Məhkəmə qərarları › İş №e-2-2(119)-866/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-866/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-866/2021 10.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov X1 Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının qanuni təmsilçisi X2, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı icarə haqqı üzrə borcun tutulması tələbinə dair iddası üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3738 (üç min yeddi yüz otuz səkkiz) manat icarə haqqı borcunun və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyəti, Cəmiyyətə məxsus ofisin 5-ci mərtəbəsindən 200 m2 sahəni tədris mərkəzi kimi xidmət göstərməsi üçün 01.06.2019-cu il tarixli 05 saylı icarə müqaviləsinə əsasən Cavabdeh icarəsinə vermişdir. Lakin, cavabdeh həmin icarə müqaviləsinin şərtlərini kobudcasına pozaraq indiyə kimi aylıq icarə haqqı borcunu ödəməmişdir. Ona borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, hər dəfə şifahi və yazılı öhdəliklər götürmüş, lakin indiyədək borcunu ödəməmişdir. Cavabdeh 01.01.2020-ci il tarixli ərizəsi ilə onunla bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. 07.01.2020-ci il tarixli öhdəlikdən də görünür ki, Cavabdeh Cəmiyyətə olan 3738 manat borcunu hər ay 400 manat ödəyəcəyini öhdəsinə götürmüş, lakin indiyədək Cəmiyyətin kassasına heç bir ödəniş etməmişdir. Ötən müddət ərzində cavabdehə edilmiş xəbərdarlıqlardan heç bir müsbət nəticə əldə olunmamışdır. Ona görə də Cəmiyyət məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 3738 (üç min yeddi yüz otuz səkkiz) manat icarə haqqı borcunun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının qanuni təmsilçisinin izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. İş materiallarında olan tərəflər arasında bağlanılmış 01.06.2019-cu il tarixli, 05 saylı icarə müqaviləsindən görünür ki, icarəyəverən (İddiaçı Qapalı Səhmdar Cəmiyyəti) özünə məxsus ofisin 5-ci mərtəbəsində yerləşən 200 m2 sahəni tədris mərkəzi kimi xidmət göstərməsi üçün icarəyəgötürənə (Cavabdeh- VÖEN **********) icarəyə verir. Müqavilənin 2.1-ci bəndində aylıq icarə haqqı 1500 manat müəyyən edilmiş, icarəyəgötürən hər cari ayın 5-dək aylıq 1500 manat icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən icarə haqqının ödənilməsində gecikdirilmə 2 ayı keçərsə, müqaviləyə xitam verilir. Müqavilənin 4.1-ci bəndində müqavilənin imzalandığı gündən 1 il müddətinə qüvvədə olduğu və tərəflərdən hər hansı birinin razılığı ilə pozulmazsa, növbəti təqvim illəri üçün də öz hüquqi qüvvəsini saxladığı göstərilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş 01.01.2020-ci il tarixdə cavabdeh tərəfindən imzalanmış ərizədən müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-nin sədrinə müraciət edərək icarə müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən 07.01.2020-ci il tarixdə imzalanmış öhdəlikdən görünür ki, cavabdeh 3738 manat borcunu 2020-ci ilin fevral ayının 20-dən etibarən hər ayın 20-də 400 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 08.05.2020-ci və 14.06.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıqlar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.2.1ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İşin yuxarıda qeyd edilən hallarından və təqdim edilmiş sübutlardan görünür ki, Cavabdeh tərəflər arasında bağlanılmış 01.06.2019-cu il tarixli, 05 saylı icarə müqaviləsi üzrə İddiaçı QSC-yə 3738 manat icarə haqqı borcu yarnamışdır və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin borcu ödəməmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 3738 manat icarə haqqı borcu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 3738 manat icarə haqqı borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 3768 (üç min yeddi yüz altmış səkkiz manat) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar