Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-917/2023 09.10.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Salədin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək içməli suya görə 1300,81 manat, çirkab suyuna görə 1183,19 manat olmaqla, ümumilikdə 2484 manat hesablanmış cərimənin silinməsi və mediasiya ilə əlaqədar ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, M.Müşfiq küçəsi yaxınlığında H.Zeynalabdin parkının içərisində yerləşən obyekt (çayxana) icarə müqaviləsi əsasında İddiaçı istifadəsindədir. 2017-ci ildə obyektə quraşdırılmış su sayğacı naməlum şəxslər tərəfindən oğurlanmışdır. İddiaçı dərhal Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və oradan Sumqayıt şəhər Polis İdarəsinə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra Sumqayıt şəhər Polis İdarəsinə müraciət olunmuş, Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin xx.xx.2017-ci il tarixli arayışı ilə bildirilmişdir ki, su sayğacının tapılması ilə bağlı hər hansı müsbət bir nəticə əldə olunmamışdır. Cavabdehlə əldə olunmuş qarşılıqlı razılığa əsasən yeni su sayğacı quraşdırılana qədər istifadə olunan suyun dəyərinin metodiki hesablama yolu ilə həyata keçiriləcəyi müəyyən edilmişdir. Obyektə su verilmədiyi halda, guya, sayğaca müdaxiləyə görə iddiaçıya 2484 manat borcunun olması barədə abonent haqqında arayış təqdim olunmuşdur. Həmin arayışa görə xx.xx.2023-cü il tarixinə içməli su üçün 1300,81 manat, çirkab suyuna görə isə 1183,19 manat olmaqla, cəmi 2484 manat cərimə hesablanmışdır. Halbuki iddiaçının istifadəsində olan obyektdə kanalizasiya xətti olmadığı halda 1183,19 manat borcunun olduğu göstərilir. Hesablanmış 2484 manat borc əsassız olduğundan cavabdeh tərəfindən silinməlidir. İddiaçı sayğaca heç bir müdaxilə etməmiş və akt imzalamamışdır. Həmçinin cavabdehə sonuncu dəfə 14 iyun 2023-cü il tarixdə elektron qaydada pretenziya ilə müraciət olunmuş, lakin cavabdeh həmin xəbərdarlıqlara cavab verməmiş, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı isifadəsində olan qeyri-yaşayış sahəsinə xx.xx.2013-cü tarixdə “Alfasu-15” markalı, 552893 nömrəli sayğac quraşdırılmışdır. 2018-ci ilin mart ayında sayğac çıxardılaraq 2019-cu ilin fevral ayına qədər obyektdə birbaşa birləşmə ilə sudan istifadə edilmişdir. xx.xx.2019-cu il tarixdə obyektə yenidən sayğac quraşdırılmışdır. Qeyri-yaşayış sahəsində sayğac olmadığı müddət ərzində sudan istifadə nəticəsində 304 manat məbləğində borc yaranmışdır. Həmin 304 manat borcun yarısı içməli su təchizatı, yarısı isə tullantı sularının axıdılması (kanalizasiya) xidmətinə görədir. Bundan başqa Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə həmin sahibkarlıq obyektinə baxış keçirildikdə sudan qeyri-qanuni istifadə halı aşkarlanaraq akt tərtib edilmiş və həmin akt əsasında 2196 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 iyun 2018-ci il tarixli MXD-09770 nömrəli inventar aktından görünür ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, X1 qəsəbəsində yerləşən sahibkarlıq obyektinin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilərkən obyektin su sayğacı yerində aşkarlanmamış və obyektin birbaşa qoşularaq d=15 mm-lik boru vasitəsi ilə sudan istifadə etdiyi məlum olmuşdur. İş materiallarında olan 01 fevral 2019-cu il tarixli inventarizasiya aktından görünür ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, X1 qəsəbəsində yerləşən sahibkarlıq obyektinin su təchizatı və su sayğacı qovşağının vəziyyəti yoxlanarkən su xəttində su sayğacı aşkar olunmamış, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən yeni “ŞSS-20k” markalı, smart kart tipli su sayğacı quraşdırılmışdır. İş materiallarında olan 01 fevral 2019-cu il tarixli 000953 nömrəli “Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair” Aktdan görünür ki, abonentin su xəttinə quraşdırılmış su sayğacı abonentin iştirakı ilə texniki şərtlər əsasında yoxlanılaraq istismara verilmişdir. İş materiallarında olan 15 iyul 2023-cü il tarixli inventarizasiya aktından görünür ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, X1 qəsəbəsində yerləşən sahibkarlıq obyektinin su təchizatı və su sayğacı qovşağının vəziyyəti yoxlanarkən abonentə kanalizasiya xidməti göstərilmədiyi və abonentin çirkab su şəbəkəsinə qoşulmadığı məlum olmuşdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş arayışda göstərilir ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev 106-da yerləşən qeyri-yaşayış sahəsində (kod-153357) xx.xx.2013-cü il tarixdə “Alfasu-15” markalı, 552893 nömrəli su sayğacı quraşdırlmşdır. 2018-ci ilin mart ayında sayğac çıxarılaraq 2019-cu ilin fevral ayına qədər birbaşa birləşmə ilə su təzhizatı xidmətlərindən istifadə olunmuşdur. 01 fevral 2019-cu il tarixdə smart tipli, 184480 nömrəli yeni sayğac quraşdırılmışdır. Qeyri- yaşayış sahəsində sayğac olmayan müddət ərzində 2018-ci ilin mart ayından 2019-cu ilin fevral ayınadək sudan istifadə nəticəsində 304 manat borc hesablanmışdır. 21 iyun 2018-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən qeyri-yaşayış sahəsində sudan qeyri-qanuni istifadə halı aşkarlanmış və 09770 saylı 21 iyun 2018-ci il tarixli akt tərtib olunmuşdur. Sudan qeyri-qanuni istifadə nəticəsində 2196 manat dəymiş ziyan məbləği hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, istifadəsində olan Sumqayıt şəhəri, X1 qəsəbəsində yerləşən sahibkarlıq obyekti üzrə İddiaçı adına rəsmiləşdirilmiş abonent hesabına (abonent kodu 153357) Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən sayğac olmayan müddət ərzində 2018-ci ilin mart ayından 2019-cu ilin fevral ayınadək içməli su təchizatı və tullantı sularının axıdılması xidməti üçün 304 manat məbləğində borc hesablanmışdır. Bundan başqa 21 iyun 2018-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən həmin obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və qeyri-yaşayış sahəsində sudan qeyri-qanuni istifadə halı aşkarlanaraq akt tərtib olunmuşdur. Həmin akt əsasında 2196 manat dəymiş ziyan məbləği hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materialları əsasında müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən istifadəsində olan Sumqayıt şəhəri, X1 qəsəbəsində yerləşən sahibkarlıq obyekti üzrə İddiaçı adına rəsmiləşdirilmiş abonent hesabına akt əsasında hesablanmış 2196 (iki min yüz doxsan altı) manat məbləğində borc silinməlidir. Bundan başqa məhkəmə hesab edir ki, həmin abonent hesabına sayğac olmayan müddət ərzində 2018-ci ilin mart ayından 2019-cu ilin fevral ayınadək yarısı içməli su təchizatı, yarısı tullantı sularının axıdılması (kanalizasiya) xidməti üçün hesablanmış 304 (üç yüz dörd) manat məbləğində borcun 152 (yüz əlli iki) manat məbləğində hissəsi də silinməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı istifadəsində olan sözügedən sahibkalıq obyetində tullantı sularının axıdılması (kanalizasiya) xidmətindən istifadə olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 12 iyun 2023-cü il tarixli, MŞS/MT030/2023-01104 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmiş, mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq İddiaçı 60 (altmış) manat məbləğində mediasiya ödənişini həyata keçirmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı İddiaçı tərəfindən mediatora ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin 30 (otuz) manat hissəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən istifadəsində olan Sumqayıt şəhəri, X1 qəsəbəsində yerləşən sahibkarlıq obyekti üzrə İddiaçı adına rəsmiləşdirilmiş abonent hesabına (abonent kodu 153357) hesablanmış 2348 (iki min üç yüz qırx səkkiz) manat məbləğində borc silinməlidir. Eyni zamanda mediasiya ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 43,48 (qırx üç manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən istifadəsində olan Sumqayıt şəhəri, X1 qəsəbəsində yerləşən sahibkarlıq obyekti üzrə İddiaçı adına rəsmiləşdirilmiş abonent hesabına (abonent kodu 153357) hesablanmış 2348 (iki min üç yüz qırx səkkiz) manat məbləğində borc silinsin. Mediasiya ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 43,48 (qırx üç manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-917/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-917/2023
09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver