Məhkəmə qərarları › İş №e-2-2(119)-889/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-889/2025

12.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-889/2025 12.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1, Cavabdeh1, onun və digər Cavabdeh2 nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və X2 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X8, X9, X10, İddiaçı3 Azər qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) verilmiş “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2007-ci ildən hazırkı vaxtadək iddiaçıların paylı mülkiyyətində olan əmlakdan qanunsuz olaraq istifadə etdiyinə görə hər ay 300 (üç yüz) manat məbləğində olmaqla 61200 (altmış bir min iki yüz) manat (204 ay x 300 = 61200), mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində olmaqla, cəmi 81200 (səksən bir min iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların vəfat etmiş atalarından miras qalmış ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyekti vardır. Həmin obyektin ümumi sahəsi 124,1 kv.m.-dir. Qeyri-yaşayış sahəsinin 48 kv.m. hissəsi və qalan 75,9 kv.m. sahənin 1/5 hissəsi paylı mülkiyyət hüququ əsasında Cavabdeh1, digər hissələri isə iddiaçılara aiddir. Lakin uzun müddətdir həmin obyektin 21.5 kv.m. hissəsi iddiaçılara məlum olmayan əsaslarla cavabdeh tərəfindən qanunusuz şəkildə fiziki cəhətdən ayrılaraq təcrid edilmiş və zəbt olunaraq istifadə edilir. Həmin sahə cavabdeh tərəfindən uzun illərdir ki, icarəyə verilərək qazanc əldə edilir. İlk növbədə qeyd edilməlidir ki, miras qoyan Cavabdeh2 10 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra cavabdeh həmin qeyri-yaşayış sahəsinin hüquq müəyyənedici sənədlərinin əslini özünə götürürək onları qaytarmaqdan imtina etmişdir. Həmçinin sahənin əsas hissələrini özünün mülkiyyətində olan 48.2 kv.m. hissəyə qataraq iddiaçıların həmin sahədən istifadəsini mümkünsüz etmişdir. Beləliklə, uzun illərdir ki, iddiaçıların paylı mülkiyyətində olan 75,9 kv.m. sahənin 21.5 kv.m. hissəsi faktiki olaraq iddiaçıların sahibliyindən çıxmışdır. Həmin 21.5 kv.m. sahə iddiaçılara məlum olmayan şəxs tərəfindən zəbt olunaraq, orada plastik qapı-pəncərə sexi yaradılmışdır. Dəfələrlə ora gedərək sexin çalışmasının hüquqi əsaslarını soruşsalar da, iddiaçılar fiziki təzyiqin göstəriləcəyi ilə hədələnmişdirlər. Cavabdehlə aparılan bütün danışıqlar müsbət nəticə verməmişdir. Bununla əlaqədar olaraq, iddiaçılar onlara məxsus olan sahənin zəbt olunması ilə bağlı şikayət ərizəsi ilə Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə müraciət etmişdirlər. Orada aparılmış araşdırma zamanı sözügedən qeyri-yaşayış sahəsində icarəçi qismində fəaliyyət göstərən fərdi sahibkar izahatda bildirmişdir ki, cavabdehlə bağladığı icarə müqaviləsinə əsasən uzun müddətdir ki, sahədən icarəçi kimi istifadə edir və buna görə də cavabdehə icarə haqqı ödəyir. Bütün bunlar nəticəsində paylar naturada bölünməmiş, əksinə cavabdeh əmlakın ona çatası payından artıq hissədə olan sahədən qanunsuz olaraq istifadə etməsi nəticəsində əsassız varlanmış və bu hal da iddiaçıların özlərinə çatası hüququnun pozulmasına gətirib çıxarmışdır. Nəticə olaraq iddiaçılar əldə edə biləcək qazanclarından məhrum olmuşdurlar. Həmçinin qeyd edilməlidir ki, iddiaçıların faktiki qanuni əsaslarla istifadə etdiyi qalan hissə, yəni təxmini 54 kv.m. olan sahə kafe kimi istifadə edilir. Əgər iddiaçılar özlərinə düşən pay hissəsindən istifadə edə bilsəydilər, həmin hissəni də səmərəli, onlara qazanc gətirə biləcək qaydada işlədə bilərdilər. Lakin cavabdehin qərəzli hərəkətlərə görə iddiaçılar vərəsə olaraq bu imkanlardan qanunsuz olaraq məhrum olmuşdurlar. Zəbt olunmuş sahənin iddiaçılara düşən hissəsi mülkiyyətlərindən qanunsuz olaraq çıxdığına görə cavabdeh tərəfindən müvafiq kompensasiya ödənilməlidir. Cavabdeh1 nümayəndəsi 20 iyun 2025-ci il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli e-2-2(113)-184/2025 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər X3, İddiaçı3, İddiaçı1, İddiaçı2, X6, X7 və İddiaçı3 Azər qızına qarşı payın naturada ayrılması tələbinə dair iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 124,1 kv.m. qeyri-yaşayış binasının 75,9 kv.m.-dən Cavabdeh1 payı texniki pasportda qeyd olunmuş 1 və 8 saylı tikililərə bitişik yerləşən 2 saylı tikilinin (21,5 kv.m) daxilində arakəsmə divar hörməklə (6 və 4 saylı tikilinin divarından 1,97 m2 məsafədən sonra) 2 saylı tikilidən 15,18 kv.m hissə ayrılıb 1 və 8 saylı tikililərə birləşdirilməklə naturada ayrılması qət edilmişdir. İş üzrə icra vərəqəsi çıxarılmış, 07 mart 2025-ci il tarixində isə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Hazırda iş icra prosedurundadır, bölünmə həyata keçirilməmişdir. Belə ki, iddiaçılar tərəfindən sözügedən mübahisəyə dair ekspert rəyi əlavə edilsə də, qətnamə və işin sonrakı prosedurları əlavə edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/6310 saylı ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən 124,1 m² qeyri-yaşayış binasının iddiaçı Cavabdeh1 məxsus 75.9 m²-dən 1/5 hissə və 48,2 m² hissəsinin (ümumilikdə 63,38 kv.m.) həmin binaya tənasübsüz zərər vurmadan naturada ayrılmasının tikinti-texniki cəhətdən mümkün olduğu və bunun üçün Cavabdeh1 faktiki istifadəsində olan texniki pasportda qeyd olunmuş 1 və 8 saylı tikililərə bitişik yerləşən 2 saylı tikilinin (21,5 kv.m) daxilində arakəsmə divar hörməklə (6 və 4 saylı tikilinin divarından 1,97 m məsafən sonra) 2 saylı tikilidən 15,18 kv.m hissə ayrılıb 1 və 8 saylı tikililərə birləşdirilməlidir. Ekspert rəyinə əsasən cavabdehin istifadə etdiyi hissənin zərərsiz şəkildə bölünərək ayrılması mümkün sayılmışdır. Cavabdehin istifadəsində olan sahədə (1 və 8 saylı tikililərə bitişik 2 saylı tikilidə) 15.18 m² sahə ayrılıb 1 və 8 saylı tikililərə birləşdirilməli, arakəsmə divar 1,97 metr məsafədən hörülməlidir. Bu faktlar göstərir ki, cavabdehin əmlakdan istifadəsi hüquqi əsaslara söykənir və özünə qanuni məxsus olan hissəyə dair faktiki sahibliyə malikdir, yəni hansısa “qanunsuz zəbt” faktı mövcud deyildir. Hazırkı iddia tələblərində bildirilmişdir ki, 21,5 kv.m sahə zəbt olunaraq icarəyə verilmişdir. Halbuki sahənin mülkiyyətçilər arasında bölünməsi ilə bağlı məhkəmə qətnaməsi hazırda icra mərhələsindədir və cavabdeh sadəcə olaraq faktiki özünün mülkiyyətində və sahibliyində olan sahədən istifadə etmişdir. Həmçinin iddiaçılar sözügedən sahənin cavabdeh tərəfindən faktiki zəbt edilməsinə dair faktı təsdiqləyən akt, bələdiyyə və dövlət orqanları tərəfində tərtib olunmuş texniki sənəd, ölçü aktı, hüquq-mühafizə orqanlarının cinayət araşdırması sənədlərini, eləcə də qanunsuz sahiblik faktını sübut edəcək sənədləri məhkəməyə təqdim etməmişdirlər. Digər tərəfdən cavabdeh mübahisəli sahə üzrə icarəçi ilə icarə müqaviləsi bağlamışdır. İddiaçılar bu müqavilənin varlığını və məzmununu bilmədiyi halda zəbt iddiası ilə məhkəməyə müraciət etmişdirlər. İcarə müqaviləsinin varlığı cavabdehin özünəməxsus olan sahəni qanuni əsasla nəzarət etdiyini təsdiqləyir. Digər tərəfdən iddiaçılar bu müqavilənin şərtlərini, icarə haqqını və ödəniş planını təqdim etməmişdirlər. İddiaçılar 17 il ərzində hər ay 300 manat olmaqla, ümumilikdə 61200 manat məbləğində maddi zərərin ödənilməsini tələb etsələr də, iddiaçıların bu tələblə bağlı ümumiyyətlə, subyektiv hüquqları yoxdur. Cavabdeh məhz özünə məxsus olan paydan və əmlakdan istifadə etmişdir. Digər tərəfdən sözügedən məbləğ subyektiv təxminlərə əsaslanır, hər hansısa qiymətləndirmə, ekspert rəyi, əmlak bazar araşdırması mövcud deyildir. Cavabdeh tərəfindən sahənin real istifadə dəyəri və şərtləri fərqlidir. Əgər cavabdeh həmin sahədən real olaraq icarə gəliri əldə edibsə belə, bu gəlir onun özünəməxsus paya düşən hissədən və ya şifahi razılaşmaya əsaslanan istifadədən irəli gəlmiş ola bilər. Həmçinin iddiaçılar 20000 manat məbləğində mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edirlər. Mövcud mülki qanunvericiliyə əsasən mənəvi zərər yalnız zərərin mövcudluğu və onun səbəbi sübuta yetirilmiş hallarda ödənilə bilər. İddiaçıların bu tələbləri də əsassız və subyektiv hüquqa söykənməyən tələbdir. Cavabdeh1 nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 21 iyun 2025-ci il tarixində keçirilən iclasında X1, X2, X4, İddiaçı3 Azər qızının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməsi qərara alınmışdır. İddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı2, İddiaçı3 nümayəndəsi İddiaçı1 12 avqust 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 10 noyabr 2008-ci il tarixdən hazırkı vaxtadək (iş üzrə qətnamə çıxarılana qədər) iddiaçıların paylı mülkiyyətində olan əmlakdan qanunsuz olaraq istifadə etdiyinə görə hər ay 300 (üç yüz) manat məbləğində olmaqla 61200 (altmış bir min iki yüz) manat (204 ay x 300 = 61200), mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti və 335 (üç yüz otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 81535 (səksən bir min beş yüz otuz beş) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı2, İddiaçı3 nümayəndəsi İddiaçı1 28 avqust 2025-ci il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçılara maddi və mənəvi ziyan vurulmasında təkcə hazırkı Cavabdeh1 iştirak etməmişdir. Çünki uzun illərdir ki, əmlakın bir hissəsi həm hazırkı cavabdeh, həm də onun oğlu Cavabdeh2 tərəfindən faktiki olaraq zəbt olunaraq həmin hissə öz əsas sahəsinə əlavə olunaraq tam qanunsuz olaraq istifadə edilmişdir. Yalnız bir müddət əvvəl Cavabdeh1 digər Cavabdeh2 onun adına olan pay hissəsini bağışlanma müqaviləsi əsasında adına rəsmiləşdirmişdir. Belə olduğu halda faktiki olaraq Cavabdeh1 tərəfindən istifadə olunsa da, sənəd əsasında pay hüququ digər Cavabdeh2 məxsudur. Bundan başqa, 2008-ci ilin noyabr ayından 2009-cu ilin may ayına qədər (may ayı daxil) miras qalmış əmlakı qanunsuz istifadə edərək, oradan daxil olan aylıq 600 manat məbləğində icarə haqqını Cavabdeh1 özünə götürmüş və ümumlikdə 7 ay ərzində 4200 manat məbləğində pul vəsaitini mənimsəmişdir. Daha sonra 2011-ci ilin 9 avqust tarixindən qaz və işıq xətlərini kəsdirmiş və iddiaçılara aid olan sahə qaz və işıqsız qalmışdır. Bütün bunlar yalnız Cavabdeh1 tərəfindən edilmişdir. Uzun illərdir ki, elektrik enerjisinin və qazın olmaması səbəbindən qeyri-yaşayış obyekti fəaliyyət göstərə bilməmişdir. Nəticədə iddiaçılara xeyli məbləğdə maddi ziyan vurulmuşdur. Yalnız böyük çətinliklə 2014-cü ilin noyabr ayında elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Buna da xeyli məbləğdə vaxt və pul sərf olunmuşdur. Qaz təchizatı isə bu günə qədər bərpa edilməmişdir. Buna səbəb isə xeyli məbləğdə pul vəsaitinin tələb olunmasıdır. 35 ay ərzində obyekt fəaliyyət göstərməmişdir. İşığın bərpası xərcləri 3240 manat təşkil etmişdir. Daha sonra atalarının ölümündən sonra onun VÖEN-ü əsasında obyektdə fəaliyyət göstərilmiş və cavabdeh tərəfindən kassa aparatı dayandırılmamışdır. Bununla əlaqədar olaraq vergi orqanından iddiaçılara vergi hesabatı tərtib edilməsi öhdəliyi qoyulmuş və iddiaçılar tərəfindən 324 manat məbləğində pul ödənilmişdir. Sənədlərin və texniki pasportun bərpasına və 2009-2010-cu illərdə məhkəmədə aparılan vərəsəlik işləri üzrə vəkilə (nümayəndəyə) 1700 manat məbləğində pul vəsaiti sərf edilmişdir. İddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı2, İddiaçı3 nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən 10 noyabr 2008-ci il tarixdən iddiaçıların paylı mülkiyyətində olan əmlakdan qanunsuz olaraq istifadə etdiklərinə görə hər ay 300 (üç yüz) manat məbləğində olmaqla 61200 (altmış bir min iki yüz) manat (204 ay x 300 = 61200), mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti, mütəxəssis təqdiqatı ilə bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının, əlavə çəkilən xərclər kimi 30464 (otuz min dörd yüz altmış dörd) manat məbləğində pul vəsaitinin, 335 (üç yüz otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 81535 (səksən bir min beş yüz otuz beş) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı2, İddiaçı3 nümayəndəsi eyni tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh2 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin 28 avqust 2025-ci il tarixdə keçirilmiş iclasında həmin ərizə təmin edilərək Cavabdeh2 cavabdeh qismində cəlb edilmişdir. İddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı2, İddiaçı3 nümayəndəsi İddiaçı1 15 sentyabr 2025-ci il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən 10 noyabr 2008-ci il tarixdən iddiaçıların paylı mülkiyyətində olan əmlakdan qanunsuz olaraq istifadə etdiklərinə görə hər ay 300 (üç yüz) manat məbləğində olmaqla 61200 (altmış bir min iki yüz) manat (204 ay x 300 = 61200), mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti, mütəxəssis təqdiqatı ilə bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının, əlavə çəkilən xərclər kimi 30464 (otuz min dörd yüz altmış dörd) manat məbləğində pul vəsaitinin, 403 (dörd yüz üç) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 112367 (yüz on iki min üç yüz altmış yeddi) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi 15 sentyabr 2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, əlavə xərclər kimi göstərilmiş 30464 manat məbləğin necə hesablanması məlum deyildir. İş üzrə iddiaçılar tərəfindən verilmiş iddia ərizəsi ilə yanaşı, iddiaçı qismində çıxış edən İddiaçı1 tərəfindən verilmiş dəqiqləşmə ərizəsi də tamamilə əsassızdır və irəli sürülmüş halları təsdiq edən hansısa mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı Cavabdeh1 7 ay ərzində ümumilikdə 4200 manat məbləğində pul vəsaitini mənimsədiyini qeyd etsə də, bu halın baş verdiyini təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Cavabdeh1 və Cavabdeh2 digər payçılara əmlakdan istifadəni qadağan etməsi və ya əngəl törətməsi ilə bağlı hansısa sənəd əlavə edilməmişdir. Cavabdeh1 hazırda öz payına mülkiyyət hüququnu rəsmiləşdirir və bu barədə sənədlər məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, paylı mülkiyyətdə olan əmlaklara ayrıca qaz və işıq sayğaclarının quraşdırılması mümkün deyildir. Belə ki, paylı mülkiyyətdə olan əmlaka yalnız bir ümumi sayğac quraşdırılır. Yalnız paylı mülkiyyətin bölünməsi, yəni mülkiyyət paylarının ayrıca rəsmiləşdirilməsi və çıxarışların əldə edilməsi mümkün olduqdan sonra hər payçı öz adına ayrıca abunə müqaviləsi bağlaya və ayrı-ayrı qaz və işıq xətləri çəkdirə bilər. Bu proses həm maliyyə baxımından xeyli vəsait tələb edir, həm də inzibati icazə və texniki şərtlər əsasında həyata keçirilir. Cavabdeh öz hesabına, öz texniki və maliyyə resursları ilə öz payına qaz xətti çəkdirmiş, ayrıca sayğac quraşdırmış və abunə müqaviləsi bağlamışdır. Bu məsələ ilə bağlı aidiyyəti sənədlər, müqavilələr və aktlar məhkəməyə təqdim edilmişdir. İddiaçılara məxsus payda qaz xətləri yoxdur və iddiaçılar hazırda qaz balonundan istifadə edir (fotoşəkillər əlavə edilmişdir). Məlumdur ki, iddiaçının qaz və işıqdan istifadə edə bilməməsi, müvafiq xidmətlərin olmaması cavabdehin fəaliyyəti ilə bağlı deyil, əksinə, öz payı üzrə texniki təchizat yaratmaması ilə bağlıdır. İşıq idarəsindən əldə edilən məlumata əsasən iddiaçılar özlərinə məxsus payda 16 dekabr 2010-cı il tarixində 15 il bundan əvvəl sayğac quraşdırmışdır və bu xərclərin cavabdehə hansısa aidiyyəti yoxdur. Cavabdeh özünəməxsus paya öz maddi sərfiyyatı ilə qaz çəkmişdir. Qanunvericiliyə görə, qeyriyaşayış obyektlərində qaz balonundan istifadə etmək qadağandır. Qazın olmaması texniki səbəblərlə bağlıdır - paylı mülkiyyətdə olan əmlakda bölünmə aparılmamış və ayrıca xətt çəkilməmişdir. Bu isə cavabdehin deyil, əmlakın bölünməməsinin nəticəsidir. Hər kəs öz qaz xəttini öz vəsaiti ilə çəkməlidir. Cavabdeh1 da məhz bunu etmiş, öz hissəsinə qaz çəkdirmişdir. Belə olduğu təqdirdə paylı mülkiyyətdə olan əmlakın bölünməməsi, texniki sənədlərin alınmaması və şəxsi vəsait ayrılmaması səbəbilə bu xidmətlərin istifadə olunmaması cavabdehin hüquqi məsuliyyəti daxilində deyildir. Sözügedən məlumatlar, texniki normalar və tətbiq qaydaları “Azəriqaz” İB, "xxxx" ASC və "xxxx" ASC kimi aidiyyəti qurumlardan rəsmi qaydada təsdiqlənə bilərdi. Lakin iddiaçılar cavabdeh tərəfindən işıq və qaz xətlərinin qanunsuz kəsilməsi ilə bağlı idarələrə müraciət etməmiş, aidiyyəti idarələr tərəfindən bununla bağlı hər hansısa akt və digər müvafiq tədbirlərə dair hansısa sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən iddiaçının irəli sürdüyü 30464 manatlıq "əlavə xərclər", vergi hesabatı ilə bağlı 324 manat, hüquqi yardımla bağlı 1700 manat, mütəxəssis rəyinin əldə edilməsi ilə bağlı 300 manat, işığın bərpası üçün 3240 manat məbləğinin heç biri mötəbər sübut və sənədlərlə öz əksini tapmır. Həmçinin iddiaçı aylıq 600 manat icarə gəlirindən məhrum olması ilə bağlı məsələni də təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçıların sonradan Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi ilə bağlı tələbi də əsaslandırılmamışdır. Cavabdeh2 tərəfindən hansı qanunsuz hərəkətlərin edildiyi və həmin ziyanın vurulmasını təsdiq edən hansısa sübut da məhkəməyə təqdim edilməmişdir. Bunlardan əlavə, cavabdehlərin hər hansı qəsd və ya ehtiyatsızlıq formasında davranışı sübuta yetirilməmişdir. İddiaçıların hansı formada mənəvi sarsıntı keçirdiyi barədə sübut təqdim olunmamışdır. 20000 manat məbləğində tələb olunan kompensasiya həm iqtisadi cəhətdən gerçəkliyə, həm də hüquqi cəhətdən əsaslandınlmış ağlabatan məbləğə uyğun deyildir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı2, İddiaçı3 nümayəndəsi İddiaçı1 12 noyabr 2025-ci il tarixdə məhkəməyə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə müraciət edərək məhkəmədən 10 noyabr 2008-ci il tarixdən iddiaçıların paylı mülkiyyətində olan əmlakdan qanunsuz olaraq istifadə etdiklərinə görə hər ay 300 (üç yüz) manat məbləğində olmaqla 61200 (altmış bir min iki yüz) manat (204 ay x 300 = 61200), mənəvi ziyana görə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti, mütəxəssis təqdiqatı ilə bağlı ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının, əlavə çəkilən xərclər kimi 30464 (otuz min dörd yüz altmış dörd) manat məbləğində pul vəsaitinin, 403 (dörd yüz üç) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 112367 (yüz on iki min üç yüz altmış yeddi) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıların xeyrinə tutulması, Cavabdeh1 tərəfindən obyektdə qaz xəttinin kəsdirilməsi səbəbindən yenidən qaz xəttinin bərpası üçün tələb olunacaq bütün xərclərin çəkilməsi öhdəliyinin onun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin cari tarixdə keçirilən iclasında Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən həmin ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə iclaslarında iddiaçı, eyni zamanda digər iddiaçılar İddiaçı2, İddiaçı3 nümayəndəsi İddiaçı1 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrin məzmunlarına uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, atası vəfat etdikdən sonra 2016-cı ilə qədər Cavabdeh1 21.5 kv.m. sahəni qanunsuz olaraq istifadə etmişdir. Obyektin ümumi sahəsi 124,1 kv.m. olmuş, 75.9 kv.m. atasının, 48.2 kv.m. isə Cavabdeh1 mülkiyyətinə verilmişdir. Sonradan cavabdeh 75.9 kv.m. sahədən oğlu və digər cavabdeh olan Cavabdeh2 üçün də əlavə pay almaq üçün iddia qaldırmışdır. 2016-cı ildə məhkəmə icraatı zamanı cavabdeh 75.9 kv.m. sahədən oğlu üçün vərəsəlik qaydasında pay tələb etmiş və müvafiq pay ayrılmışdır. 35 ay, yəni 2011-ci ilin avqust ayından 2014-cü ilin avqust ayına qədər obyekt fəaliyyət göstərməmişdir. Buna baxmayaraq, 2014-cü ilin avqust ayında akt tərtib edilmiş, elektrik enerjisinin verilməsi 2014-cü ilin dekabr ayında bərpa edilmişdir. Eyni zamanda son 3-4 ildir ki, obyektin 21,5 kv.m. hissəsi Cavabdeh1 tərəfindən icarəyə verilmişdir. Cavabdehin nümayəndəsi 2016-cı il tarixində baş tutan məhkəmə prosesində müvafiq hissənin aylıq 700 manat məbləğində icarə haqqı olmaqla icarəyə verildiyini və əldə edilən icarə haqqının atası ilə birlikdə faktiki nikah münasibətlərindən doğulmuş oğlunun İngiltərədə təhsil almasına xərcləndiyini bildirmişdir. İddia ərizəsində qeyd edilən icarə haqqı məbləği 6,32 m2 qeyri-yaşayış sahəsinə münasibətdə hesablanmışdır. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə əlavə çəkilmiş xərclərlə bağlı 30464 manat məbləğində pul tələb edilir. Belə ki, iddiaçılara məxsus obyekt 35 ay fəaliyyət göstərmədiyindən icarə haqqı əldə edilməmişdir. Eyni zamanda atası vəfat etdikdən sonra 7 ay obyektdən istifadə edə bilməmişdir. Həmin vaxt obyekt 600 manat məbləğinə icarəyə verilirdi. Digər tərəfdən ödənilməmiş vergi borcları, verilməmiş hesabatlar mövcud idi. Eyni zamanda kassa aparatı atasının adına idi, cavabdeh müvafiq sənədləri iddiaçılara təqdim etmədiyindən onlar kassa aparatının bağlatdırılmasına nail ola bilməmişdirlər. 324 manat məbləğində hesabat borclarının ödənilməsi barədə qəbzlər olsa da, bir müddət sonra həmin qəbzlərin üzərindəki yazılar silinmişdir. Bundan əlavə, 3240 manat məbləğində elektrik enerjisinin bərpası ilə bağlı ödəniş edilmişdir. İddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı1 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, həmin obyektə işləməyə gəldiyi zaman obyektin ümumi ölçüsü 48 m2 olmuşdur. O, 40 il həmin obyektdə işləyərək sahəsini genişləndirmişdir. Digər tərəfdən iddiaçı tərəf oğlunun təhsili üçün hər hansı vəsait verməmişdir. Qaz xəttinin kəsildiyi qeyd edilsə də, həmin qaz xətti məhz iddiaçının hərəkətləri nəticəsində ayrılmışdır. Belə ki, o, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən idarəyə dəvət olunmuş və ona iddiaçının şikayət etdiyi və ən optimal variantın iddiaçı tərəfə məxsus obyektin hissəsi ilə ona məxsus hissənin qaz xətlərinin ayrılması olduğu bildirilmişdir. O da həmin təkliflə razılaşmışdır. Məhkəmə iclaslarında Cavabdeh1, onun və digər Cavabdeh2 nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrin məzmunlarına uyğun izahatlar verərək, həmçinin bildirmişdir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyi ilə iddia tələbi arasında uyğunsuzluq mövcuddur. Belə ki, mütəxəssis rəyində qeyri-yaşayış sahəsinin ölçüsü 6,75 m2 olaraq qeyd edilmiş və icarə haqqı 180 manat məbləğində müəyyən edilmişdir. İddia tələbindəki aylıq 300 manat məbləğinin tələb edilməsində iddiaçıların hansı sənədə istinad etdiyi məlum deyildir. Cavabdeh1 Bakı Kommersiya Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli e-2-2(113)-184/2025 nömrəli qətnaməsi ilə müəyyən edilmiş bölgüyə əsasən çıxarışları əldə edə bilməmişdir. Yəni həmin qətnamə hələ icra edilməmişdir. Bu qətnamə qəbul edilməmişdən əvvəl cavabdehlərin bu bölgü ilə bağlı məlumatı ola bilməzdi. Ümumiyyətlə, bu qətnaməyə əsasən iddiaçılara aid edilən hissə ilə cavabdehə aid edilən hissəni ayıran əsaslı divar mövcud deyildir. Məhkəmə iclaslarında Cavabdeh1, onun və digər Cavabdeh2 nümayəndəsi iddia ərizəsinə etirazların məzmununa uyğun yazılı çıxış təqdim edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və X2 nümayəndəsi izahatında bildirdi ki, 2023-cü ilə qədər Cavabdeh1 iddiaçılara məxsus hissə də daxil olmaqla öz payından əlavə 21,5 m2 hissəyə qanunsuz sahiblik etmişdir. Naturada bölgü aparılmasa da cavabdeh həmin hissənin ölçüləri barədə məlumatlı olmuşdur, çünki həmin hissəni icarəyə vermişdir, halbuki həmin hissənin 1/5-nin ona məxsus olmasını bilməli idi. Bölgünün aparılmaması cavabdehin həmin hissəyə bütövlükdə sahiblik etməsi və bundan gəlir götürməsinə haqq qazandırmır. Müvafiq sorğuya cavab olaraq təqdim edilmiş 02 oktyabr 2025-ci il tarixli məktuba əsasən, 2023-cü ilə qədər digər Cavabdeh2 tərəfindən Cavabdeh1 etibarnamə verilməmişdir. Halbuki 2008ci ildə də Cavabdeh2 yetkinlik yaşına çatmış şəxs idi. Eyni zamanda İddiaçı1 tərəfindən Cavabdeh2 İngiltərədə təhsil alması ilə əlaqədar 20000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. Lakin hazırkı vaxtda da həmin məbləğ geri qaytarılmamışdır. Mütəxəssis rəyi məhkəmə üçün məcburi deyildir. Eyni zamanda həmin məbləğ mütəxəssis tərəfindən nəzəri olaraq qeyd edilmişdir, çünki həmin vaxt obyektin vəziyyəti barədə mütəxəssisin məlumatı olmamışdır. Müstəqil tələb irəli sürülməsə də, iddia təmin ediləcəyi təqdirdə hüquqlarını müdafiə etdiyi şəxslərin hüquq və mənafeləri qorunacaqdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X1 və X2 nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri, iddia ərizəsinə etirazları və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materialları: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********35-06301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 124.1 kv.m. sahənin 75,9 kv.m.-nin 1/5 hissəsi İddiaçı3, 75,9 kv.m.-nin 1/5 hissəsi İddiaçı1, 75,9 kv.m.-nin 1/5 hissəsi İddiaçı2, 75,9 kv.m.-nin 1/5 hissəsi və 48,2 kv.m sahə Cavabdeh1, 75,9 kv.m.-nin 1/20 hissəsi X2, 75,9 kv.m.-nin 1/20 hissəsi X4, 75,9 kv.m.-nin 1/20 hissəsi İddiaçı3 Azər qızının və 75,9 kv.m.-nin 1/20 hissəsi X1 paylı mülkiyyətindədir. İş materiallarına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin tərtib edilmə tarixi 03 mart 2010-cu il, inventar nömrəsi 11/255 olan, **********35-06301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun notarial qaydada təsdiq edilmiş surəti əlavə edilmişdir. Texniki pasportun məzmununda binanın yerləşdiyi torpaq sahəsinin və sözügedən qeyri-yaşayış sahəsinin (bina hissəsinin) planı vardır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2016-cı il tarixli qənaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1 və X11 Cavabdeh1 Nəzir qızına qarşı paylı mülkiyyətdə olan əmlakın bölünməsi tələbinə dair iddiası təmin edilməmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Cavabdeh2 iddiası təmin edilmiş, 10 noyabr 2008-ci ildə vəfat etmiş Cavabdeh2 Rahim oğlundan miras qalmış Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 19C ünvanda yerləşən 79,5 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən faktiki qəbul etməsi faktının müəyyən edilməsi, 40 saylı Notariat kontoru tərəfindən Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 19C ünvanda yerləşən 79,5 kv.m. qeyri-yaşayış sahəsinə dair İddiaçı1, İddiaçı2, X12, İddiaçı3 verilmiş 22 may 2010-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 3 ünvanında yerləşən 79,5 kv.m. qeyri-yaşayış sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, X12, İddiaçı3 paylı mülkiyyətinə verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsi 19C ünvanında yerləşən 79,5 kv.m. qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 bir vərəsə kimi 1/5 payı nəzərə alınmaqla yeni vərəslik hüququ haqqında şəhadətnamənin verilməsinin 40 saylı Notariat kontorunun üzərinə vəzifə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı3, İddiaçı1 və Cavabdeh2 oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixli 2(005)- 11/16 nömrəli qətnaməsinin onların apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/6310 nömrəli ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən 124,10 m² qeyri-yaşayış binasının iddiaçı Cavabdeh1 məxsus 75,9 m²-dən 1/5 hissə və 48,2 m² hissəsinin (ümumilikdə 63,38 kv.m) həmin binaya tənasübsüz zərər vurmadan naturada ayrılmasının tikinti-texniki cəhətdən mümkün olduğu və bunun üçün Cavabdeh1 faktiki istifadəsində olan texniki pasportda qeyd olunmuş 1 və 8 saylı tikililərə bitişik yerləşən 2 saylı tikilinin (21,5 kv.m) daxilində arakəsmə divar hörməklə (6 və 4 saylı tikilinin divarından 1,97 m məsafən sonra) 2 saylı tikilidən 15,18 kv.m hissə ayrılıb 1 və 8 saylı tikililərə birləşdirilməli olduğu qeyd edilmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli e- 2-2(113)-184/2025 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X3, İddiaçı3, İddiaçı1, İddiaçı2, X6, X7 və İddiaçı3 Azər qızına qarşı payın naturada ayrılması tələbinə dair iddia tələbi təmin edilərək ünvan 2 ünvanında yerləşən 124,1 kv.m. qeyri-yaşayış binasının 75,9 kv.m.-dən Cavabdeh1 payı texniki pasportda qeyd olunmuş 1 və 8 saylı tikililərə bitişik yerləşən 2 saylı tikilinin (21,5 kv.m) daxilində arakəsmə divar hörməklə (6 və 4 saylı tikilinin divarından 1,97 m məsafədən sonra) 2 saylı tikilidən 15,18 kv.m hissə ayrılıb 1 və 8 saylı tikililərə birləşdirilməklə naturada ayrılması qət edilmişdir. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli e-2-2(113)-184/2025 nömrəli qətnaməsi üzrə 13 yanvar 2025-ci il tarixdə icra vərəqəsi tərtib edilərək Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə göndərilmiş, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru tərəfindən 07 mart 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan “X5” MMC tərəfindən məhkəməyə təqdim edilmiş 07 iyul 2025-ci il tarixli 200 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 6,72 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsinin aylıq icarə dəyəri 180 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan icarəyə verən Cavabdeh1 ilə icarəçi İsbəndiyar Cəfərov arasında bağlanmış 30 may 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən obyektin 40 kv.m. sahəsi 400 manat məbləğində icarəyə verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi təzminat hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İddia tələbindən göründüyü kimi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 10 noyabr 2008-ci il tarixdən iddiaçıların paylı mülkiyyətində olan əmlakdan qanunsuz olaraq istifadə etdiklərinə görə hər ay 300 manat məbləğində olmaqla 61200 manat məbləğində pul vəsaitinin, əlavə çəkilmiş xərclər qismində 30464 manat məbləğində pul vəsaitinin və mənəvi ziyana görə 20000 manat məbləğində pul vəsaitinin, o cümlədən məhkəmə məsrəflərinin (mütəxəssis tədqiqatı ilə bağlı ödənilmiş xidmət haqqının və dövlət rüsumunun) əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbinin 61200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması barədə hissəsi ilə bağlı: İddia tələbinin bu hissəsi ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin bir hissəsindən iddiaçıların mərhum ataları Cavabdeh2 vəfat etdiyi 10 noyabr 2008-ci il tarixindən başlayaraq hazırkı vaxtadək cavabdehlərin qanunsuz istifadə etmələri ilə əsaslandırılmışdır. Bununla əlaqədar iddiaçılar iddia edilən maddi ziyanı hər ay 300 (üç yüz) manat məbləğində olmaqla 61200 (altmış bir min iki yüz) manat (204 ay x 300 = 61200) məbləğində hesablamışlar. İşin mübahisələndirilməyən hallarına əsasən, ünvan 5 ünvanında yerləşən qeyriyaşayış binası ümumi sahəsi 124.1 kv.m. olmaqla, 48 kv.m. və yerdə qalan 75,9 kv.m. hissənin 1/5 hissəsi Cavabdeh1, 75,9 kv.m. hissənin 1/5 hissəsi iddiaçıların və digər Cavabdeh2, 75,9 kv.m. hissənin 1/20 hissəsi isə müvafiq olaraq üçüncü şəxslərin paylı mülkiyyətindədir. İddia tələbinin sözügedən hissəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçılara məxsus 21,5 kv.m. sahəni qanunsuz zəbt edərək icarəyə vermiş, bununla da iddiaçıların həmin sahədən istifadə hüququnu məhdudlaşdırmaqla onları qazancdan məhrum etmişdir. İddiaçı1 məhkəmə iclaslarında verdiyi izahatlarından isə aydın olmuşdur ki, mübahisə edilən sahə Cavabdeh1 özünə məxsus paydan artıq qalan sahə ilə bağlıdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 124.1 kv.m. hissənin 48 kv.m. hissəsi və yerdə qalan 75,9 kv.m. hissənin 1/5 hissəsi, yəni 15,18 kv.m. düşməli olsa da, o, hazırkı dövrədək mübahisə edilməyən 48 kv.m. hissə ilə yanaşı, 21,5 kv.m. hissəyə, yəni faktiki olaraq 6,32 kv.m. (21,5 kv.m. - 15,18 kv.m. = 6,32 kv.m.) artıq sahəyə qanunsuz sahiblik etmişdir. Məhkəmə Cavabdeh1 qeyri-yaşayış sahəsinin 6,32 kv.m. hissəsinə qanunsuz sahiblik etməsi və bununla da iddiaçılara ziyan vurması barədə tələbi aşağıdakılara əsasən əsaslı hesab etmir: İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli e- 2-2(113)-184/2025 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X3, İddiaçı3, İddiaçı1, İddiaçı2, X6, X7 və İddiaçı3 Azər qızına qarşı payın naturada ayrılması tələbinə dair iddia tələbi təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 124,1 kv.m. qeyri-yaşayış binasının 75,9 kv.m.-dən Cavabdeh1 payı texniki pasportda qeyd olunmuş 1 və 8 saylı tikililərə bitişik yerləşən 2 saylı tikilinin (21,5 kv.m) daxilində arakəsmə divar hörməklə (6 və 4 saylı tikilinin divarından 1,97 m məsafədən sonra) 2 saylı tikilidən 15,18 kv.m hissənin ayrılıb 1 və 8 saylı tikililərə birləşdirilməklə naturada ayrılması qət edilmişdir. İş materiallarında olan icra vərəqəsi və icraata başlama haqqında qərardan görünür ki, həmin qətnamə icra edilməsi üçün Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə göndərilmiş və 07 mart 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclaslarında cavabdehlərin nümayəndəsi verdiyi izahatda qeyd etmişdir ki, qətnamə cari məhkəmə iclası tarixinədək icra edilməmiş, yəni mübahisələndirilən hissənin (21,5 kv.m. sahənin 6,32 kv.m. hissəsinin) naturada ayrılması reallaşmamışdır. Göründüyü kimi, iddiaçılar cavabdehlər tərəfindən faktiki olaraq 6,32 kv.m. hissənin qanunsuz olaraq istifadə edildiyini qeyd etsə də, ümumi sahəsi 124,1 kv.m. olan qeyriyaşayış sahəsinin naturada ayrılmalı olan hissəsinin məhz hansı hissə olması iddiaçılara və cavabdehlərə bəlli olmamış, bu hal yalnız Cavabdeh1 bilavasitə özü məhkəməyə müraciət etdikdən, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6310 nömrəli ekspert rəyi əsas götürülməklə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qətnamədə naturada ayrılmalı hissə müəyyən edilsə də, aktın icra mərhələsi hələ də başa çatmamışdır. Bu göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar 124,1 kv.m. sahəyə malik qeyri-yaşayış sahəsinin naturada ayrılmalı olan 6,32 kv.m. hissəsinin uzun illər ərzində cavabdehin qanunsuz sahibliyində olması faktını sübuta yetirə bilməmişlər, çünki birincisi cavabdehə öz payından artıq sahəyə sahiblik etməsi bəlli olsa belə, naturada ayrılmalı olan hissə nə ona, nə də iddiaçılara bəlli idi, ikincisi isə məhz cavabdehin özü Mülki Prosessual Məcəllənin 220.3-cü maddəsində nəzərdə tutulmuş imkandan istifadə edərək məhkəməyə müraciət edərək payının naturada ayrılmasına nail olmuşdur. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, iddiaçılar aylıq 300 manat məbləğində icarə haqqının 6,32 kv.m. sahəyə əsasən hesablandığını qeyd edərək bu məbləğin əsası kimi “X5” MMC tərəfindən təqdim edilmiş 07 iyul 2025-ci il tarixli 200 nömrəli mütəxəssis rəyə istinad etsələr də, həmin rəyə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6,72 kv.m.-dən ibarət olan qeyri-yaşayış sahəsinin aylıq icarə dəyəri 180 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan icarəyə verən Cavabdeh1 ilə icarəçi İsbəndiyar Cəfərov arasında bağlanmış icarə müqaviləsindən isə görünür ki, ünvan 2 ünvanında yerləşən obyektin 40 kv.m. sahəsi 400 manat məbləğində icarəyə verilmişdir. Məhkəmə təqdim edilmiş mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etmir. Birincisi, rəydə hesablanma 6,72 kv.m. hissəyə görə hesablanmış, lakin naturada ayrılmalı sahə 6,32 kv.m. təşkil edir. İkincisi, rəyin məzmunundan 124,1 kv.m. sahəyə malik qeyri-yaşayış obyektinin, məhz məhkəmə qətnaməsi ilə naturada ayrılmalı olan 6.32 kv.m. hissəsinə münasibətdə tədqiqat aparıldığı görünmür. Eyni zamanda, naturada ayrılmalı olan 6,32 kv.m. sahənin ayrılıqda icarəyə verilməsi üçün yararlı olub-olmayacağı, yəni həmin sahədən icarə məqsədləri üçün istifadə imkanlarının hansı dərəcədə mümkünlüyü qeyrimüəyyəndir və məhkəməyə bu barədə hər hansı müvafiq sübut təqdim edilməmişdir. Belə olduğu təqdirdə, 10 noyabr 2008-ci il tarixindən başlayaraq 6,32 kv.m. sahəyə görə hər ay 300 manat məbləğində olmaqla 61200 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia tələbi əsaslı hesab edilə bilməz. Əlavə çəkilmiş xərclər qismində 30464 manat məbləğində pul vəsaitinin və mənəvi ziyana görə 20000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması ilə bağlı: İddiaçı1 əlavə çəkilmiş xərclərin cavabdeh tərəfindən kommunal xətlərin dağıdılması, elektrik enerjisinin və qaz xəttinin bərpası barədə müraciətləri ilə bağlı olduğunu qeyd etsə də, bununla əlaqədar hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim etməmişdir, mövcud təqdim edilənlər isə bu hissədə iddianı təsdiq etməmişdir. Buna görə də məhkəmə iddia tələbinin bu hissədə də sübuta yetirilmədiyi qənaətinə gəlir. Eyni zamanda, iddiaçıların mənəvi zərərə məruz qalması da iş materialları ilə təsdiq edilmir. Məhkəmə qətnamənin “Tətbiq edilnə hüquq:” bölməsində istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli və 24 aprel 2020-ci il tarixli Qərarlarında təsbit edilmiş hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, toplanmış iş materialları ilə iddia tələbinin bu hissədə əsaslılığı təsdiq edilmir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X8, X9, X10, İddiaçı3 Azər qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) verilmiş “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” barədə tələb təmin edilməməlidir. Bundan başqa, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (X8, X9, X10, İddiaçı3 Azər qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) verilmiş “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar