Məhkəmə qərarları › İş №e-2-2(119)-895/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-895/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-895/2025 25.06.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 4293,32 (dörd min iki yüz doxsan üç manat otuz iki qəpik) manat məbləğində əsas bоrc, 236,32 (iki yüz otuz altı manat otuz iki qəpik) manat məbləğində faiz bоrcu və 114,98 (yüz on dörd manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4644,62 (dörd min altı yüz qırx dörd manat altmış iki qəpik) manat məbləğində bоrcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 66,45 (altmış altı manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli, 017L**********30 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh2 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 10706,68 manat ödəmiş, onun 4293,32 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 134 gün üçün hesablanmış faiz borcu 236,32 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 134 gün üçün hеsablanmış cərimə 114,98 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

3. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

4. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.

5. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

7. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

8. Məhkəmə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir.

9. 25 iyun 2025-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə təqdim edilərək cavabdeh tərəfindən ödənişlər edildiyi bildirilmiş, buna görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 3600,32 (üç min altı yüz manat otuz iki qəpik) manat məbləğində əsas bоrc, 308,78 (üç yüz səkkiz manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz bоrcu və 168,37 (yüz altmış səkkiz manat otuz yeddi qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4077,47 (dörd min yetmiş yeddi manat qırx yeddi qəpik) manat məbləğində bоrcun və ödənilmiş 66,45 (altmış altı manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıхarılması xahiş olunmuşdur.

10. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

11. Belə ki, iş materillarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2– “kredit alan” və Cavabdeh1 – “zamin” olmaqla bağlanmış 08 dekabr 2022-ci il tarixli, 017L**********30 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci bəndinə görə kredit alana 120 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır.

12. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür.

13. Həmin müqavilənin 2.13-cü bəndinə görə zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

14. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir.

15. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır.

16. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.

17. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2– “kredit alan” olmaqla bağlanmış 08 dekabr 2022-ci il tarixli, 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 15000 (on beş min) manat olan krediti illik faiz dərəcəsi 23 (iyirmi üç) % olmaqla 30 (otuz) ay müddətinə kredit alana verir.

18. İş materiallarında olan ödəniş planında borcalan Cavabdeh2 08 dekabr 2022-ci il tarixli, 017R********** nömrəli biznes krediti və girov barədə qarışıq razılaşma üzrə banka olan borcunun son ödəniş tarixi 05 iyun 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir.

19. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 08 dekabr 2022-ci il tarixli, 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 18 aprel 2025-ci il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 4293,32 (dörd min iki yüz doxsan üç manat otuz iki qəpik) manat məbləğində əsas bоrc, 236,32 (iki yüz otuz altı manat otuz iki qəpik) manat məbləğində faiz bоrcu və 114,98 (yüz on dörd manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4644,62 (dörd min altı yüz qırx dörd manat altmış iki qəpik) manat məbləğində borcu vardır.

20. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 18 aprel 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək cavabdehdən 4293,32 (dörd min iki yüz doxsan üç manat otuz iki qəpik) manat məbləğində əsas bоrc, 236,32 (iki yüz otuz altı manat otuz iki qəpik) manat məbləğində faiz bоrcu və 114,98 (yüz on dörd manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 4644,62 (dörd min altı yüz qırx dörd manat altmış iki qəpik) manat məbləğində borc olduğu bildirilmiş, borcun 28 aprel 2025-ci il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi, 17 aprel 2025-ci il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.

22. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN: **********) 08 dekabr 2022-ci il tarixli, 017L**********30 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsini və 08 dekabr 2022-ci il tarixli 017R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir.

23. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli, 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3600,32 (üç min altı yüz manat otuz iki qəpik) manat məbləğində əsas bоrc iddiaçının xeyrinə ödənilməlidir.

24. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 18 aprel 2025-ci il tarixinə 236,32 (iki yüz otuz altı manat otuz iki qəpik) manat məbləğində faiz hesablandığını bildirmişdir.

25. Məhkəmə qeyd edir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.

26. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər.

27. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir.

28. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 08 dekabr 2022-ci il tarixli, 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 18 aprel 2025-ci il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və 08 dekabr 2022-ci il tarixli, 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə həmin tarixə hesablanmış 236,32 (iki yüz otuz altı manat otuz iki qəpik) manat məbləğində faiz bоrcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

31. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır.

32. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

33. Məhkəmə iddianın “168,37 (yüz altmış səkkiz manat otuz yeddi qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

35. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

36. 08 dekabr 2022-ci il tarixli, 017L**********30 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zamin Cavabdeh1 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur.

37. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

38. İddia tələbinin “66,45 (altmış altı manat qırx beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddianın təmin edilmiş hissəsinə uyğun hesablanmış 60,05 (altmış manat beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.

39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

41. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

42. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3600,32 (üç min altı yüz manat otuz iki qəpik) manat məbləğində əsas bоrc, 236,32 (iki yüz otuz altı manat otuz iki qəpik) manat məbləğində faiz bоrcu və 168,37 (yüz altmış səkkiz manat otuz yeddi qəpik) manat məbləğində cərimə və ödənilmiş 60,05 (altmış manat beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4065,06 (dörd min altmış beş manat altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3600,32 (üç min altı yüz manat otuz iki qəpik) manat məbləğində əsas bоrc, 236,32 (iki yüz otuz altı manat otuz iki qəpik) manat məbləğində faiz bоrcu və 168,37 (yüz altmış səkkiz manat otuz yeddi qəpik) manat məbləğində cərimə və ödənilmiş 60,05 (altmış manat beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4065,06 (dörd min altmış beş manat altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar