Məhkəmə qərarları › İş №e-2-2(119)-96/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-96/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-96/2023 14.03.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Hüseynzadə Elsevər İsmayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 Südef oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Firmasına və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 14 dekabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər "xxxx" Firmasına və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" Firmasından 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli kredit müqaviləsi üzrə 100000 (yüz min) manat əsas borc, 9774,54 (doqquz min yeddi yüz yetmiş dörd manat 54 qəpik) manat faiz borcu və 5599,41 (beş min beş yüz doxsan doqquz manat 41 qəpik) manat dəbbə borcu olmaqla, cəmi 115373,95 (yüz on beş min üç yüz yetmiş üç manat 95 qəpik) manat məbləğində borcun, X2 iştirak üçün ödənilmiş 400 manat və iddia ərizəsi verilərkən 5,37 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Borcverən – İddiaçı ASC-nin Nərimanov filialı ilə Borcalan – "xxxx" Firması arasında bağlanmış 22 aprel 2022-ci il tarixli RB/NM-204 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 17 % (on yeddi) faiz dərəcəsi olmaqla 12 (on iki) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 22 aprel 2022-ci il tarixdə İddiaçı ASC-nin Nərimanov filialı ilə digər Cavabdeh2 arasında Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə Cavabdeh2 zamin olaraq 22 aprel 2022-ci il tarixli RB/NM-204 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə Borcalan ilə birlikdə məsuliyyət daşıyır. 22 aprel 2022-ci il tarixli RB/NM-204 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan "xxxx" Firması kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 22 aprel 2022-ci il tarixli RB/NM-204 saylı kredit müqaviləsinə görə, Borcalan kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan Ödəniş Cədvəli əsasında, hər ayın 25dən gec olmayaraq, hər ay 9120,48 (doqquz min yüz iyirmi manat 48 qəpik) manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh "xxxx" Firmasının 22 aprel 2022-ci il tarixli RB/NM204 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 100000 (yüz min) manat, faiz borcuna görə 9774,54 (doqquz min yeddi yüz yetmiş dörd manat 54 qəpik) manat və dəbbə borcuna görə 5599,41 (beş min beş yüz doxsan doqquz manat 41 qəpik) manat olmaqla, cəmi 115373,95 (yüz on beş min üç yüz yetmiş üç manat 95 qəpik) manat təşkil edir. Həmin kredit “dövriyyə vəsaitlərinin artırılması” məqsədilə götürüldüyü və "Şəhriyar-99” Firması VÖEN ödəyicisi olduğu üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və Mediasiya haqqında Qanunun tələblərinə əsasən iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlərə (həmçinin zaminə) mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Müqaviq müraciətə əsasən Mediasiya Şurası tərəfindən təyin edilmiş X1 tərəfindən mediasiya prosesi təşkil olunsa da, cavabdeh tərəf 10 noyabr 2022-ci il tarixinə təyin edilmiş ilkin mediasiya sessiyasına gəlməmiş və mediasiya xərci kimi hesablanmış 400 manat mediasiya xərci İddiaçı ASC tərəfindən ödənilmişdir. X1 tərəfindən İddiaçı ASC-yə “X2 (İMS) iştirak edilməməsi barədə Arayış” təqdim edilmiş və həmin Arayışda cavabdehlərə ilkin mediasiya sessiyasının tarixi, saatı və və yeri barədə 10 gün əvvəlcədən poçt və telefon vasitəsi ilə məlumat verildiyi qeyd edilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 13 yanvar 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli kredit müqaviləsi üzrə 100000 manat əsas borc, 12182,76 manat faiz borcu və 8819,82 manat cərimə borcu olmaqla, cəmi 121002,58 manat məbləğində borcun, X2 iştirak üçün ödənilmiş 400 manat xidmət haqqının və iddianın verilməsi üçün 11 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 müştərək qaydada 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli kredit müqaviləsi üzrə 100000 manat əsas borc, 12182,76 manat faiz borcu və 8819,82 manat cərimə olmaqla, cəmi 121002,58 manat məbləğində borcun, X2 iştirak üçün ödənilmiş 400 manat xidmət haqqının və iddianın verilməsi üçün 11 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və mövqeyini – cavabdehlərlə dəfələrlə danışıqlar aparılmasına və tələb edilməsinə baxmayaraq, 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli kredit müqaviləsi üzrə alınmış 100000 manat məbləğində kreditə görə heç bir ödəniş həyata keçirilməməsi ilə əsaslandırdı. Cavabdehlər "xxxx" Firması və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, cavabdeh "xxxx" Firmasının nümayəndəsi və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdeh "xxxx" Firmasının nümayəndəsinin və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kreditor”, "xxxx" Firması – “Borcalan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən “cari xərclərin qarşılanması və dövriyyə vəsaitlərin artırılması” məqsədilə borcalan "xxxx" Firmasına (VÖEN **********) 12 ay müddətinə illik 17 % dərəcəsi ilə 100000 (yüz min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, Borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana dövriyyə vəsaitinin artırılması məqsədilə 100000 (yüz min) manat məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, kreditə görə illik 17% (on yeddi) faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 19% təşkil edir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, kreditdən istifadə müddəti dedikdə, kredit vəsaitlərinin Borc alana verildiyi və onun müvafiq bank hesabına köçürüldüyü andan, faktiki olaraq Borc alanın Borc verəndə olan müvafiq bank hesabına qaytarılan anadək olan müddət hesab edilir. Kreditin Borc verənə tam qaytarıldığı (bağlandığı) gün faiz hesablanmır. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, Kredit faizləri hesablanarkən hər ayda 30 (otuz) günün, hər ildə 360 (üç yüz altmış) günün olduğu qəbul edilir. Həmin Müqavilənin 2.14.2-ci bəndinin tələblərinə görə, müqavilə müddəti ərzində Borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə, yəni “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı Borc verən tərəfindən vaxtında ödənilməmiş məbləğin 1 (bir) faizi (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) cərimə hesablanır. İş materiallarında olan 25 aprel 2022-ci il tarixli Ödəniş Qrafikindən (Ödəniş Cədvəlindən) görünür ki, həmin Ödəniş Qrafikində 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Kredit Müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin borcalan "xxxx" Firması tərəfindən müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (12 ay ərzində, hər ay 9120,67 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Qrafikini borcalan "xxxx" Firması imza etmişdir. X5 əsasən ödənişin son tarixi 25 aprel 2023-cü il müəyyən olunmuşdur. İş materiallarında olan 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borc verən”, Cavabdeh2 – “Zamin” və "xxxx" Firması – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh2 zamin olaraq, borcalan "xxxx" Firmasının 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Kredit Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, zamin Cavabdeh2, "xxxx" Firması (bundan sonra mətndə ismin müvafiq halında “Borc alan” adlanacaq) ilə Kreditor (Bank) arasında bağlanmış 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Kredit Müqaviləsinə (bundan sonra - "Kredit Müqaviləsi") əsasən kredit almış Borc alanın Kreditor (Bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, Zamin Kredit Müqaviləsinin aşağıda göstərilmiş şərtlər daxil "olmaqla, bütün şərtləri ilə tanış olmuş və Borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağa razıdır: kreditin məbləği - 100000 (yüz min) manat; kreditin qaytarılması müdəti - 12 (on iki) ay; kreditin faiz dərəcəsi - 17%; kreditin ödənilməsi (qaytarılma) qaydası - ayliq; cərimə və dəbbə pullarının məbləği və hesablanması qaydası. İş materiallarında olan 25 aprel 2022-ci il tarixli "Sərəncam-order" adlı sənəddən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Firmasına 100000 (yüz min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli RB-02/PK-84 nömrəli Maliyyə Arayışından görünür ki, borcalan "xxxx" Firmasının 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Kredit Müqaviləsi üzrə 13 yanvar 2023-cü il tarixə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 100000 manat məbləğində əsas borcu, 12182,76 manat məbləğində faiz borcu və 8819,82 manat məbləğində cərimə borcu olmaqla, cəmi 121002,58 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) "xxxx" Firması (VÖEN **********) və zamin (cavabdeh) Cavabdeh2 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Kredit Müqaviləsi və 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Zaminlik Müqaviləsi bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da borcverən İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Yəni, 22 aprel 2022-ci il tarixli RB/NM-204 nömrəli Kredit Müqaviləsi üzrə cəmi 100000 manat məbləğində verilmiş kredit Ödəniş Qrafikinə (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı və həmin kredit üzrə heç bir ödəniş olunmadığı üçün borcalan "xxxx" Firmasının 13 yanvar 2023-cü il tarixə 100000 manat məbləğində əsas borc, 12182,76 manat məbləğində faiz borcu və 8819,82 manat məbləğində cərimə borcu olmaqla, cəmi 121002,58 manat məbləğində borcu yaranmış və həmin borcun cavabdehlərdən (borcalan "xxxx" Firmasından və zamin Cavabdeh2) müştərək qaydada tutulması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər "xxxx" Firması və Cavabdeh2 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı ASC tərəfindən mediatora 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət olunarkən ümumilikdə cəmi 11 (on bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud, mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, təsvir olunanlara əsasən müəyyən olunur ki, iddia tələbi cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 müştərək qaydada "100000 manat məbləğində əsas borcun və 12182,76 manat məbləğində faiz borcunun tutulması” hissəsində əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, iddianın "8819,82 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları, o cümlədən də məlum kredit müqaviləsi üzrə alınan kreditə görə heç bir ödənişin edilməməsi nəzərə alınmaqla, cərimə məbləği azaldılaraq, cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 müştərək qaydada cəmi 4000 (dörd min) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 müştərək qaydada 100000 manat məbləğində əsas borc, 12182,76 manat məbləğində faiz borcu və 4000 manat məbləğində cərimə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Dövlət Büdcəsinə ödənilmiş 11 (on bir) manat məbləğində dövlət rüsumu və hazırkı mübahisə üzrə mediasiya xidməti ilə əlaqədar mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı isə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin, hazırkı iddia tələbi üzrə ümumilikdə hesablanan 406,18 (dörd yüz altı manat 18 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 395,18 (üç yüz doxsan beş manat 18 qəpik) manat məbləğində (406,18 manat – 11 manat = 395,18 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100000 manatdan ******* manatadək olduqda, 390 manat + 100000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X2 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 müştərək qaydada 100000 (yüz min) manat məbləğində əsas borc, 12182,76 (on iki min yüz səksən iki manat 76 qəpik) manat məbləğində faiz borcu, 4000 (dörd min) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 11 (on bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 116593,76 (yüz on altı min beş yüz doxsan üç manat 76 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər "xxxx" Firmasından və Cavabdeh2 müştərək qaydada dövlət rüsumunun qalığı kimi 395,18 (üç yüz doxsan beş manat 18 qəpik) manat məbləğində pul vəsaiti dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar