Məhkəmə qərarları › İş №e-2-2(119)-948/2022

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-948/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-948/2022 23.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X5 qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Rzayev Ruslan Baldadaş oğlunun, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 17 iyun 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və borcun girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli Kredit Müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5566,60 manat məbləğində əsas bоrc və 2115,98 manat məbləğində faiz borcu оlmaqla, ümumilikdə 7682,58 manat məbləğində borcun və 100 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi və tutmanın Bank qarşısında girov qoyulmuş Cavabdeh1 məxsus olan və ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş “boyunbağı - 1 ədəd, klon - 1 ədəd 583 əyarlı, 18.2 qram; üzük - 3 ədəd; sırğa - 2 cüt; qolbaq - 1 ədəd 583 əyarlı, 32,8 qram” qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, Bank İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli Krеdit Müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 27% dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində krеdit vеrilmişdir. 26 fevral 2020-ci il tariхli, 200842-862984/1 nömrəli Girov müqaviləsinə əsasən 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli krеdit müqaviləsinin təminatı qismində çıxış edən və borcalan Cavabdeh1 tərəfindən girov qoyulmuş aşağıda göstərilən qızıl-zinət əşyaları, qəbul edilmə aktına (№ 2536357) əsasən xüsusi paketə qoyularaq, Bankın pul anbarına saxlanca verilmişdir: “boyunbağı-1 ədəd, klon-1 ədəd 583 əyarlı, 18.2 qram; üzük-3 ədəd; sırğa-2 cüt; qolbaq-1 ədəd 583 əyarlı, 32,8 qram”. Еyni zamanda, borcverən Bank ilə Cavabdeh2 arasında 26 fevral 2020-ci il tariхli 200842-862984/1/2 nömrəli Zaminlik Müqaviləsi bağlanmışdır. Zaminlik Müqaviləsinin 4.2-ci bəndinə əsasən Zamin Bank qarşısında 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli krеdit müqaviləsinin şərtlərinin yеrinə yеtirilməsinə görə Bоrcalanla еyni dərəcədə, yəni krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, Bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli Krеdit Müqaviləsi üzrə əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. 01 iyun 2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 5566,60 manat əsas bоrcu və 2115,98 manat faiz borcu оlmaqla, ümumilikdə 7682,58 (yeddi min altı yüz səksən iki manat 58 qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Girov müqaviləsinin 4.1.2.-ci bəndinə əsasən borcalanla bank arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə bankın tələbi girov predmentinə yönəltmək hüququ vardır. Girov müqaviləsinin 5.1-ci bəndinə əsasən girov qoyan girovla təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə, bankın girov predmentinə tutma hüququ yaranır. Kredit müqaviləsi üzrə borclu öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin girov predmentinə tutma hüququ yaranmışdır. Eyni zamanda, məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada İddiaçı ASC tərəfindən cavabadehlər Cavabdeh1 və Cavabdeh2 ilə mövcud kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müvafiq qaydada mediatora müraciət edilmiş olsa da, tərəflər arasında mediasiya qaydasında razılıq əldə olunmamış və borc ödənilməmişdir. Lakin İddiaçı ASC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 100 (yüz) manat məbləğində mediasiya xərci də ödənilmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli Kredit Müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5566,60 manat məbləğində əsas bоrc və 2115,98 manat məbləğində faiz borcu оlmaqla, ümumilikdə 7682,58 manat məbləğində borcun və 100 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi və tutmanın Bank qarşısında girov qoyulmuş Cavabdeh1 məxsus olan və ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş “boyunbağı - 1 ədəd, klon - 1 ədəd 583 əyarlı, 18.2 qram; üzük - 3 ədəd; sırğa - 2 cüt; qolbaq - 1 ədəd 583 əyarlı, 32,8 qram” qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə biznes fəaliyyəti ilə əlaqədar 26 fevral 2020-ci il tariхli Krеditi Müqaviləsinə əsasən borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 24 ay müddətinə 7000 manat məbləğində krеdit götürdüyünü, lakin pandemiya dövründə yaranan problemlərə görə kredit borcu üzrə vaxtlı-vaxtında ödəniş edə bilmədiyini, iddia tələbində qeyd olunan əsas borcu qəbul etsə də, faiz borcunun tutulmasına və borc məbləğinin girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsinə razı olmadığını və iddia tələbi üzrə yalnız əsas borcun iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini, 26 fevral 2020-ci il tariхli Krеditi Müqaviləsi üzrə zamin olaraq iddia tələbində qeyd olunan əsas borcu qəbul etsə də, faiz borcunun tutulmasına və borc məbləğinin girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsinə razı olmadığını və iddia tələbi üzrə yalnız əsas borcun iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 (VÖEN **********) – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədilə borcalan Cavabdeh1 24 ay müddətinə illik 27 % dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən, kredit, bu Müqavilə ilə müəyyən olunan şərtlər Borcalan tərəfindən icra edildikdən sonra Bank tərəfindən Borcalanın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. Kreditin uçotu Borcalanın müvafiq ssuda hesabında aparılır. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişin silinməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir və Borcalan tərəfindən müəyyənləşdirilmiş hər hansı digər qayda etibarsızdır: a) Cərimə faizləri; b) Vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər; c) Vaxtı keçmiş və gecikdirilmiş əsas borc; d) Faiz borcu; e) Əsas borc. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, əsas məbləğ (və ya onun hissəsi), yaxud onlara hesablanan faizlər və ya hər-hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 30 təqvim günündən artıq gecikdirildikdə vaxtı keçmiş Kredit hesab edilir. Həmin Müqavilənin 6.3-cü bəndinə əsasən, bu Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 54 (əlli dörd) % faiz dərəcəsi ilə faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarında olan 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən görünür ki, borcalan Cavabdeh1 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh1 imza etmişdir. X4 əsasən ödənişin son tarixi 26 fevral 2022-ci il müəyyən olunmuşdur. İş materiallarında olan 26 fevral 2020-ci il tariхli 200842-862984/1/2 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh2 – “Zamin” və Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış həmin Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 “zamin” olaraq borcalan Cavabdeh1 26 fevral 2020-ci il tariхli 200842- 862984/1 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. X1 tələblərinə görə zamin və borcalan Bank qarşısında birgə məsuliyyət daşıyırlar (müqavilələrin 4.1-ci bəndi) və zamin Kredit müqaviləsi üzrə öhdəliklərin Borc alan tərəfindən İcra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında Borcalana qarşı iddia qaldırıldıqda Bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə Bank qarşısında Borcalanla eyni həcmdə məsuliyyət daşıyır (müqavilələrin 4.2-ci bəndi). İş materiallarında olan 01 iyun 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 Kredit müqaviləsi üzrə 01 iyun 2022-ci il tarixə bank İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 5566,60 manat məbləğində əsas bоrcu və 2115,98 manat faiz borcu оlmaqla, cəmi 7682,58 (yeddi min altı yüz səksən iki manat 58 qəpik) manat məbləğində kredit borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 520 gün təşkil edir. Lakin, mübahisənin obyektiv həlli məqsədi ilə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli Kredit Müqaviləsi üzrə tələb edilən borcun düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün məhkəmənin 30 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 17 noyabr 2022-ci il tarixli 9/6862 nömrəli Ekspert Rəyindən görünür ki, borcalan Cavabdeh1 tərəfindən Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli kredit müqaviləsi şərtləri nəzərə alınaraq, borcalan Cavabdeh1 Banka olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: - 26 fevral 2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) - əsas borc üzrə 5541,04 manat və faiz borcu üzrə 1890,83 manat; 01 iyun 2022-ci il tarixə (iddiaçı tərəfindən borcun hesablandığı tarixə) - əsas borc üzrə 5541,04 manat və faiz borcu üzrə 1963,94 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh1 (VÖEN **********) və zamin (cavabdeh) Cavabdeh2 müvafiq olaraq 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli Kredit Müqaviləsi və 26 fevral 2020-ci il tariхli 200842-862984/1/2 nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, Bank (iddiaçı) İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, iddiaçı İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 100 (yüz) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, məlum kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli Kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Müqavilə üzrə yaranmış borc “Borcalan” və “Zamin” olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Lakin, 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17 noyabr 2022-ci il tarixli 9/6862 nömrəli Ekspert Rəyi mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehlərdən tutulmalı olan borc məbləğləri həmin Rəyə uyğun olaraq müəyyən edilməlidir. Yəni, 17 noyabr 2022-ci il tarixli 9/6862 №-li Ekspertiza Rəyində Cavabdeh1 ilə bağlanmış 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən borcun hesablandığı 01 iyun 2022-ci il tarixə (müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) – “əsas borc 5541,04 manat və faiz borcu 1963,94 manat miqdarında” müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “5566,60 manat məbləğində əsas borcun və 2115,98 manat məbləğində faiz borcun“ tutulması tələb olunur. Bu halda iddia tələbində 01 iyun 2022-ci il tarixə hesablanaraq tələb edilən “5566,60 manat məbləğində” əsas borc və "2115,98" manat məbləğində faiz borcu 17 noyabr 2022-ci il tarixli 9/6862 nömrəli Ekspertiza Rəyi ilə təsdiq olunmur və ona görə də, həmin Müqavilə üzrə əsas və faiz borcunun tutulmasında Ekspertiza Rəyi mötəbər sübut kimi nəzərə alınaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli Kredit müqaviləsi üzrə Ekspertiza Rəyi ilə 01 iyun 2022-ci il tarixə müəyyən edilmiş “5541,04 manat” miqdarında əsas borc və "1963,94 manat” miqdarında faiz borcu tutulmalıdır. Həmçinin, məhkəmə - iddianın “tutmanın Bank qarşısında girov qoyulmuş Cavabdeh1 məxsus olan və ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş “boyunbağı - 1 ədəd, klon - 1 ədəd 583 əyarlı, 18.2 qram; üzük - 3 ədəd; sırğa - 2 cüt; qolbaq - 1 ədəd 583 əyarlı, 32,8 qram” qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin həmin hissəsi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli Girov Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh1 – “Girovqoyan” olmaqla bağlanmış həmin Girov Müqaviləsinə əsasən, Girov qoyan Müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyin, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin, cərimə faizlərinin, habelə Kredit və Girov müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinin icrasını təmin etmək üçün qızıl əşyaları (bundan sonra «Girov predmeti» adlandırılacaq) Bankın xeyrinə girova qoyur və bu qızıl əşyaları «Girov qoyulmuş əmlakın saxlanca qəbul edilməsi aktı»na (Əlavə № 1) əsasən Bankın sahibliyinə verilir. Həmin Müqavilənin 4.1.2-ci bəndinə əsasən, Girov qoyanla Bank arasında bağlanmış Kredit müqaviləsinə əsasən Girov qoyan üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə Bankın tələbləri Girov predmetinə yönəltmək hüququ vardır. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, Girov qoyan girov ilə təmin edilmiş öhdəliyi vaxtında icra etmədikdə Bankın girov predmetinə tutma yönəltmək hüququ yaranır. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən, Girov predmeti Bankın və Girov qoyanın qarşılıqlı razılığı ilə bazarda və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada açıq hərracda satıla bilər. İş materiallarında olan 26 fevral 2020-ci il tarixli ******* nömrəli “Girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi” Aktından görünür ki, 26 fevral 2020 il tarixli 200842-862984/1 nömrəli Kredit müqaviləsinin təminatı qismində çıxış edən və borcalan (girov qoyan) Cavabdeh1 tərəfindən girov qoyulmuş aşağıda göstərilən 10 ədəd qızıl-zinət əşyası 2142 (iki min bir yüz qırx iki) manat məbləğində qiymətləndirilmişdir. Qızıl-zinət əşyaları: boyunbağı-1 ədəd, klon-1 ədəd, 583 əyyar, sayı 2, çəkisi 18,2 olmaqla – 764,40 manat məbləğində, üzük-3 ədəd, sırğa-2 cüt, qolbaq-1 ədəd 583 əyyar, sayı 8, çəkisi 32,8 olmaqla – 1377,60 manat məbləğində olmaqla, cəmi 2142 (iki min yüz qırx iki) manat məbləğində dəyərləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Beləliklə də, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan pul vəsaiti 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli Kredit müqaviləsinin təminatı olaraq 26 fevral 2020-ci il tariхli 200842-862984/1 nömrəli Girov Müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında girov qoyulmuş Cavabdeh1 məxsus olan və ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş “boyunbağı - 1 ədəd, klon - 1 ədəd 583 əyarlı, 18.2 qram; üzük - 3 ədəd; sırğa - 2 cüt; qolbaq - 1 ədəd 583 əyarlı, 32,8 qram” qızıl-zinət əşyalarına yönəldilməli və həmin qızıl-zinət əşyaları açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 5541,04 manat məbləğində əsas borc və 1963,94 manat məbləğində faiz borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında girov qoyulmuş Cavabdeh1 məxsus olan və ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş “boyunbağı - 1 ədəd, klon - 1 ədəd 583 əyarlı, 18.2 qram; üzük - 3 ədəd; sırğa - 2 cüt; qolbaq - 1 ədəd 583 əyarlı, 32,8 qram” qızıl-zinət əşyalarına yönəldilməli və həmin qızılzinət əşyaları açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti və hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 95,04 (doxsan beş manat 04 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 müştərək qaydada 5541,04 (beş min beş yüz qırx bir manat 04 qəpik) manat məbləğində əsas borc, 1963,94 (min doqquz yüz altmış üç manat 94 qəpik) manat məbləğində faiz borcu və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 7604,98 (yeddi min altı yüz dörd manat 98 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan cəmi 7604,98 (yeddi min altı yüz dörd manat 98 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında girov qoyulmuş Cavabdeh1 məxsus olan, ******* nömrəli xüsusi paketdə Bankın pul anbarına saxlanca qəbul edilmiş “boyunbağı - 1 ədəd, klon - 1 ədəd 583 əyarlı, 18.2 qram; üzük - 3 ədəd; sırğa - 2 cüt; qolbaq - 1 ədəd 583 əyarlı, 32,8 qram” qızıl-zinət əşyalarına yönəldilsin və həmin qızıl-zinət əşyaları açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə 95,04 (doxsan beş manat 04 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar