Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-953/2022 01.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8984,60 manat məbləğində əsas borc və 4394,29 manat məbləğində faiz borcu olmaqla, cəmi 13378,89 manat məbləğində borcun və 200 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış 22 noyabr 2019-cu il tariхli 200842-808075/1 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 23% dərəcəsi ilə 10000 (on min) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda bank və digər cavabdeh – Cavabdeh1 arasında 22 noyabr 2019-cu il tariхli 200842-808075/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında bоrc alanla еyni dərəcədə krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, həmçinin bоrc alan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borc alan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 25 may 2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 8984,60 manat məbləğində əsas bоrcu və 4394,29 manat məbləğində faiz borcu olmaqla, cəmi 13378,89 manat məbləğində kredit borcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən borc alan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borc alan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün Mediasiya şurasına müraciət olunmuş, mediasiya prosesində qarşı tərəf iştirak etmədiyinə görə 24 may 2021-ci il tarixdə MŞB-5-01683 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışlar verilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 200 (iki) yüz manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahatında “COVİD-19” pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən qapanma nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olub qazanc əldə edə bilməməsi səbəbindən kredit üzrə vaxtı-vaxtında ödənişlər edə bilmədiyini, əsas borcu qəbul etdiyini, lakin bank tərəfindən faiz borcunun artıq hesablandığını qeyd etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 noyabr 2019-cu il tarixli 200842-808075/1 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kreditor”, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 (VÖEN **********) – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 24 ay müddətinə illik 23% dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən kredit bu müqavilə ilə müəyyən olunan şərtlər borcalan tərəfindən icra edildikdən sonra bank tərəfindən borcalanın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. Kreditin uçotu borcalanın müvafiq ssuda hesabında aparılır. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişin silinməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir və borcalan tərəfindən müəyyənləşdirilmiş hər hansı digər qayda etibarsızdır: a) cərimə faizləri; b) vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər; c) vaxtı keçmiş və gecikdirilmiş əsas borc; d) faiz borcu; e) əsas borc. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən bu müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, hər gecikdirilmiş gün üçün gecikdirilmiş əsas borc məbləğinə illik 46% faiz dərəcəsi ilə faiz hesablanır və bu faiz borcalan tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarında olan 22 noyabr 2019-cu il tarixli 200842-808075/1 nömrəli kredit müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, borcalan Cavabdeh2 banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini borcalan Cavabdeh2 imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 22 noyabr 2021-ci il müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh1 – “Zamin” və Cavabdeh2 – “Borcalan” olmaqla bağlanmış 22 noyabr 2019-cu il tariхli, 200842-808075/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 “zamin” olaraq borcalan Cavabdeh2 22 noyabr 2019-cu il tarixli 200842-808075/1 nömrəli kredit müqaviləsi əsasında alınan kreditlər üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin zaminlik Müqaviləsinin 4-cü bəndinin tələblərinə görə zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar və zamin kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən əsas borcun, əsas borc üzrə hesablanmış faizlərin və cərimənin, habelə öhdəliklərin icra olunmaması halında Borc alana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 25 may 2022-ci il tarixli maliyyə arayışında göstərilir ki, borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə 25 may 2022-ci il tarixə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 8984,60 manat məbləğində əsas bоrcu və 4394,29 manat faiz borcu оlmaqla, cəmi 13378,89 (on üç min üç yüz yetmiş səkkiz manat 89 qəpik) manat məbləğində kredit borcu vardır və kredit müqaviləsi üzrə gecikmə 787 gün təşkil edir. Mübahisənin obyektiv həlli məqsədi ilə borc verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh2 arasında bağlanmış 22 noyabr 2019-cu il tariхli 200842-808075/1 nömrəli kredit müqaviləsi üzrə tələb edilən borcun düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün məhkəmənin 25 avqust 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 27 oktyabr 2022-ci il tarixli 9/6774 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 22 noyabr 2019-cu il tariхli 200842-808075/1 saylı krеdit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: - müqavilə müddətinin bitdiyi, yəni 22 noyabr 2021-ci il tarixinə - əsas borc 8983,33 manat və faiz borcu 3607,93 manat; müqavilə müddəti bitdikdən sonra 25 may 2022-ci il tarixinə (illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) - faiz borcu 228,33 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh2 (VÖEN **********) və zamin (cavabdeh) Cavabdeh1 22 noyabr 2019-cu il tarixli 200842-808075/1 nömrəli kredit müqaviləsi və həmin tarixli 200842-808075/1 nömrəli zaminlik müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Lakin mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, məlum kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 22 noyabr 2019-cu il tarixli 200842-808075/1 nömrəli kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc cavabdehlərdən tutulmalıdır. Lakin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizasının 27 oktyabr 2022-ci il tarixli 9/6774 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində 25 may 2022-ci il tarixinə hesablanaraq tələb edilən “8984,60 manat məbləğində” əsas borc və “4394,29 manat məbləğində” faiz borcu 27 oktyabr 2022-ci il tarixli 9/6774 nömrəli ekspert rəyi ilə təsdiq olunmur və ona görə də, həmin müqavilə üzrə əsas və faiz borcunun tutulması hissəsində ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ekspert rəyində qeyd edilən 8983,33 manat məbləğində əsas borc və müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanma nəzərə alınmaqla 25 may 2022-ci il tarixə müəyyən edilmiş “3836,26 manat” məbləğində faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 müştərək qaydada 8983,33 manat məbləğində əsas borc və 3836,26 manat məbləğində faiz borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Eləcə də, 128,46 (yüz iyirmi səkkiz manat 46 qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 (VÖEN **********) və Cavabdeh1 müştərək qaydada 8983,33 (səkkiz min doqquz yüz səksən üç manat 33 qəpik) manat məbləğində əsas borc, 3836,26 (üç min səkkiz yüz otuz altı manat 26 qəpik) manat məbləğində faiz borcu və mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş mediasiya xərcinin əvəzi qismində 200 (iki yüz) manat olmaqla, ümumilikdə 13019,59 (on üç min on doqquz manat 59 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət nəfinə 128,46 (yüz iyirmi səkkiz manat 46 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-953/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-953/2022
01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver