6FİZAM196729601 nömrəli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli 6FİZAM196730501 nömrəli və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 19 oktyabr 2023-cü il tarixli 6FİZAM198425802 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər borcalan Cavabdeh1 30 yanvar 2023-cü il tarixli 6300***-*******01L nömrəli kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərinin tamamının icrası üçün onunla birgə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 18 aprel 2025-ci il tarixdə pretenziya məktubu göndərilərək 19 oktyabr 2023cü il tarixli kredit razılaşması üzrə 28 fevral 2025-ci il tarixə banka 14597,93 manat məbləğində əsas borc, 1337,31 manat faiz borcu və 392,84 manat cərimə olmaqla, cəmi 16328,08 manat borcu, 13 may 2024-cü il tarixli kredit razılaşması üzrə 28 fevral 2025-ci il tarixə banka 8250,41 manat məbləğində əsas borc, 592,07 manat məbləğində faiz borcu, 59,41 manat məbləğində cərimə borcu olmaqla cəmi 8901,89 manat məbləğində borcu olduğu bildirilmiş, 3 gün müddətində banka olan borcun ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin o, 30 yanvar 2023-cü il tarixli 6300***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan 19 oktyabr 2023-cü il tarixli kredit razılaşması və 13 may 2024-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşma üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, həmin kredit razılaşmaları üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsi təmin edilmədiyindən 30 yanvar 2023-cü il tarixli 6300***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan 19 oktyabr 2023-cü il tarixli kredit razılaşması üzrə 14597,93 (on dörd min beş yüz doxsan yeddi manat doxsan üç qəpik) manat əsas borc, 1337,31 (min üç yüz otuz yeddi manat otuz bir qəpik) manat faiz borcu və 13 may 2024-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşma üzrə 8250,41 (səkkiz min iki yüz əlli manat qırx bir qəpik) manat əsas borc, 592,07 (beş yüz doxsan iki manat yeddi qəpik) manat faiz borcu iddiaçıya xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. - 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Göstərilən normaların məzmunundan da göründüyü kimi cərimə öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula və ya müqavilə ilə müəyyənləşdirilə bilər. Hazırkı halda iddiaçı kredit razılaşmaları üzrə öhdəliklərin pozulması ilə bağlı cavabdehlərdən müştərək qayadada cərimə tutulması tələbini irəli sürsə də, tərəflər arasında cərimə barədə yazılı razılaşmanın mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də qanun üzrə cərimənin tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 yanvar 2023-cü il tarixli 6300***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan 19 oktyabr 2023-cü il tarixli kredit razılaşmasının 5-ci bəndinə görə faiz ödənişləri aylıq ödəniş məbləğlərini özündə əks etdirən ödəniş cədvəlində qeyd edilmiş vaxtda və məbləğdə kreditverənə qaytarılmadıqda borcalan hər gecikdirilən gün üçün 0 (sıfır) manat məbləğində cərimə ödəyəcəkdir. Bundan başqa kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair 13 may 2024-cü il tarixli razılaşmada isə cərimə ödəniləcəyi barədə hər hansı qeyd göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia “30 yanvar 2023-cü il tarixli 6300***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan 19 oktyabr 2023-cü il tarixli kredit razılaşması üzrə 392,84 (üç yüz doxsan iki manat səksən dörd qəpik) manat məbləğində cərimənin və 13 may 2024-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşma üzrə 59,41 (əlli doqquz manat qırx bir qəpik) manat məbləğində cərimənin tutulması” hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 6FİZAM196729601 nömrəli, 31 oktyabr 2023-cü il tarixli 1FİZAM206765501 nömrəli və 19 oktyabr 2023-cü il tarixli 6FİZAM198425802 nömrəli nömrəli zaminlik müqavilələrinə əsasən müvafiq olaraq Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 borcalan Cavabdeh1 30 yanvar 2023-cü il tarixli 6300***-*******01L nömrəli kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərinin tamamının icrası üçün onunla birgə məsuliyyəti üzərinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddianın “165,69 (yüz altmış beş manat altmış doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış 164,33 (yüz altmış dörd manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 30 yanvar 2023cü il tarixli 6300***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan 19 oktyabr 2023-cü il tarixli kredit razılaşması üzrə 14597,93 (on dörd min beş yüz doxsan yeddi manat doxsan üç qəpik) manat məbləğində əsas borc, 1337,31 (min üç yüz otuz yeddi manat otuz bir qəpik) manat məbləğində faiz borcu və 13 may 2024-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşma üzrə 8250,41 (səkkiz min iki yüz əlli manat qırx bir qəpik) manat məbləğində əsas borc, 592,07 (beş yüz doxsan iki manat yeddi qəpik) manat məbləğində faiz borcu və 164,33 (yüz altmış dörd manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 24942,05 (iyirmi dörd min doqquz yüz qırx iki manat beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 30 yanvar 2023-cü il tarixli 6300***-*******01L nömrəli əsas kredit limiti razılaşmasının ayrılmaz tərkib hissəsi olan 19 oktyabr 2023-cü il tarixli kredit razılaşması üzrə 14597,93 (on dörd min beş yüz doxsan yeddi manat doxsan üç qəpik) manat məbləğində əsas borc, 1337,31 (min üç yüz otuz yeddi manat otuz bir qəpik) manat məbləğində faiz borcu və 13 may 2024-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşma üzrə 8250,41 (səkkiz min iki yüz əlli manat qırx bir qəpik) manat məbləğində əsas borc, 592,07 (beş yüz doxsan iki manat yeddi qəpik) manat məbləğində faiz borcu və 164,33 (yüz altmış dörd manat otuz üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 24942,05 (iyirmi dörd min doqquz yüz qırx iki manat beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar