Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-929/2025 26.08.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan Sumqayıt şəhəri, 6-cı məhəllə ünvanında yerləşən sahibkarlıq obyektinə Cavabdeh tərəfindən hesablanmış 1674 (min altı yüz yetmiş dörd) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 6-cı məhəllə ünvanında yerləşən sahibkarlıq obyekti (“Zeytun” restoranı) iddiaçının istifadəsindədir. 02 dekabr 2024-cü il tarixində Cavabdeh nümayəndələri tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231902171 nömrəli çıxarış əsasında həmin obyektin qaz təchizatına baxış keçirilmişdir. Baxış zamanı obyektdə istismarda olan qaz qurğularının ümumi saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.1.6-cı yarımbəndinə uyğun olaraq qazın həcminin dəqiq uçotunun aparılması məqsədilə 02 dekabr 2024-cü il tarixli, ******* saylı "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib olunmuş və 6696 m³ həcmində itirilmiş təbii qaza görə 1674 manat məbləğində dəymiş ziyan müəyyən edilmişdir. Bu günə qədər iddiaçı tərəfindən istifadə olunan təbii qazın dəyəri sayğac göstəricilərinə uyğun vaxtında ödənilmişdir. Bildirilir ki, hesablanmış borc tamamilə əsassızdır. Cavabdehnə əsassız borcun silinməsi tələbinə dair pretenziya məktubu ilə müraciət edilmiş, lakin cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 20 iyun 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim edərək iddia əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 6-cı məhəllə ünvanında yerləşən “Zeytun” restoranının qaz cihazlarına (**********30000) Cavabdeh əməkdaşları baxış keçirilmiş və ciddi nöqsanlar aşkar olunduğuna görə yerində "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib olunmuşdur. Aktda qaz qurğularının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən (6,2 m3) çox olduğu qeyd olunmuşdur. Abonent layihədən kənar əlavə qaz cihazları quraşdıraraq qazdan istifadə etmiş və nəticədə qaz itkisinə yol vermişdir. Belə ki, abonentin istifadə etdiyi qaz sayğacı “G-6” tipli sayğacın maksimal qaz buraxma gücü 10 m3 olduğu halda İddiaçı mövcud qeyri-yaşayış sahəsində 16 m3 qaz sərf etməklə istifadə etmişdir. Dövlət əmlakı talanmışdır. Bu faktla bağlı iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilməlidir. Lakin hazırkı vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. İddiaçı layihədən kənar əlavə qaz cihazları quraşdırdığına görə barəsində akt tərtib olunmuşdur. 02 dekabr 2024-cü il tarixli ******* saylı "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" aktda 6696 m³ həcmində itirilmiş təbii qaza görə 1674 manat məbləğində dəymiş ziyan müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan KY242259474 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, Cavabdeh təfərindən İddiaçı məxsus sahibkarlıq obyektində başlama tarixi 02 dekabr 2024-cü il, qurtarma tarixi 04 dekabr 2024-cü il olmaqla keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi kimi qeyd edilmişdir. İş materiallarında olan 02 dekabr 2024-cü il tarixli yoxlama aktından görünür ki, Cavabdeh nümayəndələri İddiaçı məxsus Sumqayıt şəhəri, 6-cı məhəllə ünvanında yerləşən sahibkarlıq obyektində yoxlama aparmış, müəssisədə istifadə olunan qaz qurğularının saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən (6,2 m3) çox olması müəyyən edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 02 dekabr 2024-cü il tarixli ******* nömrəli aktda restoranda istifadə olunan qaz qurğularının saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən (6,2 m3) çox olması qeyd olunmuşdur. Qazdan istifadə qaydalarının 4.1-ci bəndinin və 3.4.1-ci yarımbəndinin paylayıcı ilə istehlakçı arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 2.3.5-ci yarımbəndinin pozulması nəticəsində itirilmiş qaz sərfinin hesablanması, ödənişin təmin edilməsi tələb edilmişdir. İş materiallarında olan 13 dekabr 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 16.2 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq qaydaların 6.5-2-ci yarımbəndinə uyğun hesabat forması 16.2-10=6.2x12x90=6696 m3 olaraq hesablanmış və həmin hesabatda itirilmiş qazın miqdarı 6696 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2024-cü ilin dekabr ayında akt əsasında İddiaçı məxsus **********30000 nömrəli abonent koduna 1674 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi “X1 Agentliyi” publik hüquqi şəxsinin 06 avqust 2025-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, istehlakçı Cavabdeh tərəfindən verilmiş 18 dekabr 2013-cü il tarixli, 17986 nömrəli texniki şərt əsasında mövcud işçi layihəsində (7-161-09 D nömrəli, əlavə olunur) dəyişikliklər etdirərək qaza olan tələbatı 9,7 m3 /saat təşkil etmişdir. Layihədə 1 ədəd 28 kw (3 m3 /saat) kombi tipli su qızdırıcı, 1 ədəd axınlı su qızdırıcı (2 m3/saat), 1 ədəd PQ-4 restoran tipli qaz plitəsi (3,5 m3 /saat) və 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi (1,2 m3 /saat) qaz cihazlarının quraşdırılması nəzərdə tutulmuşdur. Cavabdeh ” İstehsalat Birliyinin əməkdaşları tərəfindən obyektdə yoxlama aparılan zaman layihədən kənar 1 ədəd kürə (4 m3 /saat), 1 ədəd axınlı su qızdırıcı (2 m3 /saat) və 1 ədəd 32 kw (3,5 m3 /saat, 28 kw kombinin əvəzinə quraşdırılmış) qaz cihazlarının quraşdırıldığı və təbii qazdan istifadə olunduğu müəyyən edilmişdir. İstehlakçının sayğacının maksimal ölçmə qabiliyyətinin 10 m3 /saat təşkil etdiyini (qaz sayğacının pasportu əlavə olunur) nəzərə alaraq, abonent saldosu təhlil edilmişdir. Məlum olmuşdur ki, müvafiq dövrlərdə (qış aylarında) kafedə ay ərzində maksimal 5000–6000 m3 olmaqla təbii qaz istehlak olunmuşdur. İstehlak olunan təbii qaz ayın günlərinə və günün saatlarına böldükdə, qaz sayğacının hesablama qabiliyyətinin yuxarı ölçmə həddini (12 (işləmə saatı) x 10 (sayğacın maksimal ölçmə həddi) x 30 (gün) = 3600 m3) keçmişdir. Qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacı mexaniki tipli olduğundan, istifadə edilən təbii qazın sərfiyyatı qaz sayğacının yuxarı hesablama sərfiyyatını keçməyinə baxmayaraq, ölçmə xətası ilə qeydiyyata alınmışdır. Abonent saldosu təhlil edilərkən, bu fakt öz əksini tapmışdır. Məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.4.1-ci yarımbəndinin tələblərinə əsasə, özbaşına qaz qurğularının quraşdırılması, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsi, dəyişdirilməsi və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçıya qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın tələblərinə uyğun olaraq qaz təchizatına dair qaz paylayıcısı tərəfindən texniki şərtlərin verilməsi və layihənin hazırlanması, həmin texniki şərtlərə və layihəyə uyğun olaraq tikinti obyektinin müvafiq qaydada qaz paylayıcı şəbəkəyə qoşulması barədə istehlakçı tərəfindən müraciət olunmalıdır. "Qazdan istifadə Qaydaları"nın 5.2-ci bəndinə əsasən 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödəndikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Eyni zamanda, qaz sayğacına müdaxilə və ya qaz paylayıcı şəbəkəyə qeyriqanuni qoşulma halları baş verdikdə dəymiş ziyanın hesablanması “Qazdan istifadə Qaydaları” nın 6.5-ci bəndinə əsasən hesablanır. Qaz sayğacının yuxarı həddinin keçməsi nəticəsində dəymiş ziyanın hesablanması mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə edilmiş çıxarışda yoxlama suallarında qeyri-yaşayış sahəsinin mövcud qaz qurğularının yoxlanılması nəzərdə tutulmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 19.6-cı bəndinə əsasən, yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda, həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz. Bu səbəbdən Cavabdeh tərəfindən hesablanmış dəymiş ziyan əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları tərəfindən İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, 6-cı məhəllə ünvanında yerləşən sahibkarlıq obyektinə baxış keçirilmiş, baxış zamanı həmin obyektdə quraşdırılan “G-6” markalı qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz işlədicilərinin maksimal sərfiyyatının 16,2 m3/saat olduğu müəyyən edilmişdir. Qaz sayğacının saatlıq qaz sərfinin sayğacın maksimal ölçmə həddindən çox olması ilə əlaqədar iddiaçıya 1674 (min altı yüz yetmiş dörd) manat məbləğində dəymiş ziyanla bağlı borc hesablanmışdır. Məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi “X1 Agentliyi” publik hüquqi şəxsindən 06 avqust 2025-ci il mütəxəssis rəyi almış və və həmin rəydə “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən hesablanmış dəymiş ziyanın əsassız olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi “X1 Agentliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş 06 avqust 2025-ci il tarixli mütəxəssis rəyi mötəbər sübut kimi əsas götürülərək Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, 6-cı məhəllə ünvanında yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********30000) 02 dekabr 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1674 (min altı yüz yetmiş dörd) manat məbləğində borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, 6-cı məhəllə ünvanında yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********30000) 02 dekabr 2024cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1674 (min altı yüz yetmiş dörd) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, 6-cı məhəllə ünvanında yerləşən sahibkarlıq obyektinə (abonent kodu **********30000) 02 dekabr 2024cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 1674 (min altı yüz yetmiş dörd) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-929/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-929/2025
26.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver