Məhkəmə qərarları › İş №e-2-2(119)-971/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-971/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-971/2024 12.07.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 22 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеh Cavabdeh 13284,39 manat əsas bоrc və 1629,37 manat faiz bоrcu olmaqla, cəmi 14913,76 manat məbləğində bоrcun və 134,74 manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin хеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağladığı 04 avqust 2023-cü il tarixli KBSK2817560B252 nömrəli Kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit “online” qaydada rəsmiləşdirilməsinə baxmayaraq, vəsait Filialdan nəğd qaydada əldə edilmişdir. Kredit Müqaviləsinin şərtlərinə əsasən Borcalan (cavabdeh) öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin (Borcalanın) 06 may 2024-cü il tarixə iddiaçı (borcverən) İddiaçı ASC-yə 13284,39 manat əsas bоrc və 1629,37 manat faiz bоrcu olmaqla, cəmi 14913,76 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası qanununda əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 25 iyun 2024-cü ildə keçirilən məhkəmənin hazırlıq iclasında Cavabdeh ona qarşı yönələn hazırkı iddia tələbini qəbul etdiyini və borcu hissə-hissə ödəyəcəyini bildirmişdi. Lakin, iş üzrə 12 iyul 2024-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə baxış iclasına gəlməmişlər. Bununla belə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilən ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərə görə gələ bilmədiyi üçün məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh – “Kredit alan” olmaqla bağlanmış 04 avqust 2023-ci il tarixli **********04082023 nömrəli “Bank xidmətlərinin göstərilməsi haqqında” Ümumi Müqaviləyə 04 avqust 2023-cü il tarixli Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBSK1370126B252 saylı Əlavəyə əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh (VÖEN **********) 24 ay müddətinə illik 22 % dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Həmin Əlavənin 2-ci bəndinə əsasən, Bank xüsusi şərtlərlə Borcalana kredit ayırır, Borcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı müqavilə (əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür. Həmin Əlavənin 2.15-ci bəndinə əsasən, bu Əlavə yazılı imzalandığı, yaxud elektron imza (Asan imza), OTP, Google Authenticator, video zəng və bank tərəfindən nəzərdə tutulan əlavə texniki imkanlarla şəxsi imzanın digər analoqları vasitəsilə imzalandığı gündən qüvvəyə minir və tərəflər öz öhdəliklərini tam icra edənədək, o cümlədən, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli KBSK2817560B252 nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin 04 avqust 2023-cü il tarixli Ödəniş Qrafikindən görünür ki, kredit alan Cavabdeh Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 778,17 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Qrafikini kredit alan Cavabdeh imza etmişdir. X1 əsasən ödənişin son tarixi 04 avqust 2025-ci il müəyyən olunmuşdur. İş materiallarında olan (iddia ərizəsinə əlavə edilərək təqdim olunmuş) 07 may 2024cü il tarixli 2024/104/12422 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış 04 avqust 2023-cü il tarixli KBSK2817560B252 nömrəli Kredit Müqaviləsi üzrə 06 may 2024-cü il tarixə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 13284,39 manat məbləğində əsas borc və 1629,37 manat məbləğində faiz borcu olmaqla, cəmi 14913,76 manat məbləğində borcu vardır. Beləliklə də, iş materialları ilə müəyyən olunur ki, 04 avqust 2023-cü il tarixli KBSK2817560B252 nömrəli Kredit Müqaviləsi üzrə cəmi 15000 manat məbləğində verilmiş kredit Ödəniş Qrafikinə (Ödəniş Cədvəlinə) uyğun olaraq qaytarılmadığı üçün borcalan Cavabdeh 06 may 2024-cü il tarixə hesablanmış 13284,39 manat əsas borcu və 1629,37 manat faiz borcu olmaqla, cəmi 14913,76 manat məbləğində borcunun cavabdehdən (borcalan Cavabdeh) tutulması üçün hazırkı iddia ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət olunmuşdur. İş üzrə 25 iyun 2024-cü ildə keçirilən məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh ona qarşı yönələn hazırkı iddia tələbini qəbul etdiyini və borcu hissə-hissə ödəyəcəyini bildirmişdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Göründüyü kimi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan (cavabdeh) Cavabdeh (VÖEN **********) 04 avqust 2023-cü il tarixli KBSK2817560B252 nömrəli Kredit Müqaviləsi bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Qrafikində (Ödəniş Cədvəlində) nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı ASC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İş materiallarından görünür ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar İddiaçı ASC tərəfindən məhkəməyə 134,74 (yüz otuz dörd manat 74 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, borcalan (cavabdeh) Cavabdeh 04 avqust 2023-cü il tarixli KBSK2817560B252 nömrəli Kredit Müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Kredit Müqaviləsi üzrə yaranmış borcun ondan tutulması barədə verilmiş hazırkı iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Cavabdeh 13284,39 manat məbləğində əsas borc və 1629,37 manat məbləğində faiz borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Həmçinin, iddia tələbi təmin olunduğundan, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 134,74 (yüz otuz dörd manat 74 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdeh tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (VÖEN **********) 13284,39 (on üç min iki yüz səksən dörd manat 39 qəpik) manat əsas borc, 1629,37 (min altı yüz iyirmi doqquz manat 37 qəpik) manat faiz borcu və 134,74 (yüz otuz dörd manat 74 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15048,5 (on beş min qırx səkkiz manat 50 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar