Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-900/2021 20.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 Şamxal oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kabel xəttinin yenilənməsi və pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kabel xəttinin yenilənməsi və pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus kabel xəttinin yenilənməsi və vurulmuş 5000 (beş min) manat məbləğində maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus Sumqayıt şəhərinin 10-cu məhəlləsindəki iaşə obyektinin elektrik kabel xəttinə iddiaçının icazəsi olmadan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən başqa abonentlərin obyektləri üçün qoşulmalar edilmişdir. İddiaçı dəfələrlə cavabdehdən həmin kabel xəttinin yenilənməsini və 5000 manat dəymiş ziyanın ödənilməsini tələb etmişdir. İddiaçıya gələn cavab məktubunda onun müraciətinə aid olmayan, çox əlaqəsiz bir cavab verilmişdir. İddiaçı məcbur qalaraq yenidən cavabdehə eyni tələblə müraciət edərək, tələbinin təmin olunmasını xahiş etmişdir. Bu mübahisənin barışıq yolu ilə həll edilməsi üçün cavabdehə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və iddia tələbi üzrə iddiaçıya məxsus kabel xəttinin yenilənməsi və vurulmuş 5000 manat məbləğində maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, İddiaçı məxsus Sumqayıt şəhərinin 10-cu məhəlləsində yerləşən iaşə obyektinin elektrik kabel xəttinə iddiaçının icazəsi olmadan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən başqa obyektlər üçün də qoşulmalar edilmişdir. Əlavə qoşulmuş hər bir abonentin öz sayğacı olsa da, təxminən 300-500 metr uzunluğunda olan həmin kabeli iddiaçı öz vəsaiti hesabına əldə etmiş olduğundan, cavabdeh başqa şəxsləri həmin kabelə qoşa bilməzdi. Eləcə də, cavabdeh tərəfindən aparılan əlavə qoşulmalara görə elektrik enerjisinin təminatında problemlər yaranmış və bu problenlər nəticəsində bir neçə il əvvəl iddiaçının obyektində dönər aparatı, kondisioner, “motor” və printer aparatı xarab olaraq, ona ümumilikdə 5000 manat məbləğində maddi ziyan dəymişdir. Mübahisənin danışıq yolu ilə həll olunması üçün cavabdehə müraciət olunsa da, həmin müraciətin heç bir faydası olmamış və buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 23 iyul 2021-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak etmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələblərini qəbul etmədiyini bildirib, əsassız olduğu üçün İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kabel xəttinin yenilənməsi və pul tələbi” barədə iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 20 avqust 2021-ci il tarixinə təxirə salınmış məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, həmin tarixə təxirə salınmış məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə baxış iclasının davam etdirilməsini mümkün hesab etmişdir. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kabel xəttinin yenilənməsi və pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işi üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli e-2-2(119)-900/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “iddiaçıya məxsus kabel xəttinin yenilənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə icraata Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə, tərəflərin məhkəmə iclasında vermiş olduqları izahatları, şahid ifadələrini, iddia ərizəsini və iş materiallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “iddiaçıya vurulmuş 5000 (beş min) manat məbləğində maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində İddiaçı məxsus Sumqayıt şəhəri 10-cu məhəlləsində yerləşən iaşə obyektinə çəkilmiş elektrik kabelinin iddiaçının özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində təxminən 2003-cü ildə İddiaçı həyat yoldaşı Nümayəndə1 müraciəti əsasında iaşə obyekti üçün elektrik kabeli satdığını bildirmişdir. Məhkəmə araşdırması müəyyən olunmuşdur ki, enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı (VÖEN: **********) məxsus Sumqayıt şəhəri 10-cu məhəllə ərazisində yerləşən qeyri-yaşayış sahəsi elektrik enerjisi ilə təchiz edilmiş və həmin qeyriyaşayış sahəsinə müvafiq qaydada elektrik sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı. Göründüyü kimi, yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri 10-cu məhəllə ərazisində yerləşən qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz olunması müəyyən edilmiş olsa da, həmin təchizat zamanı cavabdeh "xxxx" ASC-nin təqsirli hərəkətləri nəticəsində İddiaçı 5000 (beş min) manat məbləğində maddi ziyanın vurulması mötəbər sübutlar əsasında təsdiq olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinadetdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə də, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “iddiaçıya vurulmuş 5000 (beş min) manat məbləğində maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “iddiaçıya vurulmuş 5000 (beş min) manat məbləğində maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, hazırkı iddia ərizəsi üzrə olan iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsiin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “iddiaçıya vurulmuş 5000 (beş min) manat məbləğində maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-900/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-900/2021
20.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver