Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-922/2021 06.10.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı abonent kodu **********0 olan Cavabdeh MMC-nin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 21534,12 (iyirmi bir min beş yüz otuz dörd manat 12 qəpik) manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli Sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********0 olan Cavabdeh MMC-nin elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 21534,12 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 21534,12 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşlarının hər ay Cavabdeh MMC-nin ünvanına gedərək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsi tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. İddia ərizəsində daha sonra göstərilir ki, "xxxx" ASC mülki hüquq subyekti olduğu üçün digər hüquqi şəxs tərəfindən pozulmuş hüquqları qanunvericiliyə uyğun olaraq bərpa edilməlidir. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 385.1, 425.1, 425.2, 427.3, 442, 445.1-ci maddələrinə istinad etməklə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 06.10.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh MMC-nin 05.10.2021-ci il tarixə 18722,12 manat borcunun qaldığını, həmin borc məbləğinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Əhmədov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı enerjitəchizatı müəssisəsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti abonent kodu **********0 olan Cavabdeh elektrik enerjisi ilə təmin etmiş, cavabdehin istifadə edilmiş elektrik enerjisinə görə borcu yaranmışdır. Tərəflər arasında bağlanılmış elektrik enerjisinin alqı-satqısı haqqında 24.07.2020-ci il tarixli, 071158 saylı birtipli müqavilədə də **********0 saylı abonent koduna istinad edilmişdir. Hazırda iddiaçı cavabdehdən həmin abonent kodu üzrə istifadə edilmiş elektrik enerjisinə görə 18722,12 manat borcun ödənilməsini tələb edir. Abonent kodu **********0 olan Cavabdeh MMC-yə aid abunə haqqında məlumatda cavabdehin 05.10.2021-ci il tarixə 18722,12 manat borcunun olması öz təsdiqini tapır. Qeyd edilən məbləğdə borcun mövcudluğu "xxxx" ASC-nin 05.10.2021-ci il tarixli, 01-457/21 saylı borc barədə arayışı ilə də təsdiqlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qeyd edilən qaydaların 8.13-cü bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və "X4" Məhdud Məsuliyyətli Cəmiyyətindən istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 18722,12 manat borc tutularaq İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan əlavə, Mülki-Prosessual Məcəllənın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehə aid edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən (abonent kodu **********0) istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 18722,12 (on səkkiz min yeddi yüz iyirmi iki manat, 12 qəpik) manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 18752,12 (on səkkiz min yeddi yüz əlli iki manat, 12 qəpik) manat tutularaq iddiaçı "xxxx" X2 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-922/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-922/2021
06.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver