Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-95/2023 15.03.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi ilə İddiaçı1 Anonim Şirkəti tərəfindən Cavabdehnə qarşı verilmiş “borcun tutulması” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Anonim Şirkəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 9727 (doqquz min yeddi yüz iyirmi yeddi) ABŞ dolları əsas borcun (ödəniş gününün məzənnəsinə uyğun olaraq 16534,87 manat), 17459 (on yeddi min dörd yüz əlli doqquz) ABŞ dolları ƏDV (ödəniş gününün məzənnəsinə uyğun olaraq 29679 manat) borcunun, 3793 (üç min doqquz yüz on səkkiz) ABŞ dolları (ödəniş gününün məzənnəsinə əsasən 6448 manat) cərimənin və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin İddiaçı1 Anonim Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Borusan Makina və Güc Sistemleri Sanayi ve Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə cavabdeh "xxxx" MMC arasında imzalanmış 15 may 2021-ci il tarixli PRO 15/05/21 saylı “İş Maşınlarının icarə müqaviləsi”nə əsasən seriya nömrəsi FEK10034 olan “Caterpillar 330 GC” model tırtıllı ekskavatoru 12 ay müddətinə aylıq icarə haqqı 4000 (dörd min) ABŞ dolları olmaqla (ödəniş günü üçün Azərbaycan Mərkəzi Bankının məzənnəsinə əsasən manatla) cavabdehə icarəyə verilmişdir. Qeyd edilən texnika 15 may 2021-ci il tarixdə təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmişdir. Müqavilənin giriş hissəsində icarə müddəti 12 ay göstərilsə də, müqavilədə ümumi icarə müddəti 4 ay müəyyən edilmiş və icarə sonu satış nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən 4 aylıq ümumi icarə dəyəri 16000 (on altı min) ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 27,200.00 manat), 2880 (iki min səkkiz yüz səksən) ABŞ dolları ƏDV (həmin günün məzənnəsinə uyğun olaraq 4896 manat), texnikanın icarə sonu satış qiyməti isə 119000 (yüz on doqquz min) ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq 202300 manat), 21420 (iyirmi bir min dörd yüz iyirmi) ABŞ dolları ƏDV (həmin günün məzənnəsinə uyğun olaraq 36414 manat) təşkil etmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli EBBC seriyalı 234786 nömrəli, xx.xx.2021-ci il tarixli EBBD seriyalı 862599 nömrəli, xx.xx.2021-ci il tarixli EBBF seriyalı 540651 nömrəli, xx.xx.2021-ci il tarixli EBBH seriyalı 100910 nömrəli, xx.xx.2021-ci il tarixli EBBH seriyalı 908185 nömrəli, xx.xx.2021-ci il tarixli EBBM seriyalı 300972 nömrəli, xx.xx.2021-ci il tarixli EBBO seriyalı 144414 nömrəli, xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 704092 nömrəli, xx.xx.2022-ci il tarixli EBBV seriyalı 366965 nömrəli, xx.xx.2022-ci il tarixli EBBW seriyalı 237839 nömrəli elektron qaimələr göndərilmiş və cavabdeh tərəfindən elektron qaydada qəbul edilmişdir. Yuxarıda qeyd edilən qaimələr üzrə Cavabdeh MMC tərəfindən müxtəlif tarixlərdə ödəniş edilmiş, lakin qalıq əsas borc məbləğini təşkil edən 9727 (doqquz min yeddi yüz iyirmi yeddi) ABŞ dolları (ödəniş günün məzənnəsinə uyğun olaraq 16534,87 manat), ƏDV borcunu təşkil edən 17459 (on yeddi min dörd yüz əlli doqquz) ABŞ dolları (ödəniş günün məzənnəsinə uyğun olaraq 29679 manat) bu günə kimi ödənilməmişdir. Cavabdeh tərəfindən son ödəniş xx.xx.2021-ci il tarixdə edilmişdir. Artıq 13 aydır ki, cavabdeh tərəfindən ödəniş gecikdirilir. Belə olan halda tərəflər arasında imzalanmış müqavilənin 3.2-ci bəndinə əsasən icarəçi faktura məbləğini faktura tarixindən 30 iş günü ərzində ödəmədiyi halda aylıq 3% gecikmə faizi ödəməlidir. Müqavilə üzrə əsas borcu təşkil edən 9727 ABŞ dolları üzrə gecikmə müddəti 13 ay və bu müddətə hesablanmış cərimə məbləği 3793 ABŞ dolları (ödəniş gününün məzənnəsinə əsaən 6448 manat) təşkil edir. İddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əməl edilərək cavabdehə xx.xx.2022-ci il tarixdə mediasiya presesinin tətbiqi barədə təklif göndərilmiş və təklif cavabdeh tərəfindən qəbul edilmişdir. Daha sonra iddiaçı tərəfindən prosessual qaydalara əməl edilərək xx.xx.2022-ci il tarixdə Mediasiya Şurasına müraciət edilmişdir. xx.xx.2022-ci il tarixdə təyin edilmiş mediator tərəfindən mediasiyaya dəvət məktubu göndərilmiş, xx.xx.2022-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında hər iki tərəfin iştirakı təmin edilmiş, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediator tərəfindən xx.xx.2022-ci il tarixli MŞB/2-01342 saylı arayış təqdim edilmişdir. Bundan əlavə ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada 400 (dörd yüz) manat məbləğində mediasiya xərci də İddiaçı1 Anonim Şirkəti tərəfindən ödənilmişdir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci də cavabdehdən tutulmalıdır. 03 fevral 2023-cü il tarixdə İddiaçı1 Anonim Şirkətinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iddia tələbinin nümayəndəlik tərəfindən deyil, hüquqi şəxs olan “İddiaçı2 adından qaldırıldığını, sadəcə sənədlərin elektron kabinetə İddiaçı1 Anonim Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin elektron sistemi vasitəsi ilə yerləşdirildiyini və iddiaçının Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret” Anonim Şirkətinin Azərbaycandakı Nümayəndəliyinin deyil, “İddiaçı2 olduğunu bildirmişdir. 01 mart 2023-cü il tarixdə İddiaçı1 Anonim Şirkətinin nümayəndəsi Nümayəndə “iddia ərizəsinin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində cavabdehin əsas borcu səhvən 9727 (doqquz min yeddi yüz iyirmi yeddi) ABŞ dolları (ödəniş günün məzənnəsinə uyğun olaraq 16534,87 manat), ƏDV borcu isə 17459 (on yeddi min dörd yüz əlli doqquz) ABŞ dolları (ödəniş günün məzənnəsinə uyğun olaraq 29679 manat) olaraq göstərilmişdir. Belə olan halda iddia ərizəsinə dəqiqləşmə verilməsi zəruridir. Belə ki, ödəniş sənədlərinə əsasən cavabdeh iddia ərizəsində qeyd edilən elektron qaimələr üzrə 240990,23 (iki yüz qırx min doqquz yüz doxsan manat 23 qəpik) manat əsas borcdan 238155,36 (iki yüz otuz səkkiz min yüz əlli beş manat 36 qəpik) manat ödəniş etmiş, qalıq borc məbləğini təşkil edən 2834,87 (iki min səkkiz yüz otuz dörd manat 87 qəpik) manatı və ümumi əsas məbləğin əlavə dəyər vergisini təşkil edən 43378,24 (qırx üç min üç yüz yetmiş səkkiz manat 24 qəpik) manatı bu günə kimi ödəməmişdir. Beləliklə, Cavabdeh MMC-nin İddiaçı1 Anonim Şirkətinə 1667,60 ABŞ dolları (ödəniş gününün məzənnəsinə uyğun olaraq 2834,87 (iki min səkkiz yüz otuz dörd manat 87 qəpik) manat əsas borcu, 25516,60 ABŞ dolları (ödəniş gününün məzənnəsinə uyğun olaraq 43378,24 (qırx üç min üç yüz yetmiş səkkiz manat 24 qəpik) manat ƏDV borcu vardır. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh MMC-dən 1667,60 ABŞ dolları - ödəniş gününün məzənnəsinə uyğun olaraq 2834,87 (iki min səkkiz yüz otuz dörd manat 87qəpik) manat əsas borcun, 25516,60 ABŞ dolları - ödəniş gününün məzənnəsinə uyğun olaraq 43378,24 (qırx üç min üç yüz yetmiş səkkiz manat 24 qəpik) manat ƏDV borcunun, eləcədə müqavilə üzrə hesablanmış 3793 (üç min doqquz yüz on səkkiz) ABŞ dolları - ödəniş gününün məzənnəsinə əsasən 6448 manat cərimənin və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı1 Anonim Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı1 Anonim Şirkətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsi və “iddia ərizəsinin dəqiqləşdirilməsinə dair” ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. 29 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh qanuni təmsilçisi Qanuni nümayəndə izahatında iddia tələbini qəbul etdiklərini və borcun qısa zamanda ödəniləcəyini bildirmişdir. Lakin İddiaçı1 Anonim Şirkətinə və Cavabdehnə hazırkı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onların nümayəndələri 15 mart 2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, “iddia ərizəsinin dəqiqləşdirilməsinə dair” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarında olan İddiaçı1 Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh arasında bağlanmış 15 may 2021-ci il tarixli RPO 15/05/21 nömrəli “İş maşınlarının icarə müqaviləsi”ndən görünür ki, seriya nömrəsi FEK10034 olan Caterpillar 330 GC model ekskavator 12 ay müddətinə aylıq icarə haqqı 4000 (dörd min) ABŞ dolları olmaqla Cavabdeh MMC-yə icarəyə verilmişdir. İş materiallarında olan 15 may 2021-ci il tarixli RPO 15/05/21 nömrəli müqaviləyə 1 saylı Əlavədə göstərilir ki, icarəçi tərəfindən ödəniş 2021-ci ilin may ayında 34000 ABŞ dolları (ƏDV 6120 ABŞ dolları), iyun ayında 4000 ABŞ dolları (ƏDV 720 ABŞ dolları), iyul ayında 4000 ABŞ dolları (ƏDV 720 ABŞ dolları), avqust ayında 4000 ABŞ dolları (ƏDV 720 ABŞ dolları), sentyabr ayında 89000 ABŞ dolları (ƏDV 16020 ABŞ dolları) olmaqla ediləcəkdir. İş materiallarında olan 15 may 2021-ci il tarixli RPO 15/05/21 nömrəli müqaviləyə dair 15 may 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, həmin müqavilə üzrə icarəyə verilən 1 ədəd Cat 330GC (seriya N-FEK 10034) texnika icarədar tərəfindən icarəçi Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarından görünür ki, ƏDV daxil 8024 manat icarə haqqının ödənilməsi ilə əlaqədar İddiaçı1 Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh MMC-yə 25 may 2021-ci il tarixli EBBC seriyalı 234786 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, ƏDV daxil 8024 manat icarə haqqının ödənilməsi ilə əlaqədar İddiaçı1 Anonim Şirkəti Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh MMC-yə 25 iyun 2021-ci il tarixli EBBD seriyalı 862599 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, ƏDV daxil 8024 manat icarə haqqının ödənilməsi ilə əlaqədar İddiaçı1 Anonim Şirkəti Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh MMC-yə 28 iyul 2021-ci il tarixli EBBF seriyalı 540651 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, ƏDV daxil 8024 manat icarə haqqının ödənilməsi ilə əlaqədar İddiaçı1 Anonim Şirkəti Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh MMC-yə 26 avqust 2021-ci il tarixli EBBH seriyalı 100910 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, ƏDV daxil 238714 manat pul vəsaitinin ödənilməsi ilə əlaqədar İddiaçı1 Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən alıcı Cavabdeh MMC-yə 10 sentyabr 2021-ci il tarixli EBBH seriyalı 908185 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, ƏDV daxil 917,24 manat pul vəsaitinin ödənilməsi ilə əlaqədar İddiaçı1 Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh MMC-yə 12 noyabr 2021-ci il tarixli EBBM seriyalı 300972 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, ƏDV daxil 944,77 manat pul vəsaitinin ödənilməsi ilə əlaqədar İddiaçı1 Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh MMC-yə 14 dekabr 2021-ci il tarixli EBBO seriyalı 144414 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, ƏDV daxil 586,27 manat pul vəsaitinin ödənilməsi ilə əlaqədar İddiaçı1 Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh MMC-yə 03 fevral 2022-ci il tarixli EBBQ seriyalı 704092 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, ƏDV daxil 10110 manat pul vəsaitinin ödənilməsi ilə əlaqədar İddiaçı1 Anonim Şirkətnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh MMC-yə 28 aprel 2022-ci il tarixli EBBV seriyalı 366965 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarından görünür ki, ƏDV daxil 1000,17 manat pul vəsaitinin ödənilməsi ilə əlaqədar İddiaçı1 Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Cavabdeh MMC-yə 13 may 2022-ci il tarixli EBBW seriyalı 237839 nömrəli elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan iddiaçının "xxxx" Azərbaycan QSC-dəki bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 210896,50 manat, xx.xx.2021-ci il tarixdə 917,24 manat, xx.xx.2021-ci il tarixdə 944,78 manat, xx.xx.2022-ci il tarixdə 496,84 manat, xx.xx.2022-ci il tarixdə 10200 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 13700 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan İddiaçı1 Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sub-uçot hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən iddiaçıya hər hansı ƏDV ödənişi olunmamışdır. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan qaimələr üzrə ƏDV daxil cəmi ödənilməli olan 284368,47 manat məbləğində pul vəsaitindən Cavabdeh MMC tərəfindən cəmi 238155,36 manat məbləğində ödəniş olunmuş və Cavabdeh MMC-nin 2834,87 manat əsas borc və 43378,24 manat ƏDV məbləği olmaqla - cəmi 46213,11 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 15 may 2021-ci il tarixli PRO 15/05/21 nömrəli “İş maşınlarının icarə müqaviləsi”ndən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən ekskavator cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən icarəçiyə əsas borc üzrə müəyyən ödənişlər olunsa da, əsas borcun qalan hissəsi və ƏDV üzrə ödəniş həyata keçirilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 2834,87 (iki min səkkiz yüz otuz dörd manat 87 qəpik) manat məbləğində əsas borc və 43378,24 (qırx üç min üç yüz yetmiş səkkiz manat 24 qəpik) manat ƏDV borcunun Cavabdehndən İddiaçı1 Anonim Şirkətinin xeyrinə tutulması xahiş edilmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi lazım bilir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində icarə haqqı məbləği ABŞ dolları ilə ifadə olunsa da, iş materialları ilə müəyyən olunur ki, icarəyə verən İddiaçı1 Anonim Şirkəti tərəfindən icarəçi Cavabdehnə təqdim edilmiş bütün elektron qaimələrdə icarə haqqı “manat”la göstərilmiş və edilmiş ödənişlər də “manat”la ödənilmişdir. Ona görə də, hazırkı iddia tələbi üzrə tələb olunan borc məbləği də “manat”la hesablanaraq göstərilməlidir. İş materiallarından görünür ki, icarə haqqı borcunun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı1 Anonim Şirkəti tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 15 may 2021-ci il tarixli PRO 15/05/21 nömrəli “İş maşınlarının icarə müqaviləsi” üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin müqavilə üzrə ödənilməmiş 2834,87 (iki min səkkiz yüz otuz dörd manat 87 qəpik) manat məbləğində əsas borc və 43378,24 (qırx üç min üç yüz yetmiş səkkiz manat 24 qəpik) manat ƏDV borcu olmaqla, cəmi 46213,11 manat məbləğində borcun cavabdehdən İddiaçı1 Anonim Şirkətinin xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın “cavabdehdən 6448 manat manat məbləğində cərimənin tutulması” tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq cavabdehdən cəmi 300 manat məbləğində cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdehndən ƏDV daxil cəmi 46213,11 manat məbləğində borc və 300 manat cərimə tutularaq iddiaçı "İddiaçı2nə ödənilməlidir. Eləcə də, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən mediasiya xidməti ilə əlaqədar İddiaçı1 Anonim Şirkəti tərəfindən mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının 200 (iki yüz) manat hissəsi (ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş olsa da, mediasiya davam etdirilməmiş və mediatora 400 manat məbləğində xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir) Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, Cavabdehndən 229,54 (iki yüz iyirmi doqquz manat 54 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən ƏDV daxil cəmi 46213,11 (qırx altı min iki yüz on üç manat 11 qəpik) manat borc, 300 (üç yüz) manat cərimə və mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci olmaqla, ümumilikdə 46713,11 (qırx altı min yeddi yüz on üç manat 11 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "İddiaçı2nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət nəfinə 229,54 (iki yüz iyirmi doqquz manat 54 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-95/2023
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-95/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver