Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-964/2021 28.09.2021 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin və onun nümayəndəsi X2 iştirakları ilə, iddiaçı "X15 X1" X12 cavabdeh X6 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Sumqayıt Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təsviri hissə: İddiaçı cavabdehə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 “Qudyalçay” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 67480 (altmış yeddi min dörd yüz səksən) manat məbləğində dövlətə vurulmuş maddi zərərin alınıb, X3 üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq iddiaçı tərəfindən su hövzələrində yerləşən yataqlara baxış keçirilən zaman “Qudyalçay” yatağında “Dağ-mədən ayırması” Aktı (DMAA) olmadan İ.Hacıyev tərəfindən ümumilikdə 0,77 ha ərazidə orta istismar dərinliyi 2,5 metr olmaqla 19280 m qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. 02.11.2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X10 23/20 nömrəli, 23 dekabr 2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti qadağan edilmişdir. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 19280 m3 * 5 manat * 0.7 = 67480 manat. Ümumilikdə 67480 (altmış yeddi min dörd yüz səksən) manat məbləğdə ziyan müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Şirinov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh İ.Hacıyev, habelə onun nümayəndəsi və vəkili N.Bəybalayev isə iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Əsaslandırıcı hissə Məhkəmə iş materiallarını tədqiq edib, cavabdehin və tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba Rayon İcra Hakimiyyəti başçısının 13 noyabr 2007-ci il tarixli, 382 saylı Sərəncamının surətindən görünür ki, X6 qum-çınqıl xammalı üçün Qudyalçay yatağından 2,0 ha sahə ayrılmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 02.09.2019-cu il tarixli, 382 saylı müqavilənin surətindən görünür ki, Quba Rayon İcra Hakimiyyəti tərəfindən qum-çınqıl emalı üçün 2 ha sahə 15 il müddətinə cavabdehə icarəyə verilmişdir. 02.11.2020-ci il tarixli, 000017 saylı aktdan görünür ki, iddiaçının əməkdaşları tərəfindən Qudyalçay yatağında yerləşən cavabdehə məxsus ərazidə yoxlama aparılarkən mərz nişanlarının mövcud olmadığı, "xxxx" MMC tərəfindən istismar sahəsinin cavabdehin ərazisinə düşdüyü, təyin olunmuş ərazinin kənarında 2 istismar sahəsində istismar işlərinin aparıldığı, 1 istismar sahəsində "xxxx" MMC-nin fəaliyyət göstərib-göstərməməsi şübhəsi olduğu, təyin olunmuş ərazinin kənarlarına düşən 1-ci istismar sahəsinin 0,4 hada orta istismar dərinliyinin 2,6 m, ümumi hasil olunmuş həcminin 10400 m3, 2-ci istismar sahəsinin 0,37 ha-da orta istismar dərinliyinin 2,4 m olmaqla, ümumi hasil olunmuş həcminin 8880 m3 təşkil etdiyi aşkar edilmişdir. Həmin aktda cavabdehin nümayəndəsi kimi “Qasımov Cəlal” adlı şəxs göstərilmiş, onun imza etməyə məsuliyyətli şəxs olmadığı üçün imza etməkdən imtina etməsi barədə qeyd də aktın mətninə daxil edilmişdir. Cavabdein nümayəndəsinin təqdim etdiyi, 3 saylı Ərazi vergilər İdarəsi tərəfindən verilmiş 14.08.2019-cu il tarixli arayışda vergi ödəyicisi X5 (VÖEN: **********) vergi orqanına təqdm edilmiş 07.0.2018-ci il tarixli fəliyyətin dayandırılması haqqında arayışa əsasən onun sahibkarlıq fəaliyyətinin 07.05.2018-ci il tarixdən 07.05.2023-cü il tarixədək dayandırıldığı göstərilmişdir. 11№-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC tərəfindən verilmiş 17.08.2021-ci il tarixli arayışda yuxarıda qeyd edilən 02.11.2020-ci il tarixli, 000017 saylı aktda cavabdehin nümayəndəsi kimi adı qeyd edilmiş X8 09.070.2020-ci ildən həmin müəssisədə sürücü vəzifəsində çalışdığı göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi cavabdehə ayrılmış torpaq sahəsindən kənarda olan torpaq sahəsində aparılan hasilat işləri ilə bağlıdır, yəni iddiaçı cavabdeh tərəfindən ona ayrılmış 0,77 ha yer təki sahəsindən kənarda 19280 m3 qum-çınqıl qarışığı hasil edildiyini bildirərək 67480 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, hazırkı işdə müəyyən edilməli olan əsas məqam cavabdehin təqsirli və hüquqazidd hərəkətləri törədibtörətməmsini, habelə onların tələb edilən zərərlə səbəbli əlaqəsinin olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin, hazırkı işdə bu əsaslar müəyyən edilmir. Belə ki, vurulmuş zərər iddiaçıya ayrılmış torpaq sahəsindən kənarda 19280 m3 qum-çınqıl qarışığı hasil edilməsi ilə bağlıdır. Belə olduğu halda kənarda aparılmış hasilat işlərinin məhz cavabdeh tərəfindən aparılmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması da sübut olunmalıdır. İddiaçı tərəf kənarda aparılmış hasilat işlərinin məhz cavabdeh tərəfindən aparıldığını hər-hansı mötəbər sübutla sübuta yetirə bilmədiyindən, dəymiş zərərin əvəzinin tələb edilməsi ilə bağlı iddiası əsassızdır. Bundan əlavə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İşin müəyyən edilmiş hallarından, iddiaçının nümayəndəsinin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı cavabdehə təqdim etməmiş, cavabdeh barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Bundan əlavə, təqdim edilmiş aktda göstərilmiş istismar sahəsinin şimalında çay yatağı boyu istismar işlərinin aparılması ilə bağlı fotoşəkillərdən də hasilatın məhz cavabdeh tərəfindən, yaxud da hansı ərazidə aparıldığını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zahid Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(119)-964/2021
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-964/2021
28.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver