Məhkəmə qərarları › İş №e-2-2(119)-963/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-963/2021

28.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-963/2021 28.09.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə iddiaçı "X12 X1" X10 cavabdeh X5 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 “Qudyalçay” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 49000 (qırx doqquz min) manat məbləğində dövlətə vurulmuş maddi zərərin alınıb, X3 üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq iddiaçı tərəfindən su hövzələrində yerləşən yataqlara baxış keçirilən zaman “Qudyalçay” yatağında 27 dekabr 2018ci il tarixli, 01131 saylı “Dağ-mədən ayırması” Aktı (DMAA) ilə cavabdeh M.Balabəyov tərəfindən ona ayrılmış 22 ha yer təki sahəsindən kənarda 14000 m3 qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. Əraziyə keçirilən monitorinq zamanı mərz nişanlarının mövcud olmadığı müəyyən olunmuşdur. İstismar işləri Torpaq sahənin planı və ölçüsü sənədi ilə fiziki şəxsə verilmiş sahənin xaricində 2 ha sahədə orta istismar dərinliyi 0,7 metr olmaqla 14000 m3 həcmində hasilat aparılmışdır. 04.11.2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X7 23/20 nömrəli, 23.12.2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti 25.03.2021-ci il tarixədək qadağan edilmişdir. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən yer təkindən istifadə hüququn dayandırılmasına əsas olan halların aradan qaldırılmadığından və dövlətə dəymiş maddi ziyan ödənilmədiyindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) X7 27.05.2021-ci il tarixli, 90 nömrəli qərarı ilə ləğv edilmişdir. Qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.03.2020-ci il tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq hesablanmışdır: 14000 m3 * 5 manat * 0.7 = 49000 manat. Ümumilikdə 49000 (qırx doqquz min) manat məbləğdə ziyan müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehə ayrılmış 22 ha torpaq sahəsində iddiaçı tərəfindən iddia ərizəsində göstərilən qaydada və tarixdə monitorinqin keçirilməsi barədə ona heç bir rəsmi və yaxud şifahi məlumat verilməmiş, monitorinq vaxtı onun bu tədbirdə iştirakı təmin edilməmişdir. Ona məxsus Xaçmaz rayonu “Qudyalçay” yatağında yerləşən daş karxanasında istifadə olunan avadanlıq və digər texnika SSRİ vaxtından qalmış köhnə avadanlıqdır. Həmin avadanlıqla daş karxanasında gün ərzində 2-3 saat işləmək olur və istifadə olunan faydalı qazıntılar qanuni əsaslarla adına ayrılmış 22 ha torpaq sahəsinin hüdudları daxilində hasilat olunur. İddia ərizəsində qeyd olunmuşdur ki, monitorinq zamanı Mehman Balabəyova ayrılmış 22 ha yer təki sahəsindən kənarda 14000 m3 qum-çınqıl qarışığının onun tərəfindən hasil edildiyi aşkar edilmişdir. İddiaçının əməkdaşları cavabdehə ayrılmış 22 ha yer təki sahəsindən kənarda 14000 m3 qum-çınqıl qarışığının hasil edildiyini aşkar ediblərsə də, iddiaçı bunun məhz cavabdeh tərəfindən hasil edildiyini sübut edən və həmin qum-çınqıl qarışığın həcmini necə hesablanmasına dair sənəd təqdim etməmişdir. Bundan əlavə, cavabdeh barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Qeyd olunanlara əsasən etirazda iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Şirinov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İddia ərizəsinə əlavə edilmiş Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 2002-ci il tarixli, 220 saylı Sərəncamından Çıxarışın surətindən görünür ki, "xxxx" MMC-yə qum, çınqıl tədarükü və inşaat materialları istehsalı məqsədilə Qudyalçay vadisindən 30 ha torpaq sahəsi 99 il müddətinə istifadə üçün ayrılmışdır. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 2002-ci il tarixli, 220 saylı Sərəncamına qismən düzəliş edilməsi barədə 26 sentyabr 2007-ci il tarixli, 350 saylı Sərəncamından Çıxarışın surətinə əsasən, "xxxx" MMC-yə ayrılan 30 ha torpaq sahəsindən 22 ha sahə Xaçmaz şəhər sakini X4 adına keçirilmişdir. İş materiallarına əlavə edilmiş 27.12.2018-ci il tarixli, 01131 saylı “Dağ-mədən ayırması” Aktı (DMAA) ilə X5 22 ha sahədə yerin təkindən istifadə edilməsi üçün 5 il müddətinə icazə verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X12 X1 İdarə Heyətinin 27.05.2021-ci il tarixli, 90 nömrəli Qərarı ilə cavabdehin yerin təkindən istifadə hüququ ləğv edilmişdir. 04 noyabr 2020-ci il tarixli, 000021 saylı aktda qeyd edilmişdir ki, Markşeyder planında qeyd olunan ərazi və fəaliyyət göstərilən ərazilər tamamilə fərqli sahələrdir. X11 və Xəritəçəkmə Komitəsinin sənədində qeyd olunan ərazi Markşeyder planı və fəaliyyət göstərilən ərazi tam olaraq uyğun gəlmir. İstismar sahəsinin 2 ha-da orta istismar dərinliyi 0,7 m olmaqla, ümumi hasil edilmiş həcminin 14000 m3 təşkil edir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sənədinə əsasən 0,93 ha-da orta istismar dərinliyi 0,7 m olmaqla, ümumi hasil edilmiş həcminin 6510 m3, 1,07 ha-da orta istismar dərinliyi 0,7 m olmaqla, ümumi hasil edilmiş həcminin 7790 m3 təşkil edir. Fəaliyyət göstərdiyi ərazi körpüdən 300 m, 2-ci körpüdən isə 850 m məsafədədir. Ərazidə mərz nişanları mövcud deyil. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi cavabdehə ayrılmış torpaq sahəsindən kənarda olan torpaq sahəsində aparılan hasilat işləri ilə bağlıdır, yəni iddiaçı cavabdeh tərəfindən ona ayrılmış 22 hektar yer təki sahəsindən kənarda 14000 m3 qum-çınqıl qarışığı hasil edildiyini bildirərək 49000 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, hazırkı işdə müəyyən edilməli olan əsas məqam cavabdehin təqsirli və hüquqazidd hərəkətləri törədib-törətməmsini, habelə onların tələb edilən zərərlə səbəbli əlaqəsinin olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin, hazırkı işdə bu əsaslar müəyyən edilmir. Belə ki, vurulmuş zərər iddiaçıya ayrılmış torpaq sahəsindən kənarda 14000 m3 qum-çınqıl qarışığı hasil edilməsi ilə bağlıdır. Belə olduğu halda kənarda aparılmış hasilat işlərinin məhz cavabdeh tərəfindən aparılmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması da sübut olunmalıdır. İddiaçı tərəf kənarda aparılmış hasilat işlərinin məhz cavabdeh tərəfindən aparıldığını hər-hansı mötəbər sübutla sübuta yetirə bilmədiyindən, onun dəymiş zərərin əvəzinin tələb edilməsi ilə bağlı iddiası əsassızdır. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İşin müəyyən edilmiş hallarından, iddiaçının nümayəndəsinin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 04.11.2020-ci il tarixdə keçirilmiş yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı cavabdehə təqdim etməmiş, cavabdeh barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Halbuki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin sırasında 12.11.2014-cü il tarixli, KY140712072 saylı “Yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışın surəti də vardır və həmin çıxarışdan görünür ki, cavabdehə ayrılmış ərazidə 13.11.2014-cü ildən 19.11.2014-cü il tarixədək yoxlamanın keçirilməsi vahid məlumat reyestrində qeydə alınmışdır Bundan əlavə, təqdim edilmiş aktda göstərilmiş istismar sahəsindən kənarda istismar işlərinin aparılması ilə bağlı fotoşəkillər də hasilatın məhz cavabdeh tərəfindən, ona ayrılmış ərazidə, yaxud həmin ərazidən kənarda aparıldığını müəyyən etmək üçün mötəbər sübut kimi çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar