Məhkəmə qərarları › İş №e-2-2(119)-873/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-873/2024

08.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-873/2024 08.08.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə1, Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı verilmiş “maddi zərərin və işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş maddi zərərin əvəzi olaraq 3483 (üç min dörd yüz səksən üç) manat məbləğində pul vəsaiti, işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində pul vəsaiti və 105 (yüz beş) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 8588 (səkkiz min beş yüz səksən səkkiz) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında inşa edilmiş binada stomatoloji xidmətlər göstərən iddiaçı kommunal ödənişlərin həyata keçirilməsi məqsədilə cavabdehdən müqavilə bağlanılmasını tələb etmiş, lakin cavabdeh əsassız olaraq ödənişlərin qızına məxsus bank kartına ödənilməsini tələb etmişdir. 29 yanvar 2024-cü il tarixdə isə Cavabdeh MTK-nın sahibi buna hər hansı səlahiyyəti və hüququ olmadan İddiaçı MMC-yə verilən elektrik enerjisini qanunsuz olaraq kəsərək iş rejiminin kobud şəkildə pozulmasına səbəb olmuşdur. Elektrik enerjisinin verilməsi bilavasitə onun satışını həyata keçirən "xxxx" ASC-nin Abşeron rayon enerji təchizatı və satışı idarəsi tərəfindən təmin edildiyindən iddiaçı bununla əlaqədar olaraq həmin idarəyə müraciət etmiş, oradan elektrik enerjisinin verilməsinin onlar tərəfindən kəsilmədiyi bildirilmişdir. Bundan sonra, iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Kommersiya Məhkəməsinin müvafiq qərardadına əsasən 06 fevral 2024-cü il tarixdə Abşeron Rayon İcra və Probasiya İdarəsinin əməkdaşlarının iştirakı ilə iddiaçıya elektrik enerjisinin verilməsi bərpa edilərək buna dair müvafiq akt tərtib edilmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 3483 manat məbləğində ziyan dəymişdir. Belə ki, ərizəyə əlavə edilmiş hesabat sənədlərindən göründüyü kimi, iddiaçının 8 ay ərzində, ümumilikdə 92759 manat məbləğində dövriyyəsi olmuşdur. Günlük məbləğlə hesablandıqda iddiaçının bir gün üçün dövriyyəsinin 387 manat təşkil etdiyi müəyyən olunur. Cavabdehin qanunsuz hərəkətlərinin 9 gün ərzində davam etməsini nəzərə alındıqda həmin günlər ərzində dəymiş ziyanın ümumi məbləği 3483 manat təşkil edir. Bununla yanaşı, illərdir ki, fəaliyyətdə olan iddiaçının davamlı olaraq elektrik enerjisindən məhrum edilməsi onun müştəriləri qarşısında öhdəliklərini və xidmət göstərmə imkanlarını şübhə altına almaqla işgüzar nüfuzuna da zərər vurmuş və həmin zərər də iddiaçı tərəfindən 5000 manat məbləğində dəyərləndirilir. Cavabdeh 03 iyul 2024-cü il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin elektron poçt ünvanına iddiaçıya qarşı “müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi barədə qarşılıqlı iddia ərizəsi göndərərək qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK tərəfindən göstərilən bütün xidmətləri özündə əks etdirən ikitərəfli müqavilə bağlanılması öhdəliyinin həmin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyul 2024-cü il tarixli e-2-2(119)-873/2024 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir. Qərardad qarşılıqlı iddia ərizəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələblərinə zidd, həmçinin həmin Məcəllənin 155.1-ci maddəsində göstərilən müddət ötürülməklə verilməsi ilə əsaslandırılmışdır. Məhkəmə baxış iclasında iddiaçının qanuni təmsilçisi iddia ərizəsini müdafiə edərək bildirdi ki, Cavabdeh MTK-nın sahibi 29 yanvar 2024-cü il tarixdən etibarən İddiaçı MMCyə gələn elektrik enerjisini qanunsuz olaraq kəsərək rəhbərlik etdiyi müəssisənin iş rejiminin kobud şəkildə pozulmasına və iddiaçıya maddi ziyan vurulmasına səbəb olmuşdur. O, elektrik enerjisi kəsildikdən sonra "xxxx" ASC-nin Abşeron rayon enerji təchizatı və satışı idarəsinə müraciət etmiş, oradan elektrik enerjisinin verilməsinin onlar tərəfindən dayandırılmadığı bildirilmişdir. Cavabdehdən elektrik enerjisinin verilişinin dayandırılmasının səbəbini soruşduqda MTK-nın sahibi kommunal xərclərin ödənilməməsini əsas gətirilmişdir. O, həmin xərclərlə bildirir ki, bu barədə müqavilə bağlanılması, elektron qaimə göndərilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciətlər etsə də, cavabdeh belə bir müqavilə bağlamaqdan və bu ödənişlərlə əlaqədar elektron qaiməfaktura göndərməkdən yayınmışdır. Elektrik enerjsinin verilişinin bərpası məqsədilə müvəqqəti təminat tədbirinin tətbiqi haqında ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və məhkəmənin 05 fevral 2024-cü il tarixli e-16(119)-12/2024 nömrəli qərardadı əsasında Abşeron Rayon İcra və Probasiya İdarəsinin əməkdaşları 06 fevral 2024-cü il tarixdə iddiaçının yerləşdiyi ünvana gələrək elektrik enerjisinin verilməsini bərpa etmişlər. Cavabdeh cari ilin iyul ayında elektrik enerjisini 6 gün müddətinə yenidən kəsmiş, həmin vaxt Türkiyə Respublikasında olduğundan təmsilçisi ilə əlaqə saxlamış, təmsilçisi ona cavabdehin binanın saxlanma xərcləri ilə bağlı aralarında müqavilə bağlanmadığı təqdirdə elektrik enerjisinin bərpa edilməyəcəyini bildirdiyi barədə məlumat vermişdir. O məcbur qalaraq Türkiyə Respublikasından qayıdan kimi cavabdehlə aralarındakı həmin müqaviləni imzalamış, həmin müqavilənin bəndlərində saxlama xərclərinə konkret olaraq nələrin aid edilməsi göstərilməmişdir. Əgər o, "xxxx" ASC ilə müqavilə bağlayaraq aylıq kommunal ödəniş edirsə, elektrik enerjisinə görə ayrıca ödəniş etməli olduğunun səbəbini anlaya bilmir. Həmin müqavilədə 2021-ci ildən hazırkı vaxtadək olan saxlama xərcləri ilə bağlı ödəniş qeyd edilmişdir. Artıq 3 il müddət keçmişdir və 3 il əvvəlki ödənişi tələb etmək qeyri-düzgün yanaşmadır. İddiaçının qanuni təmsilçisi, həmçinin göstərdi ki, cavabdeh tərəfindən iddiaçıya verilən elektrik enerjisinin kəsilməsi ona görə qanunsuzdur ki, iddiaçının "xxxx" ASC ilə ayrıca müqaviləsi mövcuddur, həmçinin müvafiq texniki şərt əldə etmiş və sərf etdiyi elektrik enerjisinin dəyərini "xxxx" ASC tərəfindən hər ay birbaşa olaraq iddiaçı təşkilatın adına ünvanlanan elektron qaimə-fakturalar və bildirişlər əsasında ödəməkdədir. İddiaçının qanuni təmsilçisi cavabdeh tərəfindən elektrik enerjisinin kəsilməsi ilə bağlı elan yerləşdirilməsi məsələsinə münasibətdə qeyd etdi ki, həmin elanı o və rəhbəri olduğu təşkilatın əməkdaşları görməmiş, elan yerləşdirilmiş olsa belə, iddiaçının yaşayış binasına girişi hamının daxil olduğu ümumi yerdən deyildir. Həmçinin belə bir elan olsa belə, elektrik enerjsinin kəsilməsi bütün binaya şamil olunmalıydı, lakin yalnız onun rəhbəri olduğu qeyri-yaşayış obyektinə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Bundan əlavə, yaşayış binasının komendantı elektrik enerjisinin verilməsinin dayandırılmasından 1 saat əvvəl zəng edərək bu barədə xəbərdarlıq etmiş, səbəbini soruşduqda isə müqavilə bağlanılmamasını əsas gətirmişdir. O özü binanın saxlanma xərcləri ilə bağlı ondan ödəniş tələb edildikdə, müəyyən məbləğlərdə pul vermiş, məhkəmə prosesi başlamamışdan əvvəl dəfələrlə yuxarıda qeyd etdiyi kimi, cavabdehə müqavilə bağlanılmasını özü təklif etmiş, lakin cavabdeh razılaşmamışdır. Tərəflər arasında müqavilə bağlanılmasını cavabdeh yalnız məhkəmə prosesi başladıqdan sonra təklif etmiş və həmin müqavilə bağlanılmışdır. İddiaçının qanuni nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı MMC kimi obyektlərdə elektrik gücü fərqli tənzimləndiyinə və transformatorları quraşdırmamışdan əvvəl hər obyektə lazım olan elektrik gücünü müəyyənləşdirmək zəruri olduğuna görə İddiaçı MMC-yə müraciət etmiş, onlar da 30 kilovatt elektrik gücü lazım olduğunu bildirmişdirlər. Əvvəllər sakinlərin özlərinin abonent kodları, sayğacları olmadığı üçün problemlər yaranmış, buna görə də MTK öz vəsaiti hesabına hər bir sakin üçün ayrıca abonent kodunun açılmasını və sayğac quraşdırılmasını təşkil etmiş və bununla əlaqədar "xxxx" ASC ilə müqavilə bağlanılmışdır. Binada işığın əsas təminatçısı MTK-dır, hər ay vaxtında "xxxx" ASC-yə ödənişləri həyata keçirilmişdir ki, elektrik enerjisinin verilməsi dayandırılmasın. 27 yanvar 2024-cü il tarixində binada texniki nasazlıqların aradan qaldırılması üçün mütəxəssislərin cəlb ediləcəyi və elektrik enerjisinin verilməsində fasilələr olacağı ilə bağlı elan hamının görə biləcəyi yerdə yerləşdirilmişdir, həmçinin bununla bağlı akt da tərtib edilmiş, akt tərtib edilərkən iddiaçıya zəng edilsə də, o, telefona cavab verməmişdir. Hətta o, həmin mütəxəssislərə işlərinə maneə olmamaq şərtilə qeyri-yaşayış binalarına elektrik enerjisinin fasilələrlə verilməsini, yaşayış binalarına isə elektrik enerjisinin verilməsinin dayandırılmamasını bildirmişdir. Həmçinin ümumi tikili üçün generator quraşdırılmışdır. Həmin tarixdə elektrik enerjisinin dayandırılması zamanı generator işə salınmışdır ki, su nasosları və lift işləsin, sakinlər əziyyət çəkməsinlər. 29 yanvar 2024-cü il tarixində özü İddiaçı MMC-də işıqların yandığını obyektin pəncərələrinə baxarkən görmüş, düşünmüşdür ki, yəqin generatordan istifadə olunur. Cavabdehin qanuni təmsilçisi, həmçinin bildirdi ki, elektrik enerjisinin binaya ötürülməsi üçün əsas təminatçı Cavabdeh MTK-dır, belə ki, elektrik enerjisinin ötürülməsi üçün lazımi qurğular MTK-nın vəsaiti hesabına quraşdırılmışdır. Məhz buna görə də iddiaçı binanın saxlanması ilə müəyyən xərclər ödəməlidir. 2024-cü ilin yanvar ayında elektrik enerjisinin kəsilməsi binada aparılan texniki işlərlə bağlı olsa da, cari ilin iyul ayında iddiaçıya verilən elektrik enerjisinin MTK tərəfindən kəsilməsinə iddiaçının binanın saxlama xərcləri ilə bağlı müqaviləni bağlamaması səbəb olmuşdur. Hazırda həmin müqavilə bağlanmışdır. Cavabdehin qanuni təmsilçisi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyun 2024-cü il tarixli 2-1(102)-1133/2024 nömrəli qərarına əsasən, iddiaçı Qanuni nümayəndə1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Cavabdeh) “qeyri-yaşayış sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddiaçı Qanuni nümayəndə1 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(105)-349/2023 nömrəli qərarı iddianın rədd edilən hissəsinə münasibətdə ləğv edilmiş, cavabdehin üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən, "xxxx" MTK tərəfindən inşa edilmiş binanın İİİ blokunun İİ mərtəbəsində yerləşən 172,03 kv.m qeyri-yaşayış sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. İş materiallarında İddiaçı MMC və "xxxx" ASC arasında bağlanmış 17 iyun 2021-ci il tarixli elektrik enerjisinin alqı-satqısı üzrə birtipli müqavilənin 7-ci hissəsinə əsasən, enerjitəchizatı müəssisəsi ("xxxx" ASC) bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti (İddiaçı MMC-ni) elektrik enerjisi ilə təchiz edir. Həmin müqavilənin 9-cu hissəsinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). İş materiallarında olan enerjitəchizatı müəssisəsi tərəfindən İddiaçı MMC-yə verilmiş Texniki şərtin məzmunundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən ünvanda iddiaçının adına sayğac quraşdırılmaqla ona **********84 nömrəli abonent kodu verilmişdir. Texniki şərtin məzmununa əsasən, obyektə elektrik enerjisinin verilməsi enerji təchizatı müəssisəsi tərəfindən təmin edilir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə yanaşı, İddiaçı MMC ilə "xxxx" ASC-nin Nəzarət ölçü cihazları idarəsi arasında da oxşarməzmunlu 17 iyun 2021-ci il tarixli S-674 nömrəli suyun alqı-satqısına dair müqavilə bağlamışdır. İş materiallarında olan 25 may 2021-ci il tarixli FJB**********384 nömrəli mədaxil orderinə əsasən iddiaçı tərəfindən "xxxx" ASC-yə 1802,4 manat, 25 may 2021-ci il tarixli FJB**********387 nömrəli mədaxil orderinə əsasən isə 15,4 manat məbləğində ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan 07 may 2024-cü il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən "xxxx" ASC-yə 178,53 manat məbləğində və 13 iyun 2024-cü il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən isə 124,63 manat məbləğində ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC-dən İddiaçı MMC-yə ünvanlanmış xəbərdarlıq bildirişindən görünür ki, cari ilin iyun ayında istehlak etdiyi elektrik enerjisinə görə borcunun məbləği 180,84 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə 180,44 manat dəyərində elektrik enerjisinin verilməsi ilə əlaqədar 08 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10569727 nömrəli, 124,63 manat dəyərində elektrik enerjisinin verilməsi ilə əlaqədar 07 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10374319 nömrəli elektron qaiməfakturalar təqdim edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus nəzarət kassa aparatından çıxarılmış 14 fevral 2024-cü il tarixli Z-hesabatdan görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığındakı dövr üzrə 44092,86 manat məbləğində, eynitarixli digər Z-hesabatdan görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığındakı dövr üzrə 48667,01 manat məbləğində dövriyyə olmuşdur. Qeyd edilən sonuncu hesabatdan görünür ki, 48667,01 manat məbləğində dövriyyədən cəmi 460 manatlıq məbləğ ləğv edilmişdir ki, belə olan halda həmin dövr üzrə ümumi dövriyyə 48207,01 manat təşkil edir (48667,01 - 460 = 48207,01). İş materiallarındakı ərizənin məzmunundan görünür ki, iddiaçı 29 yanvar 2024-cü il tarixdə "xxxx" ASC-yə müraciət edərək verilən elektrik enerjisinin həmin tarixdə saat 11:30 radələrində cavabdeh tərəfindən kəsildiyini bildirmişdir. İş materiallarında olan 06 fevral 2024-cü il tarixli aktın məzmununa əsasən müəyyən edilir ki, iddiaçının müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi əsasında Sumqayıt Kommersiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli e-16(119)-12/2024 nömrəli qərardadının icrası ilə əlaqədar Abşeron rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları Qəribağa Mirhəşimovun, Kənan Abdullayevin, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə1, cavabdehin nümayəndəsi İntizam Hüseynovun və hal şahidləri Aruz Osmanlı və Seyidrza Seyidovun iştirakları ilə iddiaçıya elektrik enerjisinin verilişi bərpa edilmiş və cavabdehə iddiaçıya elektrik enejisinin verilməsinə maneələr yaratması qadağan edilmişdir. İş materiallarında olan 11 iyul 2024-cü il tarixli aktın məzmununa əsasən müəyyən edilir ki, iddiaçının müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi əsasında Sumqayıt Kommersiya Məhkəməsinin 09 iyul 2024-cü il tarixli e-16(119)-63/2024 nömrəli qərardadının icrası ilə əlaqədar Qəribağa Mirhəşimovun, Ənvər Meymarovun, İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə1 cavabdehin nümayəndəsi Bəhruz Əliyevin və hal şahidləri Aruz Osmanlı və Evir Əliyevin iştirakları ilə iddiaçıya elektrik enerjisinin verilişi bərpa edilmiş və cavabdehə iddiaçıya elektrik enejisinin verilməsinə maneələr yaratması qadağan edilmişdir. İş materiallarında olan 27 yanvar 2024-cü il tarixli cavabdehə məxsus möhür vurulmuş elanın məzmunundan görünür ki, texniki nasazlıqların aradan qaldırılması ilə bağlı elektrik enerjisinin verilməsində yaranan fasilələrlə bağlı binanın sakinlərinə və qeyriyaşayış obyektlərinə məlumat verilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 27 yanvar 2024-cü il tarixli aktda binaya məxsus transformator yarımstansiyasında, paylayıcı elektrik şitlərində qısa qapanmaların, binaya su vuran nasoslarda texniki nasazlıqları aradan qaldırılması üçün mutəxəssislərin dəvət edilməsi və binanın texniki təsərrüfatına texniki baxışın həyata keçirilməsi ilə əlaqədar olaraq sakinlərə xəbərdarlıq olunması qeyd edilmişdir (həmin aktı "xxxx" MTK-nın idarəedicisi Ülviyyə Hüseynova, MTK-nın texniki Bəhruz Əliyev, MTK-nın gözətçisi İlqar Bayramov, binada mənzil mülkiyyətçiləri olan Əlyar İsayev və Humay Hüseynova imzalamışlar). İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 06 fevral 2024-cü il tarixli aktın məzmununda qeyd edilir ki, Qanuni nümayəndə1 elektrik enerjisinin verilməsində fasilələrin olması barədə müdiriyyətə etdiyi şikayətlə bağlı binanın ikinci mərtəbəsində stomotoloji xidmət göstərən Qanuni nümayəndə1 işlədiyi yer binanın həyət hissəsinə açıq olduğu üçün onun obyektində daim işıq mövcud olmuş, fasilələrlə verilmiş işıqdan və özünün generator qurğusundan istifadə edərək daim əhaliyə stomotoloji xidmət göstərmişdir. Başqaları kimi onun da obyektinin işığı tamamilə kəsilməmiş, fasilələrlə də olsa işıqdan istifadə etmişdir. Onun şikayətini əsassız sayaraq obyektində daim işıq yandığına görə böhtan xarakterli şikayətini əsassız bilib aktı imzalayırıq. Qanuni nümayəndə1 yaşayış yerini qeyri-yaşayış yerinə çevirərək istismara qəbul aktı, müvafiq icra qurumu tərəfindən heç bir qərar olmadan özü qanun pozuntusu olaraq həmin obyektdən təhlükəsizlik baxımından qeyri-qanuni istifadə edir. Digər tərəfdən Qanuni nümayəndə1 3 ildir idarəçilər tərəfindən ona göstərilən xidmət haqqını vermədiyi üçün böhtan yolunu tutmuşdur. Bütün bunları nəzərə alaraq göstərilən faktları Qanuni nümayəndə1 tərəfindən böhtan sayıb aktı imzalayırıq (həmin aktı "xxxx" MTK-nm idarəedicisi Ü.Hüseynova, MTK-nın texniki B.Əliyev, MTK-nın gözətçisi İlqar Bayramov, binada mənzil mülkiyyətçilsi G.Mustafayeva imzalamışlar). İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28 iyun 2024-cü il tarixli məktuba əsasən iddiaçıya kommunal xidmətlərə (yəni soyuq və isti su təminatı, kanalizasiya ve elektrik enerjisi təminatı, qaz təminatı, istilik təminatı və s. kommunal xidmətlərə görə) bina idareedicisi ilə 03 iyul 2024-cü il tarixinədək müqavilə bağlanılması, əks təqdirdə bütün xidmətlərin dayandırılacağı bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən; - enerjitəchizatı müəssisəsi xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxsdir, elektrik enerjisi istehlakçısı müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir; - abonent (əsas istehlakçı) elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır; - subabonent elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçıdır. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Həmin Qaydaların 1.4-cü bəndində göstərilmişdir ki, abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarının “Nəticə” hissəsinin birinci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Qərarının “Nəticə” hissəsinin dördüncü bəndində göstərilir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlara əsasən müəyyən edilir ki, İddiaçı MMC Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən və cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 24.03 kv.m olan qeyri-yaşayış sahəsində və həmin blokun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,03 kv.m qeyri-yaşayış sahəsində stomatoloji xidmətlər həyata keçirmiş, kommunal ödənişlərin və binanın saxlanma xərclərinin ödənilmədiyini əsas gətirən cavabdeh 29 yanvar 2024-cü il tarixində iddiaçıya elektrik enerjisinin verilməsini dayandırmış, Sumqayıt Kommersiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli e-16(119)- 12/2024 nömrəli qərardadı ilə müvəqqəti təminat tədbiri olaraq elektrik enerjisinin verilməsinin dayandırılması və elektrik enerjisinin verilməsinə maneələrin yaradılması cavabdehə qadağan edilmiş, həmin qərardadın icrasının təmin edilməsi ilə əlaqədar Abşeron rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarının iştirakı ilə 06 fevral 2024-cü il tarixində iddiaçıya verilən elektrik enerjisi bərpa edilmişdir. Bu göstərilənlərlə təsdiq edilir ki, 29 yanvar 2024-cü il tarixdən 06 fevral 2024-cü il tarixinədək (sonuncu gün də daxil olmaqla), yəni 9 gün ərzində cavabdehin hərəkətləri nəticəsində iddiaçıya verilən elektrik enerjisi kəsilmişdir (dayandırılmışdır). İşin mübahisəli halı cavabdehin iddiaçıya verilən elektrik enerjisini dayandırmasının qanuni olub-olmamasıdır. İş materiallarında olan iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 17 iyun 2021-ci il tarixli müqavilədən görünür ki, tərəflər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun elektrik enerjisinin alqı-satqısı üzrə birtipli müqavilə bağlanmışdır. Həmin müqavilənin 7-ci hissəsində bilavasitə qeyd edilir ki, enerjitəchizatı müəssisəsi ("xxxx" ASC) bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti (İddiaçı MMC-ni) elektrik enerjisi ilə təchiz edir. Müqavilənin 9-cu hissəsinə əsasən isə müəyyənləşir ki, elektrik enerjisinə görə hesablaşmalar yalnız tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalı nəzərə alınmaqla). Həmçinin iş materiallarındakı enerjitəchizatı müəssisəsi tərəfindən iddiaçıya verilmiş Texniki şərtin məzmunundan görünür ki, iddiaçının adına sayğac quraşdırılmaqla ona fərdi abonent kodu (**********84) verilmiş və texniki şərtdə qeyd edilmişdir ki, obyektə elektrik enerjisinin verilməsi enerji təchizatı müəssisəsi tərəfindən təmin edilir. Bundan əlavə, iş materiallarında olan ödəniş qəbzləri ilə, elektron qaimə-fakturalarla və xəbərdarlıq bildirişi ilə müəyyən edilir ki, iddiaçı elektrik enerjisini bilavasitə "xxxx" ASCdən satın almış və almaqdadır və sərfiyyatına müvafiq hesablanmış aylıq haqqı həmin təşkilata ödəyir. Şərh edilənlər onu göstərir ki, bu hüquq münasibətində “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq "xxxx" ASC enerjitəchizatı müəssisəsidir, iddiaçı isə elektrik qurğusu, yəni sayğacı enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan abonentdir (əsas istehlakçıdır). “Elektrik enerjisindən istifadə Qaydaları”nda subabonentə elektrik qurğuları abonentinin (əsas istehlakçının) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı kimi anlayış verilir. İddiaçı ilə enerjitəchizatı müəssisəsi arasında bağlanmış müqaviləylə, məzmununda iddiaçıya aid fərdi abonent kodunun göstərildiyi texniki şərtlə və hesablaşma sənədləri ilə müəyyən edilir ki, iddiaçı subabonent deyil, məhz abonentdir (əsas istehlakçıdır). Çünki o, elektrik enerjisini Cavabdeh MTK-dan və ya digər subyektdən deyil, məhz bilavasitə enerjitəchizatı müəssisəsi olan "xxxx" ASC-dən satın alır və enerjinin dəyərini də ona ödəyir, müqaviləyə əsasən ödəmə etmədiyinə görə də məhz həmin təşkilatın qarşısında məsuliyyət daşıyır. Bu göstərilənlər onu deməyə əsas verir ki, elektrik enerjisini satışı ilə bağlı iddiaçı ilə arasında hər hansı müqavilə və ya digər səpkidə münasibəti olmayan, ona elektrik enerjisi satmayan cavabdehin iddiaçıya elektrik enerjisinin verilməsini dayandırması tamamilə qanunsuzdur, yəni hüquqi əsası yoxdur və bu hərəkətləri nəticəsində o, iddiaçıya maddi zərər vurmuşdur. Elektrik enerjisinin verilməsinin dayandırılmasına dair cavabdehin əsas dəlilləri bunlar olmuşdur: 27 yanvar 2024-cü il tarixində binada texniki nasazlıqların aradan qaldırılması üçün mütəxəssislərin cəlb ediləcəyi və elektrik enerjisinin verilməsində fasilələr olacağı ilə bağlı elanın yerləşdirilməsi, bununla bağlı aktların tərtib edilməsi, o cümlədən elektrik enerjisinin ötürülməsi üçün lazımi qurğuların MTK-nın vəsaiti hesabına quraşdırılması. Məhkəmə elanla bağlı onu qeyd edir ki, həmin elanın özü məhkəməyə təqdim edilsə də, həmin elanın iddiaçının fəaliyyət göstərdiyi binaya həqiqətən yerləşdirilibyerləşdirilməməsi, yerləşdirildiyi halda, hamının, o cümlədən iddiaçının görə biləcəyi yerdə yerləşdirilməsi barədə məhkəməyə cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir. 27 yanvar 2024-cü il tarixli və 06 fevral 2024-cü il tarixli aktlar isə iddiaçı ilə birbaşa bağlı olsalar da, iddiaçı həmin aktların tərtibində iştirak etməmiş, həmin aktların məzmunları ilə tanış olub-olmaması barədə aktda hər hansı qeyd yoxdur, o cümlədən həmin aktlar tərtib edilərkən onun dəvət edilib-edilməməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə işin bu halları ilə bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə (“hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”) müvafiq olaraq qiymətləndirmə aparır və cavabdehin həmin elan və aktlarla bağlı dəlilini əsaslı hesab etmir. Cavabdeh, həmçinin qeyd etmişdir ki, elektrik enerjisinin ötürülməsi üçün lazımi qurğuların MTK-nın vəsaiti hesabına quraşdırılır və cavabdeh binanın saxlanma xərclərini ödənilməsindən yayınır. Məhkəmə hesab edir ki, bu dəlillər iddiaçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına, elektrik enerjisinin verilişinə maneə törədilməsinə qətiyyən əsas ola bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdehin nəzərdə tutduğu həmin xərclərlə bağlı bu xərclərin iddiaçıdan tutulması barədə iddiaçıya qarşı ayrıca iddia qaldırmaq hüququ vardır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının cavabdehin hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədə tələbi əsaslıdır. Dəymiş maddi zərərin miqdarı ilə bağlı məhkəmə aşağıdakıları müəyyən etdi: İş materiallarında olan iddiaçıya məxsus nəzarət kassa aparatından çıxarılmış Zhesabatdan görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığındakı dövr üzrə 44092,86 manat məbləğində, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığındakı dövr üzrə 48667,01 manat məbləğində dövriyyə olmuşdur. Qeyd edilən sonuncu hesabatın məzmununa əsasən 48667,01 manat məbləğində dövriyyədən cəmi 460 manatlıq məbləğ ləğv edilmişdir ki, belə olan halda həmin dövr üzrə ümumi dövriyyə 48207,01 manat təşkil edir (48667,01 - 460 = 48207,01). Deməli, 01 may 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək olan dövr ərzində ümumi dövriyyə 92299,87 (44092,86 + 48207,01 = 92299,87) manat təşkil edir. xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında olan dövr 123 gün, xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasında olan dövr 122 gün olmaqla, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək olan ümumi müddət 245 gündür. Dövriyyənin ümumi məbləğinin dövriyyə müddəti olan günlərin sayına nisbətini hesabladıqda, iddiaçının birgünlük dövriyyəsinin 376,73 manat olduğu müəyyənləşir (92299,87/245=376,73). Cavabdeh tərəfindən elektrik enerjisinin dayandırıldığı günlərin sayı 9 gündür (xx.xx.2024 - xx.xx.2024). Həmin günlərin sayı ilə birgünlük dövriyyə məbləğinin hasilini hesabladıqda isə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya 3390,57 manat zərər dəymişdir (9 x 376,73 = 3390,57). Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin maddi zərərin əvəzi olaraq 3483 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi qismən təmin edilməli, 3390,57 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iddia tələbinin iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə, məhkəmə hesab edir ki, iş materialları ilə iddianın həmin hissədə əsaslılığı sübut edilmir. Məhkəmə bu nəticəyə Mülki Məcəllənin işgüzar nüfuzun müdafiəsinə dair qaydaları nəzərdə tutan 23-cü maddəsində təsbit edilmiş müddəaların, həmçinin yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli və 24 aprel 2020-ci il tarixli Qərarlarında əks olunmuş hüquqi mövqelərin qarşılıqlı təhlili əsasında gəlir. Bundan əlavə, iddia tələbinin 105 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 19 fevral 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 105 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia qismən təmin edildiyindən və iddianın təmin olunan hissəsinə (3390,57 manat) mütənasib olaraq ödənilməli dövlət rüsumunun məbləği 53,9 manat təşkil etdiyindən Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 53,9 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 3390,57 manat məbləğində pul vəsaiti və 53,9 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3444,47 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehndən iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 3390,57 (üç min üç yüz doxsan manat, əlli yeddi qəpik) manat məbləğində pul vəsaiti və 53,9 (əlli üç manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3444,47 (üç min dörd yüz qırx dörd manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar