Məhkəmə qərarları › İş №e-2-2(119)-870/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-870/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-870/2025 27.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1785 (min yeddi yüz səksən beş) manat məbləğində əsas borc, 200 (iki yüz) manat məbləğində dəbbə pulu və 39,85 (otuz doqquz manat, səksən beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2024,85 (iki min iyirmi dörd manat, səksən beş qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 05 dekabr 2024-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilə bağlanmış və bu müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh iddiaçıya 1785 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən, cavabdeh 05 oktyabr 2025-ci il tarixinə qədər borc məbləğini hissə hissə ödəmək şərti ilə 05 yanvar 2025-ci il tarixindən başlayaraq hər ay 178,5 manat məbləğində olmaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, lakin həmin vaxtdan bəri cavabdeh tərəfindən borc məbləği ilə bağlı hansısa ödəniş olunmamışdır. Cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödənişləri gecikdirdiyindən, müqavilənin 2.3cü bəndinə əsasən dəbbə pulu hesablanmışdır. Bununla əlaqədar həmin cavabdehə hazırkı mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhdlər edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia ərizəsinə dair kommersiya işinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildirişlər müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan iddiaçı '‘A+CO” ASC ilə Cavabdeh arasında bağlanmış 05 dekabr 2024-cü il tarixli AC-AMN/xx-xx-2024/ƏR nömrəli mövcud borcun etirafı haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, borclu (cavabdeh) tələbkara (iddiaçıya) 1785 manat məbləğində borcunun olduğunu etiraf edir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, borclu 1785 manat borc məbləğini 05 oktyabr 2025-ci il tarixinə qədər hissə-hissə 05 yanvar 2025-ci il tarixindən başlayaraq 10 ay müddətində hər ay 178,5 manat məbləğində olmaqla tələbkara ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, borclu hər gecikdirilən gün üçün gecikmə gününə görə qalıq borcun 0,2%-i həcmində dəbbə pulu ödəyəcəkdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, borclu borcunu 2 ay ardıcıl ödəmədikdə tələbkar ümumi məbləğin tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, hazırkı müqavilədən irəli gələn mübahisələr Azərbaycan Respublikasının Abşeron Rayon Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsində həll ediləcəkdir. İş materiallarında olan 05 dekabr 2024-cü il tarixli ərizənin məzmununda Cavabdeh iddiaçıya 1785 manat məbləğində borcunun olduğunu etiraf etmiş, həmin borcu ödəmək üçün ona şərait yaradılmasını xahiş etmiş və həmin ərizəni öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 05 dekabr 2024-cü il tarixli iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanmış borc məbləğinin müəyyən edilməsi haqqında aktdan görünür ki, Cavabdeh 05 dekabr 2024-cü il tarixinə '‘A+CO” ASC-yə olan borcunun məbləği 1785 manat təşkil edir. İş materiallarında olan 01 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh '‘A+CO” ASC-yə 1985 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 05 dekabr 2024-cü il tarixli AC-AMN/xx-xx-2024/ƏR nömrəli mövcud borcun etirafı haqqında müqavilə bağlanılmış, həmin müqavilədə cavabdeh iddiaçıya 1785 manat məbləğində borcunun mövcudluğunu etiraf edərək həmin borcu müəyyən dövriliklə hissə-hissə ödəyəcəyini öhdəsinə götürsə də, borc məbləği üzrə iddiaçıya heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 05 dekabr 2024-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilə üzrə 1785 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsi təmin edilməli, cavabdehdən 1785 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin 05 dekabr 2024-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilə üzrə cavabdehdən 200 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin həmin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (müqavilənin yuxarıda istinad edilən 2.3-cü bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm iddiaçının, həm də ki cavabdehin əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla, iddia tələbinin cavabdehdən 200 manat məbləğində cərimənin tutulmasına aid hissəsi qismən təmin olunmalı, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq 90 manat məbləğində cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə, iddia tələbinin 39,85 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 05 may 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 39,85 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 38,75 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 05 dekabr 2024-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilə üzrə 1785 manat məbləğində əsas borc, 90 manat məbləğində cərimə və 38,75 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1913,75 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 05 dekabr 2024-cü il tarixli mövcud borcun etirafı haqqında müqavilə üzrə 1785 (min yeddi yüz səksən beş) manat məbləğində əsas borc, 90 (doxsan) manat məbləğində cərimə və 38,75 (otuz səkkiz manat, yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1913,75 (min doqquz yüz on üç manat, yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar