Məhkəmə qərarları › İş №e-2-2(119)-898/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-898/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-898/2021 20.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6041 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Şirkət) ilə Cavabdeh arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli Borcun etirafı və ödəniş qaydasi haqqinda Müqaviləyə əsasən sonuncu Şirkətə 6041 manat borcu olmasını etiraf edərək, həmin məbləği hər ay 503,42 manat olmaqla 12 aya Şirkətə ödəmək öhdəliyini götürmüşdür. 04 sentyabr 2020-ci il tarixli Borcun etirafı və ödəniş qaydasi haqqinda Müqavilənin 2.2-ci bəndinə əsasən borclu tərəfindən ödəniş hər ayın bağlandığı gündə edilməlidir. Ödəniş ardıcıl olaraq 2 ay edilmədiyi təqdirdə isə Şirkət məhkəməyə müraciət edə bilər. Lakin, cavabdeh Sultanov X1 üzrə öhdəliklərini vicdanlılığın tələb etdiyi tərzdə icra etməmişdir. Cavabdeh dəfələrlə Cəmiyyətə olan borcunu ödəməsi tələb olunmasına baxmayaraq, sonuncu tələblərə məhəl qoymadan, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. Beləliklə, Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış Borcun etirafı və ödəniş qaydasi haqqinda Müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Cavabdeh 6041 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, kreditor İddiaçı ilə borclu Cavabdeh arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli Borcun etirafı və ödəniş qaydasi haqqinda Müqaviləyə əsasən Borclu Kreditora 6041 (altı min qırx bir) manat borcun yarandığını tam etiraf etmişdir (Müqavilənin 1-ci bəndi). Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Borclu 05 oktyabr 2020-ci il tarixindən hər ay 503,42 (beş yüz üç manat 42 qəpik) manat ödəməklə, 12 (on iki) aya həmin məbləği tam olaraq kreditora ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, Borclu tərəfindən ödəniş hər ayın bağlandığı günündə edilməlidir. Ödəniş ardıcıl olaraq 2 ay edilmədiyi təqdirdə, Kreditor məhkəməyə müraciət edə bilər. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, Borclu Kreditorun bu Müqaviləyə əsaslanan iddiasına qarşı etiraf olunan borcun əsaslandığı digər əqdlərə istinad edə bilməz. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 04 sentyabr 2020-ci il tarixli Borcun etirafı və ödəniş qaydasi haqqinda Müqavilə üzrə kreditor İddiaçı MMC-yə borclu Cavabdeh qalıq borcu 6041 (altı min qırx bir) manat təşkil edir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, kreditor İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 04 sentyabr 2020-ci il tarixli Borcun etirafı və ödəniş qaydasi haqqinda Müqavilə üzrə borclu Cavabdeh kreditor İddiaçı MMC-yə 12 ay üçün ödənilməmiş ümumilikdə 6041 manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, yaranmış borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh 04 sentyabr 2020-ci il tarixli Borcun etirafı və ödəniş qaydasi haqqinda Müqavilə üzrə ödənilməmiş cəmi 6041 manat məbləğində borcun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 6041 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 6041 (altı min qırx bir) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6071 (altı min yetmiş bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar