Məhkəmə qərarları › İş №e-2-2(119)-937/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-937/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-937/2024 24.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən yolverilməzliyinə görə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 20 may 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 06 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə 17937,04 (on yeddi min doqquz yüz otuz yeddi manat dörd qəpik) manat əsas borc, 1315,7 (min üç yüz on beş manat yetmiş qəpik) manat faiz borcu və 23,61 (iyirmi üç manat altmış bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 19276,35 (on doqquz min iki yüz yetmiş altı manat otuz beş qəpik) manat borcun tutulması, 11 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə 664,71 (altı yüz altmış dörd manat yetmiş bir qəpik) manat əsas borc, 64,62 (altmış dörd manat altmış iki qəpik) manat faiz borcu olmaqla, cəmi 729,33 (yeddi yüz iyirmi doqquz manat otuz üç qəpik) manat borcun və 150,02 (yüz əlli manat iki qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumat bazasında olan məlumatlarla müəyyən olunur ki, iddia ərizəsində cavabdeh qismində göstərilmiş Cavabdeh2 20 sentyabr 2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, cavabdeh qismində göstərilmiş Cavabdeh2 20 sentyabr 2023-cü il tarixdə vəfat etdiyi üçün hazırkı iddia ərizəsinin veridiyi vaxt, yəni 20 may 2024-cü il tarixdə onun hüquq qabiliyyəti olmamışdır. Buna görə də, iddiaçı ona qarşı “borcun tutulması” tələbi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh2 artıq ölmüş olduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinin tələblərinə əsasən onlara qarşı məlum iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi və onların cavabdeh qismində məhkəmə prosesinə cəlb olunması istisna edilir. Odur ki, məhkəməyə müraciət ediləndən əvvəl ölmüş Cavabdeh2 cavabdeh qismində cəlb edilməklə verilmiş hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə - iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddianın yolverilməzliyinə görə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar