Məhkəmə qərarları › İş №e-2-2(119)-888/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-888/2021

06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-888/2021 06.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı "X6 X1" Publik hüquqi şəxsinin cavabdeh X3 qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh A.Quliyevdən “Bəhrəmtəpə-1” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 394.061,50 (üç yüz doxsan dörd min altmış bir, 50 qəpik) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən su hövzələrində yerləşən yataqlara baxış keçirilən zaman Araz çayının hövzəsində yerləşən “Bəhrəmtəpə-1” yatağında 24.09.2018-ci il tarixli 01083 nömrəli “Dağ-mədən ayırması” aktı (DMAA) ilə cavabdeh tərəfindən ona ayrılmış 15 ha yer təki sahəsindən kənarda 112589 m3 qumçınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. Karxana sahəsinə monitorinq zamanı istismar prosesini yer təki istifadəçisinə “Dağ-mədən ayırması Aktı” üzrə ayrılmış ərazidən kənarda apardığı, mərz nişanlarının mövcud olmadığı və istismar işlərinin ekskavatorun və texniki gəminin vasitəsi ilə aparıldığı müəyyən olundu. Bu göldən sahəsi 2.16 ha orta istismar dərinliyi 3.5 metr olmaqla 75 806 m3 hissəsi texniki gəmi ilə, digər quru ərazidən sahəsi 1.83 ha orta istismar dərinliyi 2 metr olmaqla 36 783 m3 hissəsi isə ekskavatorla hasilat aparılmışdır. 8 oktyabr 2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X4 23/20 nömrəli 23 dekabr 2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti 25.03.2021-ci il tarixədək dayandırılmışdır. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən yer təkindən istifadə hüququn dayandırılmasına əsas olan halların aradan qaldırılmadığından və dövlətə dəymiş maddi ziyan ödənilmədiyindən yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) X4 qərarı ilə ləğv edilmişdir. Qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq hesablanaraq 394061.5 manat (112589 m3 * 5 manat * 0.7 = 394061.5) məbləğdə ziyan müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya qarşı etiraz ərizəsi verərək bildirmişdir ki, məsələnin yenidən araşdırılması məqsədilə iddiaçıya müraciət edilmiş və cavabdehin istifadəsində olan sahədə yerin təki haqqında qanunvericiliyin tələblərinin və icazə şərtlərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə iddiaçının mütəxəssisləri tərəfindən onların iştirakları ilə birgə 03.09.2021-ci il tarixdə təkrar baxış keçirilmişdir. Aparılan təkrar araşdırma zamanı A.Quliyevin istifadəsində olan sahədə, torpaq sahəsinin planında qeyd olunan koordinatların xaricindən cəmi 696 m³ həcmində qum-çınqıl mineral xammal hasilatının aparıldığı müəyyən olunmuşdur. A.Quliyev ona ayrılmış sahədə fəaliyyət göstərərkən qanunvericiliyin tələblərinə tam riayyət etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin rədd edilmesi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə əvvəlki məhkəmə iclasılarında iştirak edən iddiaçının nümayəndələri S.Şirinov və Ə.Quliyev iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmişlər. 28.03.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Şirinov izahatında həqiqətən cavabdehin müraciəti əsasında iddiaçı Agentliyin mütəxəssisləri tərəfindən cavabdehin istifadəsində olan sahəyə təkrar baxış keçirilərək 03.09.2021-ci il tarixdə yeni akt tərtib olunduğunu, bununla əlaqədar iddia tələbinin qeyd edilən akta uyğun olaraq yenidən dəqiqləşdirilməsinə zərurət olduğunu bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının nümayəndələri iş üzrə sonuncu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil cavabdehin 696 3 m həcmində kənara çıxmaqla hasilat aparılmasının müəyyən olunduğunu bildirərək, yalnız 03.09.2021-ci il tarixli aktda göstərilən nəticə ilə razılaşdığını, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, A.Quliyevə İmişli rayonunda yerləşən “Bəhrəmtəpə- İ” qum-çınqıl yatağında 24.09.2018-ci il tarixli 01083 nömrəli “Dağ-mədən Ayırma” Aktı ilə 15 ha torpaq sahəsi 5 il müddətinə qum-çınqıl istehsalı məqsədi ilə ayrılmışdır. İş materiallarında olan 08.10.2020-ci il tarixli 63286 nömrəli akta əsasən A.Quliyevə məxsus əraziyə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, bu ərazi daxilində 3 ayrı 9321 m2, 1096 m2 və 959 m2 olmaqla ümumilikdə 11376 m2 olmaqla orta istismar dərinliyi 2.5 m olmaqla 28440 m3 hasilat aparılmışdır. Ərazidə sahəsi 21659 m2 olmaqla, orta istismar dərinliyi 3.5 m olmaqla, 75806 m3 hasilat aparılmaqla göl yaranmışdır. Qanunla müəyyən edilmiş sərhədlər xaricində orta istismar dərinliyi 1.5 m olmaqla 348 m2 və 5214 m2 olmaqla, 5562 m2 olmaqla 8343 m3 hasilat işləri aparılmışdır. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş 03.09.2021-ci il tarixli 000511 nömrəli akta əsasən isə A.Quliyev məxsus 15 ha torpaq sahəsində olan karxanaya monitorinq keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, 15 ha torpaq sahəsinin planında qeyd olunan koodinatların xaricində 1 sahə vardır. Həmin sahədən 348 m2 orta istismar dərinliyi 2 m olmaqla 696 m3 həcmində qum çınqıl mineral xammalı hasilatı aparılmışdır. 696 m3 qum-çınqıl mineral xammal sahəsinin torpaq sahəsinin planında qeyd olunan torpaq sahəsindən kənarında yerləşir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda və məhkəmə iclasında verdiyi izahatında cavabdehin ona ayrılmış sahədən kənarda cəmi 696 m3 həcmində qum çınqıl mineral xammalı hasilatı aparması barədə olunmuş 03.09.2021-ci il tarixli 000511 nömrəli aktda göstərilənlərlə razılaşdığını, cavabdehin həmin hasilatla əlaqədar dəymiş zərəri ödəməyə hazır olduğunu bildirmişdir. İddiaçının nümayəndələri isə cavabdehin 08.10.2020-ci il tarixli 63286 nömrəli aktda göstərilən, 112589 m3 mineral xammalı hasilatı aparmasını təsdiq edən hər-hansı əlavə mötəbər sübutları məhkəməyə təqdim etməmiş, əksinə nümayəndə S.Şirinov cavabdehin istifadəsində olan əraziyə yenidən baxış keçirilərək 03.09.2021-ci il tarixli 000511 nömrəli aktın tərtib edildiyini təsdiq etmişdir. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, yer təki sahəsi istifadəçisinə yerin təki sahəsindən faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. Yerin təki istifadəyə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin Qanunun 48-ci maddəsinə əsasən, vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını məhkəmə müəyyənləşdirir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh A.Quliyev ona ayrılmış 15 ha torpaq sahəsi xaricində müvafiq icazə sənədi olmadan 696 m3 həcmində hasilat işləri aparmışdır. Məhkəmə qeyd edir ki, “Yerin təki haqqında” Qanununun 48-ci maddəsində vurulmuş ziyanın miqdarının məhkəmə tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulsa da, hasilat nəticəsində vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.03.2020-ci il tarixli 119 nömrəli qərarla təsdiq edilmiş “ Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”ə əsasən müəyyən edilir və yuxarıda qeyd edilən 03.09.2021-ci il tarixli 000511 nömrəli akt əsasında vurulmuş maddi ziyanın məbləği 2436 manat (696 m3 x 5 manat x 0.7 =2436) təşkil edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh A.Quliyevdən “Bəhrəmtəpə-1” yatağında faydalı qazıntıların qanunsuz hasilat işləri nəticəsində 2436 (iki min dörd yüz otuz altı) manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın əvəzi tutularaq, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 29 manatı iddiaçıya aid edilməli, 1 manatı isə cavabdehdən tutularaq iddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X2 2436 (iki min dörd yüz otuz altı) manat məbləğində pul vəsaiti tutularaq Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilsin. İş üzrə iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 29 manatı iddiaçıya aid edilsin, 1 manatı isə cavabdeh X2 tutularaq iddiaçı "X6 X1" Publik hüquqi şəxsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar