Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-917/2024 21.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və X3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və X3 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 4024,29 manat məbləğində faiz borcu və 1426,07 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5450,36 manat məbləğində pul vəsaitinin və iddia qaldırılması üçün ödənilmiş 74,51 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia ərizəsi - "borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 20 dekabr 2022-ci il tarixli 1201***-*******01L nömrəli Əsas Kredit Limiti Razılaşmasının və həmin Razılaşmanın ayrılmaz tərkib hissəsi olan 21 dekabr 2022-ci il tarixli Razılaşmasının şərtlərinin pozulması və eyni zamanda, borcverən İddiaçı ASC ilə zamin X4 arasında bağlanmış 21 dekabr 2022-ci il tariхli 1FİZAM190460601 nömrəli Zaminlik müqaviləsi ilə" əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və X3 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kredit verən” və Cavabdeh2 – “Borc alan” olmaqla, bağlanmış 20 dekabr 2022-ci il tarixli 1201***-*******01L nömrəli Əsas Kredit Limiti Razılaşmasına və həmin Razılaşmanın ayrılmaz tərkib hissəsi olan 21 dekabr 2022-ci il tarixli Kredit Razılaşmasına əsasən “Avadanlıq alınması və digər investisiya xərcləri” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN **********) 21 dekabr 2024-cü il tarixədək illik 19 % dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir Həmin Razılaşmanın 5-ci bəndinə əsasən, güzəşt müddəti ərzində “Borcalan” götürülmüş kreditə görə yalnız bu əsas kredit limiti razılaşmasına əlavə edilmiş ödəniş cədvəlində qeyd edilən faizləri ödəyəcəkdir. Güzəşt müddəti bitdikdən sonra isə “Borcalan” əsas borc, faiz və digər ödənişləri “Kreditverən”ə ödəyəcəkdir. Faiz ödənişləri aylıq ödəniş məbləğlərini özündə əks etdirən ödəniş cədvəlində qeyd edilmiş vaxtda və məbləğdə “Kreditverən"ə qaytarılmadıqda, “Borcalan” hər gecikdirilən gün üçün 0.00 (sıfır) manat məbləğdə cərimə ödəyəcəkdir. İş materiallarından görünür ki, borcalan Cavabdeh2 Banka olan borcunu müvafiq Ödəniş Cədvəlinə əsasən son ödəniş tarixi 21 dekabr 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 30 aprel 2020-ci il tariхli 1FİZAM190460601 nömrəli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kredit verən” və X4 – “Zamin” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən həmin Zamin borc alan Cavabdeh2 20 dekabr 2022-ci il tarixli 1201***-*******01L nömrəli Əsas Kredit Limiti Razılaşması və həmin Razılaşmanın ayrılmaz tərkib hissəsi olan 21 dekabr 2022-ci il tarixli Kredit Razılaşması üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti üzərinə götürmüşdür. X5 tələblərinə görə, Zamin faizlərin, borc tutulması üzrə məlikəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borcalan ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. İş materiallarında olan 18 aprel 2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, borcalan Cavabdeh2 21 dekabr 2022-ci il tarixli Kredit Razılaşması üzrə 18 aprel 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas kredit məbləğinin borcu 0 manat, 4024,29 manat faiz borcu və 1426,07 manat cərimə borcu оlmaqla, cəmi 5450,36 (beş min dörd yüz əlli manat 36 qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 (VÖEN **********) 20 dekabr 2022-ci il tarixli 1201***-*******01L nömrəli Əsas Kredit Limiti Razılaşmasını və həmin Razılaşmanın ayrılmaz tərkib hissəsi olan 21 dekabr 2022-ci il tarixli Razılaşmanı bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək, kredit verən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu tam olaraq ödəsə də, faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zamin X2 da borcverən Bank qarşısında öhdəliyi yaranmışdır. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar İddiaçı ASC tərəfindən məhkəməyə 74,51 (yetmiş dörd manat 51 qəpik) manat manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, 21 dekabr 2022-ci il tarixli Razılaşmanı əsasında verilmiş kredit üzrə 4024,29 manat məbləğində faiz borcu məbləğində ödənilməmiş faiz borcunun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış olduğundan, iddia tələbi həmin hissədə təmin olunmalıdır. Lakin, məhkəmə hesab edir ki, iddianın “cavabdehlərdən müştərək qaydada 1426,07 (min dörd yüz iyirmi altı manat 07 qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi isə təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin tələblərinə görə cərimə (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilməli, yəni tərəflər arasında bağlanan Kredit Müqaviləsində göstərilməlidir. Lakin, hazırkı mübahisə üzrə nəzərdə tutulan kredit şərtlərinin müəyyən edildiyi 20 dekabr 2022-ci il tarixli 1201***-*******01L nömrəli Əsas Kredit Limiti Razılaşmasında və həmin Razılaşmanın ayrılmaz tərkib hissəsi olan 21 dekabr 2022-ci il tarixli Razılaşmada Cavabdeh2 öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə cərimənin (dəbbə pulunun, penyanın) hesablanması və ödənilməsi qaydası nəzərdə tutulmamış və eləcə də, “borcalanın” öhdəliyini lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etməmişdir (Mülki Məcəllənin 465.2-ci maddəsi). Ona görə də, tərəflər arasında imzalanmış 20 dekabr 2022-ci il tarixli 1201***-*******01L nömrəli Əsas Kredit Limiti Razılaşmasına və həmin Razılaşmanın ayrılmaz tərkib hissəsi olan 21 dekabr 2022-ci il tarixli Razılaşmaya istinad edilməklə, hazırki iddia ərizəsi üzrə cavabdehlərdən hər hansı məbləğdə cərimənin (dəbbə pulunun və yaxud, penyanın) tələb edilməsinin əsaslılığı müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 4024,29 manat məbləğində faiz borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı iş üzrə iddianın təmin olunan hissəsinə mütənasib olaraq hesablanan 60,24 (altmış manat 24 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 (VÖEN **********) və X1 müştərək qaydada 4024,29 (dörd min iyirmi dörd manat 29 qəpik) manat məbləğində faiz borcu və ödənilmiş dövlət rüsumunun 60,24 (altmış manat 24 qəpik) manat hissəsinin əvəzi olmaqla, cəmi 4084,53 (dörd min səksən üç manat 53 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə). Hakim Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-917/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-917/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver