Məhkəmə qərarları › İş №e-2-2(119)-892/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-892/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-892/2025 12.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (X6 və X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 17 yanvar 2023-cü il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 8509,39 (səkkiz min beş yüz doqquz manat, otuz doqquz qəpik) manat məbləğində əsas borc, 790,59 (yeddi yüz doxsan manat, əlli doqquz qəpik) manat məbləğində faiz bоrcu, 307,32 (üç yüz yeddi manat, otuz iki qəpik) manat məbləğində cərimə, 13 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 10500 (on min beş yüz) manat məbləğində əsas borc, 1140,92 (min yüz qırx manat, doxsan iki qəpik) manat məbləğində faiz bоrcu və 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində cərimə olmaqla, cəmi 21626,22 (iyirmi bir min altı yüz iyirmi altı manat, iyirmi iki qəpik) manat məbləğində bоrcun, 155 (yüz əlli beş) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzinin tutulması, tələbin Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 2/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi Cavabdeh4 və 1/4 hissəsi Cavabdeh3 məxsus ümumilikdə 0,97 ha xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və cəmi 21626,22 (iyirmi bir min altı yüz iyirmi altı manat, iyirmi iki qəpik) manat məbləğində bоrcun, 155 (yüz əlli beş) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzinin tutulması, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 iddiaçı ilə bağladığı 17 yanvar 2023-ci il tarixli 011L**********60 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. 11 oktyabr 2023-cü il tarixli 011S**********101 nömrəli və 011S**********102 nömrəli qoşulma barədə sazişlərlə uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3 və Cavabdeh2 zamin qismində bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdürlər. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən, zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyırlar. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh4 iddiaçı ilə bağladığı 17 yanvar 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 15000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh4 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 19 avqust 2024-cü il tarixdən banka qaytarmamışdır. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh4 iddiaçı ilə bağladığı 13 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10500 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh4 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 13 avqust 2024-cü il tarixdən banka qaytarmamışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh – ipoteka qoyanlar və borclu Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında bağlanılmış 10 oktyabr 2023-cü il tarixli 011M**********01 nömrəli ipoteka müqaviləsi əsasında Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 2/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi Cavabdeh4 və 1/4 hissəsi Cavabdeh3 məxsus ümumilikdə 0,97 ha xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı 04 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, ipoteka qoyan Cavabdeh3 həyat yoldaşı X6 və ipoteka qoyan Cavabdeh4 həyat yoldaşı X1 rayonu 1 saylı notariat kontoruna ərizə təqdim edərək Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 2/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi Cavabdeh4 və 1/4 hissəsi Cavabdeh3 məxsus ümumilikdə 0.97 ha xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ipoteka müqaviləsi əsasında iddiaçının xeyrinə girov qoyulmasına etiraz etmədiklərini bildirmişdirlər. Hazırda maraqlarına toxunması ehtimalı olduğundan, X5 və X3 üçüncü şəxslər kimi işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Həmin ərizə təmin edilərək X6 və X4 hazırkı işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişdirlər. İddiaçı 12 sentyabr 2025-ci il tarixində məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 17 yanvar 2023-cü il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 6509,39 (altı min beş yüz doqquz manat, otuz doqquz qəpik) manat məbləğində əsas borc, 1342,56 (min üç yüz qırx iki manat, əlli altı qəpik) manat məbləğində faiz bоrcu, 660,71 (altı yüz altmış manat, yetmiş bir qəpik) manat məbləğində cərimə, 13 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 10500 (on min beş yüz) manat məbləğində əsas borc, 1140,92 (min yüz qırx manat, doxsan iki qəpik) manat məbləğində faiz bоrcu və 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində cərimə olmaqla, cəmi 20531,58 (iyirmi min beş yüz otuz bir manat, otuz səkkiz qəpik) manat məbləğində bоrcun, 155 (yüz əlli beş) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzinin tutulması, tələbin Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 2/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi Cavabdeh4 və 1/4 hissəsi Cavabdeh3 məxsus ümumilikdə 0,97 ha xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və cəmi 20531,58 (iyirmi min beş yüz otuz bir manat, otuz səkkiz qəpik) manat məbləğində bоrcun, 155 (yüz əlli beş) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının tutulması, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizəni müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər və mübahisə predmeti barəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 15 iyul 2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh4 izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. İddiaçı təşkilatın əməkdaşları ilə əlaqə saxlayaraq cari ilin avqust ayında məhsul sataraq əsas borc məbləğini ödəyəcəyini, faiz borcunun məbləğinin çox hesablandığını onlara bildirmişdir. İpoteka müqaviləsində ipoteka predmetinin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 13500 manat məbləğində müəyyən edilsə də, hazırda həmin torpaq sahəsində bağ salındığına görə həmin qiymətlə razı deyildir. Ümumiyyətlə, müvafiq torpaq sahəsinin satılmağını istəmir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə kredit alan qismində Cavabdeh4 və zamin qismində Cavabdeh1 arasında bağlanmış 17 yanvar 2023-ci il tarixli 011L**********60 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.2-ci bəndi ilə müəyyən edilir ki, Cavabdeh4 sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 ay müddətinə 300000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə əsasən, zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 2.15-ci bəndinə əsasən, tərəflər bu müqaviləni bağlamaqla təsdiq və bəyan edirlər ki, üçüncü şəxs(lər) bank ilə qoşulma barədə saziş imzalamaqla zamin və girov qoyan qismində bu müqaviləyə qoşula bilər(lər). Üçüncü şəxs(lər) qoşulma barədə sazişi imzaladığı andan müqavilənin tərəfi hesab olunur və tərəflərin bu müqavilədə razılaşdırdığı şərtləri tam şəkildə qəbul və təsdiq etmiş hesab olunur. Həmin müqavilənin 2.16-cı bəndinə əsasən, qoşulma barədə sazişin imzalanması və yeni zamin və (və ya) girov qoyanın müqaviləyə qoşulması ilə əlaqədar tərəf(lər)in razılığının və ya təsdiqinin alınması tələb olunmur. Bank öz mülahizəsinə uyğun olaraq qoşulma barədə sazişi imzalamaq hüququna malikdir. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 17 yanvar 2023-cü il tarixli 011R********** nömrəli nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 15000 manat olan krediti illik faiz dərəcəsi 22 % olmaqla 36 ay müddətinə kredit alana verir. Həmin kredit sazişində bu sazişin tərəflər arasında 17 yanvar 2023-ci il tarixli 011L**********60 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. İş materiallarında olan 17 yanvar 2023-cü il tarixli 011R********** nömrəli nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh4 banka olan borcu üçün son ödəniş tarixi 19 yanvar 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 13 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 10500 manat olan krediti illik faiz dərəcəsi 23 % olmaqla 36 ay müddətinə kredit alana verir. Həmin kredit sazişində bu sazişin tərəflər arasında 17 yanvar 2023-ci il tarixli 011L**********60 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. İş materiallarında olan 13 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh4 banka olan borcu üçün son ödəniş tarixi 13 oktyabr 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 11 oktyabr 2023-cü il tarixli 011S**********102 nömrəli, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 11 oktyabr 2023-cü il tarixli 011S**********101 nömrəli qoşulma barədə sazişlərin 1-ci bəndlərinə əsasən, zaminlər kredit alanın bu sazişin 2-ci bəndində göstərilən öhdəliklərini təmin etmək məqsədilə sazişi imzalamaqla müqaviləyə (17 yanvar 2023-ci il tarixli 011L**********60 nömrəli uzunmüddət kredit və təminat müqaviləsinə) qoşulur və buna müvafiq olaraq müqavilə üzrə kredit alanın həm bu sazişin imzalanması anınadək mövcud olan, həm də bu saziş imzalandıqdan sonra yaranan öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşıyırlar. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı QSC) ilə cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 10 oktyabr 2023-cü il tarixli 027M**********01 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, ipoteka qoyanlar mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını (Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 2/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi Cavabdeh4 və 1/4 hissəsi Cavabdeh3 məxsus ümumilikdə 0,97 ha xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini) 17 yanvar 2023-cü il tarixdə Xaçmaz şəhərində bağlanmış 011L**********60 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri - ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 13500 manat təşkil edir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 345 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 məxsus Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən ümumilikdə 0,97 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 13 fevral 2025-ci il tarixli OUT-2025/02/13-97 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh4 17 yanvar 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 8509,39 manat məbləğində əsas bоrc, 790,59 manat məbləğində faiz borcu və 307,32 manat məbləğində cərimə оlmaqla, cəmi 9607,3 manat məbləğində borcu vardır. İş materiallarında olan 13 fevral 2025-ci il tarixli OUT-2025/02/13-115 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh4 13 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 10500 manat məbləğində əsas bоrc, 1140,92 manat məbləğində faiz borcu və 378 manat məbləğində cərimə оlmaqla, cəmi 12018,92 manat məbləğində borcu vardır. İş materiallarında olan 11 sentyabr 2025-ci il tarixli OUT-2025/09/11-106 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh4 17 yanvar 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 6509,39 manat məbləğində əsas bоrc, 1342,56 manat məbləğində faiz borcu və 660,71 manat məbləğində cərimə оlmaqla, cəmi 8512,66 manat məbləğində borcu vardır. İş materiallarında olan 11 sentyabr 2025-ci il tarixli OUT-2025/09/11-107 maliyyə arayışından görünür ki, Cavabdeh4 13 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 10500 manat məbləğində əsas bоrc, 2109,03 manat məbləğində faiz borcu və 819 manat məbləğində cərimə оlmaqla, cəmi 13428,03 manat məbləğində borcu vardır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 09 sentyabr 2025-ci il tarixli PR/721/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 0,97 ha xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin likvid dəyəri 19400 manat, bazar dəyəri 24250 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 17 yanvar 2023-ci il tarixli 011L**********60 nömrəli uzunmüddətli kredit müqaviləsi, 17 yanvar 2023cü il tarixli 011R********** nömrəli və 13 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmalar üzrə Cavabdeh4 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilələr üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, uzunmüddətli kredit müqaviləsinin və qoşulma barədə sazişlərin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 17 yanvar 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə cavabdehlərdən 6509,39 manat məbləğində əsas borcun, 13 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə cavabdehlərdən 10500 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin (12 sentyabr 2025-ci il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizədə qeyd edilmiş iddia tələbinin) əsas məbləğə hesablanmış 17 yanvar 2023cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 1342,56 manat məbləğində faiz borcunun, 13 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 1140,92 manat məbləğində faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən ilkin iddia ərizəsində göstərilən məbləğlər nəzərə alınmalı, hesablanmış 17 yanvar 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 790,59 manat məbləğində faiz borcu, 13 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 1140,92 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin (12 sentyabr 2025-ci il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizədə qeyd edilmiş iddia tələbinin) 17 yanvar 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 660,71 manat, 13 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 378 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh4 kredit razılaşmaları üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndi) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, ilkin iddia tələbindəki məbləğlər nəzərə alınmaqla cavabdehlərdən müştərək qaydada 17 yanvar 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 307,32 manat, 13 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə 378 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı ilə ipoteka qoyanlar Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 10 oktyabr 2023-cü il tarixli 027M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 2/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi Cavabdeh4 və 1/4 hissəsi Cavabdeh3 məxsus ümumilikdə 0,97 ha xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit razılaşmaları üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin əmlaka yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 09 sentyabr 2025-ci il tarixli PR/721/2025 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 0,97 ha xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti dəyəri 19400 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən ümumi qaydada tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin 155 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 01 aprel 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 155 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 154,88 manat təşkil etdiyindən (8509,39 +790,59 + 307,32 + 10500 +1140,92 + 378 = 21626,22, hazırda 17 yanvar 2023-cü il tarixli 011R********** nömrəli müqavilə üzrə əsas borcun məbləği 6509,39 manat olsa da, həmin borcun bir hissəsi məhkəmə prosesləri dövründə ödənildiyindən dövlət rüsumunun məbləği hesablanarkən ilkin iddia ərizəsində qeyd edilmiş həmin müqavilə üzrə əsas borc və qətnamə ilə tutulması qət edilmiş faiz və cərimə məbləğləri nəzərə alınmalıdır) həmin məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzinin iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 20 fevral 2025-ci il tarixli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən cəmi 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan təyinatı “Xidmət haqqının ödənilməsi” olan təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, cavabdehlərdən müştərək qaydada 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, iş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən iddiaçıya mütəxəssis tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə əlaqədar 10 sentyabr 2025-ci il tarixli MT2509 seriyalı 10868522 nömrəli elektron qaimə-faktura təqdim edilmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər müştərək qaydada 17 yanvar 2023-cü il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 6509,39 manat məbləğində əsas borc, 790,59 manat məbləğində faiz borcu, 307,32 manat məbləğində cərimə, 13 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 10500 manat məbləğində əsas borc, 1140,92 manat məbləğində faiz borcu, 378 manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun, 36 manat məbləğində xidmət haqqının, 300 manat məbləğində mütəxəssis tədqiqatının dəyərinin və 154,88 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20132,1 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehlərdən tutulmalı olan həmin pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş ipoteka ilə yüklü edilmiş 2/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi Cavabdeh4 və 1/4 hissəsi Cavabdeh3 məxsus Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 0,97 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 20132,1 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən ümumilikdə 0,97 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 19400 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17 yanvar 2023-cü il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 6509,39 (altı min beş yüz doqquz manat, otuz doqquz qəpik) manat məbləğində əsas borc, 790,59 (yeddi yüz doxsan manat, əlli doqquz qəpik) manat məbləğində faiz borcu, 307,32 (üç yüz yeddi manat, otuz iki qəpik) manat məbləğində cərimə, 13 oktyabr 2023-cü il tarixli 011R********** nömrəli krеdit razılaşması üzrə 10500 (on min beş yüz) manat məbləğində əsas borc, 1140,92 (min yüz qırx manat, doxsan iki qəpik) manat məbləğində faiz borcu, 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 36 (otuz altı) manat məbləğində xidmət haqqının, 300 (üç yüz) manat məbləğində mütəxəssis tədqiqatının dəyərinin və 154,88 (yüz əlli dörd manat, səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20132,1 (iyirmi min yüz otuz iki manat, on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulmalı olan cəmi 20132,1 (iyirmi min yüz otuz iki manat, on qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş 2/4 hissəsi Cavabdeh2, 1/4 hissəsi Cavabdeh4 və 1/4 hissəsi Cavabdeh3 məxsus Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 0,97 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 20132,1 (iyirmi min yüz otuz iki manat, on qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən ümumilikdə 0,97 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilkin satış qiyməti 19400 (on doqquz min dörd yüz) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar