Məhkəmə qərarları › İş №e-2-2(119)-908/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-908/2021

29.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-908/2021 29.09.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı “Premium Transport" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1 oğlunun, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 5511,97 (beş min beş yüz on bir manat 97 qəpik) manat (ƏDV daxil) məbləğində pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC ilə "xxxx" MMC arasında 25 oktyabr 2017-ci il tarixdə “Tikinti avadanlıqlarına texniki xidmət göstərilməsi və ehtiyat hissələrinin satışı” barədə AZTPT/25 OKTYABR/2017 saylı müqavilə imzalanmışdır. 25 yanvar 2019-cu ildə həmin Şirkətlər arasında qarşılıqlı borclar barədə Üzləşmə Aktı tərtib edilmişdir. Bununla da göstərilən tarixə "xxxx" MMC-nin "Premium Transport” MMC-yə 8861,60 manat (ƏDV daxil) borcu olduğu dəqiqləşdirilmiş və bu borc Üzləşmə Aktında öz əksini tapmışdır. Bundan əlavə aşağıda göstərilən "xxxx" MMC-nin özünə məxsus satış qaimələri ilə "Premium Transport” MMC-yə ehtiyat hissələri verilmişdir: 1). 07 mart 2019-cu il tarixli AZ00003616 saylı qaimə - 300,66 manat (ƏDV daxil) 2). 30 mart 2019-cu il tarixli AZ00003849 saylı qaimə - 1715,11 manat (ƏDV daxil) 3). 23 sentyabr 2019-cu il tarixli AZ00004497 saylı qaimə - 1334,06 manat (ƏDV daxil); Cəmi: 3349,83 manat (ƏDV daxil). Bunları nəzərə alaraq, "xxxx" MMC-nin 25 yanvar 2019-cu il tarixdə "Premium Transport” MMC-yə olan 8861,60 manat (ƏDV daxil) borcunda yuxarıda göstərilən tarixlərdə verilmiş ehtiyat hissələrinin məbləği, yəni 3349,83 manat (ƏDV daxil) çıxıldıqdan sonra 5511,97 manat (ƏDV daxil) "xxxx" MMC-nin "Premium Transport” MMC-yə borcu qalmışdır. Həmin borc hal-hazıra kimi geri qaytarılmamışdır (Bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 21, 1096.1, 1097.1 və 1099.1-ci maddələrinin məzmunu qeyd olunmuşdur). Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə İddiaçı tərəfindən 25 avqust 2021-ci ildə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 5511,97 (beş min beş yüz on bir manat 97 qəpik) manat (ƏDV daxil) məbləğində pul vəsaiti, qanunvericiliklə nəzərdə tutulmuş 688,80 (altı yüz səksən səkkiz manat 80 qəpik) manat cərimə və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 6230,77 (altı min iki yüz otuz manat 77 qəpik) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və iddiaçı tərəfindən “iddia tələbinin həcminin artırılması” barədə ərizədə hazırkı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı olaraq cavabdehdən əsas borc məbləğinin tutulması xahiş edilmiş, lakin müqavilə üzrə cərimələrin tutulmasının təmin edilməsi xahiş edilməmiş və cavabdehlə barışıq əldə etmək üçün qeyd edilən cərimələr tətbiq edilməmişdir. Lakin, Cavabdeh birmənalı olaraq barışıq əldə etmək üçün addımlar atmır, əksinə bundan yayınır və borcun ödənişini gecikdirir. Bu səbəbdən Tərəflər arasında imzalanmış Müqavilənin 5.1-ci maddəsinə əsasən İddiaçının cərimə tətbiq etmək hüququ vardır. 25 oktyabr 2017-ci il tarixli Müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Hər hansı itkilərin və cərimələrin təzminatların maksimal məbləği İcraçının öz öhdəliklərini yerinə yetirmədiyi və ya lazmi şəkildə yerinə yetirmədiyi texniki xidmətlərin və/və ya ehtiyyat hissələrin dəyərinin 10%-ni aşmamalıdır. Beləliklə, cavabdeh qeyd olunan borcu 30 (ay) gecikdirməklə iddiaçıya 688,80 manat məbləğində cərimə ödəməlidir. Faizin hesablanması: 5511,97 manat x 5% = 275,60 manat :12 = 22,96 x 30 ay = 688,80 manat (Ərizədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci və 445.7ci maddələrinin məzmunu qeyd olunaraq, həmin maddələrə istinad olunmuşdur). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə ƏDV daxil 5511,97 manat məbləğində borc, 688,80 manat məbləğində cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 6230,77 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi və izahatında iddia tələbini sifarişçi İddiaçı ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25 oktyabr 2017-ci il tarixli “Tikinti avadanlıqlarına texniki xidmət göstərilməsi və ehtiyat hissələrinin satışı” barədə Müqavilə və müqavilə tərəfi olan həmin hüquqi şəxslərin baş mühasibləri tərəfindən tərtib edilərək imzalanmış 25 yanvar 2019-cu il tarixli Üzləşmə Aktı ilə əsaslandırdı. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, əsassız olduğu üçün İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etdi və cavabdeh tərəfin bu mövqeyini onunla əsaslandırdı ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 25 oktyabr 2017-ci il tarixli “Tikinti avadanlıqlarına texniki xidmət göstərilməsi və ehtiyat hissələrinin satışı” barədə Müqavilə əsasında onların arasında həmin müqavilənin şərtləri daxilində əməkdaşlıq olmuş, həmin əməkdaşlıq zamanı göstərilmiş xidmətlərin və aparılmış alqı-satqının qiymətləri lazımi qaydada ödənilmiş, yəni göstərilmiş xidmətlərin və satılmış ehtiyat hissələrinin dəyəri həcmində də ödənişlər edilmişdir. Yəni, 25 oktyabr 2017-ci il tarixli müqavilə üzrə icraçı "xxxx" MMC tərəfindən ƏDV məbləğləri nəzərə alınmadan İddiaçı MMC-yə cəmi 33338,06 manat dəyərində ehtiyyat hissələrinin satışı və 4906,50 manat dəyərində servis xidmətləri göstərilmiş və bunun müqabilində isə İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ƏDV məbləğləri nəzərə alınmadan ümumilikdə cəmi 37082,51 manat məbləğində pul ödənilmişdir. Lakin, cavabdeh "xxxx" MMC iddia tələbinin əsaslandırıldığı 25 yanvar 2019-cu il tarixli Üzləşmə Aktını qəbul etmir. Çünki, həmin Üzləşmə Aktının hansı alt sənədlər əsasında tərtib edildiyi və Üzləşmə Aktında göstərilən məbləğin hansı sənədlərə görə hesablandığı müəyyən olunmur. Eyni zamanda, həmin Üzləşmə Aktı cavabdeh "xxxx" MMC-nin müvafiq səlahiyyətli şəxsi, yəni qanuni təmsilçisi tərəfindən imzalanmayıb və həmin hüquqi şəxsin möhürü ilə möhürlənməyib. Üçüncü şəxslər qarşısında öhdəlik yarada biləcək hər hansı bir rəsmi sənəd cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi tərəfindən imzalanaraq, həmin hüquqi şəxsin möhürü ilə möhürlənməlidir. İddia tələbinin əsaslandırıldığı Üzləşmə Aktı isə "xxxx" MMC tərəfindən buna səlahiyyəti olmayan “baş mühasib” tərəfindən imzalanıb və eləcə də, hüquqi şəxsin rəsmi möhürü ilə deyil, daxili sənədlər üçün, yəni hüquqi şəxsin daxili idarə edilməsində daxili dövriyyə üçün istifadə olunan “mühasibat sənədləri üçün” möhürü ilə möhürlənibdir. "xxxx" MMC-də daxili dövriyyə sənədləri üçün və kənar dövriyyə sənədləri üçün möhürlər fərqlidir. Daxili möhür kənar sənədlər üçün istifadə oluna bilməz və onun kənar dövriyyədə heç bir qüvvəsi yoxdur. Bütün bu hallara görə də iddiaçı tərəfin istinad etdiyi Üzləşmə Aktının mötəbərliliyi və həqiqətən də, Üzləşmə Aktında nəzərdə tutulan borcun mövcud olması təsdiq olunmur. Məhkəmə, proses iştirakçılarının izahatlarını, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və iş materiallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sifarişçi İddiaçı (VÖEN **********) ilə icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında 25 oktyabr 2017-ci il tarixli AZTPT/25 OKTYABR/2017 nömrəli “Tikinti avadanlıqlarına texniki xidmət göstərilməsi və ehtiyat hissələrinin satışı” barədə Müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndindən görünür ki, həmin Müqavilə ’’İcraçı” tərəfindən "Sifarişçi”nin texnikasına texniki xidmətin göstərilməsi və ehtiyat hissələrinin təminatı ilə əlaqədar bağlanmışdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, “İcraçı” lazımi sənədləri (iş kartı, qaimə-faktura, hesab və s.) ”Sifarişçi”yə işin tam yerinə yetirilməsindən 3 (üç) iş günü müddətində təqdim edir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, hər bir servis xidməti və o cümlədən, ehtiyat hissələrinin qiyməti göstərilən xidmətdən öncə təqdim olunacaq və müqavilənin ayrılmaz hissəsi kimi qəbul ediləcəkdir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, hesablaşmalar köçürmə yolu ilə həyata keçirilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, tərəflər bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Hər hansı itkilərin və cərimələrin təzminatının maksimal məbləği İcraçının öz öhdəliklərini yerinə yetirmədiyi və ya lazımi şəkildə yerinə yetirmədiyi texniki xidmətlərin və/və ya ehtiyyat hissələrin dəyərinin 10%-ni aşmamalıdır. İş materiallarında olan və imzalanma tarixi kimi “25 yanvar 2019-cu il tarixi” göstərilən Üzləşmə Aktının məzmunu ilə müəyyən olunur ki, 25 yanvar 2019-cu il tarixinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə 8861,80 manat məbləğində ödənilməmiş borcu vardır. Lakin, həmin Üzləşmə Aktında qeyd olunan borcun hansı əməliyyat (alqısatqı, xidmət və s.) və hansı maliyyə sənədləri əsasında yaranmış olduğu göstərilməmiş və eyni zamanda, həmin Üzləşmə Aktı "xxxx" MMC-nin baş mühasibi Əhməd Hüseynov tərəfindən imzalanaraq, “mühasibat sənədləri üçün” nəzərdə tutulan möhürlə möhürlənmişdir. Yəni, həmin Üzləşmə Aktı cavabdeh "xxxx" MMC-nin adından 25 oktyabr 2017-ci il tarixli AZTPT/25 OKTYABR/2017 nömrəli “Tikinti avadanlıqlarına texniki xidmət göstərilməsi və ehtiyat hissələrinin satışı” barədə Müqaviləni imzalamış səlahiyyətli şəxs tərəfindən deyil, buna hər hansı bir səlahiyyətinin olması müəyyən edilməyən “baş mühasib” tərəfindən imzalanmış və eləcə də, həmin Akt hüquqi şəxs "xxxx" MMC-nin rəsmi möhürü ilə təsdiq olunmamışdır. İş materiallarında olan İddiaçı tərəfindən tərtib olunmuş Maliyyə Arayışında göstərilir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında 25 yanvar 2019-cu il tarixli Üzləşmə Aktı imzalanmışdır. Həmin Akta əsasən "xxxx" MMC-nin İddiaçı MMC-nə 8861,80 (səkkiz min səkkiz yüz altmış bir manat 80 qəpik) manat borcu vardır (ƏDV ilə birlikdə). Bundan sonrakı tarixlərdə, yəni 07 mart 2019-cu il tarixdə 300,66 manat, 30 aprel 2019-cu il tarixdə 1715,11 manat, 23 sentyabr 2019-cu il tarixdə isə 1334,06 manat (bütün məbləğlərə ƏDV daxildir) "xxxx" MMC-dən mallar alınıb, İddiaçı MMC-nin anbarına mədaxil edilmişdir. Həmin məbləğlər 25 yanvar 2019-cu il tarixli Üzləşmə Aktında göstərilən məbləğdən çıxıldıqdan sonra "xxxx" MMC-nin İddiaçı MMC-yə hal-hazırda 5511,97 (beş min beş yüz on bir manat 97 qəpik) manat borcu vardır. İş materiallarında olan cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş Maliyyə Arayışında göstərilir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında aparılan əməliyyatlar zamanı "xxxx" MMC tərəfindən 33338,06 (otuz üç min üç yüz otuz səkkiz manat altı qəpik) manat əsas məbləğ və 6000,85 (altı min səksən beş qəpik) manat ƏDV məbləği dəyərində ehtiyyat hissələri, 4906,50 (dörd min doqquz yüz altı manat əlli qəpik) manat əsas məbləğ və 883,17 (səkkiz yüz səksən üç manat on yeddi qəpik) manat ƏDV məbləği dəyərində servis xidməti İddiaçı MMC-yə göstərilmişdir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 37082,51 (otuz yeddi min səksən iki manat 51 qəpik) manat əsas məbləğ və 7724,83 (yeddi min yeddi yüz iyirmi dörd manat 83 qəpik) manat ƏDV məbləği ödənilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 25 oktyabr 2017-ci il tarixli AZTPT/25 OKTYABR/2017 nömrəli “Tikinti avadanlıqlarına texniki xidmət göstərilməsi və ehtiyat hissələrinin satışı” barədə Müqavilə əsasında həmin tərəflər “Sifarişçi” və “İcraçı” olaraq ehtiyat hissələrinin satışı və servis xidmətlərinin göstərilməsi ilə əlaqədar əməkdaşlıq etmiş və həmin əməkdaşlıq üzrə ehtiyat hissələrinin alınmasına və servis xidmətlərinin göstərilməsinə görə müvafiq məbləğlərdə ödənişlər edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslandırıldığı 25 yanvar 2019-cu il tarixli Üzləşmə Aktına görə yaranmış 5511,97 (beş min beş yüz on bir manat 97 qəpik) manat məbləğində borcun mövcud olması öz təsdiqini tapmamışdır. Qeyd etmək lazımdır ki, cavabdeh tərəf həmin Üzləşmə Aktının mötəbərliyini mübahisələndirmiş olsa da, iddiaçı tərəf həmin Akt əsasında 5511,97 manat məbləğində borcun mövcud olmasını hər hansı bir digər mötəbər sübutla sübut edə bilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə bunu sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə müxtəlif ödənişlərin edilməsi ilə əlaqədar təqdim olunmuş bank sənədləri və elektronqaimələrlə də cavabdehin “5511,97 manat məbləğində” borcunun olması təsdiq edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76-cı maddəsinin tələbləri ilə müəyyən olunur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur və həmin sübut növlərindən biri də qanuni yolla əldə edilmiş yazılı sübutlardır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə” dair 18 mart 2019-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan – hazırkı mübahisə üzrə də iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı, iddia ərizəsində iddia tələbi iddiaçı tərəfin malik olduğu və məhkəməyə təqdim etdiyi sübutlar əsasında müvafiq qaydada əsaslandırılmalı və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Lakin, hazırkı iddia tələbinin, yəni “cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 5511,97 (beş min beş yüz on bir manat 97 qəpik) manat (ƏDV daxil) məbləğində pul vəsaitinin və qanunvericiliklə nəzərdə tutulmuş 688,80 (altı yüz səksən səkkiz manat 80 qəpik) manat cərimənin tutulması” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, əsaslılığı sübuta yetmədiyinə görə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbi, yəni “cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 5511,97 (beş min beş yüz on bir manat 97 qəpik) manat (ƏDV daxil) məbləğində pul vəsaitinin və qanunvericiliklə nəzərdə tutulmuş 688,80 (altı yüz səksən səkkiz manat 80 qəpik) manat cərimənin tutulması” barədə iddia tələbi təmin olunmamalıdır. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirakı edən şəxslərə aid edilir. İş üzrə məhkəmə baxışı zamanı Sumqayıt Kommersiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli e-2-2(119)-908/2021 nömrəli qərardadı ilə iddianın təmin tədbiri kimi kommersiya işinə mahiyyəti üzrə baxılanadək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesablarında olan pul vəsaitlərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan, iddia tələbi həddində - 6230,77 (altı min iki yüz otuz manat 77 qəpik) manat həcmində həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar