Məhkəmə qərarları › İş №e-2-2(119)-902/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-902/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-902/2024 04.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun və digər ödənişlərin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış 31 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə 21351,5 (iyirmi bir min üç yüz əlli bir manat, əlli qəpik) manat məbləğində borc, 1951,11 (min doqquz yüz əlli bir manat, on bir qəpik) manat məbləğində faiz borcu, 137,07 (yüz otuz yeddi manat, yeddi qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 23439,68 (iyirmi üç min dörd yüz otuz doqquz manat, altmış səkkiz qəpik) manat məbləğində borcun, həmçinin 160,32 (yüz altmış manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və zamin qismində iştirak etmiş digər cavabdehlər - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 31 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə borcalan qismində çıxış edən Cavabdeh1 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar həmin cavabdehlə, o cümlədən bağlanmış zaminlik müqavilələrinə əsasən onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zaminlərlə (Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə) mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilmiş, lakin göstərilənlər hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı 03 iyul 2024-cü il tarixində “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 03 iyun 2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etdiyini və borcun ödənilməsindən yayınmadığını, lakin hazırda maddi vəziyyəti aşağı olduğu üçün ödənişləri gecikdirdiyini, bununla bağlı iddiaçıya müraciət etsə də, hər hansı köməklik göstərilmədiyini, bankın restrukturizasiyaya dair təklifinə isə razılıq vermədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 oktyabr 2021-ci il tarixli, 4-MCR-1-1895-21 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən həmin cavabdehə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli, 4-MCR-1-1895-21/3 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 aylıq 1,75 % dərəcəsi ilə 24 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin “Bəyənatlar” bölməsinin 2-ci bəndinə əsasən, müştəri (Cavabdeh1) təsdiq edir ki, onun gəlirləri əldə edilən kreditlərin ödənilməsi üçün kifayətdir və kredit müddətində gəlirlərini baş verəcək risklərdən qorumaq üçün yetərli imkanlara malikdir. Həmin müqavilənin “Kredit haqqında məlumat” bölməsinin 7-ci bəndində cərimə məbləğinin gündəlik 0,20 faiz olduğu qeyd edilmişdir. İş materiallarındakı həmin kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 31 yanvar 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2021-ci il tariхli Z/09994/21 nömrəli, iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh3 arasında bağlanmış 15 oktyabr 2021-ci il tariхli Z/09997/21 nömrəli və iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh4 arasında bağlanmış 31 yanvar 2023-cü il tariхli Z/01650/23 nömrəli zaminlik müqavilələrinin 4.1-ci maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalanla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər,dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 02 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 21351,5 manat əsas borcu, 1951,11 manat faiz borcu vardır və 548,27 manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh1 31 yanvar 2023cü il tarixli 4-MCR-1-1895-21/3 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, bağlanmış zaminlik müqavilələrinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 31 yanvar 2023-cü il tarixli, 4-MCR-1- 1895-21/3 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlərdən 21351,5 manat məbləğində borc və 1951,11 manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehlərdən 137,07 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit müqaviləsinin yuxarıda istinad edilmiş “Kredit haqqında məlumat” bölməsinin 7-ci bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir. Bunlardan əlavə, iddia tələbinin 160,32 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 25 aprel 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən olunur ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 160,32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iddia təmin edildiyindən istinad edilən qanunvericilik normalarının tələblərinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 160,32 manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli, yuxarıda qeyd edilən 31 yanvar 2023-cü il tarixli, 4-MCR-1-1895-21/3 nömrəli kredit müqaviləsi üzrə 21351,5 manat məbləğində borc, 1951,11 manat məbləğində faiz borcu, 137,07 manat məbləğində cərimə olmaqla, ümumilikdə 23439,68 manat və 160,32 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 23600 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 284-1–284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 31 oktyabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 21351,5 (iyirmi bir min üç yüz əlli bir manat, əlli qəpik) manat məbləğində əsas borc, 1951,11 (min doqquz yüz əlli bir manat, on bir qəpik) manat məbləğində faiz borcu və 137,07 (yüz otuz yeddi manat, yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 23439,68 (iyirmi üç min dörd yüz otuz doqquz manat, altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 160,32 (yüz altmış manat, otuz iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 23600 (iyirmi üç min altı yüz) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar