Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-900/2024 01.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı Qartal Tikinti Firmasının qanuni təmsilçisi Qanuni nümayəndə və iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Sumqayıt regional reklam idarəsinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Qartal Tikinti Firmasının cavabdeh Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Sumqayıt regional reklam idarəsinə qarşı verilmiş “pulun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı Qartal Tikinti Firması 14 may 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Sumqayıt regional reklam idarəsinə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən cavabdehə ödənilmiş 682,12 (altı yüz səksən iki manat, on iki qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbində göstərilmişdir ki, iddiaçı Qartal Tikinti Firması öz mülkiyyətində olan təsərrüfat subyektlərinə aid daşınmaz əmlakların fasadlarında və giriş qapılarında həmin obyektlərin adlarını və mənsubiyyətlərini göstərməklə məlumat lövhələri yerləşdirmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 33-1.4.4-cü maddəsinə əsasən illik qiyməti 1 kvadrat metr sahəyə görə 10 manat hesablanmaqla dövlət rüsumunu ödəmiş və reklam yayımına icazə üçün cavabdeh Sumqayıt Regional Reklam İdarəsinə müraciət etmişdir. Cavabdeh dövlət rüsumundan əlavə iddiaçıdan reklam yayım haqqı adı ilə 2024-cü ildə 3 (üç) illik - ƏDV daxil olmaqla 493,23 manat məbləğində, 2023-cü il üçünsə ƏDV daxil olmaqla 188,89 manat məbləğində, cəmi 682,12 manat məbləğində ödəniş tələb edərək almışdır. İddiaçı hesab etmişdir ki, cavabdeh ona məxsus firmanın reklamını elektron (rəqəmsal) daşıyıcılar (monitor,ekran, tablo və s.) vasitəsilə yayımlaması, küçədən keçən insanların iddiaçının ofis binasının fasadındakı reklam yazısına baxmasının stimullaşdırılması, habelə reklam yazısının təmiz saxlanılması, təmiri və ya işıqlandırılması ilə bağlı ona hər hansı xidmət göstərmədiyi üçün reklam yayım haqqı kimi həmin məbləğin alınması əsassızdır. Bununla əlaqədar cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınması hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh məhkəməyə iddiaya etiraz təqdim etmiş və etirazda “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın və Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin müvafiq normalarına istinad edərək iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək bildirdi ki, Qartal Tikinti Firması öz mülkiyyətində olan təsərrüfat subyektlərinə məxsus daşınmaz əmlakların fasadlarında həmin obyektlərin adlarını və mənsubiyyətini göstərən yazı yerləşdirmiş və bununla əlaqədar dövlət rüsumunu, həmçinin cavabdeh Sumqayıt regional reklam idarəsinin tələbinə əsasən 682,12 məbləğində xidmət haqqı ödəmişdir. Reklam yayım haqqı bu halda tələb edilə bilər ki, hər hansı üçüncü şirkət Qartal Tikinti Firmasının reklamını öz monitorunda və yaxud digər məkanlarda yaydığı halda, yayım haqqı reklamı yayan həmin şirkətdən tutulmalı, eyni zamanda sözügedən şirkət müqavilə əsasında Qartal Tikinti Firmasından onun reklamını yaydığı üçün razılaşdırılmış məbləğdə pul almalıdır. Bu pulun dəyəri hər hansı A şirkətinin verəcəyi illik reklam yayım haqqından çox olmalıdır ki, həmin A şirkəti müəyyən gəlir əldə edə bilsin, eyni zamanda reklam yayım haqqını ödəyə bilsin. İddiaçı olaraq onlar heç bir yayım həyata keçirmədiklərinə görə, o cümlədən Sumqayıt regional reklam idarəsi Qartal Tikinti firmasının loqosunu, adını və yaxud digər reklamını yaymadığı üçün iddiaçıdan ödəniş tələb etməsi qanuni deyil. Cavabdeh reklam yayımı üçün hesabladığı məbləğə ƏDV də tətbiq etmiş, bu isə onu göstərir ki, həmin ödəniş dövlət büdcəsinə məcburi ödəniş deyil, xidmət haqqı kimi dəyərləndirilməlidir, çünki məcburi ödənişlərə və dövlət rüsumuna ƏDV tətbiq edilmir. İddiaçının qanuni təmsilçisi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək və etirazın məzmununda qeyd edilənlərə uyğun izahat verərək “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-ci, 26.2-3-cü, 26.8-ci və 35.3-cü maddələrinin, habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.5-ci və eynitarixli və eyninömrəli fərmanla təsdiq edilmiş “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği Qaydası”nın 3.1-ci bəndlərinin tələblərini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, cavabdehin etirazını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İddiaçı tərəfindən cavabdehə ödənilmiş dövlət rüsumunun və açıq məkanda reklam yayımına görə haqqın məbləği mübahisələndirilmədiyindən, yəni bunlar işin mübahisəsiz halları olduğundan, eyni zamanda mübahisənin predmetini bilavasitə iddiaçı tərəfindən açıq məkanda reklam yayımına görə haqqın cavabdehə ödənilməsinin əsaslı olubolmaması təşkil etdiyindən məhkəmə prosessual qənaət prinsipinə prinsipinə riayət edərək iş materiallarına əlavə edilmiş - iddiaçıya aid lövhələrin təsvirləri və ölçülərinin əks olunduğu, o cümlədən onun tərəfindən ödəniş edilməsini təsdiq edən sənədlərə istinad edilməsinə zərurət görmür. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin obyektiv həlli üçün qüvvədə olan qanunvericiliyin müddəalarına əsasən “reklam”, “reklam yayıcısı” “reklam daşıyıcısı” və “açıq məkanda reklam” anlayışları nəzərdən keçirilməli, həmçinin açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi, bununla əlaqədar ödənişlərin edilməsi qaydaları və açıq məkanda reklam yayımına nəzarətin həyata keçirilməsi ilə bağlı qanunvericiliyin normaları nəzərə alınmalıdır. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 12ci və 26-cı bəndlərinə uyğun olaraq, reklamın sifarişi, istehsalı (hazırlanması) və yayımlanması sahəsində münasibətlərin, onlara nəzarətin və tənzimləmənin, həmçinin reklam sahəsində özünütənzimləmənin hüquqi əsaslarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, reklam - reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 2.0.9-cu maddəsinə əsasən, reklam yayıcısı - reklamı bu Qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxsdir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən, reklam daşıyıcısı - reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri və s.) əmlak, media məhsulları, kino, video, audio materiallar və çap məhsulları, telekommunikasiya qurğuları və poçt göndərişləridir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.2-3-cü maddəsinə əsasən, reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən, açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 1.2-ci bəndində açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarəti həyata keçirən qurumların siyahısına, həmçinin Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği Qaydası”nın 4.1-ci bəndinə əsasən, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına verilən icazədə müəyyən edilir. İstinad edilən qanunvericilik normalarının təhlili nəticəsində məhkəmənin gəldiyi qənaət aşağıdakılardan ibarətdir: 1) İddiaçı Qartal Tikinti Firmasının öz mülkiyyətində olan təsərrüfat subyektlərinə aid daşınmaz əmlakların fasadlarında və giriş qapılarında həmin obyektlərin adlarını və mənsubiyyətlərini göstərən lövhələr, yəni reklam lövhələri yerləşdirmişdir. Həmin lövhələrin reklam xarakterli olması iddiaçının özü tərəfindən də mübahisələndirilməməkdədir; 2) Həmin lövhələr, eyni zamanda “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci, 26.1-ci və 26.8-ci maddələrinin tələblərinə əsasən açıq məkanda reklam hesab olunur. Nəzərə alınmalıdır ki, bu hal da tərəflər tərəfindən mübahisələndirilmir, belə ki, yuxarıda qeyd edildiyi kimi, bununla əlaqədar iddiaçı tərəfindən icazə alınması üçün cavabdehə müraciət edilmiş və cavabdeh tərəfindən icazə verilmişdir; 3) Belə olduğu təqdirdə, iddiaçı özünə məxsus təsərrüfat subyektlərinə aid daşınmaz əmlakların fasadlarında və giriş qapılarında həmin obyektlərin adlarını və mənsubiyyətlərini göstərən məlumat lövhələri yerləşdirdiyinə görə, yəni açıq məkanda reklam yerləşdirdiyinə görə (yuxarıdakı 2-ci bənd) reklam yayıcısı hesab olunmalıdır. Belə nəticə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.9-cu və 26.2-3-cü maddələrindən irəli gəlməkdədir. Başqa sözlə, əgər iddiaçının açıq məkanda reklam yerləşdirdiyi işin mübahisəsiz halıdırsa, sözügedən Qanunun 2.0.9-cu və 26.2-3cü maddələrinə əsasən onun həm də reklam yayıcısı olması qanunauyğun və imperativ nəticədir. 4) “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilir ki, açıq məkanda reklama görə ödənişlər dövlət rüsumundan və açıq məkanda reklam yayımına görə haqqdan ibarətdir. Belə ki, bununla əlaqədar, həmin Qanunun - 26.2-ci maddəsi müəyyən edir ki, ... icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir; - 26.2-3-cü maddəsi müəyyən edir ki, reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir; - 35.3-cü maddəyə əsasən, açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. Göründüyü kimi, reklam yayıcısının, yəni hazırkı iş üzrə açıq məkanda reklam yayımına görə reklam yayıcısı olan iddiaçının dövlət rüsumu ilə yanaşı, cavabdehə müvafiq haqq ödəməsi Qanunun istinad edilən hər üç maddəsinin tələbləri baxımından qanuni tələbdir. 5) Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı özünün mülkiyyətində olan daşınmaz əmlakların fasadlarında və giriş qapılarında həmin obyektlərin adlarını və mənsubiyyətlərini göstərən lövhələri yerləşdirməklə “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.9-cu maddəsində nəzərdə tutulan reklam yayıcısı statusunu qazanmış olur və həmin Qanunun 26.1-ci maddəsinə əsasən, bu, açıq məkanda reklam hesab olunur və bununla da iddiaçı özünə məxsus olan təsərrüfat obyektlərinin açıq məkanda reklam yayımını həyata keçirir, eyni zamanda bununla əlaqədar sözügedən Qanunun 26.2-3-cü maddəsinə əsasən, reklam yayıcısı olaraq açıq məkanda reklam yayımına görə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəməlidir. İddiaçı iddia ərizəsində və məhkəmə baxışında açıq məkanda reklam yayımına görə cavabdeh tərəfindən haqq alınmalı olmamasını cavabdehin iddiaçının reklamını elektron (rəqəmsal) daşıyıcılar (monitor,ekran, tablo və s.) vasitəsilə yayımlamadığı, küçədən keçən insanların iddiaçının ofis binasının fasadındakı reklam yazısına baxmasını stimullaşdırılmadığı, habelə reklam yazısının təmiz saxlanılması, təmiri və ya işıqlandırılması ilə bağlı iddiaçıya hər hansı xidmət göstərməməsi ilə əsaslandırmışdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, cavabdehin reklam yayıcılarına məhz bu cür xidmətlər göstərməli olması və xidmət haqqının ona məhz buna görə ödənilməli olması müvafiq qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1566 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Nizamnaməsindən göründüyü kimi, cavabdeh reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması, o cümlədən açıq məkanda reklam fəaliyyətinə nəzarət edən qurum kimi fəaliyyət göstərməkdir və onun fəaliyyət istiqamətlərinə iddiaçının nəzərdə tutduğu yuxarıda qeyd edilən xidmətlərin göstərilməsi daxil deyildir. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, iddiaçının açıq məkanda reklam yayımına görə ödədiyi məbləğ təyinatına görə dövlət rüsumu olmaqla dövlət büdcəsinə köçürülən ödənişdir, ödənilən xidmət haqqı isə təşkilati-hüquqi formasına görə publik hüquqi şəxs olan cavabdehin fəaliyyətinin təmin edilməsinə yönəlir. Başqa sözlə, cavabdehə ödənilən xidmət haqqı mahiyyət etibarilə reklam yayıcılarına icazə sənədinin verilməsinin və həmin reklam yayıcılarının açıq məkanda yerləşdirdikləri reklamların müvafiq reklam qanunvericiliyinin normativ tələblərinə uyğunluğuna cavabdeh tərəfindən nəzarət edilməsinin müqabilində ona ödənilən haqqdır. İddiaçı iddia ərizəsində, həmçinin bir sıra nümunələr gətirməklə göstərmişdir ki, yayım xidməti dedikdə, bir şirkətin məhsulunun təsviri olan reklamı digər şirkətin yayımlaması başa düşülməkdədir. Bununla əlaqədar, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-2.1-ci maddəsi məhz həmin münasibətləri nizamlayaraq təsbit edir ki, reklam yayıcısı reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır. Yəni qanunvericiliyin mövqeyindən aydın olur ki, iddiaçı Qartal Tikinti firması özünün reklam daşıyıcısını digər hər hansı şirkətin binası, təsərrüfat obyekti üzərində yerləşdirmiş olsaydı, həmin şirkətlə reklam daşıyıcısının yerləşdirildiyi əmlakın istifadəsinə dair müqavilə bağlamalıydı. Bu nümunədə artıq reklam daşıyıcısının üzərində yerləşdirildiyi binanın, obyektin mülkiyyətçisi reklam yayıcısı hesab olunacaq və həmin Qanunun 26.2-3-cü maddəsinə görə xidmət haqqı məhz onun tərəfindən cavabdehə ödənilməli olacaqdı. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. İddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Qartal Tikinti Firmasının cavabdeh Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Sumqayıt Regional Reklam İdarəsinə qarşı verilmiş “pulun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-900/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-900/2024
01.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver