Məhkəmə qərarları › İş №e-2-2(119)-984/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-984/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-984/2025 22.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh oğluna qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31 may 2024-cü il tarixli 470063-CNS-5616 nömrəli müqavilə üzrə 1569,87 (min beş yüz altmış doqquz manat, səksən yeddi qəpik) manat məbləğində əsas borc, 149,77 (yüz qırx doqquz manat, yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1719,64 (min yeddi yüz on doqquz manat, altmış dörd qəpik) manat məbləğində borcun və 37,2 (otuz yeddi manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddiaçının cavabdehə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, pretenziya məktubu cavabdehə 21 may 2025ci il tarixdə göndərilmiş və öhdəliklərin 3 iş günü ərzində icra edilməsi tələb edilmişdir, yəni mübahisənin məhkəməyə qədər həlli ilə bağlı 3 günlük müddət müəyyənləşdirilmişdir. Buna baxmayaraq, 21 may 2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı məlum mübahisənin məhkəməyəqədər həll edilməsi barədə vermiş olduğu pretenziya müraciətinin nəticəsini müəyyən etdiyi 3 iş günü müddətini gözləməyərək dərhal hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinin tələblərinə görə, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 406.3-cü maddəsinin tələblərinə görə, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş 31 may 2024-cü il tarixli 470063-CNS-5616 nömrəli müqavilədə tərəflərin imzalarının olmadığı nəzərə alınaraq iddiaçının diqqətinə çatdırılır ki, sadələşdirilmiş icraat qaydasında verilən ərizə üzrə işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı olduğundan ərizədə həmin müqavilənin mülki qanunvericiliyin müqavilənin formasını tənzimləyən yuxarıda istinad edilən normalarının tələblərinə uyğun olması əsaslandırılmalıdır. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının cavabdehə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-3.5-ci maddəsinin ikinci cümləsinə əsasən, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar