Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-904/2021 07.07.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, iddiaçı ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh cəmi 18147.47 (on səkkiz min yüz qırx yeddi manat, 47 qəpik) manat, bundan 13828.60 (on üç min səkkiz yüz iyirmi səkkiz manat, 60 qəpik) manat əsas, 1383.36 (min üç yüz səksən üç manat, 36 qəpik) manat faiz, 967.51 (doqquz yüz altmış yeddi manat, 51 qəpik) manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1968 (min doqquz yüz altmış səkkiz) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Qusar rayonu, Yuxarı Ləyər kəndində yerləşən, ümumi 0.12 ha torpaq sahəsinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin qeyri-yaşayış sahəsinin və mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə qeyd edir ki, sənədlərin elektron təqdim edilməsi zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 15.07.2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının, habelə “Elektron Məhkəmə” İnformasiya Sistemi üzrə tətbiq edilən “Proses iştirakçısının Elektron kabinetindən istifadə qaydaları”nın tələblərinə əməl olunmalıdır. “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.2-ci bəndinə əsasən İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Mülki-Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.0.3-cü maddəsinə əsasən, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. “Elektron məhkəmə” sistemi vasitəsi ilə təqdim edilmiş hazırkı iddia ərizəsinin mətnində onun iddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu tərəfindən imzalanması göstərilmişdir. İddia ərizəsinə A.Nəzəf-zadəyə ləğv prosesində olan "İddiaçı" ASC-nin hüquqşünası kimi elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizələrin verilməsi üçün imza səlahiyyətlərinin verilməsi barədə 29.04.2021-ci il tarixli etibarnamə əlavə edilmişdir. Eyni zamanda təqdim edilmiş iş yerindən arayışdan görünür ki, A.Nəzəfzadə ləğv prosesində olan "İddiaçı" Acıq Səhmdar Cəmiyyətinin hüquq xidmətləri şöbəsinin müdiri vəzifəsində işləyir. Bununla belə, “Elektron məhkəmə” sistemi vasitəsi ilə təqdim edilmiş iddia ərizəsinin və sənədlərinin elektron imza ilə imzalanmasına dair məlumatlardan görünür ki, hazırkı iddia ərizəsi iddiaçının özünə, yaxud da məhz onun işçisi və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi A.Nəzəf-zadəyə məxsus olan elektron imza ilə deyil, hazırkı işə aidiyyəti olmayan başqa hüquqi şəxsin – “xxxx” MMC-nin (VÖEN **********) rəhbəri kimi Nəcəf-zadə Anar Ziya oğluna məxsus elektron imza ilə imzalanmışdır. Halbuki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddsində elektron imzaya digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər kimi anlayış verilmişdir. Həmin Qanunun 1.1.6-cı maddəsinə əsasən isə elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Qeyd edilən qanunun “Elektron imzanın istifadəsi” adlanan 5-ci maddəsinin tələblərinə əsasən isə elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. İmza sahibi bir neçə imza yaratma məlumatlarına malik ola bilər və onlar sertifikatlarında göstərilən münasibətlərdə istifadə edilir (maddə 5.1 və 5.2). Beləliklə, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia ərizəsi yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olmayan şəkildə imzalandığından o, Mülki- Prosessual Məcəllənin 149.1-ci maddəsində nəzərdə tutulmuş qaydada imzalanmış hesab edilə bilməz. Belə ki, iddiaçının işçisi və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi A.Nəzəf-zadə “xxxx” MMC-nin rəhbəri kimi ona məxsus olan imzadan yalnız “xxxx” MMC-ə aid münasibətlərdə istifadə etmək, müvafiq elektron sənədləri imzalamaq səlahiyyətinə malikdir. Həmin elektron imza digər münasibətlərdə, o cümlədən ləğv prosesində olan "İddiaçı" Acıq Səhmdar Cəmiyyətinin adından hazırkı iddia ərizəsinin imzalanmasında istifadə edilə bilməz. Mülki-Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-904/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-904/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver