Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-865/2021 22.06.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 şəxsində bağlanmış 13.03.2019-cu il tarixli BC-00023-17/19A saylı kredit xətti müqaviləsindən irəli gələn 26.05.2021-ci il tarixinə ödənilməmiş 4995,3 manat əsas borc, 1275,64 manat faiz məbləği və 1823,28 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 8094,22 manat borcun və iddia qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçı sadələşdirilmiş icraat qaydasında vermiş olduğu iddia tələbində cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada “4995,3 manat əsas borcun, 1275,64 manat faiz məbləğinin və 1823,28 manat dəbbə pulu borcunun” tutulmasını xahiş etməsinə baxmayaraq, cavabdehlərə qarşı yönəlmiş həmin iddia tələbinin əsaslandırıldığı hallar və tələbin əsaslığını təsdiq edən sənədlər iddia ərizəsində göstərilməmişdir. Yəni, iddia ərizəsində tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrinin müddətlərinin bitib-bitmədiyi, hansı məbləğdə kredit vəsaitinin borcalana hansı tarixdə verilməsi, borcalan tərəfindən müqavilə üzrə hansı məbləğdə ödəniş edilməsi, sonuncu dəfə hansı tarixdə ödəniş olunması, faiz və dəbbə pulu borcunun hansı tarixdən hansı tarixədək hesablanması, iddia ərizəsinə əlavə edilmiş “Pretenziya” məktubunda faiz məbləğinin 1052,26 manat miqdarında göstərildiyi halda, iddia tələbində “1275,64 manat” faiz borcunun tutulmasının xahiş olunması və bu fərqin səbəblərinin qeyd olunmaması və s. zəruri hallar göstərilməyərək, iddia tələbi müvafiq qaydada əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmin Məcəllənin tələblərinə görə kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir (maddə 284-3.1), ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar (maddə 284-3.2.3) və tələbin əsaslığını təsdiq edən sənədlər (maddə 284-3.2.4) göstərilir. Həmin Məcəllənin 284-4.1-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa (maddə 284-4.1.3) və yaxud, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa (maddə 284-4.1.4) - kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar verilmiş iddia ərizəsinin qəbul olunmasından imtina edilir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələblərinə görə ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması, iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 284-1 - 284-4-cü maddələrini rəhbər tutub, QƏRARA A L D İ: İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı verı̇ lmiş "borcun tutulması” tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinin qəbul edilməsindən imtina olunması - iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-865/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-865/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver