Məhkəmə qərarları › İş №e-2-2(119)-952/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-952/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-952/2024 28.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdehlərdən müştərək qaydada 1522,99 (min beş yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat məbləğində əsas borc, 412,50 (dörd yüz on iki manat əlli qəpik) manat məbləğində faiz borcu, 106,91 (yüz altı manat doxsan bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2042,40 (iki min qırx iki manat qırx qəpik) manat məbləğində borcun və 40,5 (qırx manat əlli qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 11 yanvar 2022-ci il tarixli, KM/801/5200957/070122 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 (iyirmi dörd) ay müddətinə illik 25 % dərəcəsi olmaqla 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilməli idi. Lakin borclu Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə, borclu Cavabdeh3 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlər ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Kreditor “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh3 17 aprel 2024-cü il tarixli arayışa əsasən “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinə borcu əsas borc üzrə 1522,99 (min beş yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat, faiz borcu üzrə 412,50 (dörd yüz on iki manat əlli qəpik) manat, cərimə üzrə 106,91 (yüz altı manat doxsan bir qəpik) manat olmaqla, ümumilikdə 2042,40 (iki min qırx iki manat qırx qəpik) manat təşkil edir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə 11 yanvar 2022-ci il tarixli, ZM/801/5200956/070122 nömrəli və Cavabdeh2 ilə 11 yanvar 2022-ci il tarixli, ZM/801/5201000/070122 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 (VÖEN: **********) arasında bağlanmış 11 yanvar 2022-ci il tarixli, KM/801/5200957/070122 nömrəli kredit müqaviləsinin kredit 1-ci bəndinə əsasən bank olmayan kredit təşkilatı borcalana 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit verir. Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və cari qaydada krediti və həmin kreditə görə hesablanmış faizləri bank olmayan kredit təşkilatına ödəməyi öz öhdəsinə götürür. Borcalan bu kreditdən istifadəyə görə illik 25 % olmaqla faiz ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə №1) uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafıkin tələbləri pozulduğu gündən etibarən Borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 36 % olmaqla cərimə faizi ödəyir. Həmin müqavilənin 2.14-cü bəndinə əsasən kreditin təminatı olaraq ZM/801/5200956/070122 nömrəli 11 yanvar 2022-ci il tarixli və ZM/801/5201000/070122 nömrəli və 11 yanvar 2022-ci il tarixli zaminlik müqavilələri çıxış edir. Həmin müqavilənin 3.4-cü bəndinə görə kredit borcunu ödəniş qrafikinə uyğun olaraq ödəmək, borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı/qətnaməsi (və ya icra sənədi) tam icra olunub başa çatanadək hesablanmış faizləri, cərimə faizlərini BOKTa ödəmək, BOKT-un tələbi əsasında dəbbə pulunu və vurulmuş zərəri ödəmək borcalanın vəzifələridir. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixli, KM/801/5200957/070122 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlində borcalan Cavabdeh3 banka olan borcunun son ödəniş tarixi 11 yanvar 2024-cü il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh3 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 11 yanvar 2022-ci il tarixli ZM/801/5200956/070122 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borcalanın 11 yanvar 2022-ci il tarixli KM/801/5200957/070122 kredit müqaviləsinə əsasən Bank Olmayan Kredit Təşkilatından 24 (iyirmi dörd) ay müddətinə, illik 25 % olmaqla aldığı 3000 (üç min) manat məbləğində kreditin (kredit kartı), həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin BOKT-a ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 11 yanvar 2022-ci il tarixli ZM/801/5201000/070122 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borcalanın 11 yanvar 2022-ci il tarixli KM/801/5201000/070122 kredit müqaviləsinə əsasən Bank Olmayan Kredit Təşkilatından 24 (iyirmi dörd) ay müddətinə, illik 25 % olmaqla aldığı 3000 (üç min) manat məbləğində kreditin (kredit kartı), həmin kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə (notariusun icra qeydi) xərclərinin BOKT-a ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə tədim edilmiş 17 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 11 yanvar 2022-ci il tarixli, KM/801/5200957/070122 nömrəli kredit müqaviləsi üzrə 17 aprel 2024-cü il tarixə “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinə 1522,99 (min beş yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat, faiz üzrə 412,50 (dörd yüz on iki manat əlli qəpik) manat, cərimə üzrə 106,91 (yüz altı manat doxsan bir qəpik) manat olmaqla, ümumilikdə 2042,40 (iki min qırx iki manat qırx qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 30 yanvar 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 25 yanvar 2024-cü il tarixinə “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinə 1522,99 (min beş yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat, faiz üzrə 325,69 (üç yüz iyirmi beş manat altmış doqquz qəpik) manat, cərimə üzrə 68,57 (altmış səkkiz manat əlli yeddi qəpik) manat olmaqla, ümumilikdə 1917,25 (min doqquz yüz on yeddi manat iyirmi beş qəpik) manat borclarının olduğu bildirilmiş, 5 (beş) təqvim günü müddətində borcun kredit təşkilatının hesabına ödənilməsi, əks təqdirdə kredit müqaviləsinin şərtlərinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş zəruri tədbirlərin həyata keçiriləcəyi qeyd olunmuşdur. İddiaçı tərəfindən 28 iyun 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmiş 30 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh3 11 yanvar 2022-ci il tarixli, KM/801/5200957/070122 nömrəli kredit müqaviləsi üzrə 25 yanvar 2024-cü il tarixə “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinə 1522,99 (min beş yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat, faiz üzrə 325,69 (üç yüz iyirmi beş manat altmış doqquz qəpik) manat, cərimə üzrə 68,57 (altmış səkkiz manat əlli yeddi qəpik) manat olmaqla, ümumilikdə 1917,25 (min doqquz yüz on yeddi manat iyirmi beş qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh3 11 yanvar 2022-ci il tarixli, KM/801/5200957/070122 nömrəli kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 11 yanvar 2022-ci il tarixli, KM/801/5200957/070122 nömrəli kredit müqaviləsi üzrə 1522,99 (min beş yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat məbləğində əsas bоrc Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı iddia qaldırarkən 11 yanvar 2022-ci il tarixli, KM/801/5200957/070122 nömrəli kredit müqaviləsi ilə bağlı istinad etdiyi maliyyə arayışında 17 aprel 2024-cü il tarixinə 412,50 (dörd yüz on iki manat əlli qəpik) manat məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək bütün borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Buna görə kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 11 yanvar 2022-ci il tarixli, KM/801/5200957/070122 nömrəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 30 yanvar 2024-cü il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı, həmin məktubda və iddiaçı tərəfindən təqdim edilmiş 30 yanvar 2024-cü il tarixli maliyyə arayışında hesablanmış 325,69 (üç yüz iyirmi beş manat altmış doqquz qəpik) manat məbləğində faiz borcu Cavabdeh3 tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddianın “11 yanvar 2022-ci il tarixli, KM/801/5200957/070122 nömrəli kredit müqaviləsi üzrə 106,91 (yüz altı manat doxsan bir qəpik) manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq həmin müqavilə üzrə 80 (səksən) manat məbləğində cərimə Cavabdeh3 tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 11 yanvar 2022-ci il tarixli ZM/801/5200956/070122 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 və 11 yanvar 2022-ci il tarixli ZM/801/5201000/070122 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borclunun 11 yanvar 2022-ci il tarixli, KM/801/5200957/070122 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddianın “ödənilmiş 40,5 (qırx manat əlli qəpik) manat dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 39,29 (otuz doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1522,99 (min beş yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat məbləğində əsas borc, 325,69 (üç yüz iyirmi beş manat altmış doqquz qəpik) manat faiz borcu, 80 (səksən) manat məbləğində cərimə və ödənilmiş 39,29 (otuz doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1967,97 (min doqquz yüz altmış yeddi manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1522,99 (min beş yüz iyirmi iki manat doxsan doqquz qəpik) manat məbləğində əsas borc, 325,69 (üç yüz iyirmi beş manat altmış doqquz qəpik) manat faiz borcu, 80 (səksən) manat məbləğində cərimə və ödənilmiş 39,29 (otuz doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1967,97 (min doqquz yüz altmış yeddi manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar